Məhkəmə qərarları › İş №2(103)-6161/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6161/2025

26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6161/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6161/2025 (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2960/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 noyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanın təqsirli hərəkətləri nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 25.000 manat məbləğində pul vəsaitinin cavabdeh Maliyyə Nazirliyi vasitəsilə ona ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanın təqsirli hərəkətləri nəticəsində dəymiş mənəvi zərərə görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına 6.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən "xxxx" MMCnin 20 Yanvar filialında kassir vəzifəsində işləyən X8 anbarda olarkən, mağazanın yeməkxanasının yanında olan məhsulların yığıldığı həmin rəfin üzərinə çıxaraq, oradan müvazinətini itirməsi nəticəsində yeməkxananın asma tavanının üzərinə yıxılmış və bunun nəticəsində asma tavan həmin təsir səbəbindən sınaraq, sonuncu ilə birlikdə yeməkxanada çay içən "xxxx" MMC-nin işçisi X3 üzərinə düşərək, F.V.İmanovanın ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin daimi itirilməsi ilə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına, T.A.Hüseynovun isə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. İşin ibtidai istintaqı aparılmış, adıçəkillən filialın «mağaza müdiri» vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 1(006)- 340/2022 saylı hökmü ilə İddiaçı əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 204 manatın dövlətə aid edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının İddiaçı izah edilməsi, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması, Nəsim rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərarın çıxarılması, həmin tədbirlərin görülməsi üçün xüsusi qərarın Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, birinci instansiya məhkəməsinin ittihamın təqdim etdiyi sübutları və cinayət işində olan digər sənədləri düzgün tədqiq etməyərək əsassız nəticəyə gəldiyini, məhkəmənin ittihamın sübutlarının rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırmanın işin faktiki halları ilə ziddiyyət təşkil etdiyini qeyd edərək, İddiaçı CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilməklə, onun CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı edilən təklifə uyğun hədlərdə əsas və əlavə cəzaya məhkum olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-204/2023 saylı Qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(006)-340/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan dövlət ittihamçısı X5 tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)-1058/2024 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-204/2023 saylı Qərarı dəyişiklik edilmədən saxlanılmışdır. İstintaq orqanın təqsirli hərəkətləri ilə iddiaçının 2 il 5 ay müddətinə əsassız olaraq mühakimə edilməsi səbəbindən keçirdiyi mənəvi sarsıntının kompensasiyası, bu müddət ərzində çəkdiyi xərclərin əvəzinin ödənilməsi məqsədilə mənəvi zərərin əvəzi olaraq 25.000 manat Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən, bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Belə ki, cinayət prosesini həyata keçirən orqan ittihamının əsasını İddiaçı təhlükəsiz iş şəraitinin yaradılmasını yəni, işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etmədiyi üçün səhlənkarlıq etdiyi təşkil edirdi. Lakin cinayət işi materiallarına da daxil olan iddiaçı tərəfindən imzalanmış vəzifə təlimatından aydın göründüyü kimi, bu məsələ, ümumiyyətlə, şəxsin vəzifə səlahiyyətlərinə aid olmayıb. Bu isə, istintaq orqanına ən əvvəldən məlum idi. Buna baxmayaraq, şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tətbiq olunmuşdur. O bu səbəbdən heç yaşadığı yerdən kənarda yaşayan insanlarla görüşə bilməmişdir. Nəyə görə şəxs heç bir təqsiri olmadığı halda Nəsimi Rayon Məhkəməsinin hökmü çıxana qədər 10 ay müddətində yaşadığı yeri tərk etməməli idi? Cinayət tərkibi yaradan heç bir əməl törətmədiyi halda, əsassız olaraq, onun həm Konstitusiya, həm də beynəlxalq müqavilələrlə təminat verilən azadlıq hüququ məhdudlaşdırılmışdır. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərarın çıxarılması hökm edilmişdir. Buna baxmayaraq, prokurorluq orqanı səhvi və səlahiyyətlərindən sui-istifadəni davam etdirmiş, nəticəsində iddiaçı barəsində aparılan proses 2 il 5 ay müddətinə uzanmışdır. Bu isə o deməkdir ki, şəxsin bəraət alması ilə belə proses bitməmiş, 2 il 5 ay müddətində davamlı mühakiməyə məruz qalmış, prokurorluq orqanı tərəfindən ona olunan ittihamlar bitməmişdir. Şəxs özünün nə qədər təqsirsiz olduğunu bilsə və ədalət mühakiməsinin obyektivliyinə güvənsə də, onun barəsində icraatın davam etməsi, ailəsində proseslə bağlı yaranan narahatlıqlar, gərginliklər, stress səbəbindən səhhətində yaranan problemlər, davamlı olaraq prokurorluğa, məhkəməyə çağırılması, dəfələrlə sorğu-suala məruz qalması nəticəsində iş ahənginin pozulması ilə keçirdiyi psixoloji sarsıntılar davam etmişdir. Prokurorluq orqanının iddiaçıya vurduğu zərər bununla da bitməmişdir. Həmçinin istintaqı həyata keçirən orqan şəxsə böyük məbləğdə maddi ziyanın dəyməsinə səbəb olmuşdur. İbtidai istintaqı həyata keçirən prokurorluq orqanının müstəntiqləri şəxsə bildirmişdir ki, onun onsuz da burdan çıxışı yoxdur, o mütləq surətdə həbs olunacaq, cəzasını yüngülləşdirməyinin tək yolu isə Fərqanə İmanovaya 25.000 manat pul ödəməyidir. Hər bir şəxsin Konstitusiyanın 63-cü maddəsi ilə təsbit olunmuş təqirsizlik prezumpsiyası hüququ vardır. İstintaq orqanının şəxs barəsində hökm çıxmadan ona cinayətkar damğasını vurmağa, onu azadlıqdan məhrum ediləcəyi ilə bağlı təhdid etməyə haqqı yoxdur. Lakin məhz bu təhdidlər səbəbindən iddiaçıya 25.000 manat məbləğində maddi ziyan dəymişdir. Şəxsin bu qədər mənəvi iztirab, sarsıntı keçirdiyi, yaşadığı yerdən kənara çıxa bilmədiyi, həm iş, həm ailə ahənginin pozulduğu bir dövrdə dövlət orqanının öz səlahiyyətlərindən sui-istifadə edərək onu sıxışdırıb təhdid etməsi ilə, təbii ki, təqsirsiz olsa da, özünü çarəsiz hiss etmiş, borc-xərclə 25.000 manatı pul məbləğini cinayət işi üzrə zərəçəkmiş Fərqanə İmanovaya təqdim etmişdir. Nəticədə, Prokurorluq orqanının səhvi və səlahiyyətlərindən sui-istifadəsi nəticəsində şəxsə həm mənəvi, həm maddi, həm fiziki ziyan dəymişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2960/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbinin qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaitinin hesabına İddiaçı ödənilməsi, səhvən ödənilmiş cəmi 165 manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1101.1, 1101.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6.1, 7, 12-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Digər diqqət yetirilməli məqam isə ondan ibarətdir ki, 31 mart 2022-ci il tarixdə cinayət işi başlanılmış, qeyd edilən cinayət işi ilə bağlı İddiaçı 24 iyun 2022-ci il tarixində ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Nəsimi RayonMəhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ilə İddiaçı qarşı irəli sürülən ittiham üzrə ona bəraət verilmiş və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 03 ay 09 gün cinayət təqibinə məruz qalmasına baxmayaraq məhkəmə qətnaməsində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ödənilməssi qət edilmiş və formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamışdır.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.

10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 28. Hər kəsin azadlıq hüququ vardır.

12. Maddə 68. 2-ci bəndi Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

15. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

16. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

17. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

18. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

19. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

20. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

21. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu

22. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.

23. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

24. Maddə 6. 1-ci bəndi Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

25. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

26. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Apellyasiya şikayətini cavabdeh verdiyindən hazırki apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. İddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini əsaslı hesab edir; belə ki, barəsində uzun müddət ərzində - cinayət işi başlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ibtidai və məhkəmə istintaqının aparılması, əsassız olaraq başqa yerə getməmək haqqında iltizamın tətbiq edilməsi ilə o, fəal ictimai həyat tərzindən məhrum olmuş, işgüzar nüfuzuna xələl gəlmiş, özünün və ailə üzvlərinin barəsində mənfi fikir formalaşmış, sağlamlığına zərər dəymişdir.

37. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

38. Kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

40. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

41. Mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş məbləğ iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığına adekvat olmuşdur.

42. Məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının azadlıqdan məhrumetmə ilə nəticələnməyən, 3 ay 9 gün müddətində başqa yerə getməmə haqda iltizam qətimkan tədbiri olmasını, həmçinin barəsində ibtidai və məhkəmə istintaqının uzun müddət davam etməsini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və mənəvi zərərə görə kompensasiyanı adekvat hesab edir.

43. Belə ki, iş materiallarındakı ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işi açılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilmiş, xx.xx.2022-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə barəsində ittiham aktı təsdiq edilməklə, baxılması üçün cinayət işi məhkəməyə göndərilmişdir.

44. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(006)340/2022 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş; İddiaçı barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilmiş; iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 204 manat Dövlətə aid edilmiş; təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmiş, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış, Nəsimi rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X7 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmış, həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.

45. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)- 204/2023 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, bəraət hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-1058/2024 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-204/2023 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır

47. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi tələbin Maliyyə Nazirliyinə deyil, bilavasitə təqsiri törədən quruma yönəldilməsinə dair dəlillərinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, göstərilən hallar 2 meyarla dəyərləndirilməlidir. Bu meyarların əsası iddianın obyekti və iddianın predmeti kimi obyektiv hallardan asılıdır. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir. İddianın predmeti isə iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquqdur. Hazırki işdə iddia tələbinin predmeti qismində göründüyü kimi, kompensasiya məbləğinin tələb olunması çıxış edir. Bu da öz növbəsində iddia tələbinin adekvat subyektə yönəldiyinin göstəricisidir.

48. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçının barəsində dövlət qurumunun təqsirli hərəkətləri nəticəsində yanlış qənaətə gəlinmiş və bununla da qeyriadekvat rəftara məruz qalmış, bununla da onun müvafiq kompensasiya hüququ yaranmışdır.

49. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində göstərilir ki, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

50. Həmçinin “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

51. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadəsi ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır.

52. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət - “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

53. Bu baxımdan kollegiya hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, iddiaçıya dəymiş mənəvi zərərin məbləğini cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmasını qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

54. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur və apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd olunan qanunvericilik normaları baxımından əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2960/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar