Məhkəmə qərarları › İş №2(103)-6143/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6143/2021

21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6143/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(004)-2728/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 sentyabr 1997-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 05.07.1998-ci ildə təvəllüdlü X3, 17.03.2003-cü il təvəllüdlü X4 və 11.12.2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin 09.03.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 17.03.2003-cü il təvəllüdlü X1 və 11.12.2009-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsi qət edilmişdir. Həmin vaxt cavabdehin uşaqların xərclərinin qarşılanmasında ona kömək edəcəyini və bu məsələdə aralarında hər hansı problem olmayacağını düşünərək, uşaqların saxlanması üçün aliment tələb etməmişdir. Lakin, bu illər ərzində uşaqlar böyümüş və onların xərcləri də artmışdır. Cavabdeh faktiki olaraq Sulutəpə qəsəbəsindəki həyətdə ayrıca tikilmiş evdə yaşayır. Yəni, hər ikisi bir həyətin içindəki iki ayrı evdə yaşayırlar. Uşaqlardan iki artıq yetkinlik yaşına çatdığı üçün onlara qarşı aliment öhdəliyinə xitam verilmiş, lakin Osman Bayramov hələ yetkinlik yaşına çatmamışdır, uşağın bütün xərclərini özü çəkir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(004)- 2728/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan 11.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin 30 mart 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və alimentin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, 2017-ci il tarixdə iddiaçı ilə arasında olan nikah pozulduqdan sonra, qətnamə ilə uşaqlar ananın yanında saxlanılsa da, uşaqların üçü də onun himayəsində yaşayır, aliment tələb edilən oğlu Osman həmişə onun himayəsində yaşamış, hazırda da onun yanında yaşayır. O, oğlu Osman Bayramovun himayəsinə verilməsi barədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçı ilə eyni həyətdə olan iki ayrı evdə yaşayırlar, uşaqlar onun himayəsində yaşamışdır, onlara özü baxmışdır. Oğlu hazırda da onun yanında yaşayır və onunla qalmaq istəyir, bununla bağlı iddia da qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İddiaçı göstərdi ki, cavabdehlə bir həyətdə yaşayırlar. 2017-ci ildə boşanarkən qazancı normal olduğu üçün cavabdehdən aliment tələb etməmişdir. Uşaqlar üçü də onun yanında yaşayır və bu günə qədər özü işləyib onlara baxmışdır, hazırda isə pandemiya ilə əlaqədar olaraq çətinlik çəkir. Uşaqlardan ikisi yetkinlik yaşına çatmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahlarından 05.07.1998-ci ildə təvəllüdlü X3, 17.03.2003-cü il təvəllüdlü X4 və 11.12.2009-cu il təvəllüdlü X5 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 17.03.2003-cü il təvəllüdlü X1 və 11.12.2009-cu il təvəllüdlü X2 İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İddiaçının həmin vaxt aliment tələbi olmamışdır. Hazırda iddiaçı 11.12.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etmişdir. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alaraq 175 manat sabit pul məbləğində aliment müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il tarixdən uşaqlar üçün yaşayış minumumu 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Müəyyən edilmişdir ki, tərəflər Sulutəpə qəsəbəsində bir həyətdə ayrı tikilmiş evlərdə yaşayırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 11.12.2009-cu il təvəllüdlü X5 anasının, yəni hazırki iş üzrə iddiaçının himayəsinə verilmişdir. İddiaçı haqlı olaraq onun saxlanılması üçün aliment tələb etmişdir. Cavabdeh apelyasiya şikayətində Osman Bayramovun onun yanında yaşadığını, anası ilə yaşamaq istəmədiyini və bu səbəbdən məhkəmədə iddia qaldırdığını qeyd etsə də, Kollegiya hesab edir ki, uşağın onun himayəsinə verilməsi barədə cavabdehin iddia qaldırması, hazırki halda qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğv edilməsinə əsas vermir, belə ki, həmin iş üzrə yekun qərar qəbul edilməmişdir, qüvvədə olan qətnaməyə əsasən isə uşaq anasının himayəsindədir. Əgər cavabdehin həmin iş üzrə iddiası təmin edilərək, uşaq onun himayəsinə verilərsə, o zaman ondan tutulan alimentin dayandırılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2728/2021 saylı iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar