Məhkəmə qərarları › İş №2(103)-6182/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6182/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6182/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2021-ci il tarixli qətnamədən cavabdeh Sığorta Şirkətinin verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 08.11.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ona məxsus “Mitsubishi Pajero” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yarasız vəziyyətə düşməsi ilə bağlı cavabdeh Sığorta Şirkəti tərəfindən ona ödənilməli olan sığorta məbləğinin – 1.744 manatın, sığorta ödənişin verilməsinin gecikdirilməsinə görə cərimə (dəbbə) məbləğinin – 365,4 manatın, Sığorta Şirkətinin tələbi ilə bank hesabının açılması üçün çəkdiyi xərcin – 25 manatın, avtomobilə dəymiş zərərin qiymətləndirilməsi çəkdiyi xərcin – 70,80 manatın, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manatın Sığorta Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.11.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı PAA********** saylı icbari sığorta şəhadətnaməsinin şərtlərinə və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilərək, iddiaçı, müvafiq sənədlərin (avto-nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə DYP tərəfindən təsdiq olunmuş arayışı, inzibati tənbeh vermə haqqında qərarı, sürücülük vəsiqəsinin surəti, qüsur aktı, bank hesabı barədə məlumat və s) 25.11.2019-cu il tarixdə Sığorta Şirkətinə təqdim edilməsinə baxmayaraq, icbari sığorta müqaviləsi üzrə Sığorta Şirkəti üzərinə götürdüyü öhdəliyin icrasından yayınır. Halbuki, “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 13.11.2019-cu il tarixli arayış Baş Dövlət Yol Polisi tərəfindən 046- 58963 nömrə altında təsdiq olunmuşdur. Bundan başqa, iddiaçı, avtomobilini rəsmi distributor olan "xxxx" MMC-yə təqdim etmiş və MMC, avtomobilə dəymiş zərərin həcminin cəmi 1.744 manat olması ilə bağlı iddiaçıya 12.11.2019-cu il tarixli "xxxx" vermişdir. Bu xidmətin həyata keçirilməsi ilə bağlı iddiaçı həmin MMC-yə 70,80 manat ödəmişdir. Bütün zəruri sənədlər iddiaçı tərəfindən 25.11.2019-cu il tarixdə Sığorta Şirkətinə təqdim edilmiş, Sığorta Şirkətinin məsul əməkdaşları tərəfindən iddiaçıya bildirilmişdir ki, təqdim olunan sənədlərə əlavə olaraq iddiaçı öz adına bank hesabı açmalı və hesabla bağlı məlumatı da onlara təqdim etməlidir. Bu səbəbdən iddiaçı, "xxxx" ASC-yə müraciət edib Banka 25 manat xidmət haqqı ödəməklə müvafiq bank hesabını 25.11.2019-cu il tarixdə açdırmış və elə həmin tarixdə sənədlərin Sığorta Şirkətinə təqdim edilməsinə baxmayaraq sığortaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, yalnız tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına 27.01.2020-ci il tarixdə şikayətlə müraciət olunduqdan sonra məlum olmuşdur ki, guya Sığorta Şirkəti iddiaçıya 11.02.2020-ci il tarixli, AS-20/283 nömrəli məktub ünvanlamış və həmin məktuba əsasən əmlakına dəymiş zərəri 575 manat məbləğində müəyyən edildiyi bildirmiş və həmin məbləği iddiaçıya ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçı bildirir ki, Sığorta Şirkətinin hərəkəti qanunsuzdur. Belə ki, Sığorta Şirkəti tərəfindən ona məhz 1.744 manat məbləğində sığorta ödənişi etməlidir. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, iddia ərizəsində qeyd edilən məbləğlər Sığorta Şirkətindən tutularaq ona ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.03.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya ödənilməli olan sığorta məbləğinin – 1.674 manatın, sığorta ödənişin verilməsinin gecikdirilməsinə görə cərimə (dəbbə) məbləğinin – 36 manatın, avtomobilə dəymiş zərərin qiymətləndirilməsi çəkdiyi xərcin – 70,80 manatın, iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manatın Sığorta Şirkətindən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh Sığorta Şirkəti həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və 575 manat məbləğində pulun ondan tutularaq iddiaçıya verilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sığorta Şirkətinin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus avtomobilə texniki baxış keçirilmiş və dəymiş ziyanın məbləği 575 manat müəyyən edilmişdir. Sığorta Şirkəti tərəfindən iddiaçının ünvanına 11.02.2020ci il tarixli, AS-20/283 saylı məktub göndərərək avtomobilin təmir müəssisəsində təmir olunaraq təhvil verilə biləcəyi, yaxud avtomobilin təmir olunması üçün müəyyən olunmuş 575 manat məbləğ pul şəklində ödəniləcəyi haqqında məlumatlandırılmış, həmçinin həmin məbləğlə razı olmadığı halda avtomobilə dəymiş zərərin 14.01.2016-cı il tarixdə müstəqil ekspert kimi “Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müstəqil ekspert kimi fəaliyyət göstərən X1 tərəfində qiymətləndirilməsi ilə razı olub-olmaması, razı olmadığı təqdirdə “Sığorta fəaliyyəti haqqında“ Azərbaycan Respublikası Qanunun 10.10cu maddəsinin tələbinə uyğun olmaqla tərəfindən təklif edilən müstəqil ekspert barədə məlumat verməsi xahiş olunmuşdur. Mülki Məcəllənin 925.1-ci maddəsinin tələbinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğinin müəyyən edilməsi sığortaçının səlahiyyətinə aiddir. Lakin işə baxmış Rayon Məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzini rəyinə əsasən Sığorta Şirkətinin bu hüququnu pozmaqla ziyanın məbləğini müəyyən etmişdir. Bundan başqa, Rayon Məhkəməsi məhkəmə baxışının yeri və vaxtı barədə Sığorta Şirkətinə lazımi qaydada məlum verməmiş, işə Sığorta Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Daha sonra, Rayon Məhkəməsi Sığorta Şirkətinin onların iştirakı olmadan iş üzrə icraatın dayandırilması və iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətinə əhəmiyyət verməmişdir. Cavabdeh Sığorta Şirkəti işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh Sığorta Şirkətinin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, Sığorta Şirkəti də iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, 08.11.2019-cu il tarixdə sığorta hadisəsi, yəni yol-nəqliyyat hadisəsi baş vermiş və iddiaçıya məxsus avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 12.11.2019-cu il tarixli, Mİ-95355 saylı “Qüsur aktından” görünür ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi 1.744,10 manat pul vəsaiti tələb olunur (dəyişdirilməli olan ehtiyat hissələrinin qiyməti və görülməli olan işlərinin xərci həmin məbləğə daxildir). Avtomobilin qiymətləndirmənin həyata keçirilməsinin xərci 70,80 manat təşkil edir. Sığorta Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış 11.02.2020-ci il tarixli, AS-20/283 saylı məktubdan görünür, Sığorta Şirkəti iddiaçıya təklif etmişdir ki, iddiaçı təmir edilməsi üçün avtomobili Sığorta Şirkətinə təhvil versin və ya avtomobilin təmir olunması üçün ona təklif olunan 575 manat məbləğində pulu qəbul etsin. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Məcəllənin 884.3-cü maddəsinə görə, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Məcəllənin 925.1-ci maddəsinə görə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Məcəllənin 925.2-ci maddəsinə görə, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Məcəllənin 925.3-cü maddəsinə görə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdeh Sığorta Şirkəti yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləği ilə razılaşmır, hesab edir ki, həmin məbləğ şişirdilmişdir və ekspert rəyi həqiqəti əks etdirmir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin həcminin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 02.02.2021-ci il tarixli, 9/5356 saylı rəyi almışdır. Həmin rəydə qeyd edilir ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi 1.674 manat pul vəsaiti tələb olunur (dəyişdirilməli olan ehtiyat hissələrinin qiyməti və görülməli olan işlərinin xərci həmin məbləğə daxildir). Cavabdeh Sığorta Şirkəti apellyasiya şikayətində bildirir ki, zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 575 manat müəyyən olunmuşdur. Lakin Sığorta Şirkəti keçirilmiş texniki baxışın nəticələrini və hesablama aktını, həmçinin ekspert şübhə altına ala biləcək sübutu (məsələn: ziyanın hesablanması ilə bağlı digər mütəxəssisin aktını və s.) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan hesab edilməlidir ki, qeyd edilən ekspert rəyi əsassız və etibarsız deyil; Rayon Məhkəməsi ekspert rəyini etibarlı sübut kimi qəbul etməkdə haqlı olmuşdur; apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışının yeri və vaxtı barədə Sığorta Şirkətinə lazımi qaydada məlum verməmiş, işə Sığorta Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə məlumatı cavabdeh Sığorta Şirkətinin hüquqi şəxslərin dövlət reyestrindəki hüquqi ünvanına – ünvan 1ta Şirkətinin nümayəndəsi X2 05.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edərək iş üzrə izahat vermişdir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Apellyasiya şikayətinin başqa bir dəlili isə ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi Sığorta Şirkətinin onların iştirakı olmadan iş üzrə icraatın dayandırilması və iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətinə əhəmiyyət verməmişdir. Bu dəlil ilə bağlı Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən dəlil işə baxmış Rayon Məhkəməsinə verilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclas protokolundan görünür ki, məhkəmə baxışında iştirak etmiş Sığorta Şirkətinin nümayəndəsi F.Hüseynli hər hansı bir yazılı vəsatəti Rayon Məhkəməsinə təqdim etməmiş, nə də ki, o, iş üzrə icraatın dayandırilması və iş üzrə ekspertiza keçirilməsi barədə şifahi vəsatətlə Rayon Məhkəməsinə müraciət etməmişdir. MPM-nin 271 maddəsinə görə, məhkəmə iclasının protokolu işə baxmanın bütün mühüm anlarını əks etdirməlidir (maddə 271.1.). İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər (maddə 273.). Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir (maddə 274.1.). Lakin iş materiallarından görünür ki, Sığorta Şirkəti hazırki iş üzrə keçirilmiş məhkəmə iclas protokoluna dair qeyd verməmişdir. Belə olan halda hesab edilməlidir ki, dəlil əsassızdır. Sığorta Şirkəti tərəfindən Rayon Məhkəməsinə iş üzrə icraatın dayandırilması və iş üzrə ekspertiza keçirilməsi barədə vəsatət verilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıdığına görə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Sığorta şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 mart 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Sığorta Şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar