Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6214/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-2143/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.
2. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındaki nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il təvəllüdlü X3 atası İddiaçı yanında saxılanılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə 193 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslındırmışdır ki, o, Cavabdeh ilə 17 iyul 2009-cu il tarixdə rəsmi olaraq nikaha daxil olmuşlar. Onların birgə nigahından xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları olub. Hazırda onunla cavabdeh arasında nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)10398/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 onun yanında saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 175 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çaldırır ki, onunla cavabdeh arasında rəsmi nikah pozulmamışdan qabaq faktiki cavabdehlə ayrıldıqlarından böyük oğlu Surac onun himayəsində qalmışdır.
7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-2143/2022 saylı qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 193 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdehin ifadəsinə əsasən gəlirinin qeyri sabit olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehdən hər ay uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-2143/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, iddiaçıya onların birgə nikahdan 2 övladları var. Digər övladı onun yanında qalır. Onun saxlanması təlim-tərbiyəsi, dərsi və qidalanması onun üzərindədir. Özü də kirayədə yaşayır. Kirayə haqqı isə aylıq olaraq 300 manat təşkil edir. Habelə cavabdehin birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 üçün aylıq təyin edilmiş aliment borcunu ödəmir. Cavabdeh fərdi əməklə məşğuldur və aylıq gəliri 100 manat civarındadır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin tamamilə ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
17. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. 76.2-ci maddəsinə əsasən təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. 78.2-ci maddəsinə görə pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
21. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
22. 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
23. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
AR Mülki Prosessual Məcəlləsinin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
30. İşin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflərin nikahı pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 atası İddiaçı yanında, xx.xx.2015-ci il təvəllüdlü X4 isə anası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Məhkəmənin qətnaməsi əsasında X2 azyaşlı X1 üçün Cavabdeh xeyrinə hər ay 175 manat məbləğində aliment tutulur.
31. Məhkəmə kollegiyası hesab edir ki, uşaqları saxlamaq valideynlərin hər ikisinin vəzifəsi olduğundan, habelə cavabdehin yanında qalan uşağa görə iddiaçıdan hər ay 175 manat məbləğində aliment tutulduğundan, iddiaçının onun yanında qalan uşağa görə alimentin tutulmasına dair tələbi əsaslı olmuşdur.
32. Bu mənada kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onun alimentin ödənilməsindən azad edilməsi deyil, alimentin məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmalı hallardır.
33. Hazırda apellyasiya şikayətində cavabdeh birgə nikahlarından olan digər uşağın onun himayəsində olmasını, mütəmadi gəlirə malik olmadığını, özünün kirayədə qaldığını və 300 manat kirayə haqqı ödədiyini bildirirək qətnamənin ləğv edilməsini xahiş edir.
34. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.
35. Bu mənada kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
36. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
37. Göstərilən yanaşmadan çıxış edərək kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən alimentin tutulmalı olması hissəsində düzgün olsa da, tutulmalı olan alimentin məbləği hissəsində dəyişdirilməlidir.
38. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş uşaqlardan biri ycavabdehin yanında qalır. Bundan başqa, müəyyən edilir ki, cavabdehin daimi iş yeri yoxdur və gəlirləri aşağı olmaqla, təsadüfi xarakter daşıyır. Onun kirayədə yaşamasını isə iddiaçı da təsdiq edir. Bu isə onun kirayə haqqı ödəməsi kimi mütəmadi xarakter daşıyan əlavə xərcinin olmasını göstərir.
39. İşin yuxarıda sadalanan diqqətəlayiq hallarını, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin məbləği onun maddi vəziyyətinə uyğun olmamışdır.
40. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin məbləği 70 manat müəyyən edilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməməlidir.
41. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-2143/2022 saylı qətnaməsi xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay 70 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.