Məhkəmə qərarları › İş №2(103)-624/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-624/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-624/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və Vəkil1, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-2142/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və X4 və Daşınmaz Əmlakları Satışı üzrə Hərrac Mərkəzi və Cavabdeh1 Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı “ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu”nun etibarsız hesab edilməsi və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Nizami Rayon Məhkəməsinin 2(007)-2142/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə hərracın yekunları barədə protokolu” etibarsız hesab edilmiş və Cavabdeh1 BOKT ASC (keçmiş "xxxx" ASC) ilə İddiaçı1 arasında bağlanmış 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh bankın nümayəndəsi C.Mahmudov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı1 (ipoteka qoyan), İddiaçı1 (borclu) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) arasında bağlanmış 30 may 2013-cü il tarixli MZ/PB-0298/05/13 nömrəli ipoteka (girov) müqaviləsinin və həmin müqaviləyə 02 nömrəli əlavə müqavilənin surətlərindən görünür ki, ipoteka qoyan və borclu mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllədə yerləşən 32E saylı evin 62 saylı mənzili ipoteka saxlayandan aldığı 85000 ABŞ dolları məbləğində pul vəsaitinin təminatı qismində ipoteka qoymuşdur. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, ipoteka predmeti İddiaçı1 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllədə yerləşən 32E saylı evin 62 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınıb, verilmiş RX seriyalı, ******* saylı çıxarış 1856 nömrəli reyestr kitabının 171019 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 28 mart 2013-cü il tarixdə qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)- 937/2019 saylı qətnaməsinin “təsviri” hissəsindən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 421/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı1 arasında 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 72438,57 ABŞ dolları əsas, 35414,48 ABŞ dolları hesablanmış faiz borcu, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 tutulması, ipoteka predmetinin 100.000 manat qiymətləndirilməsi və borcun əvəzi bu qiymətlə Bakı şəhəri, Nizami rayonu 2520/2522-ci məhəllə, Nəsimi küçəsi, 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 42,9 kv.m yaşayış, 37,4 kv.m yardımçı, 80,3 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzilə yönəldilməsi və həmin mənzilin hərracdan satılaraq 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə, cəmi 109853,05 ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nə ödənilməsi, İddiaçı1 və İddiaçı2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)- 937/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 saylı, 27 dekabr 2017ci il tarixli qətnaməsinin “əsas və faiz borcunun məbləğinə və cəmi borc məbləğinə” aid hissədə dəyişdirilməsi, əsas borc məbləğinin 72416,24 ABŞ dolları, faiz borcunun məbləğinin 13718,85 ABŞ dolları müəyyən olunması, qətnamənin cavabdeh İddiaçı1 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 100 manatının iddiaçıdan, 45 manatının cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. "xxxx" MMC-nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış “Açıq hərracın keçirilməsinə dair” 11 noyabr 2020-ci il tarixli 01 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2019 saylı 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac 07 dekabr 2020-ci il tarixdə saat 11:00-da açıq auksion formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 100000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış “Açıq hərracın keçirilməsinə dair” 08 dekabr 2020-ci il tarixli 02 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2019 saylı 16 avqust 2019-cu il tarixli icra sənədi üzrə mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac 21 dekabr 2020-ci il tarixdə saat 11:00-da açıq auksion formasında, MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin İddiaçı1, İddiaçı2, Nizami rayon İcra və Probasiya Şöbəsi və "xxxx" ASC-yə ünvanlanmış 23 dekabr 2020-ci il tarixli 01/2454 nömrəli ipoteka predmetinin əldə olunmasına dair təklifinin surətindən görünür ki, Nizami rayon İcra və Probasiya Şöbəsinin 17/71- 8F44 saylı 27 oktyabr 2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzilinin təkrar satılması ilə keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 23 dekabr 2020-ci il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 63750 manata ala bilər. “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli 1356- VQD nömrəli qanunun 150.1.13, 150.3-1, həmçinin 220.8, 220.8.1-ci maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidi. Hərracın yekunları barədə 04/03 saylı, 21 yanvar 2021-ci il tarixli protokolun kserosurətindən görünür ki, İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 2520/2522-ci məhəllə, 32E saylı evin 62 saylı mənzil 63750 manat qiymətlə 21 yanvar 2021-ci il tarixdə ipoteka saxlayan tərəfindən əldə edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin Vəkil2 ünvanladığı 17/71-2F/550 saylı, 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, 12 mart 2021-ci il tarixdə "xxxx" MMC-nin 04/03 saylı, 21.01.2021-ci il tarixli protokolu Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə daxil olmuş və həmin tarixdə rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 BOKT ASCnin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili əmlakın sonuncu keçirilmiş həracdan sonra 30 təqvim günü müddətində bank tərəfindən əldə edilməsi ilə bağlıdır. İddiaçı iddia tələbində qeyd edir ki, cavabdeh bank və hərrac mərkəzi hərracın nəticələri barədə protokolu arxa tarixə saxtalaşdırmaqla, nəticədə əmlakın bank tərəfindən əldə edilməsinə nail olmuşdur. Protokolun arxa tarixə saxtalaşdırılmasını isə cavabdeh bank tərəfindən ipoteka predmetinin real əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş ödəmələrin vatında ödənilməməsi sübut edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Qanunun 43.1.1-ci maddəsinə əsasən hərraca iki nəfərdən az alıcı gəldikdə və nəzərdə tutulmuş digər hallarda hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qeyd edilən Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Hazırkı iş üzrə müəyyən olundu ki, sifariş əsasında hərracı həyata keçirməli olan "xxxx" MMC 07 dekabr 2021-ci il tarixdə hərracın keçirilməsinin, o cümlədən 21 dekabr 2021-ci il tarixdə təkrar keçirilməsinin təşkili ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmiş, lakin həmin hərraclar baş tutmamışdır. Kütləvi informasiya vasitəsində təkrar hərracın baş tutmaması barədə 23 dekabr 2021-ci il tarixdə məlumat dərc edilmiş, o cümlədən ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, 63.750 manata ala bilməsi barədə rəsmi məlumat verilmişdir. Rayon məhkəməsi qeyd etmişdir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməli olduğu halda, bunu etməmişdir. Belə ki, məhkəmə iclasında ipoteka saxlayan Cavabdeh1 BOKT ASCnin nümayəndəsi məhkəmə iclasında təmsil etdiyi ASC-nin iddia ərizəsinə verdiyi etirazı müdafiə edərək, hərrac təşkilatı tərəfindən hərracın baş tutmamış elan edilməsindən sonra Cavabdeh1 BOKT ASC tərəfindən sözügedən mənzilin 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı Hərracın yekunları barədə protokol əsasında mülkiyyətinə götürdüklərini, bunun məhkəməyə təqdim etdikləri çıxarışla da təsdiq edildiyini bildirsə də, qeyd olunan ipoteka ilə yüklü edilmiş mənzili əldə edərkən vergi qanunvericiliyində müəyyən edilmiş qaydada sadələşdirilmiş vergi xərclərini, o cümlədən hərrac xidmət haqqını ödədiklərini təsdiq edən sübutları, əks halda sadələşdirilmiş vergi və hərrac xidmət haqqını ödəməməklə qeyd olunan mənzili hansı formada əldə etdiklərinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, bir halda ki, qanunvericiliyin sözügedən tələbi, yəni ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib edilməli olması, həmçinin vergi qanunvericiliyinə edilmiş dəyişiklik nəzərə alınmaqla alıcı və ya ipoteka predmetini əldə edənin yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməli olmasının nəzərə alınmalı olması tərəflərə hələ 23 dekabr 2020-ci il tarixli bildirişlə "xxxx" MMC tərəfindən bildirilmişdir. Vergi Məcəlləsinin 150.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: fiziki şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar (maddə 150.1.13). Kollegiya qeyd edir ki, rayon məhkəməsində araşdırma zamanı iddiaçıların vəsatətləri əsasında, o cümlədən məhkəmənin öz təşəbbüsü ilə, bir neçə dəfə "xxxx" MMC-yə sübutların təqdim edilməsi barədə sorğu verilərək, ipoteka predmetinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolun imzalanmasına əsas olan bütün hərrac sənədlərin əsilləri və ya təsdiq edilmiş surətləri (hərrac qovluğu), eləcə də mübahisəli mənzilin təklif əsasında Cavabdeh1 BOKT ASC tərəfindən əldə olunması ilə bağlı hərracın xidmət haqqının və həmin hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlərin (ödəniş tapşırığı, elektron qaimə və.s) təsdiq olunmuş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş hərrac qovluğunda isə hərracın nəticələri barədə yekun protokol da daxil olmaqla, nə cavabdeh tərəfin məhkəmə iclasında təqdim etdikləri sübutlara dair sənədlər, nə də ki ipoteka predmetinin əldə edilməsi zamanı ödənilmiş xidmət haqqına, hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlərə (ödəniş tapşırığı, elektron qaimə və s) dair sübutlar aşkar edilməmişdir, həmin sənədlərin hərrac qovluğunda mövcud olmamasının özü də cavabdehin nümayəndəsinin sübut qismində təqdim etdiyi sənədlərin həqiqiliyinə əsaslı şübhə doğurur. Kollegiya bildirir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdeh hərrac mərkəzindən sorğu ilə hərrac üzrə keçirilmiş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilsə də, həmin sənədlər içərisində də ipoteka predmetinin əldə edilməsi zamanı ödənilmiş xidmət haqqına, hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlər əlavə edilməmişdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, cavabdeh, yəni ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən 22 yanvar 2021-ci il tarixədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr “İpoteka haqqında” və “İcra haqqında” Qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülməmiş, qanunvericiliyin tələbləri pozulmaqla ipoteka predmeti ipoteka saxlayan tərəfindən qəbul edilmiş, hərrac təklifi ilə yüklü edilmiş ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilməsi barədə "xxxx" MMC-yə bildiriş 21 yanvar 2021-ci il tarixədək təqdim edilməmişdir. Belə olan halda müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iddia tələbinin təmin edilməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlili üzrə bank biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-2142/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar