Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6223/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli e-2(001)- 4727/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 06 noyabr 2012-ci il tarixdə Əliyeva Nuray və X4 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8935/2012 saylı, 05 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cu il tarixdə 05 nömrəli aktla rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan olan olan xx.xx.2012-ci il təvəllüdlü X5 və X2 anası İslamova (Əliyeva) Gültər Seyran qızının yanında saxlanılması, xx.xx.2012-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh İddiaçı hər iki uşaq üçün aylıq qazancının və ya gəlirinin sabit pul, 100 (yüz) manat, ümumilikdə 200 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 13526/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2012-ci il tarixli, 2(001)-8935/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək, 06 noyabr 2012-ci il tarixdə doğulmuş X3 və X2 hər birinin 18 yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 136,60 manat olmaqla, ümumilikdə 273,20 manat sabit pul məbləğində aliment tutularaq İslamova (Əliyeva) Gültər Seyran qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (136,6 : 116 = 1.17) 1.17 misli həddində indeksasiyası qəbul olunmuşdur. Hazırda İddiaçı alimentin miqdarının azaldılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və İddiaçı yetkinlik yaşına çatmayan X3 və X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarına uyğun olaraq hər uşaq üçün 246 manat olmaqla cəmi 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin miqdarı ölkədə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli ilə təcrübəyə əsasən 0.615 misli ilə müəyyən olunmalıdır. Hal hazırda minimum əmək haqqı 400 manat təşkil etdiyindən, bir uşaq üçün alimentin qanuni hesablaması 400 × 0.615 = 246 manat təşkil etməlidir. Lakin məhkəmə qərardadda 1.17 misli tətbiq etməklə bir uşaq üçün 468 manat, iki uşaq üçün isə 936 manat aliment məbləği təyin etmişdir. Müəyyən edilmiş aliment məbləği ədalətsiz dərəcədə yüksəkdir və iddiaçının hazırki maddi həyat şəraitinə uyğun gəlmir. Hal-hazırda iddiaçı işləmir, rəsmi iş yeri və gəliri yoxdur, dövlət orqanında işsiz kimi qeydiyyatdadır. Üstəlik yeni ailəsində iki azyaşlı övladı da vardır və eyni zamanda yaşlı valideynlərinin qayğısına qalır. Səhhətində problemlər var və ağır məişət şəraitində yaşayır. Belə bir vəziyyətdə aylıq 936 manat kimi yüksək aliment öhdəliyini yerinə yetirmək imkanlarını aşır və onun üçün qeyri-mümkün bir maliyyə yükü təşkil edir. Qeyd olunanlardan görünür ki, İddiaçı sabit pul məbləğində 936 manat alimentin ödənilməsi imkanı yoxdur və hesab edir ki, 06 yanvar 2012-ci il tarixdə doğulmuş X3 və X2 hər birinin 18 yaşına çatana qədər saxlanmaları üçün müəyyən edilmiş alimentin məbləği azaldılmalıdır. Cavabdeh tərəfindən alimentin azaldılması üçün Mediasiya təşkilatına müraciət edilmişdir. Proses xx.xx.2025-ci il tarixdə keçirilmiş və Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında da məhz bu məsələlərə aydınlıq gətirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli e-2(001)- 4727/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13526/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuş məbləğin azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində müəyyən edilməsi, alimentin azaldılmış məbləğdə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması və tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından aydın olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı yeni ailə həyatı qurmuş və hazırda həmin nikahdan iki ovladı var. Məhkəmə hesab etmişdir ki, iddiaçının dəlilləri əsaslı olduğundan aliment məbləği azaldılmalıdır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən alimentin indeksasiya edilməsi barədə ərizəsindən sonra aliment məbləği indeksasiya edilmiş, yəni əvvəllər təyin edilmiş aliment məbləği artırılmamışdır və artırılma olmadığı təqdirdə, həmin alimentin azaldılması üçün də hər hansı hüquqi əsaslar yoxdur və iddia tələbləri təmin edilə bilməz. Məhkəmə qətnamə qəbul edərkən yalnız iddiaçının gəlirinə deyil, həm də cavabdehin bir qadın kimi üzərinə düşən yükə, uşaqların faktiki xərclərinə və rifahına dair balanslaşdırılmış yanaşma ilə nəticəyə gəlməldir. İddiaçının alimentin azaldılması barədə tələbinin təmin edilməsi uşaqların maddi rifahına mənfi təsir göstərmək riskini artırır və bu baxımdan hüquq sistemi tərəfindən qorunan uşağın üstün maraqları prinsipinə ziddir. Belə olduğu halda, aliment məbləğinin azaldılması uşağın inkişafı, təhsili, qidalanması, psixoloji sağlamlığı və sosial həyatdakı balanslı iştirakı üçün zəruri olan təminatın pozulmasına səbəb ola bilər. Hesab edir ki, İddiaçı oğlu bir ata olaraq X3 və Əliyeva Günay Elman qızının mənafeyi baxımından deyil, məhz hüquqdan sui-istifadə edərək, qərəzli şəkildə, uşaqların mənafeləri üstün tutulmadan şəxsi mənafeyi baxımından aliment məbləğinin azaldılması tələbi irəli sürmüşdür. Bu səbəbdən də, qeyd edilən bu hallar aliment məbləğinin azaldılması və alimentin tutulma qaydasının dəyişdirilməsi üçün əsaslı hesab edilə bilməz və iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Qeyd edilməlidir ki, X3 və Əliyeva Günay Elman qızı uzun illərdir ana tərəfindən saxlanılır və bu, onun üzərinə maddi, mənəvi və sosial yük qoyur. Həmçinin iddiaçı qız uşaqlarının saxlanılmasında hər hansı rolu olmamış, onların təhsili, tərbiyəsi ilə maraqlanmamış, ümumiyyətlə ötən bir neçə il müddət ərzində heç uşaqlarını görməyə belə gəlməmiş və bunu məhkəmə iclaslarında özü etiraf etmişdir (qeyd etmişdir ki, guya Cavabdeh uşaqlarla görüşünə maneə yaradır, halbuki məhkəmə qaydasında alimentin azaldılmasını tələb edən bir şəxs çox gözəl bilir ki, o, istəsə uşaqlarla ünsiyyətlə də bağlı məhkəməyə müraciət edə bilər, amma bunu etməmişdir). Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı yeni ailə qurduğunu və yeni övladlarının olduğunu qeyd etsə də, bu, alimentin azaldılmasına dəlalət edən hüquqi əsasları yaratmır, ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin indeksasiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən həyata keçirilmiş və tam qanuni, o cümlədən əsaslı olmuşdur. Belə ki, məhkəmə tərəfindən əvvəlcədən təyin edilmiş aliment məbləğini indeksasiya etmiş və hər hansı artım etməmişdir. Yəni ki, məhkəmə yalnız inflyasiya proseslərini nəzərə alaraq, riyazi hesablamalar nəticəsində əvvəldən təyin edilmiş aliment məbləğini indeksasiya etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
“Uşaq hüquqları haqqında” Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Valideynin uşağı saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ olaraq nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşağın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşağın maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşağın sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşağın maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onun hüquq və mənafelərinin qorunmasına xidmət edir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, cavabdeh tərəfindən alimentin indeksasiya edilməsi barədə ərizəsindən sonra aliment məbləği indeksasiya edilmiş, yəni əvvəllər təyin edilmiş aliment məbləği artırılmamışdır və artırılma olmadığı təqdirdə, həmin alimentin azaldılması üçün də hər hansı hüquqi əsaslar yoxdur və iddia tələbləri təmin edilə bilməz. Məhkəmə Kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (136,6 :116 = 1.17) 1.17 misli həddində indeksasiyası qəbul olunmuşdur. Göründüyü kimi aliment məbləğinin indeksasiya edilməsi ilə faktiki olaraq aliment məbləği artırılmışdır. Belə ki, əvvəlki qətnamə ilə alimentin məbləği bir uşaq üçün 136.60 manat müəyyən edilsə də indeksasiyadan sonra həmin məbləğ bir uşağa görə 468 manat müəyyən edilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hazırki iddia tələbi, müəyyən olunmuş alimentin miqdarının azaldılmasından ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İş materiallarına əlavə edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçı yeni ailə həyatı qurmuş və hazırda həmin nikahdan iki ovladı var. Yuxarıda istinad edilən qərarlarda qeyd edilir ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Göründüyü kimi alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. İş materiallarından həmçinin müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixində “işsiz” statusu kimi qeydiyyatdadır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuş alimentin məbləği həddən artıq yüksəkdir və ödənilməsi iddiaçının imkanı xaricindədir. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, İddiaçı oğlu bir ata olaraq X3 və Əliyeva Günay Elman qızının mənafeyi baxımından deyil, məhz hüquqdan sui-istifadə edərək, qərəzli şəkildə, uşaqların mənafeləri üstün tutulmadan şəxsi mənafeyi baxımından aliment məbləğinin azaldılması tələbi irəli sürmüşdür. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İş materiallarından da göründüyü kimi hazırda alimentin məbləği bir uşaq üçün 468 manat, iki uşaq üçün isə 936 manat müəyyən edilmiş, iddiaçı isə işsiz olmaqla yeni ailə həyatı qurmuş və hazırda həmin nikahdan iki ovladı var. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən sonra tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırda iddiaçıdan tutulan aliment məbləği (bir uşaq üçün 468 manat olmaqla, cəmi 936 manat) ölkə üzrə təyin olunmuş minimum aliment məbləğindən (246 manat) və minimum əmək haqqı məbləğindən (400 manat) çox olduğundan, həmçinin iddiaçının ailə vəziyyəti, himayəsində digər nikahdan iki azyaşlı uşağının olması və işsizliyi nəzərə alınaraq iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-315/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-13526/2017 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində müəyyən edilməli, alimentin azaldılmış məbləğdə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli e-2(001)- 4727/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.