Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6204/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıli oğlunun iştirakı ilə, İddiaçıli oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(006)-1184/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçıli oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 6.600 manat məbləğində sığorta pulunun ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1988-ci ildən 1990-cı ilədək Sovet ordusunda, 01.11.1991-ci ildən 26.08.2009-cu ilədək Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmək üçün döyüşlərə qatılmışdır. Müharibə qurtaranadək onun xidmət yeri düşmənlə üzbəüz döyüş səngərləri olmuşdur. O daim qaynar nöqtələrdə döyüşlərdə iştirak etmişdir. Kəşfiyyatçı olmuşdur. Döyüşlərdə Ağdərə, Kosapet, Marquşavanda, Çıldıranda, Daşaltıda, Ağdamda, Fərrux yüksəkliyində və s. iştirak etmişdir. 1997-ci ildə xidməti zərurətlə əlaqədar olaraq onu Müdafiə Nazirliyindən DİN çevik polis alayına köçürmə yolu ilə keçiriblər. Xidmət etdiyi müddətdə çoxsaylı dövlət tədbirlərində təhlükəsizliyin təmin edilməsi üzrə xidməti fəaliyyət göstərmişdir. Dövlət əhəmiyyətli tədbirlərdə layiqincə iştirak etdiyinə görə dəfələrlə təşəkkürlərlə və fəxri fərmanlara layiq görülmüşdür. Cənab prezidentimiz İlham Əliyev 2006-cı ildə Sloveniyaya rəsmi səfərə gedərkən “Barama” əməliyyatında iştirak edərək Prezidentimizə hazırlanan suiqəsdin qarşısını alarkən xidməti vəzifələrinin icrası zamanı baş nahiyyəsindən kəllə beyin travması almışdır. Aldığı xəsarətdən sonra DİN hospitalında dəfələrlə müalicələr almışdır. Xəstəliyi ağır olduğundan müalicələr effekt verməmiş və DİN Hərbi Həkim Komissiyasının qərarına əsasən xidmətə yararsız hesab edilmişdir. O müalicələrdən sonra hərbi xidməti vəzifələrinin icrası zamanı döyüşlərdə keçirdiyi streslərdən və aldığı ağır xəsarətdən azad ola bilməmişdir. DİN Hərbi Həkim Komissiyasının Qərarında qeyd olunur ki, “Travma xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə onun əmək qabilliyətinin olmadığı müəyyən edilmiş və xidməti vəzifələrini yerinə yetirməyi ilə əlaqədar olaraq 2-ci qrup əlillik verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(006)- 1184/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçıli oğlunun xeyrinə 6.600 manat məbləğində sığorta pulunun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. İddiaçıya təyin edilən İİ dərəcəli əlillik dərəcəsi hərbi xidmətdən tərxis olunandan 3 il müddət keçdikdən sonra verilmişdir, əlillik onun istefaya buraxıldığı gündən 3 il müddətində təyin edilmədiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 1997-ci il tarixdə hərbi xidmətdən təxris olunmuş və bundan sonra DİN çevik polis alayında işləməyə başlamışdır. İş materiallarında olan MV nömrəli 03110 saylı, 15.12.1997-ci il tarixli vəsiqədən görünür ki, İddiaçıli oğlu müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının 076813 saylı arayışından görünür ki, İddiaçıli oğlu ikinci dərəcəli əlildir. İş materiallarında olan X1 Tibb kartasından çıxarışdan görünür ki, kəllə beyin travması xəstəliyi keçirilmiş kəllə-beyin travması xəstəliyi keçirilmiş kəllə-beyin travması nəticəsində kəskin ifadə olunmuş asteno-nevrotik vəziyyət. Travmadan sonra əmələ gələn ensefalapatiya nəzərə çarpan şəxsiyyət dəyişikliyi və epileptik tutmalar. Göründüyü kimi iddiaçı qeyd edilən travmanı 2006-cı il tarixdə almışdır, yəni, hərbi xidmət dövründə almamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun normalarına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. İddiaçı isə hərbi qulluqçu olmamışdır, ona görə də Kollegiya qeyd edir ki, məhkəmənin qətnaməsi ləğv edilməlidir. İddiaçı travma aldığı vaxt Azərbaycan Respublikası DİN-nin X2 əməkdaşı olmuşdur. Azərbaycan Respublikası “Polis haqqında” Qanunun 37.1-ci maddəsində göstərilmişdir ki, polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. Qeyd edilən “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; İ dərəcə - 80 faiz; İİ dərəcə - 60 faiz; İİİ dərəcə - 40 faiz ç) sığorta olunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Beləliklə, müəyyən edilir ki, iddiaçı statusuna görə hərbi qulluqçu olmadığına görə ona sığorta ödənişinin verilməsi barədə tələb “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmir, yuxarıda qeyd olunan Qanunda müvafiq məsələnin tənzimlənməsi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-1184/2020 saylı iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçıli oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6204/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6204/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver