Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6233/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: mükafatın verilməsində ayrı-seçkilik məsələsi) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2023 saylı, 03 avqust 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Təchizat Şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə İnfrastruktur Departamentinin Aparatının Təchizat bölməsinə bölmə rəisi vəzifəsinə keçirilmişdir. 2.Əmək müqaviləsinin şərtlərində İddiaçı vəzifə maaşından əlavə mükafat verilməsi göstərilməmişdir.
3. “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdə İnfrastruktur departamentinin aparatının Təchizat bölməsinin rəisi İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmək mübahisəsi ilə əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" QSC tərəfindən xx.xx.2017-ci il tarixindən iddia ərizəsi məhkəməyə təqdim edilən tarixədək hər ay üçün 1500 manat ödənilmiş mükafat məbləğinin hesablanaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, İddiaçı xx.xx.2017-ci il tarixində "xxxx" QSC ilə əmək müqaviləsi bağlayaraq QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Onun tabeliyində çalışan işçilər də olmuşdur. Daha sonra, xx.xx.2020-ci il tarixində İnfrastruktur Departamentinin Təchizat şöbəsi infrastruktur Departamentinin Aparat Təchizat bölməsi olmuş və o, həmin tarixdən bölmə rəisi vəzifəsinə keçirilmişdir. Bu vəzifədə də çalışarkən tabeliyində müvafiq işçilər və rəis müavini də çalışmışdır. "Azərbaycan Dəmir Yollan” QSC-də xx.xx.2017-ci il tarixindən işə başlamaqla ona tapşırılan hər bir işi layiqincə vicdanla yerinə yetirməyə çalışmışdır. Bununla əlaqədar QSC tərəfindən tabeliyində çalışan bütün işçilərə, həmçinin bölmənin rəis müavininə aylıq hesablanmaqla müəyyən pul məbləği mükafat olaraq verilsə də, lakin bölmə rəisi vəzifəsində çalışmağına baxmayaraq ona heç bir mükafat ödənilməmişdir. Bununla da, ona qarşı ayrı-seçkiliyə yol verilmişdir. 2022-ci ilin iyul ayında onun rəisi olduğu şöbə və sonradan da bölmənin işçilərinə mükafatların verildiyi ona məlum olmuşdur. Bundan sonra isə rəisi olduğu bölmənin işçilərinə, hətta bölmənin rəis müavininə mükafatın verildiyi halda ona heç bir mükafat məbləğinin verilməməsi ilə ona qarşı açıqaşkar ayrı-seçkiliyin edildiyini anlayaraq "xxxx" QSC-yə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. 26 iyul 2022-ci il tarixində ərizə ilə müraciət etdikdən sonra 2022-ci ilin dekabr ayından ona hər ay 700 manat məbləğində olmaqla mükafat ödənilməyə başlanıldı. Lakin iddiaçı xx.xx.2017-ci il tarixindən başlamaqla indiyə kimi QSC-də şöbə rəisi, sonradan isə bölmə rəisi vəzifəsində çalışır və həmin tarixdən onun tabeliyində olan işçilər və bölmə rəisinin müavini hər ay mükafat kimi pul məbləği almışlar. Hətta bölmə rəisinin müavininə, vəzifəyə təyin olunan vaxtdan əmək haqqından əlavə cavabdeh tərəfindən hər ay mükafat kimi 1100 manat məbləğin əmək haqqı kartına ödənişin olunduğu barədə iddiaçıda məlumat vardır. Bundan əlavə, iddiaçının tabeliyində olan iki işçisi üçün də hər ay mükafat nəzərdə tutulmuşdur. Əgər səmərəli işlərinə görə bölmənin hər bir işçisinə və rəis müavininə mükafat şəklində pul məbləği verilirsə, səmərəli fəaliyyətdə bölməyə rəhbərlik edən bölmə rəisinin də əməyi vardır. "xxxx" QSC-də hər bir işçiyə vəzifəsinə uyğun olaraq müvafiq məbləğlər ödənilsə də, heç bir cəzalandırılması olmamasına baxmayaraq 2022-ci ilin dekabr ayına qədər heç bir səbəb göstərilmədən mükafat məbləği ödənilməmişdir. "xxxx" QSC-nin hər bir işçisinə hər ay mükafat kimi sabit məbləğin ödənilməsi bu ödənişlərin fərdi xarakterli deyil, faktiki olaraq əmək haqqına əlavə kimi kütləvi şəkildə həyata keçirildiyini sübut edir. Hesab edir ki, cavabdeh QSC tərəfindən ona qarşı açıqaşkar ayrı-seçkiliyə yol verilmişdir. Bölmə rəisi vəzifəsində çalışmağına baxmayaraq tabeliyində çalışan işçilər, rəis müavini də QSC-də çalışan digər işçilərdə olduğu kimi ona heç bir mükafat ödənilməmiş, ona qarşı keyfiyyətlər, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə açıq-aşkar ayrı-seçkiliyə yol verilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı "xxxx" QSC ilə əmək müqaviləsi bağlayaraq QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, daha sonra, xx.xx.2020-ci il tarixində İnfrastruktur Departamentinin Təchizat şöbəsi infrastruktur Departamentinin Aparat Təchizat Şöbəsinin bölmə rəisi vəzifəsinə keçirilmişdir. 26 iyul 2022-ci il tarixində "xxxx" QSC-nin rəhbərliyinə ərizə ilə müraciət edərək ona da digər işçilərə verildiyi kimi vəzifə maaşından əlavə mükafatın verilməsini tələb etmişdir. Hazırda iddiaçı QSC tərəfindən ona qarşı açıq-aşkar ayrı-seçkiliyə yol verildiyini hesab edərək, xx.xx.2017-ci il tarixindən hazırki tarixədək, yəni iddia ərizəsi məhkəməyə təqdim edilən tarixədək hər ay üçün 1500 manat olmaqla ödənilməmiş mükafat məbləğinin hesablanaraq iddiaçıya verilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir, iddiaçıya qarşı diskriminasiyaya yol verilmədiyini qeyd edərək, həmçinin iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə göstərib ki, mükafat, bir qayda olaraq, işçinin tutduğu vəzifənin ierarxiyası (rəhbər işçi olması səbəbi ilə) və fərdi keyfiyyətləri ilə bağlı ödənilmir. Mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın" 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə predmeti olan iddiaçının əmək münasibətləri üzrə mükafat almaq barədə "qanuni gözlənti”si (legitimate expectation) bütün hallarda mükafatın verilməsi vəzifəsinin əmək qanunvericiliyində cavabdehin vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Eyni zamanda, əmək müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilmədiyi nəzərə alınmaqla vurğulanmalıdır ki, əmək müqaviləsinin imzaladığı tarixdən orada mükafatın verilməsinin nəzərdə tutulmamasının ona məlum olması buna dair formalaşa biləcək “qanuni gözlənti” ilə yanaşı “hüquqi gözlənti” ni də aradan qaldırır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddaçı ilə bağlanmış əmək müqaviləsində mükafatın verilməsi nəzərdə tutulmadığından, bununla bağlı tərəflər arasında əlavə razılaşma olmadığından, habelə bununla bağlı hər hansı kollektiv saziş məhkəməyə təqdim edilmədiyindən cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyi yaranmır. Həmçinin, məhkəmə qeyd edib ki, iddiaçı cavabdehin hər bir işçisinə hər ay mükafat kimi sabit məbləğin ödənilməsinin bu ödənişlərin fərdi xarakter deyil, faktiki olaraq əmək haqqına əlavə kimi kütləvi şəkildə həyata keçirilməsi hissəsində bildirir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsi ilə əmək haqqına əlavənin anlayışı təsbit edilmişdir. Həmin normaya əsasən əmək haqqına əlavə dedikdə, əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc nəzərdə tutulur. İddiaçının tutduğu vəzifə əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərə aid olmadığından, habelə gördüyü işinin xarakteri Əmək Məcəlləsinin 160-163-cü və 166-cı maddələri ilə təsbit edilən hallar ilə bağlı olmadığından hazırki mübahisənin predmeti ilə əlaqələndirilə bilməz. Hazırki mübahisənin xüsusiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinin predmetinə aid edilir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri tərəflərin hüquq bərabərliyi prinsipi əsasında nizama salınır. Sözügedən fərdi əmək mübahisəsi zəminində iddiaçı ona “mükafatın verilməsinin” qanuni və ya hüquqi zəruriliyinə əsaslandığı fakt və halları sübut edə bilməmişdir. Cavabdeh ilə iddiaçı arasında sərbəst iradələri altında bağlanmış xx.xx.2017-ci il tarixli 98 nömrəli əmək müqaviləsində müqavilə tərəfləri hər ay ştat cədvəlinə uyğun məbləğdə iddiaçıya əmək haqqının ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilədə iddiaçıya əmək haqqından əlavə işəgötürən tərəfindən aylıq və ya illik mükafatın ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin bununla bağlı kollektiv müqavilənin bağlandığına dair hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. İddiaçının "xxxx" QSC tərəfindən diskriminasiyaya məruz qalmasına dair irəli sürdüyü dəlillər, həmçinin şahid ifadələri isə sübut növü kimi təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Məhkəmə həmçinin şahidlərin ifadələrinə hüquqi qiymət verərək, hesab edir ki, şahid ifadələri də 15000 nəfər işçidən 500 nəfərə pul mükafatının verildiyini dolayı təsdiq edir. Yəni, diskriminasiya halı olmamış, mükafat verilməsi nəzərdə tutulan şəxslərə onların şəxsi işgüzarlıq və peşəkarlıq səviyyələri ilə müəyyən edilməklə verilmişdir. Həmçinin, hazırki iddia tələbinin predmeti olan iddiaçının diskriminasiyaya məruz qalmasını sübut etmək yükü birbaşa iddiaçının vəzifəsi olduğundan cavabdehin düzgünlük prezumpsiyası öz qüvvəsini saxlayır. Məhkəmə qeyd edib ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə cavabdeh tərəfindən iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə də ehtiyac qalmamışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı iddia ərizəsi ilə eyniməzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verdi və məhkəmədən təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3, 5-ci hissə. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157, 5-ci hissə. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə 157, 6-cı bəndi. Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Maddə 158, 1-ci bəndi. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdır.
19. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
20. Birinci instansiya məhkəməsi iddianın dəlilləri üzrə tam və hərtərəfli hüquqi dəyərləndirmə apararaq iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, iddiaçı işdə olan sübutlara, şahid ifadələrinə münasibət bldirmədən qətnaməni qanuna zidd hesab etsə də bu qanunsuzluğun nədən ibarət olduğunu açıqlamır. Əksinə qətnaməni diqqətlə nəzərdən keçirsəydi birinci instansiya məhkəməsinin şahid ifadələrinə münasibət bildirməsini görə bilərdi.
21. Əvvəla, şahidlərin artıq cavabdeh qurumda işləməməsi onların ifadələrinin mötəbərliliyini istisna edən hal sayıla bilir. Çünki, işdən çıxmış şahid istər-istəməz cavabdeh quruma qarşı qərəzli ola bilirlər. X4 ifadəsi də bu qənaəti təsdiq edir. Çünki, ifadəsində mükafatın bütün işçilərə verildiyini və hamının aldığını bəyan edir. Ancaq belə bir halın olması təsdiq olunmur. Digər şahid Gülnarə Gözəlova isə mükafatın 2017-ci ildən hər ay “paket” şəklində karta köçürüldüyünü göstərir.
22. Ancaq cavabdeh tərəf 15000 işçisi olan qurumun yalınız 3-5 faizinə mükafat verildiyini və bununla da hansısa diskriminasiyadan söhbət gedə bilmədiyini bəyan edir. Demək ki, QSC-nin 5 faiz işçisinə mükafatın verilməsi və iddiaçının təxminən üç ay müddətində hər ay 700 manat mükafat alması iddianın əsaslılığına dəlalət etmir. Ən azından cavabdeh qurumun iddiaçı qarşısında hər hansı bir əsasla belə bir öhdəliyi yaranmamışdır.
23. Əmək Məcəlləsinin 157-ci maddəsinin 6-cı hissəsinə əsasən mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Görünüdüyü kimi, cavabdeh qurum iddiaçıya hər ay mükafat verəcəyinə dair nə kollektiv müqavilələrlə, nədə əmək müqaviləsində yaxud hansısa razılaşmada üzərinə öhdəlik götürməmişdir. 24.İddiaçının əməyinin kəmiyyət və keyfiyyətinin yüksək olmasına, eləcə də xüsusi peşəkarlığına dair də işdə hər hansı bir sübut mövcud deyil. Əksinə, iş materiallarındakı çoxsaylı əmək qabiliyyətinin olmaması vərəqələrindən də görünür ki, iddiaçı mütəmadi olaraq müxtəlif tarixlərdə(bax.i.v.82-93) işdən azad edilmişdir. Bu faktların mövcudluğu da ona hər ay mükafat verilməsini labüd etməyə imkan verməyən amillər hesab olunur.
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2023 saylı, 03 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.