Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6184/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-159/2022 saylı, 15 iyul 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə, sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Bakı şəhər Ərazi İdarəsinin rəisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində Cavabdeh1 ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli arayışın, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavini ilə Cavabdeh1 arasında bağlanan 1600,0 kv.m torpaq sahəsi üzrə 4950 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2019-cu il tarixli çıxarışın, Cavabdeh3 ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 2021-ci il tarixli müqavilənin və sonuncunun adına verilən 05.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanda yerləşən dövlətə məxsus qanuni əsaslarla "xxxx" MMC-nin istifadəsinə verilən 1600,0 kv.m torpaq sahəsinin istifadəçiyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-159/2022 saylı, 15 iyul 2022-ci il tarixli qərardadı ilə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə büdcədən geri qaytarılmışdır. İddiaçı "xxxx" MMC şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmağa davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, məhkəmə icraata xitam verilməsi haqqında qərardadında, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə istinad etsə də, həmin bəndi səhv təfsir etmişdir. Göstərilən bənddə qeyd edilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən və hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa, məhkəmə Plenumun qərarının 5.2-ci və 6.2-ci bəndlərinə əhəmiyyət verməmişdir. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, məhkəmədən cavabdeh Bakı şəhər Ərazi İdarəsinin rəisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində Cavabdeh1 ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyriyaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli Arayışın; Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavini ilə Cavabdeh1 arasında bağlanan 1600,0 kv.metr torpaq sahəsi üzrə 4950 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın; Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın; Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cı il tarixli bağışlanma müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2019cu il tarixli çıxarışın; Cavabdeh3 ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş 2021-ci il tarixli müqavilənin və sonuncunun adına verilən 05.2021-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Babək pr. 2270-77-ci məhəllə ünvanda yerləşən dövlətə məxsus qanuni əsaslarla “Qutan MMC-nin istifadəsinə verilən 1600,0 kv.metr torpaq sahəsinin istifadəçiyə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Göründüyü kimi, hazırki iddia ərizəsində inzibati orqanın qərarları və hərəkətləri (hərəkətsizliyi) eyni zamanda, inzibati aktlar mübahisələndirilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-159/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı inzibati orqanlara qarşı iddia qaldırmaqla, inzibati aktın ləğvini tələb edir, buna görə də məhkəmə hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz, iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilənlərlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, dəqiqləşdirilmiş iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçının tələbi 6 hissədən ibarətdir. Ərizənin nəticə hissəsində göstərilən birinci və ikinci tələbin inzibati orqana yönəldilməsi, yəni həmin tələblər üzrə cavabdehlərin həm də inzibati orqanlar olduğu mübahisəsizdir. Ona görə də bu tələblər üzrə həmin inzibati orqanların iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız onlara xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Demək, inzibati orqanların hazırki iddia, yəni 1-ci və 2-ci tələblər üzrə üzrə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etməsini yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Başqa sözlə inzibati orqanların həmin tələblər üzrə olan münasibətlərdə dizpozitiv səlahiyyətlərinin olub-olmaması dəqiq müəyyən edildikdən sonra mübahisənin inzibati yaxud ümumi məhkəməyə aid olduğu aydınlaşa bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, mübahisəsi gedən daşınmaz əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Xidməti çıxış etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından göründüyü kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki ƏMDX) inzibati orqan olmaqla Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti Orqanlarının siyahısında 31-ci yerdədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırkı iddia tələbinin cavabdeh Bakı şəhər Ərazi İdarəsinin rəisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində Cavabdeh1 ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatı barədə ********** saylı xx.xx.2013-cü il tarixli arayışın, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavini ilə Cavabdeh1 arasında bağlanan 1600,0 kv.m torpaq sahəsi üzrə 4950 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilən xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi tələblərinin həqiqətən inzibati xarakterili mübahisə olduğunu müəyyən etmək üçün yuxarıda qeyd olunan halların aydınlaşdırılması vacibdir. Çünki, cavabdeh Bakı şəhər Ərazi İdarəsinin rəisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə dövlət mülkiyyətində olan 0.03806 ha torpaq sahəsində Cavabdeh1 ümumi sahəsi 914.1 kv. metrdən ibarət 3 (üç) mərtəbəli qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətində olmasına dair hüquqların qabaqcadan qeydiyyatının nəyə əsasən, yəni mülki hüquqi əqdlərə yaxud inzibati orqanın qərarına(vəzifə səlahiyyətləri ilə bağlı.və.s) aparıldığı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavini ilə Cavabdeh1 arasında bağlanan 1600,0 kv.m torpaq sahəsi üzrə 4950 nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin bu inzibati orqanın (ƏMDX) hansı sərəncamı(qərarı və.s.) əsasında bağlandığı müəyyən edilməlidir. Məhz bu hallar dəqiq müəyyən olunduqdan sonra iddia tələbinin 1-ci və 2-ci hissələrinin inzibati yaxud mülki hüquqi mübahisə olub-olmadığı müəyyənləşə bilər. Başqa sözlə, baxılan iş üzrə 1-ci və 2-ci tələblər üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi, satılması və.s) aid olarsa, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilmiş olur. Bu cür vəziyyətdə iddiaçı faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia etmiş olur. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əqd dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi halda həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, qeyd olunan qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göstərilənlərlə yanaşı, iddia tələblərinin qalan hissələrinin inzibati mübahisə olması isə ümumiyyətlə onların təbiətindən və məzmunundan görünmür. Bu cür vəziyyətdə həmin tələblər üzrə də icraata inzibati mübahisə olduğu əsası ilə xitam verilməsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.Yəni, məhkəmənin həmin hissələr üzrə gəldiyi nəticə işin halları ilə ziddiyyət təşkil edir. Çünki, bu qənaət o zaman düzgün olardı ki, ən azından iş materiallarında tərəflər arasında hansısa formada inzibati hüquq münasibətlərinin yaranmasına dair bir fakt olardı. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-159/2022 saylı, 15 iyul 2022-ci il tarixli qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəmənin 2(007)-159/2022 saylı, 15 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6184/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6184/2022
05.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver