Məhkəmə qərarları › İş №2(103)-6225/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6225/2021

30.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6225/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Fuad Şəmsəddin oğlu Talışinski və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-3422/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) “müqavilə üzrə borcun ödənilmiş hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 124 saylı evin 77 saylı mənzilinə dair üçüncü şəxslərə hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsini və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 124 saylı evin 77 saylı mənzilinə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qadağa qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)- 3422/2021 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 124 saylı evin 77 saylı mənzilinin özgəninkiləşdirilməsinə qadağa qoyulması qərara alınmışdır. Hazırda İddiaçı tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-3422/2021 saylı qərardadının qismən ləğv edilməsi və ərizənin tam təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2(005)- 2356/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan izolə olunmuş 4 otaqdan ibarət B03 saylı mənzil sahəsi üzərinə həbs qoyulmaqla, onun üzərində sənədləşdirmənin aparılması qadağan edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla razı deyildir. Qərardadın ləğv edilməsini və ərizəsinin tam təmin edilməsini xahiş edir. Belə ki, bank tərəfindən onun evinə gəlinir və həmçinin digər şəxslər tərəfindən evə dair iddialar vardır. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(006)-3422/2021 saylı qərardadı qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə müəyyən hərəkətləri etməyi qadağan edə bilər. Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(006)-3422/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar