Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6160/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6160/2023 (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment təyin edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2326/2023 saylı 02 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X6 anadan olmuşdur.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(003)- 804/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 atalarının yanında saxlanması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün, hər ay 220 manat olmaqla, ümumilikdə 440 manat olmaqla sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə arasında olan nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X2 onun himayəsinə verilməsinə baxmayaraq bu günədək cavabdeh bir ana olaraq uşaqlarla, onların həyat tərzi, təhsili, tərbiyəsi və sair ilə maraqlanmamışdır. Uşaqların saxlanılması, onların qayğısına qalınması və maddi xərcləri onun öhdəliyindədir. O, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Onun işi mövsümi xarakter daşıyır. İki dəfə ağır cərrahi əməliyyat keçirmişdir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək onun üçün çətindir. Buna görə də, o, alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Xəzər Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 2(003)-2326/2023 saylı qətnaməsi ilə (hakim Emin Rüstəmov) iddia ərizəsinin qismən təmin edilməsi, xx.xx.2023cü il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, ödənilmiş mediasiya xərcinə görə 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, 34cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2-ci, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 5, 19-cu, «Azərbaycan Respublikasında 2022-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1. 119.1, 217.4, 234.2.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, hər uşağa görə 110 manat olmaqla, 220 manat aliment məbləği müəyyən edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə düzgün olmayaraq hər uşağa görə 170 manat alimentin tutulması nəticəsinə gəlmişdir. Belə ki, o, əvvəllər “Oba” marketdə kassir kimi işləyib 350 manat əmək haqqı alsa da, hazırda işsizdir. Həmçinin nəzərə almaq lazımdır ki, ata da işləyir və yüksək əmək haqqı alır. Məhkəmə alimentin məbləğini həddən artıq yüksək məbləğdə təyin etmiş, atanın da uşaqları saxlamaq vəzifəsinin olduğunu nəzərə almamışdır. O, uşaqların saxlanasına görə hər uşağa 110 manat, cəmi 220 manat aliment ödəyə bilər. Məhkəmə kollegiyasından xahiş edir ki, ataya heç bir üstünlük və imtiyaz verməsin və uşağın saxlanma xərclərini ata və ana arasında ədalətli şəkildə bölsün.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki halda qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Cavabdehdən tutulmalı olan alimentin miqdarının hər uşaq üçün 170 manat müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.
24. Kollegiya, maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, bu hallar onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.
25. Kollegiya həmçinin apellyasiya şikayətinin “iddiaçının da işlədiyi və yüksək əmək haqqı alması” dəlilinin əsasız hesab edirək qeyd edir ki, cavabdeh tərəfindən göstərdiyi dəlilləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
26. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
27. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
28. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2326/2023 saylı iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova