Məhkəmə qərarları › İş №2(103)-6221/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6221/2025

08.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6221/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş (Açar sözlər: «mənzilə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2016/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzili 1/2 hissələrdə İddiaçı ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş edib.

3. Tələbdə göstərilir ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzili tərəflərin paylı mülkiyyətindədir. Əmlakın yarı payı iddiaçıya məxsus olsa da, cavabdehin süni manelərinə görə iddiaçının həmin evdə yaşamaq imkanı yoxdur. Bu səbəbdən iddiaçı kirayədə yaşamaq məcburiyyətində qalmışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2016/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia tələbinin təmin edilərək İddiaçı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinə köçürülməsi; ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzili 1/2 hissələrdə İddiaçı ilə Cavabdeh paylı mülkiyyətindədir. Lakin cavabdeh iddiaçının həmin mənzilə köçüb orada yaşamasına maneçiliklər törədir ki, iddiaçı da bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddiaçı onun Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1 saylı evin 18 saylı mənzilinin 1/2 hissəsinin mülkiyyətçisi (mənzilin paylı mülkiyyətçisi) hesab edildiyindən, onun həmin mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin isə rədd edilməsini xahiş edib şikayətində göstərir ki, hazırki iddia məhkəmənin icraatına 13 avqust 2025-ci il tarixdə daxil olmuş, məhkəmə hazırlıq iclası 29 avqust 2025-ci il tarixə, yəni 16 günə təyin olunmuş, 10 sentyabr 2025-ci il tarixə ilk baxış iclasında yekun qərar qəbul olunmuşdur. 14 avqust 2025-ci il tarixdə qəbu etdiyi məhkəmə qərardadında “İşdə iştirak edən şəxslərə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməli olduğu bildirilsin;” qərara alınsada məhkəmə hazırlıq iclasını 29 avqust 2025-ci il tarixə təyin etmişdir. Məhkəmə bildirişi ona çatmadığı halda işi kifayət qədər hazırlanmış hesab etməklə xx.xx.2025-ci il tarixə məhkəmə baxışına təyin etmişdir. Həmin vaxt isə məhkəməyə aşağıdakı kimi münasibət bildirmişdi: Məhkəmənin icraatında e- 2(009)-56/2025 saylı mülki iş vardır. Hansı ki, həmin iş üzrə İddiaçı ona qarşı mənzilin hərracdan satılmasına dair iddia qaldırmışdır. Hazırda qaldırdığı iddia həmin üzrə yekun məhkəmə qərarının icrasında manecilik törədəcəkdir. Həmin iş üzrə məhkəmə baxışı iclası 03 oktyabr 2025-ci il tarixə saat 10-30 təyin olunmuşdur. Hazırki iş üzrə məhkəmə baxışının 03 oktyabr 2025-ci il tarixdən sonrakı tarixə təyin etməyinizi xahiş edir. Nəzərə alsa ki, hazırki iş məhkəmənin icraatında 16 gün qaldıqdan sonra birbaşa baxışa təyin olunmuş və onun ücün 20 gün müddətində iddiaya əsaslı etiraz verə bilmək ücün ağlabatan müddət belə verilməmişdir. Bu isə hakimin bu işin baxılmasında obyektiv qərar qəbul etməkdə maraqlı olmayacağını göstərir. Xahiş edir, işin baxılmasını 03 oktyabr 2025ci il tarixdən sonraya təxir edəsiniz. Halbuki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2(009)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş , Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin 18 saylı mənzili ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqdaisə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülməsi qət edilmişdir. İddiaçı köçürülməsini tələb etdiyi mənzil məhz onun iddiası əsasında satılması ücün hərraca çıxarılmışdır. Məhkəmə məhz bu iddia ilə bağlı iş üzrə yekun qərarın qəbul edilməsini dayandırmalı olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən, məhkəmə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Bu tələb imperativ norma olsada məhkmə 1 hazırlıq, 1 baxış iclası ilə, onun hüquqlarını məhdudlaşdırmaqla qətnaməni qəbul etmişdir. Başqa məhkəmənin qətnaməsi üzrə mübahisəli mənzilin satılması, digəri üzrə isə həmin mənzilə köçürülmə barədə qətnamə qəbul olunmuşdur. Səbail Rayon Məhkəməsinin e-2(009)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk olaraq qapalı hərracın kecirilməsi nəzərdə tutulmuşdur. Həmin mənzil onun tərəfindən alınacağı təqdirdə köçürülmə qətnaməsi ilə İddiaçı digər hüquqları ilə bağlı onun mülkiyyət hüquqları pozulacaqdır. Məhkəmə İddiaçı mülkiyyət hüquqları ilə bağlı Mülki Məcəllənin 152.5, 213.1, 215.2, 215.4-cü maddələrinə istinad etsə də, məhz istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini pozaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda cavabdeh olaraq onun həmin iddiaya münasibət bildirməyinə ağlabatan müddət təyin etmədiyindən maddi normanı ona münasibətdə nəzrə almadan qeyri obyektiv qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

7. İş üzrə tərəflər məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə anasının səhhətində yaranan nasazlıqla əlaqədar məhkəməyə gələ bilmədiyini və məhkəməyə işin halları ilə bağlı vəsatət təqdim edəcəyini bildirib məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, göstərdiyinə dair ərizəsinə sübut əlavə etməmişdir.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəfərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

20. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir 23.Əvvəla, iddiaçı köçmək istədiyi mənzilin paylı mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin paylı mülkiyyətçisi olduğundan cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.

24. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi).Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. 25.Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də qətnamənin birmənalı ləğv edilməsi üçün istənilən prosessual pozuntular əsas ola bilməz. Yalnız kobud prosessual pozuntular şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün şərtsiz əsas ola bilər ki, bunlar da MPM 387.2ci maddəsində göstərilib. Məhkəmə tərkibi də qəbul edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətdə göstərilən prosessual hüquq normasının tələbi pozulub. Ancaq bu pozuntu şərtli pozuntu hesab edildiyindən qətnamənin ləğvi üçün o zaman əsas olardı ki, bunun nəticəsində düzgün olmayan qətnamə qəbul edilsin. Lakin mübahisələndirilən qətnaməni mahiyyəti üzrə düzgün olmayan hesab etmək olmaz. Çünki qeyd olunan prosessual pozuntu məhkəmənin yekun nəticəsinə təsir göstərməyib və ya göstərə bilməyib. Başqa sözlə, faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Bundan əlavə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2(009)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin 18 saylı mənzili ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülməsinin qət edilməsi də iddianın əsassız, şikayətin isə əsaslı olması demək deyil. 27.Əvvəla ona görə ki, həmin qətnamə qanuni qüvvəsini almayıb və icra olunmayıb. O qətnamənin icra olunacağı təqdirdə yeni mülki hüquq münasibəti yaranmış olacaq və o zaman hazırkı mübahisənin əhəmiyyəti qalmaya və nəticəsi aradan qalxa bilər. Deməli mənzilin hərracda satılmasınadək iddiaçının öz mülkiyyətində olan mənzilə köçüb yaşamasını ona heç bir halda qadağan etmək olmaz.

28. Bununla yanaşı, həmin işin və qətnamənin mövcudluğu hazırkı iş üzrə icraatın dayandırılması üçün də əsas ola bilməz. Çünki iddiaçı mülkiyyətçisi olduğu mənzilə köçmək istəyir. Cavabdehin şikayətinin məzmunu ilə də təsdiq olunur ki, o, buna mane olur. Bu cür vəziyyətdə məhkəmə nəyə əsaslanıb iddiaçını həmin mənzilə köçürməyə bilərdi yaxud hazırkı işin icraatını dayandıra bilərdi ki, cavabdeh də bu vəziyyətdən “razı” qalsın. Göründüyü kimi, bu qənaət ritorik sual kimi səslənsə də cavabdehin bu cür dəlillərdən istifadə edərkən qeyd olunanlara dair cavab arqumenti də olmalı idi, ancaq olmayıb. Demək ki, apellyasiya şikayəti də əsaslı olmayıb.

29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 2016/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2016/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar