Məhkəmə qərarları › İş №2(103)-6179/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6179/2022

24.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6179/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6179/2022 (Açar sözlər: “alimentin artırılması”) Bakı şəhəri 24 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X11 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(007)-1075/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə 11 noyabr 2011-ci il tarixində rəsmi qaydada ailə qurmuş, həmin nikahdan 15 aprel 2012-ci il təvəllüdlü X12 adlı övladları anadan olmuşdur.

2. Lakin münasibətləri alınmadığı üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur.

3. Bundan bir il sonra iddiaçı alimentin təyin edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və sabit pul şəkilində 127 manat alimentin təyin edilməsi haqqında qətnamə qəbul edilmişdir.

4. 21 yanvar 2015-ci il tarixində verilən qətnaməyə əsasən isə cavadehin sabit gəlirinin 1/4 hissəsində alimentin tutulub ona verilməsi müəyyən edilmişdir.

5. Hal-hazırda X4 10 yaşı var, orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. .

6. AZ-İİ seriyalı, 869558 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 15 aprel 2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır;

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(007)- 965/2015 saylı icra vərəqəsinin surətindən görünür ki, iddia təmin edilərək 15 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 yanvar 2015-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görə aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir;

8. AZ-İV seriyalı, 578444 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 18 yanvar 2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X10r;

9. AZ-İV seriyalı, 780756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 21 iyul 2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X10r;

10. Xocalı Rayon Məhkəməsinin 2(070)-24/2009 saylı, 16 okyabr 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək, Cavabdeh ilə X3 arasında 01 dekabr 2004-cü il tarixdə rəsmi qeydə alınmış nikah qeydiyyatının pozulması, 02 sentyabr 2005-ci il təvəllüdlü X15 adında uşağın anası X2 yanında qalması və onun himayəsinə verilməsi, tərəflərə nikah qeydiyyatının pozulması barədə şəhadətnamə verilərkən onlardan hər birindən ayrı-ayrılıqda 5 (beş) manat 50 (əlli) qəpik dövlət rüsumunun tutulması qət edilmişdir.

11. 2(007)-965/2015 saylı, 19 fevral 2015-ci il tarixli İcra Vərəqəsinin surətindən görünür ki, 15 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 yanvar 2015-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görə aylıq qazancının və ya başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması barədə Nizami rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir.

12. 2(017)-775/2020 saylı, 27 iyul 2020-ci il tarixli İcra vərəqəsinin surətindən görünür ki, 16 may 2016-cı il tarixdə doğulmuş X5 anasının yanında saxlanılması, 16 may 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək maddi təminat üçün 18 may 2020-ci il tarixdən başlayaraq ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq X6 ödənilməsi, qətnamənin alimentə aid hissəsinin dərhal icra edilməsi, Cavabdeh ödəniləcək ilk alimentin həcminə görə 30 manat dövlət rüsumu tutularaq Hökümət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilməsi barədə Ağcabədi rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 noyabr 2011-ci il tarixində rəsmi qaydada ailə qurmuş, həmin nikahdan 15 aprel 2012-ci il təvəllüdlü X12 adlı övladları anadan olmuşdur. Lakin münasibətləri alınmadığı üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Bundan bir il sonra o, alimentin təyin edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və sabt pul şəkilində 127 manat alimentin təyin edilməsi haqqında qətnamə qəbul edilmişdir. 21 yanvar 2015-ci il tarixində verilən qətnaməyə əsasən isə cavadehin sabit gəlirinin 1/4 hissəsində alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Hal-hazırda X4 10 yaşı var, orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh isə aliment təyin ediləndən sonra işdən ayrılmış və hazırda aylıq cəmi 100 manat aliment ödəyir. Ona görə də alimentin sabit pul şəkilində təyin edilməklə artırılmasını və ölkə üzrə yetkinlik yaşına çatmamışlar üçün müəyyən edilmiş minimum saxlama xərcinə uyğun olaraq 193 manat sabit pul şəkilində aliment təyin edilməsini məqsədə müvafiq hesab edir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manata çatdırılmalıdır. Göstərilənləri nəzərə alaraq, yetkinlik yaşına çatmayan 15 aprel 2012-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdeh X7 tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizəyə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir.

17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(007)- 1075/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 15 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(007)-965/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması İddiaçı ödənilməsi qət olunmuşdur.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə 15 aprel 2012-ci il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşağın ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh uşaq yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir.

19. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, uşağın saxlanılması üçün 2015-ci ildə hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 7 il müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2015-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə, 75.4-cü maddəsinə, 76.2-ci maddəsinə, 78.1-ci maddəsinə, 112.1-ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə, 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına, həmin qərarın 8.12-ci maddəsinə, 8.14-cü bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1075/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsassızdır, ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı, iddiaçının iddia tələbi rədd edilməlidir. Hazırki iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılması üçün əsas verən halları iddia ərizəsində qeyd etməmiş, eyni zamanda onun ailə və maddi vəziyyətində müsbətə doğru dəyişikliklərin baş verməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Alimentin 100 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırki işin materiallarından onun həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək nəinki hər hansı bir dəyişikliyin olmadığı, əksinə onun maddi vəziyyətinin daha da ağırlaşdığı aydın olur. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə digər övladı 16 may 2016-cı il tarixində doğulmuş X5 yetkinlik yaşınadək saxlanılması üçün ondan hər ay 100 (yüz) manat məbləğində alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. Bundan başqa o, bir neçə il bundan əvvəl ailə həyatı qurmuşdur. Bu nikahdan onun xx.xx.2021-ci il tarixində doğulmuş X14 adlı bir övladı dünyaya gəlmişdir ki, onun və ailəsinin maddi xərclərinin hamısının ödənilməsi onun üzərindədir. Bütün bunlar onun gələcəkdə miqdarı artırılmış alimentin ödənilməsini mümkünsüz edəcəkdir. Beləliklə, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Yuxarıda qeyd olunanlardan və işin faktiki hallarında göründüyü kimi Nizami Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(007)965/2015 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra onun maddi vəziyyətində yaxşılığa doğru hər hansı diqqətəlayiq dəyişikliklər baş verməmişdir. Lakin buna baxmayaraq, Nizami Rayon Məhkəməsi bu halları nəzərə almamış, işə birtərəfli baxaraq iddiaçının iddiasının təmin olunmasına dair qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi prosessual qanunun göstərilən tələblərinə zidd olaraq cavabdehin məhkəmə iclasında iştirakını təmin etməməklə, onu özümü müdafiə etmək hüququndan məhrum etmişdir. Məhkəmə qətnamədə cavabdehi məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsini qeyd etsə də əslində bunu etməmişdir. Buna görə də cavabdeh məhkəmə iclasında iştirak edə bilməmiş, iş üçün fundamental əhmiyyət kəsb edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

23. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

26. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

27. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

28. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər;

29. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

30. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

31. 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarı:

32. 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

33. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

34. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

40. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

46. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Belə ki, işin araşdırılan hallarından görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə 15 aprel 2012-ci il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşağın ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh uşaq yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini xahiş edir.

49. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2015-ci ildə hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 7 il müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2015-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

51. Ona görə kollegiya hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.

52. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, 15 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli, 2(007)-965/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15 aprel 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması, İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

53. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

54. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(007)- 1075/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar