Məhkəmə qərarları › İş №2(103)-6218/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6218/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6218/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi tələbinə dair” 2(009)-1052/2021 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi tələbinə dair” iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 3550 manat avtomobilə dəymiş zərər, maşının boş dayandığı 6 ay müddətində 1200 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.06.2020-ci il tarixində Bakı şəhəri, Balaxanı yolu ərazisində "xxxx" ASC-də sığortalanan “Hyudai” markalı 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavator ilə “Mersedes” 3340 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil arasında hadisə baş vermişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, tikinti ərazisində «Hyundai» markalı 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavator yük avtomobillərinə torpaq yükləyərkən, kovuşu ilə arxada dayanmış “Mersedes” 3340 markalı ** CB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasına zərər yetirmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən, zərərin həcminin müəyyən olunması məqsədilə qarşılıqlı razılıq əsasında müstəqil sığorta eksperti təyin olunmuş və həmin ekspert tərəfindən 06.07.2020-ci il tarixli verilmiş rəyə əsasən avtomobilə dəymiş zərərin 3550 manat təşkil etdiyi müəyyən olunmuşdur. Müstəqil sığorta ekspertinin 06.07.2020-ci il tarixli qiymətləndirmə aktı hər iki tərəflə razılaşdırılmış ödəniş aktı tərtib olunmuşdur. Bu günə kimi heç bir ödəniş olunmamışdır. Ona dəyən ziyanın ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən avtomobilə dəymiş ziyana görə 3550 (üç min beş yüz əlli) manat tutulub iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, brinci instansiya məhkəməsi qətnaməsində sığorta ödənişinin verilməsindən imtina qərarının hüquqi əsasını təşkil edən normalara heç bir hüquqi qiymət verməmiş, işlə birbaşa bağlılığı olmayan maddi hüquq normalarına istinad etmişdir. Belə ki, məhkəmə qətnaməsinin 3-cü səhifəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1 və 935.1.1- ci maddələrinə istinad etmişdir ki, həmin maddələrin işin faktiki halları ilə heç bir uyğunluğu yoxdur. Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla bağlı qeyd etmək istəyirlər ki, hadisə ilə bağlı sığorta şirkətinə gec məlumat verilməsi və bu səbəbdən sığorta ödənişinin verilməsindən imtina edilməsi ilə bağlı tərəflər arasında mübahisə mövcud deyil və qeyd olunan maddələr işin faktiki hallarına uyğun deyildir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən, “avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir.” “Yol hərəkəti haqqında” Azərbayan Respublikası Qanununun əsasən, “yol hərəkəti” - xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, “yol-nəqliyyat hadisəsi” - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Qeyd olunanlardan belə nəticə hasil olunur ki, 17.06.2020-ci il tarixdə Bakı şəhəri, Balaxanı ərazisi tikinti zonasında baş vermiş hadisə, “Hyundai R210Lc7” markalı, 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavatorun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqlarının (kovuşunun) istismarı nəticəsində baş vermişdir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Hadisə baş verdikdən sonra qanunvericiliyin tələbinə uyğun olaraq sığorta şirkəti tərəfindən zərərin qiymətləndirilməsi həyata keçirilmiş, zərər məbləği ilə bağlı razılıq əldə edilmədiyindən müstəqil ekspert təyin edilmiş, zərər müstəqil ekspert tərəfindən 06.07.2020-ci il tarixdə qiymətləndirilmiş və bu barədə İddiaçı 07.07.2020-ci il tarixdə məktub ünvanlanmışdır. Lakin səlahiyyətli dövlət orqanının hadisə ilə bağlı sənədləri Cəmiyyətə 21.08.2020-ci il tarixdə daxil olmuş və bundan sonra cavabdeh tərəfindən 31.08.2020-ci il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə məktub ünvanlanmışdır. Yəni avtomobilə dəymiş zərər qiymətləndirilərkən cavabdeh tərəfindən sığorta ödənişinin verilib-veriləcəyi qeyri-müəyyən olmuş və yalnız səlahiyyətli dövlət orqanının hadisə ilə bağlı sənədləri Cəmiyyətə təqdim edildikdən sonra sığorta ödənişinin verilməsindən imtina qərarı verilmişdir. Lakin Səbail Rayon Məhkəməsi bu halı özü üçün aydınlaşdıra bilməmiş və zərər məbləği ilə bağlı məktub ünvanlandığı üçün cavabdehin sığorta ödənişini verməli olduğunu hesab etmişdir. Apellyasiya baxışında iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iş üzrə İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yol hərəkəti - xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC-də sığorta olunan “Hyundai” markalı, 90 E 403 dövlət qeydiyyat nişanlı ekskavator tikinti ərazisində yük avtomobillərinə torpaq yükləyərkən kovuşu ilə arxada dayanmış “Mersedes Benz 3340” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsınə zərər yetirmişdir. Lakin həmin zərər ekskavatorun yol hərəkəti zamanı baş verməmiş, yol hərəkətində birbaşa iştirakı olmayan avadanlıqların tikinti ərazisində istismarı zamanı ehtiyatsızlıq nəticəsində yetirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi baş vermiş hadisənin sığorta hadisəsi olub-olmamasını, hadisənin nəqliyyat vasitəsi, yaxud nəqliyyat vasitəsinə quraşdırılmış avandanlığın istismarı zamanı baş verdiyini araşdırmadan iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kollegiya qeyd edir ki, mülki və icbari sığorta haqqında qanunvericiliyin qeyd edilən tələblərinə əsasən baş vermiş həmin hadisə sığorta hadisəsi hesab edilmədiyindən sığortaçı sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu əsasa görə cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə 3550 manat avtomobilə dəymiş zərər və maşının boş dayandığı 6 ay müddətində 1200 manat ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(009)-1052/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar