Məhkəmə qərarları › İş №2(103)-6151/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6151/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6151/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «bankın təqsirindən vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2539/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Tərəflər arasında şərtləri razılaşdırılmaqla (60 ay müddətinə, krediti limiti 15.000 manat, kredit xəttinin məbləği 4.000 manat, kredit xəttinin müddəti 36 ay, illik faiz dərəcəsi 24 % olmaqla) xx.xx.2022-ci il tarixdə BPM**********42 saylı X22 bağlanmışdır. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, İddiaçı "xxxx" ASC-nin Nərimanov filialının müdirinə müraciət edərək, onun adında olan ******************** saylı hesabı (kart № **********84516) üzrə kart limitinin ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən, iddiaçı tərəfindən pretenziya qaydasına riayət olunmuş, cavabdehdən ona dəyən ziyanın ödənilməsini xahiş etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, İddiaçı "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə həmin bankın tam kart kredit kartı vasitəsi ilə (bağlanmış olduğu) yeni kredit limiti ayrılaraq (ona məlumat vermədən) kartından 10.000 manat məbləğindən pul vəsaiti dələduzluq yolu ilə həmin bankın digər kartına köçürülərək mənimsənildiyini bildirmiş, bu dələduzluq halının tam aydınlaşdırılmasını və vəsaitin ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, müvafiq əməliyyatlar ABB mobile tətbiqi vasitəsi ilə aparılmışdır. ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən müştəriyə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. 2 dəfə 5.000 manat məbləğində vəsait 552209*****5932 nömrəli "xxxx" ASC-yə məxsus karta köçürülmüşdür. Əməliyyatlarla bağlı hesabdan çıxarışdan görünür ki, Mobil bankçılıq hesabına, yeni cihazın qeydiyyatı ilə bağlı göndərilən OTP xx.xx.2023-cü il tarixdə saat 20:31:35-də **********89 nömrəsinə göndərilmişdir. Bundan sonra Tam kart limitinin artırılması üçün kod xx.xx.2023-cü il tarixdə saat 20:32:47-də, kredit sifarişi üçün kod xx.xx.2023-cü il tarixdə saat 20:32:52-də,Tam kart limiti artımı barədə sifarişin uğurlu başa çatması və ikiqat artırılmış kreditin digər karta köçürülməsi barədə məlumat xx.xx.2023-cü il tarixdə saat 20:35:02-də, kartdan köçülürəcək məbləğlərə dair kodlar ardıcıl olaraq xx.xx.2023-cü il tarixdə saat 20:37:50-də, 20:39:47-də, 20:40:47-də, 20:44:34-də **********89 nömrəsinə göndərilmişdir. ******************** kart hesabı üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əməliyyatlarla bağlı çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı hesabına 10.178 manat məbləğində pul mədaxil olmuşdur. “ASAN Finans” sistemi vasitəsilə məlumatların alınmasına dair xx.xx.2023-cü il tarixli razılıq ərizəsi, kredit xətti üzrə məbləğin təyin edilməsinə dair razılaşma, kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya ödəmə qabiliyyətinin təhlili üçün kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsindən, Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart şərtlərdən İddiaçı ilə bank arasında kredit rəsmiləşdirilməsi aydın olur. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, İddiaçı "xxxx" ASC-nin Nərimanov filialının müdirinə müraciət edərək, ona, xx.xx.2023-cü il tarixdə ******************** saylı hesaba (kart № 4127 **** **** 4516) 15.000 manat məbləğində kredit limiti rəsmiləşdirildiyini bildirmiş, həmin kredit limitinin vaxtından əvvəl ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 6-2-41/2-23738/2024 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı aid olan və "xxxx" ASC tərəfindən emissiya edilən 4***-*******8-4516 nömrəli kartdan xx.xx.2023-cü il tarixində 2 dəfə 5075 manat vəsait, yəni ümumilikdə 10150 manat vəsaiti X8 (FİN: 1FWFP9U, doğum tarixi: xx.xx.1995) aid olan və "xxxx" ASC tərəfindən emissiya edilən 5522-0***-*******2 nömrəli karta köçürülmüşdür. Vəkil turbo.az saytına ünvanladığı elektron poçt məktubundan çıxarışdan görünür ki, şəxs 1 il əvvəl yerləşdirilmiş elanın qısa məlumatlarını ünvan sahibinə göndərərək həmin elanın linkinin ona təqdim edilməsini xahiş etmişdir. Elan məlumatlarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 19:47-də Honda Accord markalı,2,4L, 2014-cü il, 204000 km parametrləri olan avtomobilin 27500 manat məbləğində satışı barədə elan yerləşdirilmişdir. X16 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, o, xx.xx.2023-cü il tarxidə İddiaçı ilə görüşərək yoldaşı X4 mülkiyyətində olan **-XD-*** dövlət qeydiyyat nişanlı “Honda Accord minik” markalı avtomobili 24.000 manat ödəməklə nəqliyyat üzərində sərəncam vermə hüququ haqqında etibarnamə ilə satın almışdır. xx.xx.2023-cü il tarixli, 7E-11195 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X9 həmin tarixdə **-XD-*** dövlət qeydiyyat nişanlı “Honda Accord minik” markalı avtomobilinə dair X1 vermə hüququ haqqında etibarnamə vermişdir. "xxxx" ASC-nin Gənclik filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən, "xxxx" ASCnin müştərisi olan İddiaçı tərəfindən "xxxx" ASC-nin Nərimanov filialının (yeni Gənclik filialı) müdiri X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli limitin ləğv olunması ilə bağlı ərizə əsasında xx.xx.2022-ci il tarixində müştərinin həmin vaxtda bankda aktiv olan kredit limiti ləğv edilmişdir, o cümlədən müştəri İddiaçı tərəfindən "xxxx" ASC-nin Nərimanov filialının müdiri X11 ünvanlanmış xx.xx.2023-cü il tarixli limitin ləğv olunması ilə bağlı ərizə əsasında xx.xx.2023-cü il tarixində müştərinin həmin vaxt bankda aktiv olan kredit limiti ləğv edilmişdir. +**********5 nömrəli mobil telefonla "Whatsapp" sosial şəbəkəsində aparılmış yazışmaların ekran görüntüsündən aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 20:28-dən etibarən olan yazışmalara əsasən İddiaçı məxsus **********625325 bank kartının fotoşəkli, həmçinin həmin kart sahibinin telefon nömrəsi qarşı tərəfə göndərmişdir. Həmçinin yazışma müəllifi həmin avtomobili xəstə övladına görə satmasını qarşı tərəfə bildirmiş və iradını qeyd etmişdir. Ödəniş qəbzinin surətindən aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 20:26:44-də 5167********5325 kart hesabından 179 manat məbləğində edilmiş ödəniş uğurla başa çatmışdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron müraciətindən görünür ki, müraciət müəllifi xx.xx.2023-cü il tarixdə X13 tərəfindən ona qarşı dələduzluq edilməsi bağlı Binəqədi RPİ 5-ci Polis Bölməsinə etdiyi şikayəti üzrə heç bir tədbir görülməməsini bildirmiş və bu məsələ ilə bağlı müvafiq qaydada göstəriş verilməsini xahiş etmişdir. "xxxx" ASC-nin Mərdəkan filialının xx.xx.2024-cü il tarixli 6-2-49/2-307/2024 saylı arayışında göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC Mərdəkan filialı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kredit kartına 15000 manat məbləğində limit açılmışdır. İddiaçı yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcu Banka xx.xx.2024-cü il tarixində tam ödəmiş və kredit kartı üzrə limit ləğv olunmuşdur. İş materiallarına əlavə edilmiş dərman reseptlərindən görünür ki, İddiaçı nevroloji problemlərlə bağlı həkim-nevropatoloqa müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıya yüklənmiş videogörüntülərdən iddiaçının bankın çağrı mərkəzinə etdiyi danışıqları videogörüntüyə alması müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «bankın təqsirindən vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Nərimanov rayonunda yerləşən Gənclik Filialının əməkdaşlarının məsuliyyətsizliyi səbəbindən ona vurulmuş 10.150 manat əsas zərər, bu günə qədər məbləğini ona geri qaytarmadıqlarına və əsassız olaraq varlandıqlarına görə əsas borca görə əlavə 5 % hesablanmaqla 507 manat faiz, nəqliyyat vasitəsini təcili şəkildə dəyərindən aşağı qiymətə satdığı üçün 2.000 manat əlavə ziyan, 9 ay ərzində keçirdiyi əsəb-stresin ona vurduğu fiziki və psixoloji müalicəyə görə xərclədiyi 1.100 manat zərər, günahı olmadan düşdüyü bu vəziyyətlə bağlı ona dəyən 3.000 manat məbləğində mənəvi zərər, 3.000 manat əldən çıxmış fayda, həmçinin hüquqlarının müdafiəsi üçün vəkil ilə bağladığı müqavilə əsasında ödədiyi 210 manat və dövlət rüsumunun ödənilməsinə xərclənmiş 150 manat olmaqla, ümumilikdə cəmi 20.117 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov rayonunda yerləşən Gənclik Filialı ilə onun arasında xx.xx.2022-ci il tarixdə BPM **********42 nömrəli X22 bağlanmışdır. Müqavilə əsasında ona Tam kart verilmiş və həmin tarixdən etibarən o, tam kartdan istifadə etmişdir. İstifadə etdiyi müddət ərzində kartdan 4.000 manat pul çıxarmış və xx.xx.2022-ci il tarixdə tam karta olan borcunu tam şəkildə bağlamışdır. Həmin dövrlərdə bu tipli kartlarla əlaqəli baş verən dələduzluq halları, sosial şəbəkələrdə günügündən artan dolandırıcı şəbəkələrin üzə çıxması, istifadəçilərin kartlarından internet vasitəsi ilə pulların çıxması şikayətləri onu da çox narahat edirdi. O da, belə hallardan özünü sığortalamaq, riskləri aradan qaldırmaq üçün bu cür kartların istifadəsinə son qoymaq qərarına gəlmişdir. Bu səbəbdən karta olan borcunu bağladığı gün bu kartdan və limitdən istifadə etmək istəmədiyini və hesabının bağlanmasını bank əməkdaşına bildirmişdir. Bank əməkdaşı ona ərizə yazmalı olduğunu bildirmişdir. Elə oradaca xx.xx.2022-ci il tarixli ərizə yazaraq tam kartın əsli (******************** hesabına bağlı üzərindəki rəqəmlər 4127 2044 4138 4516 olan kart) ilə birlikdə bank əməkdaşına təhvil vermişdir. Bununla da, tam kartla vidalaşmış və bir daha istifadə etməyəcəyini, kartın bağlanaraq ümumiyyətlə sistemdən silinməsini xahiş edərək Nərimanov rayonunda yerləşən Gənclik Filialından uzaqlaşmışdır. Çox təəssüflə bildirmək istərdi ki, qorxduğu hal başına gəlmiş, xx.xx.2023-cü il tarixdə ona qarşı dədəduzluq hadisəsi baş vermişdir. Ona gələn mesajlara əsasən kartından saat 20.38 və 20.40-da 2 dəfə 5.075 manat olmaqla, cəmi 10.150 manat vəsait çıxdığı bəlli olmuşdur. Gələn mesajlarla əlaqədar olaraq bankla əlaqə saxlamış və sabahı günü xx.xx.2023-cü il tarixdə Nərimanov rayonunda yerləşən Gənclik Filialına yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışmışdır. Ona verilən cavab bu olmuşdur ki, tam kartından bu vəsait çıxılıb və onun karta 10.150 manat borcu yaranmışdır. O, yuxarıda qeyd etdiyi kimi, xx.xx.2022-ci il tarixli ərizəsini xatırlatmış və onun həmin kartın kredit limitini sıfırlayaraq kartın heç bir xidmətindən gələcəkdə istifadə etməyəcəyi şərtilə kartı banka təhvil verdiyini qeyd etmişdir. Həmçinin, həmin tarixdən etibarən kartının istifadəyə yararsız oduğunu bildiyi üçün kartla bağlı banka yazılı və ya şifahi şəkildə heç bir müraciət də etməmişdir. Onun kartı bağlı ola-ola, istifadəsindən çıxardığı halda, ümumiyyətlə istifadəyə yararsız olması haqqında müraciət edib və bunu bankla razılaşdırdığı halda o kartdan bu vəsaitin necə çıxa biləcəyini soruşduqda məlum olmuşdur ki, rəsmi şəkildə ərizə yazmasına və kartı banka təhvil verməsinə baxmayaraq kartı deaktiv edilməmiş, hesabı bağlanmamış və aktiv şəkildə saxlanılmışdır. Bankın məsul şəxslərinin məsuliyyətsizliyi və qeyri-peşəkarlığı səbəbindən ona 10.150 manat məbləğində zərər dəymişdir. Bununla bağlı 10 aya yaxındır ki, bankın məsul şəxsləri ilə müzakirələr aparılır və ona OTP kodunu kimlərəsə verdiyi səbəb olaraq göstərilir. O isə niyə zamanında müraciət etməsinə baxmayaraq hesabının bağlanmadığını və bankın boşluqları nəticəsində naməlum səbəblərdən dələduzların əlinə keçən məlumatları əsasında ona zərər dəydiyini soruşur. xx.xx.2023-cü ildə bank tərəfindən yenidən ərizə yazmasını istəmişlər, o da ərizə yazaraq təkrarən tam kartına bağlı kredit limitinin bağlanmasına dair müraciət etmişdir. Nə əcəbsə, həmin gün hesabı bağlanmış və ona bu haqda məlumat verilmişdir. Ona çox maraqlıdır ki, sonuncu ərizəsini verdiyi gün hesabını bağlayan bank əməkdaşları niyə xx.xx.2022-ci ildə yazdığı ərizə əsasında tam kartının hesabını və kredit limitini bağlamamışlar?! Bu boşluq və məsuliyyətsizlik səbəbindən ona 10.150 manat məbləğində zərər niyə dəyməlidir ki? Bank öz müştəriləri qarşısında məsuliyyət daşıyır, daim müştərilərinin hüquqlarını qorumağa, risklərini aradan qaldırmağa çalışır. Bəs niyə bu məsələdə bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş və onların etdiyi boşluq üzündən baş verən dələduzluq hadisəsi nəticəsində ona 10.150 manat ziyan dəyməlidir? Niyə bank bu məsələdə özünü kənara çəkir və bu ziyanın qarşılanmasında bir müştərisini bu qədər get-gələ salır? Müştərinin müraciəti əsasında müvafiq işlərin vaxtında görülməsi və müştərinin məlumatlarının konfidensial saxlanılması Bankın öhdəliyidir, lakin təəssüflər olsun ki, bank bu öhdəliyini də layiqincə tam olaraq yerinə yetirməmiş, məlumatlarının başqa əllərə keçməsinə səbəb olmuş, ona ziyan vurulmasına şərait yaratmış və pozulmuş hüquqlarının bərpası məqsədilə Bank tərəfindən bu günə qədər hər hansı adekvat addım atılmamışdır. Bank əməkdaşları ona bu pulu təcili ödəməsini, əks halda üzərinə aylıq faiz gələcəyini bildirmişlər. O isə məcbur qalıb tələsik şəkildə avtomobilini dəyərindən aşağı qiymətə satıb bu pulu ödəmişdir ki, əlavə faiz ondan alınmasın. Bu məsələ ilə bağlı düşdüyü vəziyyət ona çox mənfi təsir etmişdir və pozulmuş hüquqları hələ də həll edilməmiş olaraq qalmaqdadır. Ona dəyən zərər məbləğinin bank tərəfindən geri ödənilməsi ilə bağlı artıq uzun müddətdir bankın məsul şəxsləri arasında danışıqlar, görüşmələr və yazışmalar aparılmaqdadır. Bu müddət ərzində işindən dəfələrlə bankın müvafiq filialına və baş ofisinə getmişdir, dəfələrlə şifahi və yazılı müraciətlər etmişdir. Bu müddət ərzində böyük əsəb və stres keçirmişdir. Son dəfə "xxxx" ASC-nin İdarə Heyətinin sədri cənab Abbas İbrahimova xx.xx.2024-cü il tarixdə bank əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində ona dəyən ümumi ziyanın ödənilməsinin qısa müddət ərzində təmin edilməsi ilə bağlı pretenziya məktubu da ünvanlanmışdır. Sədrin adına göndərdiyi pretenziya məktubuna cavab olaraq ABB-nin Nərimanov rayonunda yerləşən Gənclik Filialından xx.xx.2024-cü il tarixdə məktub göndərilmişdir ki, «müvafiq əməliyyatlar ABB mobil tətbiqi vasitəsilə aparılmışdır. ABB mobil tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP kodu göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən Sizə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. 2 dəfə 5.000 manat (150 manat faiz əlavə olmaqla) məbləğində vəsait 552209****5932 nömrəli "xxxx" ASC-yə məxsus karta köçürülmüşdür». ABB-nin qeyd olunan cavab məktubunda onun yazdığı ilk ərizəsində qeyd olunanların nə üçün həyata keçirilmədiyi və kartın o vaxt niyə deaktiv edilmədiyi ilə bağlı heç bir məlumat göstərilməmişdir. Bu isə bank rəhbərliyinin bu məsələyə necə biganə yanaşdığının, formal cavablar yazaraq məsələni bağlamağa çalışdıqlarının və onun pozulmuş hüquqlarının araşdırılması məsələsinin onların vecinə olmamasının bariz nümunəsidir. Eyni zamanda qeyd etmək istərdi ki, ona dəyən ziyan təkcə 10.150 manat olaraq deyildir. Belə ki, nəqliyyat vasitəsini təcili şəkildə dəyərindən aşağı qiymətə satdığı üçün 2.000 manat ziyana getmişdir. Əlavə olaraq 9 ay ərzində keçirdiyi əsəb-stres səhhətinə də mənfi təsir göstərmiş, onu fiziki və psixoloji olaraq çox zəiflətmişdir. Bu müddət ərzində müalicəsinə 1.100 manat xərci çıxmışdır. Həmçinin, günahı olmadan düşdüyü bu vəziyyət mənəvi olaraq da onu dərindən sarsıtmışdır, ona mənəvi ziyan vurmuşdur. Hesab edir ki, ona dəyən mənəvi ziyan 3.000 manat olaraq qiymətləndirilməlidir. O cümlədən, o, dəfələrlə cavabdeh ABB-nin məsul şəxsləri ilə görüşüb bu məsələni danışıqlar yolu ilə dəfələrlə həll etməyə çalışmasına baxmayaraq cavabdehin məsul şəxsləri tərəfindən laqeyd rəftar edilərək, onun əsaslı tələbləri təmin edilməmişdir. ABB, ona yaranmış olan 10.150 manat məbləğində verəcəyini 9 aydır ki ödəmir. Hesab edir ki, cavabdeh "xxxx" ASC 10.150 manat, əsas borca görə əlavə 5 % hesablanmaqla 507 manat məbləğində vəsait, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Qayğıkeş ailə başçısı (oğlunun biri daun sindromundan əziyyət çəkir) və hər zaman öz məsuliyyətini dərk edən şəxs kimi yaşayan bir insan kimi ona məxsus olan pul vəsaitinin vaxtında ona ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, borc, kredit, müalicə xərcləri və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratmışdır, eyni zamanda öz nəqliyyat vasitəsi olmadığı üçün işə gedib-gəlməsi, xəstə oğlunun (daun sindromlu) müalicəsi üçün həkimə gedib-gəlməsi üçün əlavə taksi xidmətindən istifadə etməsinə səbəb olmuş, əlavə xərcləri yaranmışdır. Yaranmış bu çətinlik ailəsində gərginlik yaratmış və hamıya maddi, fiziki, psixoloji və mənəvi ziyana düşməsinə səbəb olmuşdur. Bu səbəbdən əldən çıxmış faydanı minimum 3.000 manat olaraq dəyərləndirir. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və ona pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən "xxxx" ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi səbəbindən ona ümumilikdə dəymiş 19.957 manat məbləğində zərərin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi zərurəti vardır. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin əməkdaşlarının məsuliyyətsizliyi, bankın daxili prosedurlarının düzgün işləməməsi, təhlükəsizlik sistemdə olan boşluqlar nəticəsində yaranmış maddi və mənəvi zərər və onun vaxtında ödənilməməsi səbəbindən həmin məbləğinin bank uçot dərəcəsi ilə müəyyən edilmiş faiz, əldən çıxmış fayda, əlavə olaraq maddi və mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verib və izahatında bildirdi ki, o, bu hadisədən sonra məsələni yoxmalaq üçün 2 dəfə ona məxsus digər kredit kartları ilə kredit limitlərini artırmaq üçün banka müraciət etmişdir. Lakin, ikisində də ona OTP koddan əlavə “SİMA” imza ilə təsdiq edilmiş videogörüntülər tələb edilmişdir. Amma, cavabdeh bank ona məxsus olan maaş kartının kredit limitinin artırılması üçün sadəcə axşam saat 9 radələrində OTP kodun göndərilməsi ilə kifayətlənir. Həmçinin bildirmişdir ki, müqavilənin şərtlərini dəfələrlə oxuyub tanış olmuşdur. Bank öz müştərilərinin təhlükəsizliyi üçün müqavilədə dəyişiklik etməlidir. Belə ki, bank bütün kartlarda kreditlə bağlı dəyişikliklərin edilməsi üçün sadəcə OTP kod göndərməklə kifayətlənməməlidir. Bank təhlükəsizliklə bağlı tədbirlər görmədiyi üçün təqsirlidir. Banka etdiyi birinci müraciət zamanı kartı bağlansaydı, onun kod verməsindən asılı olmayaraq kredit limiti artırılmazdı. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı heç bir təqsiri yoxdur. Belə ki, o, təhlükəsizlik üçün bütün tədbirləri görmüş, lakin, cavabdeh heç bir təhlükəsizliyi təmin etməmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və qeyd etdi ki, iş materiallarında olan İddiaçı (müştəri və/və va borcalan) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "X22nin" (№ BPM**********42) 13.3-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və bu müqavilənin imzalanması tarixinə qüvvədə olan xx.xx.2022-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra - Standart Şərtlər) müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir: 13.3.1. Tam kartdan istifadə qaydası və şərtləri (həm kredit, həm debet və ya əmək haqqı funksiyaları üzrə), o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, Müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) Hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi; 13.3.2. Tam kart üzrə Kreditin verilməsi, rəsmiləşdirilməsi və Kredit xətti üzrə məbləğin dəyişdirilməsi qaydası; 13.3.3. Kredit xətti üzrə ödəniş qaydası; 13.3.4. Tam kartın çatdırılma qaydası. İş materiallarında olan İddiaçı (müştəri və/və va borcalan) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "X22nin" (№ BPM**********42) 13.4-cü maddəsində qeyd edilmişdir ki, borc alan bu müqaviləni imzalamaqla Tam karta dair bu Müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan İddiaçı (müştəri və/və va borcalan) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-cü il tarixli "X22nin" (№ BPM**********42) 5-ci maddəsində qeyd edilmişdir ki, Tam kart üzrə kreditin məbləği: 15.000 (on beş min) manatdır. İş materiallarında olan İddiaçı (müştəri və/və va borcalan) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "X22nin” (№ BPM**********42) 13.1-ci maddəsində qeyd edilmişdir ki, müştəri ********** nömrəsinin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir, müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbərdar etməlidir. Borc alanın ABB-yə təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat ABB-yə təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti borc alan daşıyır. İş materiallarında olan ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 18.9.23-cü və 18.9.24-cü maddələrində qeyd edilmişdir ki, X10 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası’’nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyət daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-yə və digər üçüncü şəxslərə dəyən zərərin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək, bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, X10 tərəfindən qəbul edilən qaydalara əməl etmək müştərinin öhdəliyidir. İş materiallarında olan ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 19.2.5-ci maddəsində qeyd edilmişdir ki, müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür, buna görə məsuliyyət daşıyır. İş materiallarında olan ABB-nin rəsmi insternet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 19.3.2-ci maddəsində qeyd edilmişdir ki, müştərinin şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking internet Bank” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABB-nin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır. İş materiallarında olan ABB-nin rəsmi insternet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 20.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri tərəfindən ABB-yə təqdim edilən məlumatlar (telefon nömrəsi, email adresi və s.) əsasında Müqavilə(lər)in üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq bağlanmasına görə ABB məsuliyyət daşımır. İş materiallarında olan ABB-nin rəsmi insternet səhifəsində yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 20.6-cı maddəsində qeyd edilmişdir ki, X10 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunub-olunmamasından asılı olmayaraq, internet vasitəsilə Kartdan istifadə etməklə aparılmış, həmçinin ölkə xaricində aparılmış bütün əməliyyatlar üzrə, habelə Kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (Kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq, beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi təhlükəsizlik kodunu (3D Secure code) digər şəxslərlə paylaşmamaq və s.) ABB məsuliyyət daşımır. Bu bənddə nəzərdə tutulan əməliyyatlar nəticəsində Müştəri özünə, ABB-ə və digər üçüncü şəxslərə dəymiş zərər və müvafiq zərərin aradan qaldırılmasına sərf olunmuş xərclər (xidmət haqları, komisyon haqlar və s.) həcmində tam məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialının müdiri X3 İddiaçı Hafiz oğlu tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, onun adında olan **********384516 hesab (********************) nömrəli kartın limitinin ləğv edilməsinə kömək edilsin. İş materiallarında olan “OTP kodların SMS vasitəsilə göndərilməsinə dair çıxarışlar’’da qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində, ABB tərəfindən +**********89 mobil nömrəsinə, “Mobil bankçılıq hesabına, yeni cihazın qeydiyyatı ilə bağlı” əməliyyatın təsdiqi üçün saat 20:31:55-də OTP kod (təsdiq kodu) SMS vasitəsilə göndərilmişdir. İş materiallarında olan “OTP kodların SMS vasitəsilə göndərilməsinə dair çıxarışlar”da qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində, ABB tərəfindən +**********89 mobil nömrəsinə, “Tam Kart kredit xəttinin 15.000 AZN edilməsi” əməliyyatının təsdiqi üçün saat 20:32:47-də və 20:34:52-də OTP kodlar (təsdiq kodları) SMS vasitəsilə göndərilmişdir. İş materiallarında olan “Kart hesabından çıxarışda” qeyd edilmişdir ki, İddiaçı məxsus kart üzrə kredit xəttinin 15.000 AZN-ə qədər artırılması əməliyyatı xx.xx.2023-cü il tarixində, saat 20:35:39-da uğurla tamamlanmışdır. İş materiallarında olan “OTP kodların SMS vasitəsilə göndərilməsinə dair çıxarışlar’’da qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində, ABB tərəfindən +**********89 mobil nömrəsinə, kartdan məbləğlərin köçürülməsi əməliyyatlarının təsdiqi üçün saat 20:37:50-də, 20:39:47də, 20:40:47-də və 20:44:34- də OTP kodlar (təsdiq kodları) SMS vasitəsilə göndərilmişdir. İş materiallarında olan “Kart hesabından çıxarışda" qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində saat 20:38:47-də 5075 AZN, saat 20:39:57-də 5.075 AZN vəsait uğurlu şəkildə köçürülmüşdür (kartdan çıxmışdır). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(006)-2359/2024 nömrəli Qərardadının "Qərara aldı" hissəsində qeyd edilmişdir ki, cavabdeh "xxxx" ASC ilə İddiaçı aralarında xx.xx.2023cü il tarixdə bağlanmış İBACİF0000206 nömrəli (tam kart vasitəsilə) istehlak krediti müqaviləsinə əsasən verilmiş 15.000 manat pulun verilməsinə əsas olmuş bütün sənədləşdirməyə dair və eyni zamanda eyni tarixdə card to card əməliyyatı ilə İddiaçı istifadəsində olan kartdan 10.150 manat pul vəsaitinin köçürüldüyü digər kart hesabının sahibinə dair məlumatlar "xxxx" ASC-dən götürülsün. İş materiallarında olan "xxxx" ASCnin Hüquq departamentinin direktor müavini Teymur Kərimov tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 6-2-41/2-23738/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2539/2024 nömrəli, xx.xx.2024-cü il Qərardadının icrası ilə əlaqədar göndərilmiş müraciətə "xxxx" ASC-də (bundan sonra - "xxxx" ASC) baxılmışdır. "xxxx" ASC və İddiaçı arasında xx.xx.2023-cü il tarixli “Kredit xətti üzrə məbləğin təyin edilməsinə dair razılaşma”, “ASAN Finans” sistemi vasitəsilə məlumatların alınmasına dair razılıq ərizəsi”, “Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya ödəmə qabiliyyətinin təhlili üçün kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsi”, o cümlədən, razılaşmanın bağlanması üçün əsas olan OTP kodların +**********89 nömrəsinə göndərilməsini təsdiq edən çıxarışlar, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “X22 Na BPM**********42”, “Kredit sifarişi”, “Bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma”, “Razılıq ərizəsi”, “Fərdi sahibkarların (fiziki şəxslərin) imza nümunələri vərəqəsi" və “Fiziki şəxslərin özünü qiymətləndirmə sorğu anketi” kağız daşıyıcıda diqqətə çatdırılmışdır. Həmçinin, qeyd edilmişdir ki, İddiaçı aid olan və "xxxx" ASC tərəfindən emissiya edilən 4127-2044-4138-4516 nömrəli kartdan xx.xx.2023-cü il tarixində 2 dəfə 5.075 AZN vəsait, yəni ümumilikdə 10.150 AZN vəsait X8 (FİN: 1FWFP9U, doğum tarixi: xx.xx.1995) aid olan və "xxxx" ASC tərəfindən emissiya edilən 5522-0993-4860-5932 nömrəli karta köçürülmüşdür. Bu əməliyyata dair, o cümlədən onun həyata keçirilməsi üçün əsas olan OTP kodların +**********89 nömrəsinə göndərilməsini təsdiq edən çıxarışlar və X7 anket məlumatlarına dair çıxarışlar kağız daşıyıcıda diqqətə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nərimanov filialının müdiri X11 İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, ona 2023-07-19 tarixində ******************** saylı hesaba (kart № 4127 **** **** 4516) 15.000 AZN məbləğində kredit limiti rəsmiləşdirilmişdir, qeyd olunan kredit limitinin vaxtından əvvəl ləğv edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-in Gənclik filialı tərəfindən verilən xx.xx.2024-cü il tarixli. 6-2-52/2- 1009/2024 nömrəli Arayışda qeyd edilmişdir ki, "xxxx" ASC-nin müştərisi olan İddiaçı (FİN: xxxxxxx) tərəfindən "xxxx" ASC-nin Nərimanov filialının (yeni Gənclik filialı) müdiri X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli limitin ləğv olunması ilə bağlı ərizə əsasında xx.xx.2022-ci il tarixində müştərinin həmin vaxt bankda aktiv olan kredit limiti ləğv edilmişdir, o cümlədən müştəri İddiaçı (FİN: xxxxxxx) tərəfindən "xxxx" ASC-nin Nərimanov filialının müdiri X11 ünvanlanmış xx.xx.2023-cü il tarixli limitin ləğv olunması ilə bağlı ərizə əsasında xx.xx.2023-cü il tarixində müştərinin həmin vaxt bankda aktiv olan krediti limiti ləğv edilmişdir. İş materiallarında olan “Müştəri tərəfindən ABB-nin çağrı mərkəzinə edilən zəngin qeydiyyatı barədə” çıxarışda və “Müştəri tərəfindən ABB-nin çağrı mərkəzinə edilən zəngin nəticəsində aparılan əməliyyat barədə çıxarışda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixinə, saat 17:32:12-də, +**********89 nömrəli mobil nömrənin sahibi olan müştəri həmin nömrə ilə ABB-nin çağrı mərkəzinə zəng etmiş, kartının bağlanması (ləğv edilməsi) istəyini bildirmiş və onun sərəncamı əsasında 17:34:29-17:35:58-də kart bağlanmışdır (ləğv edilmişdir). Bu yazının 1-20-ci bəndlərində istinad edilən işin materiallarında qeyd edilən xüsusatları ümumiləşdirilsə, xronoloji ardıcıllıq ilə aşağıdakı nəticələrə gəlmək olar: xx.xx.2022-ci il tarixində iddiaçı və cavabdeh arasında kredit limitinin açılması ilə bağlı müqavilə bağlanmış və tərəflər öz üzərinə müqavilə və standart şərtlərdən irəli gələrək vəzifələr götürmüş və hüquqlar müəyyən etmişlər; xx.xx.2022-ci il tarixində iddiaçı öz hüququndan istifadə edərək həmin vaxt aktiv olan kredit limitinin ləğv edilməsi üçün filiala gəlib ərizə yazaraq cavabdehə müraciət emiş və bu ərizə əsasında onun kredit limiti bank tərəfindən ləğv edilmişdir; xx.xx.2023-ü il tarixində iddiaçı onlayn şəkildə kredit limitini yenidən bərpa etmiş və bu əməliyyatın təsdiqi üçün cavabdeh tərəfindən iddiaçıya OTP kodlar göndərilmişdir; xx.xx.2023-cü il tarixində iddiaçı müvafiq vəsaitləri digər şəxsin kartına göndərmişdir və bu əməliyyatların təsdiqi üçün cavabdeh tərəfindən iddiaçıya OTP kodlar göndərilmişdir; xx.xx.2023-cü il tarixində iddiaçı öz hüququndan istifadə edərək həmin vaxt aktiv olan kredit limitinin ləğv edilməsi üçün filiala gəlib ərizə yazaraq cavabdehə müraciət etmiş və bu ərizə əsasında onun kredit limiti bank tərəfindən ləğv edilmişdir; xx.xx.2023-cü il tarixində iddiaçı öz hüququndan istifadə edərək həmin vaxt aktiv olan plastik kartını ləğv etmək (bağlamaq) üçün cavabdehin çağrı mərkəzinə zəng vuraraq müraciət etmiş və onun müraciəti əsasında müvafiq plastik kart bank tərəfindən bağlanmışdır (ləğv edilmişdir). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hüquqi cəhətdən bu nəticəyə gəlmək olar ki, iddiaçının banka təqdim etdiyi nömrəyə iddiaçının sifarişi əsasında aktiv olan plastik kart üzrə limitin artırılması və daha sonra müvafiq köçürmələrin edilməsi üçün bank tərəfindən müvafiq OTP kodlar göndərilmiş, iddiaçı bu kodlardan istifadə edərək limiti artırmış və köçürmələr etmiş, bu hərəkəti ilə iddiaçı müqavilə (standart şərlər) üzrə tam olaraq özü məsuliyyət daşımış, iddiaçının bu hərəkətinə görə bankın müqavilə (standart şərtlər) üzrə heç bir məsuliyyəti olmamışdır. Bundan irəli gələrək, məhkəmədən xahiş edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi tamamilə əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2539/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «bankın təqsirindən vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi əməliyyatlar ABB mobile tətbiqi vasitəsi ilə aparılmış, ABB mobile tətbiqinə qoşulan zaman iddiaçının banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilmişdir. Bank tərəfindən iddiaçıya təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş-SMS göndərilmişdir. İddiaçıya göndərilən OTP kodundan istifadə edilərək, İddiaçı aid olan və cavabdeh tərəfindən emissiya edilən 4***-*******8-4516 nömrəli kartdan xx.xx.2023-cü il tarixdə 2 dəfə 5.075 manat vəsaiti olmaqla, ümumilikdə 10.150 manat vəsaiti X8 (FİN: 1FWFP9U, doğum tarixi: xx.xx.1995) aid olan və cavabdeh tərəfindən emissiya edilən 5522-0993-4860-5932 nömrəli karta köçürülmüşdür. İddiaçının irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, onun xx.xx.2022-ci il tarixdə kredit kartı limitinin ləğv edilməsi ilə bağlı banka etdiyi müraciət sonrasında zəruri tədbirlər həyata keçirilmədiyindən həmin kart vasitəsilə onun adına kredit rəsmiləşdirilmişdir. Belə ki, şəxs həmin kartın ləğv edildiyini güman edərək avtomobilini satmaq istədiyi şəxsə məhz özünə məxsus əmək haqqı kartınının məlumatlarını təqdim etmişdir. Lakin buna baxmayaraq şəxsin adına olan Tam kart kredit kartı məlumatları üçüncü şəxs tərəfindən ələ keçirilərək iddiaçının adına kredit rəsmiləşdirilməsi həyata keçirilmişdir. Həmçinin Tam kart kredit kartı üzrə kredit rəsmiləşdirilməsi üçün bank tərəfindən şəxsin istifadəsində olan mobil nömrəyə OTP kodu göndərilməklə təhlükəsizlik tədbirləri görülmüşdür. İddiaçı həmin kodun onun istifadəsində olan digər kartına münasibətdə göndərilməsini ehtimal etdiyini bildirərək üçüncü şəxslə apardığı alqı-satqı danışıqları ilə əlaqədar ona göndərdiyini qeyd etmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.2022-ci il tarixdə tam kart limitinin ləğv edilməsi ilə bağlı müraciəti üzrə bank tərəfindən zəruri hesab etdiyi tədbirlər görülməklə kart ləğv edilmiş olsa idi, ona qarşı bu əməl də törədilməzdi. Göründüyü kimi şəxsin kart limitinin ləğv edilməsi ilə bağlı müraciəti üzrə onun ehtimal etdiyi kimi zəruri tədbirlərin görülüb-görülməməsindən asılı olmayaraq ona həmin kart üzrə əməliyyatların aparılması üçün təhlükəsizlik kodu göndərilmiş və həmin kodun təhlükəsizliyini təmin etmək vəzifəsi iddiaçının üzərinə düşən andan etibarən isə bununla bağlı zəruri tədbirlər məhz iddiaçının özü tərəfindən görülməmişdir. İddiaçı özünə məxsus əmək haqqı kartını qarşı tərəfə göndərməklə və həmin kartın balansını sıfırlamaqla bütün zəruri tədbirlər görməsinə istinad etsə də, nəticə etibarilə ona məhz Tam kart kredit kartı üzrə limitin artırılması barədə göndərilən OTP kodunu üçüncü şəxslərə ötürməklə ona qarşı maddi ziyan vurulması ilə nəticələnən əməlin törədilməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi kimi ona maddi ziyan vurulmasında təqsirli olan subyekt bank deyil, üçüncü şəxsdir. Göründüyü kimi iddiaçıya qarşı üçüncü şəxs tərəfindən törədilmiş hüquqazidd əməl nəticəsində onun adına kredit rəsmiləşdirilməsi ilə bank tərəfindən törədilməsi iddia edilən hər hansı əməl arasında səbəbli əlaqə müəyyən edilmir. Odur ki, iddiaçının ona qarşı məhz bank tərəfindən törədilmiş təqsirli hərəkətlərə görə ziyan vurulması aparılmış məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı təsdiq olundu ki, cavabdeh "xxxx" ASC tərəfindən müştərilərin şəxsi məlumatlarının və hesablarının qorunması üçün bütün zəruri tədbirləri görmüşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Məhkəmə şəxsin ona maddi ziyan vurulması ilə bağlı tələblərində müəyyən edilməli olan maddi ziyanın mövcudluğu, həmin maddi ziyanın vurulmasında qarşı tərəfin təqsirli hərəkətlərinin mövcudluğu və törədilmiş təqsirli hərəkətlə maddi ziyanın vurulması arasında səbəbli əlaqənin mövcudluğunu müəyyən etmədiyindən iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Belə ki, iddiaçının istinad etdiyi kimi bank tərəfindən onun kredit kartı limitinin ləğv edilməsi barədə ərizəsi təqdim edildikdən sonra bank tərəfindən həmin kartın tamamilə ləğv edilməməsi ilə iddiaçıya vurulan ziyan arasında birbaşa səbəbli əlaqə müəyyən edilmir. Şəxsə ziyan vurulması məhz ona göndərilmiş təhlükəsizlik kodunun üçüncü şəxsə ötürülməsi nəticəsində baş vermişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «bankın təqsirindən vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 150 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 21.1, 21.3, 405.1, 405.2, 417.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2539/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, MPM 394-cü maddəsinə uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Müsayevanın məhkəmə işinə baxılması zamanı prosessual normaların kobud pozulmasına yol verməsi hallarının araşdırılmasını və bu hallar aşkar edildikdə barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov rayonunda yerləşən Gənclik Filialı ilə onun arasında (İddiaçı, ş/v: AZE ********) xx.xx.2022ci il tarixində BPM **********42 nömrəli X22 bağlanmışdır. xx.xx.2022-cü il tarixli "X22nin" (№ BPM**********42) 6-cı maddəsinə əsasən ona Tam karta bağlı 4000 AZN (dört min manat) kredit xətti açılmışdır. İstifadə etdiyi müddət ərzində kartdan sadəcə 4000 AZN (dört min manat) pul çıxartmış və xx.xx.2022-ci il tarixində tam karta olan borcunu tam şəkildə bağlamışdır. Həmin dövrlərdə bu tipli kartlarla əlaqəli baş verən dələduzluq halları, sosial şəbəkələrdə günügündən artan dolandırıcı şəbəkələrin üzə çıxması, istifadəçilərin kartlarından internet vasitəsi ilə pulların çıxması şikayətləri onu da çox narahat edirdi. O da belə hallardan özünü sığortalamaq, riskləri aradan qaldırmaq üçün bu cür kartların istifadəsinə son qoymaq qərarına gəlmişdir. Bu səbəbdən karta olan borcunu bağladığı gün bu kartdan və limitdən istifadə etmək istəmədiyini və hesabının olan borcunu bağladığı gün bu kartdan və limitdən istifadə etmək istəmədiyini və hesabının bağlanmasını bank əməkdaşına bildirmişdir. Bank əməkdaşı ona daxili qaydalara əsasən ərizə yazmalı olduğunu bildirmişdir. O da elə oradaca xx.xx.2022-ci il tarixli ərizə yazaraq tam kartın əsli (******************** hesabına bağlı üzərindəki rəqəmlər 4127 2044 4138 4516 olan kart) ilə birlikdə bank əməkdaşına təhvil vermişdir. Bununla da tam kartla vidalaşmışdır və bir daha istifadə etməyəcəyini, kartın bağlanaraq ümumiyyətlə sistemdən silinməsini xahiş edərək Nərimanov rayonunda yerləşən Gənclik Filialından uzaqlaşmışdır. Çox təəssüflə bildirmək istərdi ki, qorxduğu hal başına gəlmişdir, xx.xx.2023-cü il tarixində ona qarşı dədəduzluq hadisəsi baş vermişdir. Ona gələn mesajlara əsasən kartından saat 20.38 və 20.40-da 2 dəfə 5075 AZN (beş min yetmiş beş manat) olmaqla toplamda 10 150 AZN (on min yüz əlli manat) vəsait çıxdığı bəlli olmuşdur. Gələn mesajlarla əlaqədar olaraq bankla əlaqə saxlamış və sabahı günü xx.xx.2023-cü il tarixində Nərimanov rayonunda yerləşən Gənclik Filialına yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışmışdır. Ona verilən cavab o oldu ki, tam kartından bu vəsait çıxılıb və onun karta 10150 AZN borcu yaranıb. O yuxarıda qeyd etdiyi kimi, xx.xx.2022-ci il tarixli ərizəni xatırlatdı və onun həmin kartın kredit limitini sıfırlayaraq kartın heç bir xidmətindən gələcəkdə istifadə etməyəcəyi şərtilə kartı banka təhvil verdiyini qeyd etmişdir. Həmçinin, həmin tarixdən etibarən kartının istifadəyə yararsız oduğunu bildiyi üçün kartla bağlı banka yazılı və ya şifahi şəkildə heç bir müraciət də etməmişdir. Onun kartı bağlı ola-ola, istifadədən çıxardığı halda, ümumiyyətlə istifadəyə yararsız olması haqqında müraciət edib və bunu bankla razılaşdırdığı halda o kartdan bu vəsaitin necə çıxa biləcəyini soruşduqda məlum oldu ki, rəsmi şəkildə ərizə yazmasına və kartı banka təhvil verməsinə baxmayaraq kartı deaktiv edilməmiş, hesabı bağlanmamış və aktiv şəkildə saxlanılmışdır. Bankın məsul şəxslərinin məsuliyyətsizliyi və qeyri-peşəkarlığı səbəbindən ona 10.150 AZN məbləğində zərər dəymişdir. Bununla bağlı 10 aya yaxındır ki, bankın məsul şəxsləri ilə müzakirələr aparılır və ona OTP kodunu kimlərəsə verdiyi səbəb olaraq göstərilir. O isə niyə zamanında müraciət etməsinə baxmayaraq hesabının bağlanmadığını və bankın boşluqları nəticəsində naməlum səbəblərdən dələduzların əlinə keçən məlumatları əsasında ona zərər dəydiyini soruşur. xx.xx.2023-cü ildə bank tərəfindən yenidən ərizə yazmasını istədilər, o da ərizə yazaraq təkrarən tam kartına bağlı kredit limitinin bağlanmasına dair müraciət etmişdir. Nə əcəbsə, həmin gün hesabı bağlandı və ona bu haqda məlumat verildi. Ona çox maraqlıdır ki, sonuncu ərizəsini verdiyi gün hesabını bağlayan bank əməkdaşları niyə xx.xx.2022-ci ildə yazdığı ərizə əsasında tam kartının hesabını və kredit limitini bağlamamışlar?! Bu boşluq və məsuliyyətsizlik səbəbindən ona 10.150 AZN məbləğində zərər niyə dəyməlidir? Bank öz müştəriləri qarşısında məsuliyyət daşıyır, daim müştərilərinin hüquqlarını qorumağa, risklərini aradan qaldırmağa çalışır. Bəs niyə bu məsələdə bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş və onların etdiyi boşluq üzündən baş verən dələduzluq hadisəsi nəticəsində ona 10.150 AZN ziyan dəyməlidir? Niyə bank bu məsələdə özünü kənara çəkir və bu ziyanın qarşılanmasında bir müştərisini bu qədər get-gələ salır? Müştərinin müraciəti əsasında müvafiq işlərin vaxtında görülməsi və müştərinin məlumatlarının konfidensial saxlanılması bankın öhdəliyidir, lakin təəssüflər olsun ki, bank bu öhdəliyini də layiqincə tam olaraq yerinə yetirməmiş, məlumatlarının başqa əllərə keçməsinə səbəb olmuş, ona ziyan vurulmasına şərait yaratmış və pozulmuş hüquqlarının bərpası məqsədilə bank tərəfindən bu günə qədər hər hansı adekvat addım atılmamışdır. Bank əməkdaşları ona bu pulu təcili ödəməsini, əks halda üzərinə aylıq faiz gələcəyini bildirdilər. O isə məcbur qalıb tələsik şəkildə avtomobilini dəyərindən aşağı qiymətə satıb bu pulu ödəmişdir ki, əlavə faiz ondan alınmasın. Bu məsələ ilə bağlı düşdüyü vəziyyət ona çox mənfi təsir etdi və pozulmuş hüquqları hələ də həll edilməmiş olaraq qalmaqdadır. Ona dəyən zərər məbləğinin bank tərəfindən geri ödənilməsi ilə bağlı artıq uzun müddətdir bankın məsul şəxsləri arasında danışıqlar, görüşmələr və yazışmalar aparılmaqdadır. Bu müddət ərzində işindən dəfələrlə bankın müvafiq filialına və baş ofisinə getmiş, dəfələrlə şifahi və yazılı müraciətlər etmişdir. Bu müddət ərzində böyük əsəb və stres keçirmişdir. Son dəfə "xxxx" ASC-nin İdarə Heyətinin sədri cənab Abbas İbrahimova xx.xx.2024-cü il tarixində bank əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində ona dəyən ümumi ziyanın ödənilməsinin qısa müddət ərzində təmin edilməsi bağlı pretenziya məktubu da ünvanlanmışdır. Sədrin adına göndərdiyi pretenziya məktubuna cavab olaraq ABB-nin Nərimanov rayonunda yerləşən Gənclik Filialından xx.xx.2024-cü il tarixində məktub göndərilmişdir ki, “müvafiq əməliyyatlar ABB mobil tətbiqi vasitəsilə aparılmışdır. ABB mobil tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP kodu göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən Sizə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş SMS göndərilmişdir. 2 dəfə 5000 AZN (150 manat faiz əlavə olmaqla) məbləğində vəsait 552209****5932 nömrəli "xxxx" ASC-yə məxsus karta köçürülmüşdür”. ABB-nin qeyd olunan cavab məktubunda onun yazdığı ilk ərizəsində qeyd olunanların nə üçün həyata keçirilmədiyi və kartın o vaxt niyə deaktiv edilmədiyi ilə bağlı heç bir məlumat göstərilməmişdir. Bu isə bank rəhbərliyinin bu məsələyə necə biganə yanaşdığının, formal cavablar yazaraq məsələni bağlamağa çalışdıqlarının və onun pozulmuş hüquqlarının araşdırılması məsələsinin onların vecinə olmamasınıın bariz nümunəsidir. Eyni zamanda qeyd etmək istərdi ki, ona dəyən ziyan təkcə 10.150 AZN olaraq deyildir. Belə ki, nəqliyyat vasitəsini təcili şəkildə dəyərindən aşağı qiymətə satdığı üçün 2000 AZN (bununla bağlı bütün sübutlar məhkəməyə təqdim edilmişdir) ziyana getmişdir. Əlavə olaraq 9 ay ərzində keçirdiyi əsəb-stres səhhətinə də mənfi təsir göstərmiş, onu fiziki və psixoloji olaraq çox zəiflətmişdir. Bu müddət ərzində müalicəsinə 1100 AZN (bununla bağlı bütün sübutlar məhkəməyə təqdim edilmişdir) xərci çıxmışdır. Həmçinin, onun günahı olmadan düşdüyü bu vəziyyət mənəvi olaraq da onu dərindən sarsıtmışdır, ona mənəvi ziyan vurmuşdur. Hesab edir ki, ona dəyən mənəvi ziyan 3000 AZN olaraq qiymətləndirilməlidir. O cümlədən, o dəfələrlə cavabdeh ABB-nin məsul şəxsləri ilə görüşüb bu məsələni danışıqlar yolu ilə dəfələrlə həll etməyə çalışmasına baxmayaraq cavabdehin məsul şəxsləri tərəfindən laqeyd rəftar edilərək, onun əsaslı tələbləri təmin edilməmişdir. ABB, ona yaranmış olan 10.150 AZN məbləğində verəcəyini 9 aydır ki ödəmir. Hesab edir ki, cavabdeh "xxxx" ASC 10.150 AZN (on min yüz əlli manat), əsas borca görə əlavə 5% hesablanmaqla, 507 (beş yüz yeddi manat) manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Qayğıkeş ailə başçısı (oğlunun biri daun sindromudur) və hər zaman öz məsuliyyətini dərk edən şəxs kimi yaşayan bir insan kimi ona məxsus olan pul vəsaitinin vaxtında ona ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, borc, kredit, müalicə xərcləri və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratdı, eyni zamanda öz nəqliyyat vasitəsi olmadığı üçün işə gedib-gəlməsi, xəstə oğlunun (daun sindromlu) müalicəsi üçün həkimə gedib-gəlməsi üçün əlavə taksi xidmətindən istifadə etməsinə səbəb oldu, əlavə xərcləri yarandı. Yaranmış bu çətinlik ailəsində gərginlik yaratdı və hamının maddi, fiziki, psixoloji və mənəvi ziyana düşməsinə səbəb oldu. Bu səbəbdən əldən çıxmış faydanı minimum 3.000 (üç min) manat olaraq dəyərləndirir. Eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil ilə bağladığı müqavilə əsasında ödədiyi 210 manat və dövlət rüsumunun ödənilməsinə xərclənmiş 150 manat məbləğində əlavə xərcləri də çıxmışdır. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və ona pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyriqanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir. Ümumi olaraq qeyd etsə, "xxxx" ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi və sistemlərində olan boşluqlar, təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmaması (bu haqda qarşı tərəfin etirafı da mövcuddur və məhkəməyə yazılı və səsli video formatda əsaslı sübutlar təqdim olunmuşdur) səbəbindən ona ümumilikdə 20.117 AZN (iyirmi min yüz on yeddi manat) məbləğində maddi və mənəvi zərər dəymişdir və zərərin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi zərurəti vardır. Yuxarıda qeyd olunan məsələlərlə bağlı bütün əsaslı sübutlar təfərrüatlı şəkildə məhkəmənin diqqətinə çatdırılmışdır. Məhkəmə iclaslarında bu sübutlar ətraflı şəkildə müzakirə olunsa və təsdiqini tapsa da, hakim qətnamədə bu məsələrə toxunmamış və yalnız qarşı tərəfin təqdim etdiyi əsassız və məntiqsiz sübutlara əsaslanaraq mülki hüquq subyektlərinin bərabərliyi prinsipini, həmçinin onun ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur. Qətnamədə qeyd olunmuşdur ki, “İddiaçının ona qarşı məhz bank tərəfindən törədilmiş təqsirli hərəkətlərə görə ziyan vurulması aparılmış məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı təsdiq olundu ki, cavabdeh "xxxx" ASC tərəfindən müştərilərin şəxsi məlumatlarının və hesablarının qorunması üçün bütün zəruri tədbirləri görmüşdur. Belə ki, iddiaçının istinad etdiyi kimi bank tərəfindən onun kredit kartı limitinin ləğv edilməsi barədə ərizəsi təqdim edildikdən sonra bank tərəfindən həmin kartın tamamilə ləğv edilməməsi ilə iddiaçıya vurulan ziyan arasında birbaşa səbəbli əlaqə müəyyən edilmir. Şəxsə ziyan vurulması məhz ona göndərilmiş təhlükəsizlik kodunun üçüncü şəxsə ötürülməsi nəticəsində baş vermişdir.” Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilən bütün yazılı, video və səs formatında sübutlar tam sübut edir ki, iddiaçı tam kartdan artıq istifadə etmək istəmədiyini və kartın bağlanmasını istəmiş, cavabdehin məsul əməkdaşları da bank daxili qaydalara görə forması bank tərəfindən təsdiq olunmuş ərizə ilə banka müraciət etmək lazım olduğunu bildirmişlər. İddiaçı ona bankdaxili qaydalara əsasən təsdiq olunmuş və ona bank əməkdaşları tərəfindən təqdim olunmuş hazır ərizə formasını sadəcə imzalayaraq onlara tam kartla birlikdə təqdim etmişdir. Ümumiyyətlə bankda tam kartın bağlanması proseduru faktiki olaraq belə həyata keçirilir. Bununla bağlı məhkəməyə təqdim edilən sübutlar kifayət qədərdir. Cavabdehin qaynar xəttdə çalışan əməkdaşları bu barədə kifayət qədər yazılı və şifahi şəkildə məlumat vermiş və həmin məlumatlar məhkəməyə sübut olaraq təqdim edilmişdir. Əgər bu qədər sübut təqdim olunmuş və məhkəmədə bankın işçilərinin öz əməkdaşlarının məsuliyyətsizliyi sübut olunmuşdusa, ümumiyyətlə cavabdehin sistemində təhlükəsizliklə bağlı olan boşluqlar, çatışmazlıqlar aşkar olunmuşdursa hakim hansı əsaslarla cavabdehin öz üzərinə düşən bütün zəruri tədbirləri gördüyü qənaətinə gəlmişdir? Bankda mövcud praktiki qaydalara (bu qayda bankın qaynar xəttin əməkdaşlarının şifahi cavabları və banka sistem üzərindən ünvanlanan yazılı suallara verilən yazılı cavablarla tam təsdiqlənmiş və bu barədə məhkəməyə yazılı şəkildə, həmçinin məlumat daşıyıcı qurğularda kifayət qədər sübut təqdim edilmişdir) əsasında da artıq həmin kart qeyri-işlək vəziyyətə düşür. İddiaçı öz iradəsini şifahi şəkildə bildirmiş və kartı qaytararaq və bankın təqdim etdiyi formada ərizəni imzalayıb banka verərək öz üzərinə düşən öhdəliyi tam şəkildə həyata keçirmişdir. Həmin kartın qeyri-işlək vəziyyətə gətirməyərək məsuliyyətsizlik edən cavabdehin əməkdaşlarının məsuliyyətsiz əməlləri və bankın sistemində olan boşluqlardan yararlanan 3-cü şəxslər onun ləğv etdiyi kartı aktivləşdirmiş və bu hadisə baş vermişdir. İddiaçının yazılı şəkildə müraciəti ola-ola, fiziki olaraq özünün banka gələrək ərizə yazıb kartdan imtina etdiyi halda axşam saat 20:30 radələrində sadəcə OTP kodu ilə həmin kart aktivləşdirilir, 1 dəqiqə ərzində 15.000 manat məbləğində limit bərpa olunur və həmin kartdan pulun göndərilməsinə iddiaçıya məlumat vermədən razılıq verilir? Hətta bu hadisə baş verdikdən sonra iddiaçı dərhal banka xəbər verir və pulun hansı hesaba getdiyini və əgər həmin hesab cavabdehin hesablarına aiddirsə dondurulmasını tələb edir. Cavabdehin məsul əməkdaşları bu dəfə də məsuliyyətsizlik edib həmin banka aid həmin hesabı bloklamır və 24 saat sonra həmin hesabdan pul digər hesablara göndərilir. Əgər cavabdehin əməkdaşları öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsəydilər iddiaçı hal-hazırda zərərçəkmiş olmazdı və maddi və mənəvi ziyana düşməzdi. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Bu maddəyə əsasən də qeyd edə bilər ki, əməkdaşların hərəkəti və ya hərəkətsizliyi səbəbindən iddiaçıya dəyən ziyanı cavabdeh daşımalıdır. Məhkəmənin cavabdehin əməkdaşlarının əməlləri ilə bu hadisənin baş verməsi arasında birbaşa və ya dolayı şəkildə əlaqənin olmadığı qənaətinə gəlməsi qəbul edilməzdir və qətnamənin ədalətli, şəffaf şəkildə qəbul edilməsində ciddi şübhələr oyadır. Qətnamədə qeyd olunmuşdur ki, “Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi kimi ona maddi ziyan vurulmasında təqsirli olan subyekt bank deyil, üçüncü şəxsdir.” Bununla bağlı bildirmək istərdi ki, iddia ərizəsi mülki hüquqi pozuntu (delikt) səbəbindən iddiaçıya dəyən ziyanın cavabdehdən tutulması ilə bağlı verilmişdir. Üçüncü şəxslə iddiaçı arasında mülki hüquq münasibəti olmamış, heç bir müqavilə bağlanılmamış və onun əməli cinayət tərkibli əməldir. İddia müqavilə öhdəliklərinin pozulması, öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində vurulan ziyanla bağlıdır. Məhkəmə bu hissədə əsassız olaraq təqsiri birbaşa olaraq üçüncü şəxsə aid etməklə bankı məsuliyyətdən azad etməyə çalışmışdır. Həmçinin qətnamədə qeyd olunmuşdur ki, “Belə ki, iddiaçının istinad etdiyi kimi bank tərəfindən onun kredit kartı limitinin ləğv edilməsi barədə ərizəsi təqdim edildikdən sonra bank tərəfindən həmin kartın tamamilə ləğv edilməməsi ilə iddiaçıya vurulan ziyan arasında birbaşa səbəbli əlaqə müəyyən edilmir. Şəxsə ziyan vurulması məhz ona göndərilmiş təhlükəsizlik kodunun üçüncü şəxsə ötürülməsi nəticəsində baş vermişdir.” Burada isə məsuliyyəti tam olaraq iddiaçıya aid etmiş və bu hadisənin baş verməsində iddiaçını təqsirli bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, “İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.” Buradan da göründüyü kimi, cavabdeh öz əməkdaşlarını preventiv tədbirlər görməyə məcbur etməlidir ki, cəmiyyəti təşkil edən şəxslər ziyan görməsin. Bu baxımdan iddiaçıya dəyən ümumi ziyanın cavabdehdən tutulması labüddür. Məhkəmə isə bu məqamı da gözdən qaçırmış və cavabdehin məsuliyyətini ədalətli şəkildə müəyyən etməmişdir. Eyni zamanda səbəbli əlaqə ondan ibarətdir ki, əgər bankın əməkdaşları vaxtında kartı ləğv edib qeyri-işlək vəziyyətə gətirsəydilər həmin kartla bağlı OTP kodu da iddiaçıya gəlməyəcəkdi və o da onu 3-cü tərəfə verməyəcəkdi. Bu hadisənin baş verməsinin birbaşa səbəbi kartın bağlanmaması və Tam Kart kredit müqaviləsində belə 4000 AZN kredit xətti olmasına rəğmən cavabdehin telefon nömrəsinə kredit xəttinin hansı məbləğdə bərpa olunub artırılması göstərilmədən, sadəcə mesajla OTP kodu əsasında aktivləşdirilməsi və əməliyyatların həyata keçirilməsinə rəvac verən, şərait yaradan cavabdehin əməkdaşlarının məsuliyyətsiz hərəkətləridir. Qətnamədə qeyd olunmuşdur ki, “Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və qeyd etdi ki, iş materiallarında olan İddiaçı (müştəri və/və va borcalan) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "X22nin" (№ BPM**********42) 13.3-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və bu Müqavilənin imzalanması tarixinə qüvvədə olan xx.xx.2022-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra – Standart Şərtlər) müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir: İş materiallarında olan İddiaçı (müştəri və/və va borcalan) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-cü il tarixli "X22nin" (№ BPM**********42) 13.4-cü maddəsində qeyd edilmişdir ki, borc alan bu müqaviləni imzalamaqla Tam karta dair bu Müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir.” Göründüyü kimi, cavabdeh müqavilədə sadəcə adı qeyd olunan Standart Şərtlərə istinad etməklə özünü bütün məsuliyyətdən azad etməyə çalışır və həmin şərtlərin cavabdehin internet səhifəsində dərc olunduğunu qeyd edir. Müqavilə bağlanan zaman həmin şərtlər iddiaçıya təqdim olunmamış, izah edilməmişdir. Bu məqam da cavabdehin işini necə məsuliyyətsiz gördüyü və bu cür yollarla şəxslərlə ədalətsiz, vicdansız müqavilə bağlayaraq gələcəkdə yaranabiləcək risklərdən özünü qeyriqanuni yollarla sığortalamağa çalışdığını göstərir. Mülki Məcəllənin 420-ci maddəsinə əsasən qeyri-qanuni yollarla sığortalamağa çalışdığını göstərir. Mülki Məcəllənin 420-ci maddəsinə əsasən “Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır (420.2). Təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar (420.3.6) və təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar (420.3.7) müqavilənin etibarsız sayılması üçün əsasdır. Mülki Məcəllənin 443-cü maddəsinə əsasən “Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur (443.7). Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir (443.8).” 16 yanvar 2004-cü il tarixli “Banklar Haqqında” AR Qanununun 36.4-cü bəndinə əsasən “Banklar göstərdiyi bank xidmətləri və onların şərtləri barədə məlumatların müqavilə bağlanmazdan əvvəl müştərilər üçün əlçatanlığını və həmin məlumatların başadüşülən formada əldə edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419.1, 419.2 və 420.1.2-ci maddələri).” Yuxarıda qeyd olunan müddəalar bir daha sübut edir ki, cavabdehin əsaslandığı sübutlar etibarsız və əsassız sübutlardır və hüquqi bicliklərə əsaslanaraq özünü məsuliyyətdən azad etmək üçün qanunsuz tərtib etdiyi sənədlərə əsasən məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Bu səbəbdən cavabdehin əməkdaşlarının öz öhdəliklərini icra etməməsi və ya lazımi dərəcədə icra etməməsi nəticəsində vurulmuş zərəri tam olaraq cavabdeh ödəməlidir. İddiaçıya göstərilməmiş, izah edilməmiş sadəcə kiçik hərflərlə müqavilənin görünməz yerinə Standart Şərtlər sözünü yazmaqla cavabdehin gələcəkdə yarana biləcək risklərdən özünü sığortalaması qeyri-qanunidir. Məhkəmə bu məqamları da gözdən qaçırmış, sənədləri ətraflı şəkildə araşdırmamış, tərəflərə bərabər şəkildə yanaşmamış və ədalətsiz qərar vermişdir. Qətnamədə qeyd olunmuşdur ki, “Göründüyü kimi şəxsin kart limitinin ləğv edilməsi ilə bağlı müraciəti üzrə onun ehtimal etdiyi kimi zəruri tədbirlərin görülübgörülməməsindən asılı olmayaraq ona həmin kart üzrə əməliyyatların aparılması üçün təhlükəsizlik kodu göndərilmiş və həmin kodun təhlükəsizliyini təmin etmək vəzifəsi iddiaçının üzərinə düşən andan etibarən isə bununla bağlı zəruri tədbirlər məhz iddiaçının özü tərəfindən görülməmişdir. İddiaçı özünə məxsus əmək haqqı kartını qarşı tərəfə göndərməklə və həmin kartın balansını sıfırlamaqla bütün zəruri tədbirlər görməsinə istinad etsə də, nəticə etibarilə ona məhz Tam kart kredit kartı üzrə limitin artırılması barədə göndərilən OTP kodunu üçüncü şəxslərə ötürməklə ona qarşı maddi ziyan vurulması ilə nəticələnən əməlin törədilməsinə səbəb olmuşdur.” “Zəruri tədbirlərin görülüb-görülməməsindən asılı olmayaraq” ifadəsinin işlədilməsi məhkəmənin bir daha cavabdehin məsuliyyət məsələsini ört basdır etmək məqsədini biruzə verməkdədir. Necə ola bilər ki, cavabdeh zəruri tədbirləri istəyinə uyğun olaraq görməsin və məsuliyyət daşımasın? Bu düşüncə, fikir ümumiyyətlə hüququn, ədalətin bütün prinsiplərinə ziddir. Məhkəmənin belə bir ifadə işlətməsi tərəflərin hüquq bərabərliyi prinsipinin necə açıqaşkar pozulması ilə əlaqədar bariz nümunədir. “Əgər zəruri tədbirlər vaxtında görülsəydi bu hadisələr baş verməzdi” həqiqəti, faktı reallığı məhkəmənin diqqətindən növbəti dəfə yayınmışdır. Qətnamədə qeyd olunmuşdur ki, "xxxx" ASC-nin Mərdəkan filialının xx.xx.2024-cü il tarixli 6-2-49/2-307/2024 saylı arayışında göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC Mərdəkan filialı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kredit kartına 15000 manat məbləğində limit açılmışdır. İddiaçı yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcu banka xx.xx.2024-cü il tarixində tam ödəmiş və kredit kartı üzrə limit ləğv olunmuşdur. Qeyd olunan məlumatlar səhvdir, həqiqəti əks etdirmir. xx.xx.2023-cü il tarixində iddiaçı heç bir kredit müqaviləsi imzalamamışdır, həmçinin tam karta görə bu hadisə ilə bağlı yaranmış borcu 10150 manatı 2023-cü ilin sentyabr ayında bağlamışdır. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (448.2). Bank tərəfindən məhkəməyə təqdim edilən bu cür yalnış məlumatların bankda olan mövcud sistemin hansı səviyyədə olduğunun və bu məlumatları sistemə bu cür yalnışlıqla daxil edən və bunu həqiqət kimi məhkəməyə əsaslı sübut kimi təqdim edən məsul əməkdaşlarının bunu həqiqət kimi məhkəməyə əsaslı sübut kimi təqdim edən məsul əməkdaşlarının məsuliyyətsizliklərinin, qeyri-peşəkar olduqlarının bariz nümunəsidir. Bu məqamlar məhkəmənin diqqətinə çatdırılsa da, əsaslı sübutlarla sübut olunsa da, məhkəmə yenə də ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və bu məqamları gözdən qaçırmışdır. Məhkəmə Tam kartın limitinin sıfırlanması və ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022ci il tarixli ərizənin niyə cavabdehin əməkdaşları tərəfindən qeydiyyata alınmaması, həmçinin tam kartın limitinin sıfırlanması və ləğv edilməsi ilə bağlı bank daxilində mövcud olan və bankın rəhbərliyi tərəfindən təsdiq edilmiş prosedurun məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə dəfələrlə sorğular göndərmiş, lakin bununla bağlı heç bir rəsmi sənəd təqdim edilməmişdir. Çox maraqlıdır ki, bu faktlara qətnamədə heç toxunulmamışdır. Halbuki, qeyd olunan məsələlərlə ona dəyən zərər arasında birbaşa əlaqə mövcuddur və cavabdeh bununla bağlı heç bir əsaslı sübut təqdim etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2539/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki hüquqi pozuntu (delikt) nəticəsində «bankın təqsirindən vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia əsassız və qanunsuz şəkildə rədd edilmişdir. Bu qətnamə ilə ona dəyən maddi və mənəvi zərər tam olaraq araşdırılmamış, tam olaraq qarşılanmamış, həmçinin qarşı tərəfin məsuliyyətsizliyi və öhdəlikləri tam olaraq araşdırılmamışdır. Yuxarıda qeyd olunan səbəblərə əsasən qətnaməni tam olaraq qanunsuz hesab edir, bu qətnamənin ləğv olunmasını və iddia ərizəsində göstərilən məqamlar nəzərə alınaraq ədalətli yeni qətnamə qəbul olunmasının daha məqəsədəmüvafiq olacağı qənaətindədir. Ona görə də apellayasiya şikayətinin təmin olunması, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2539/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, MPM 394-cü maddəsinə uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Müsayevanın məhkəmə işinə baxılması zamanı prosessual normaların kobud pozulmasına yol verməsi hallarının araşdırılmasını və bu hallar aşkar edildikdə barəsində xüsusi qərardad çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-in nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edib, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi əməliyyatlar ABB mobile tətbiqi vasitəsi ilə aparılmış, ABB mobile tətbiqinə qoşulan zaman iddiaçının banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilərək ona təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsi ilə bağlı bildiriş-SMS göndərilmişdir. İddiaçıya göndərilən OTP kodundan istifadə edilərək, İddiaçı aid olan və cavabdeh tərəfindən emissiya edilən 4***-*******8-4516 nömrəli kartdan xx.xx.2023-cü il tarixdə 2 dəfə 5.075 manat vəsaiti olmaqla, ümumilikdə 10.150 manat vəsaiti X8 (FİN: 1FWFP9U, doğum tarixi: xx.xx.1995) aid olan və cavabdeh tərəfindən emissiya edilən 5522-0993- 4860-5932 nömrəli karta köçürülmüşdür. Kollegiya qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklərin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması (ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir); - əməlin təqsirli olaraq törədilməsi (təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir); - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması (qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır); - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması (zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır). Qeyd olunan şərtlərin birlikdə mövsud olması müəyyən olunmadan hər hansı bir şəxsin, hazırda cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyinin qoyulması yolverilməzdir. İddiaçının tələbi birbaşa sübut etmə yükü ilə bağlı olduğundan hazırkı mübahisədə iddiaçı ona məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi və mənəvi ziyan vurulmasını sübut etmək vəzifəsi daşıyır. Tədqiq olunan sübutlardan aydın müəyyən olunur ki, təhlükəsizlik qaydalarına əməl edilməklə bank tərəfindən müştəriyə OTP kodunun digər şəxslərə ötürülməməsi ilə bağlı SMS bildiriş göndərilsədə, cavabdeh tərəfindən deyil, məhz iddiaçı tərəfindən həmin kodun 3-cü şəxsə göndərilməsi işin mübahisə edilməyən halıdır. Bu halı etiraf edən iddiaçı istifadəsində olan kartın müraciəti əsasında vaxtında bağlanmaması, cavabdeh tərəfindən kifayət qədər təhlükəsizlik tədbirlərinin görülməməsi, ona müqavilə şərtlərinin izah edilməməsi kimi dəlilləri ilə bankın əməkdaşları tərəfindən ona maddi ziyan vurulmasını iddia etsə də, tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Göründüyü kimi iddiaçıya ziyanın vurulması, cavabdehin kredit kartı üzrə limitin ləğv edilməməsi səbəbindən deyil, yalnız OTP kodunun 3-cü şəxsə verilməsi nəticəsində mümkün idi və bu hərəkət baş verdiyi üçün iddiaçının kart hesabında olan vəsait 3-cü şəxs tərəfindən mənimsənilmişdir. Bu səbəbdən iddiaçının iddia etdiyi kimi ona maddi ziyan vurulmasında təqsirli olan subyekt bank deyil, üçüncü şəxs ola bilər. Bekə ki, iddiaçıya qarşı üçüncü şəxs tərəfindən törədilmiş hüquqazidd əməl nəticəsində onun adına kredit rəsmiləşdirilməsi ilə bank tərəfindən törədilməsi iddia edilən hər hansı əməl arasında səbəbli əlaqə mövcud deyildir. Cavabdeh "xxxx" ASC müştərisi olan iddiaçının şəxsi məlumatlarının və hesablarının qorunması üçün bütün zəruri tədbirləri görmüşdur. Şəxsin ona maddi ziyan vurulması ilə bağlı tələblərində müəyyən edilməli olan maddi ziyanın mövcudluğu, həmin maddi ziyanın vurulmasında qarşı tərəfin təqsirli hərəkətlərinin mövcudluğu və törədilmiş təqsirli hərəkətlə maddi ziyanın vurulması arasında səbəbli əlaqənin mövcudluğunu müəyyən edilmədiyi üçün iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Belə ki, iddiaçının istinad etdiyi kimi bank tərəfindən onun kredit kartı limitinin ləğv edilməsi barədə ərizəsi təqdim edildikdən sonra bank tərəfindən həmin kartın tamamilə ləğv edilməməsi ilə iddiaçıya vurulan ziyan arasında birbaşa səbəbli əlaqə mövcud deyil. Çünki iddiaçıya ziyan vurulması məhz ona göndərilmiş təhlükəsizlik kodunun üçüncü şəxsə ötürülməsi nəticəsində baş vermişdir. Bundan başqa müraciəti əsasında kartın bağlanmaması səbəbindən ona ziyan vurulmasını iddia edən, bank kartları ilə dələduzluq faktları barədə məlumatı olan, buna görə istifadəsində olan kartın bağlanması üçün müraciət edən, kartdan istifadə etmək üçün kifayət qədər bacarığı, səriştəsi olan iddiaçının xx.xx.2022-ci il tarixdən sonra ən azı öz mobil telefonu vasitəsi ilə bağlanması üçün müraciət etdiyi kartın aktiv olub-olmamasını yoxlamaq imkanı da olmuşdur. İstinad olunanlara əsasən kollegiya cavadeh tərəfindən iddiaçıya hər hansı bir maddi ziyan vurulmasının mümkün olmaması qənaətinə gələn birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Kollegiya iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. (Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarı) Ona maddi ziyan vurmasını sübuta yetirə bilməyən iddiaçının cavabdehə qarşı mənəvi ziyan tələbi də əsassız olduğundan təmin edilə bilməz. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərinin tam həcmdə təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət və şikayətdə qeyd edilən vəsatət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2539/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar