Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6242/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “alimentin artırılması və sair tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İlk iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin birgə nikahından doğulmuş 2 uşağın xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4128/2020 saylı məhkəmə əmri əsasında tutulmalı olan alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2002-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların 4 övladı doğulmuşdur: xx.xx.2003-cü il təvəllüdlü Günay, xx.xx.2004-cü il təvəllüdlü Kamran, xx.xx.2008-ci il təvəllüdlü Orxan və xx.xx.2011-ci il təvəllüdlü İsmayıl. Nikahdan 4 uşağın olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 4128/2020 saylı məhkəmə əmri ilə xx.xx.2020-ci il tarixdən başlayaraq 4 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki iş üzrə iddiaçının qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin hər ay tutularaq hazırki iş üzrə cavabdehə ödənilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-3487/2021 saylı qətnaməsi ilə iş üzrə tərəflərin nikahının pozulması, uşaqların dorunun də analarının yanında saxlanılması qət edilmişdir. Hazırda, cavabdeh, Belçika Krallığında yaşayır və işləyir. İddiaçı isə Azərbaycan Respublikasında yaşayır və işləyir. Məhkəmənin sözügedən qərarlarının verilməsindən sonra, şərait dəyişilmişdir. Belə ki, yetkinlik yaşına çatmış, hazırda tələbə kimi Belçikada ali təhsil alan Günay və Kamranın təhsil haqlarını, ikisinin birlikdə yaşadıqları mənzilin aylıq 950 avro olan kirayə haqqını, ərzaq və digər bütün təminat xərclərini iddiaçı ödəyir. Yetkinlik yaşına çatmamış Orxanın cavabdehin yanında qalması barədə məhkəmə qətnaməsinin olmasına baxmayaraq, cavabdeh iddiaçı ilə razılaşdırmadan 2022-ci ilin sentyabr ayında bilet alaraq Orxanı Azərbaycan Respublikasına göndərmişdir. Həmin vaxtdan etibarən Orxan Azərbaycan Respublikasında atasının (iddiaçının) yanında yaşayır. Orxan Bakı şəhərində ödənişli orta məktəbdə təhsil alır, onun təhsil və bütün digər xərcləri iddiaçı tərəfindən ödənilir. Tərəflərin kiçik övladları İsmayıl hazırda anasının yanında Belçikada yaşayır. Beləliklə, hər ikisi tam əmək qabiliyyətli olan və hər ikisi işləyən valideynlərin hər birinin öhdəsində bir nəfər yetkinlik yaşına çatmamış uşaq vardır. Bundan əlavə, iddiaçı hazırda ali məktəb tələbəsi olan iki övladının (Günay və Kamranın) xaricdə ali təhsil almaları üçün bütün xərcləri ödəyir. İddiaçı həmçinin, məktəbyaşlı Orxanın ödənişli orta məktəbdə təhsil haqqını ödəyir. Ödənişli məktəbdə təhsil almaq əvvəlcə xarici ölkədə başqa dildə təhsil almış Orxanın təhsilinin uğuru üçün zəruridir. Ananın öhdəsində olan məktəbyaşlı uşaq İsmayıl yaşadığı xarici ölkədə, Belçikada dövlət məktəbində, ödənişsiz təhsil alır. Ona görə də iddiaçı, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə əmri ilə xx.xx.2020-ci il tarixdən başlayaraq Orxanın və İsmayılın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəmək öhdəliyindən azad edilməlidir.
3. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, aşağıdakı tələblər üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir: - Uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin iddiaçıdan tutulub ona ödənilməsi; - Uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 600 manat sabit pul məbləği olmaqla, ümumilikdə hər ay 1.200 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutulub ona ödənilməsi; - 2020-ci ilin avqust ayından 2022-ci ilin iyun ayınadək 22 ay müddətində 4 uşağa görə hər ay ödənilmiş 538 manat aliment miqdarının Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu olan 220 manatdan az olması nəzərə alınaraq, həmin müddət üçün hər ay cəmi (880-538=) 342 manat aliment hesablanmaqla, ümumilikdə 22 ay üçün (22x342=) 7.524 manat məbləğində alimentin iddiaçıdan tutulub ona ödənilməsi; - 2022-ci il iyun ayından 2022-ci ilin noyabr ayınadək olan 5 ay müddətində rəsmi iş yeri olmadığını bəhanə edərək iddiaçı tərəfindən aliment ödənilmədiyinə görə, müvafiq aylar üzrə hər uşağa görə yaşayış minimumu 220 manat olmaqla 4 uşağa görə hər ay 880 manat hesablanaraq ümumilikdə 5 ay üçün (5x880=) 4.400 manat məbləğində alimentin iddiaçıdan tutulub ona ödənilməsi.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilk iddia ərizəsində bildirdikləri həqiqətə uyğun olmayan təhrif olunmuş məlumatlardır. Belə ki, 2020-ci ilin may ayından etibarən 4 uşağın bütün maddi və mənəvi tələbatlarının təmini böyük həcmdə cavabdehin üzərindədir. Yetkinlik yaşına çatmamış Orxan və İsmayıl üçün iddiaçı tərəfindən aliment ödənişi davam etdirilməlidir. Çünki, uşaqlar cavabdehin himayəsindədir. İddiaçının uşaq tələbi yoxdur. Tərəflərin nikahı pozulmamışdan əvvəl və ondan sonra da cavabdeh 4 uşağı ilə birlikdə X3 şəhərində yaşamışdır. Brüssel şəhəri Avropa və dünyanın ən bahalı şəhərləri arasındadır. Cavabdeh hazırda Belçikanın məşğulluq orqanlarında işaxtaran kimi qeydiyyatdadır. Belçikada ingilis dili məktəbləri ödənişli olduğundan, təhsil haqqını ödəmək imkanları olmadığından qarşılıqlı razılıqla Orxan müvəqqəti olaraq Bakı şəhərində təhsil almalı olmuşdur. Bu hal Orxanın artıq atasının himayəsinə verildiyinə dəlalət etmir. Orxan tez-tez cavabdehin yanına gəlir. Cavabdehin maddi imkanı yetərli olduğu halda Orxan təkrar Belçikadakı ingilis dilli məktəblərində təhsilini davam etdirəcəkdir. Cavabdeh himayəsində olan övladlarının hamısına hər zaman lazımi qayğı və diqqət göstərmiş, onların maddi və mənəvi təminatları böyük ölçüdə cavabdeh tərəfindən təmin edilmişdir. İddiaçının indiyə kimi ödədiyi aliment miqdarı Belçika Krallığında uşaqların real xərclərinin kiçik bir qismini əhatə edir. Bəzi vaxtlarda bunu anlayan iddiaçı, Brüssel şəhərində yaşayış xərclərini nəzərə alaraq könüllü olaraq real xərclərin ödənilməsində iştirak etmiş, lakin belə hallar az olmuşdur. İddiaçı xeyli müddət, 5 aydan çox müddət ərzində ümumiyyətlə aliment ödəməmiş, buna səbəb kimi rəsmi iş yerinin olmadığını bəhanə gətirmişdir. Halbuki onun qazancı və gəlirləri dəyişkən olmaqla kifayət qədər olmuş, icarədən, bank əmanətindən və başqa sahələrdən hər zaman əlavə qazanc və gəlirləri olmuşdur. Belə ki, birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında bölünmüş olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 2k nömrəli 9 mərtəbəli binanın 3 otaqlı 8 nömrəli mənzilinin kirayə haqqı iddiaçı tərəfindən tamamilə mənimsənilir. Buna görə də uşaqların üstün mənafeyi nəzərə alınaraq alimentin həm sabit pul məbləğində, həm də eyni zamanda qazanc və gəlirilərinin müəyyən hissəsi kimi müəyyənləşdirilməsi məqsədəuyğundur. İddiaçı həmçinin Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi depozit üzrə aylıq 1.000 manat məbləğində faiz gəliri əldə edir. Lakin cavabdehin şikayətlərinə baxmayaraq Binəqədi Rayon İcra Şöbəsi icra sənədini icra etmədiyi üçün alimentin həmin faizdən gələn gəlirə yönəldilməsi mümkün olmamışdır. Cavabdeh 4 uşaqla birgə Belçikada kirayə yaşadıqları evə görə aylıq 2.000 avro kirayə haqqı ödəmişdir. İddiaçının rəsmi işlədiyi dövrdə onun maaşının ½ hissəsi aliment kimi tutulmağa başlanmış, ancaq bu məbləğ 4 uşağın maddi təminatının çox az bir hissəsini əhatə etmişdir, uşaqların təminatı böyük ölçüdə yenə də analarının üzərində olmuşdur. Cavabdeh hətta övladlarının təminatlarını ödəmək üçün 2022-ci il dekabr ayında 2.500 avro (5.000 manat) dəyərində qızıl-zinət əşyalarını Belçikada qızıl alışı məntəqəsində dəyərindən çox ucuz qiymətə satmaq məcburiyyətində qalmış, iddiaçı isə uşaqlara maddi yardım göstərməmişdir. 4 övladı ilə birgə yaşadıqları müddətdə bütün xərclər və ayrı evə çıxdıqları 2022-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayınadək Brüssel şəhərində yaşadıqları evin kirayə haqqı və aylıq xərcləri 2.000 avro (4.000 manat) olmuş, 1.400 avro (2.800 manat) aylıq kirayə haqqı, kommunal xərclər (su, qaz, işıq, sığorta ödənişi) aylıq 600 avro təşkil etmişdir. Ərzaq, geyim və digər zəruri xərclər nəzərə alınmadan sadəcə yaşayış sahəsi üçün aylıq xərci 2.000 avro (4.000 manat) olan evdə kirayə yaşamış və bütün xərclər işsiz olduğu halda cavabdeh tərəfindən ödənilmişdir. Bu müddət ərzində - 2022-ci ilin iyun ayınadək iddiaçı demək olar ki, ciddi bir maddi yardım göstərməmiş sadəcə aylıq 538 manat ödənişi olmuşdur. Bu isə evin kommunal xərclərinə belə yetərli olmamışdır. 2022-ci ilin iyun ayından iddiaçı rəsmi olaraq işləmədiyini bəhanə edərək 5 ay müddətində aliment ödəməkdən boyun qaçırmışdır. Bu müddət ərzində bütün xərcləri kirayə haqqı, ərzaq, paltar, hətta tətil bilet xərclərini (3.000 manat) cavabdeh ödəmişdir. Hazırda 2 övladının 18 yaşı tamam olsa da onlar Belcikada yaşayır və burada yaşayan valideyn kimi onlara yenə də cavabdeh qayğı göstərir, ərzaq və paltar xərclərinə, eləcə də digər xərclərinə görə lazımi yardımlar edir, 4 övladının Belçikada tam tibbi sığorta haqqını (ayda 200 manat) ödəyir. İsmayıl dövlət məktəbində təhsil alsa da məktəbdə aşağıdakı minimum xərclər davamlı olaraq ödənilməkdədir: günorta yeməyi - ayda 160-170 avro (340 manat), bundan əlavə hər ay 50 manat sinif kassası, gəzinti proqramı, idman klubları ayda 100 avro (200 manat). Bu həftə gəzinti proqramına mart ayında 317 avro (634 manat) ödənilmişdir. Bundan əlavə övladının təhsilində uğurlu olması üçün Niderland dilində öyrənməsi zəruri olduğundan fərdi müəllim yanında davamlı olaraq hazırlaşır və bu xərc də hər ay 200 avro (400 manat) təşkil edir. Göründüyü kimi, iddiaçının ödənişsiz məktəbdə təhsil alır, guya hər hansı təhsil xərclərinin olmadığını dediyi övladının tək məktəb xərcləri hər ay 450-500 avro (950-1.000 manat) təşkil edir. Ərzaq, paltar, yol xərci, tibbi sığorta bura daxil deyildir. Nəzərə alınamlıdır ki, Belçikada 1 uşaq üçün nəzərdə tutulan aylıq minimum xərclər 700 avro (1.400 manat) təşkil edir. Belçikada minimum əmək haqqı 1.800 avro təşkil edir. İsmayıl bu il Belçikanın nüfuzlu özəl “X4” məktəbinə qəbul olsa da təhsil haqqının ödənilməsi üçün atası heç bir yardım etməmişdir. Təəssüflər olsun ki, bu səbəbdən övladının dövlət məktəbində təhsilini davam etdirməli olacaqdır. Bütün bunları nəzərə alaraq himayəsində olan azyaşlı övladları İsmayıl və Orxanın saxlanılması üçün iddiaçı qazanc və gəlirlərinin müəyyən hissəsi ilə yanaşı eyni zamanda ondan hər ay hər bir uşaq üçün 700 avro (1.400 manat) sabit məbləğdə aliment tutulmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının qazanc və gəlirləri dəyişkəndir, o, müxtəlif mənbələrdən, o cümlədən bank depozitindən və icarə əmlakdan da külli miqdarda gəlirlər əldə edir. Onların məhkəmə qararı ilə bölünmüş və payları ayrılmış birgə nikah dövründə əldə etdikləri əmlakları və gəlirlərini də iddiaçı mənimsəməkdədir. Bütün bunlar nəzərə alınaraq iddiaçıdan həm sabit pul məbləği şəklində, həm də qazanc və gəlirin müəyyən hissəsi olmaqla aliment tutulmalıdır. İddiaçı 2020-ci ilin avqust ayından 2022-ci ilin iyun ayınadək 4 uşaq üçün aylıq sadəcə 538 manat aliment ödəməklə cavabdehi çox çətin vəziyyətdə qoymuş, bu müddətdə o, uşaqların əvvəlki təminatının saxlanılması üçün olmazın əziyyətlərə qatlaşmışdır. Odur ki, 22 ay müddətində 4 övladının üçün heç olmasa minimum dolanışıq xərcləri kimi hesablanan aliment miqdarı (aliment borcu) iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. 2022-ci il iyun ayından 2022-ci ilin noyabr ayınadək 5 ay müddətində ödənilməyən alimentə görə də borc məbləğinin hesablanıb cavabdehə ödənilməsi təmin olunmalıdır. 2020-ci ilin avqust ayından 2022-ci ilin iyun ayınadək 22 ay müddətində 4 uşağa görə hər ay ödənilmiş 538 manat aliment məbləği, Azərbaycan Respublikası ərazisində belə hər uşağa görə olan yaşayış minimum məbləğindən azdır, yəni ölkədə 4 uşağa görə minimum aliment miqdarı 880 manatdan aşağı deyildir. Ödənilən 538 manat alimentin minimum aliment miqdarından olduqca az olması və iddiaçının digər gəlirlərini gizlədərək olduqca az aliment ödədiyini nəzərə alaraq həmin müddət üçün hər ay ümümilikdə 342 manat fərq, ümumilkdə 22 ay üçün (22x342=) 7.524 manat məbləğində aliment iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. Həmçinin, 2022-ci il iyun ayından 2022-ci ilin noyabr ayınadək olan 5 ay müddətində iddiaçının işsiz olduğunu bəhanə gətirərək ödəmədiyi alimentə görə hər ay hər uşağa görə minimum 220 manat olmaqla hər ay üçün 880 manat (5x880=) 4.400 manat məbləğində aliment iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, iddiaçının xx.xx.2008-ci il təvəllüdlü Orxanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4128/2020 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən təyin olunmuş alimenti ödəməkdən azad edilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2008ci il təvəllüdlü Orxanın faktiki olaraq 2022-ci ilin sentyabr ayından etibarən atasının himayəsində yaşaması, sonuncunun saxlanılması ilə bağlı bütün xərclərin atası tərəfindən qarşılanması araşdırma zamanı öz təsdiqini tapdığından ilk iddiaçının bu övladının saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4128/2020 saylı, xx.xx.2020-ci il tarixli əmrinə əsasən, təyin olunmuş alimenti ödəməkdən azad edilməsinə dair iddia tələbi əsaslıdır, ona görə də ilk iddia ərizəsi bu hissədə təmin edilməlidir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, eyni zamanda tərəflərin hər birinin himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, tərəflərin hər birinin maddi vəziyyətini, icra sənədi üzrə yaranmış aliment borcunu hesablamaq və icra etmək vəzifəsinin həmin icra sənədini icra edən icra məmuruna aid olmasını, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı təyin olunmuş alimentin artırılmasına, qarşılıqlı iddia ərizəsində tələb olunan qaydada hesablanmasına əsas ola biləcək sübutlarını, eləcə də məhkəməyə müraciət edənədək geriyə aliment tələbi ilə bağlı tədbirlər görməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi tam həcmdə, ilk iddia ərizəsi isə xx.xx.2011-ci il təvəllüdlü İsmayılın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının aliment öhdəliyinin icrasından azad edilməsinə dair hissədə təmin edilməməlidir. İsmayılın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan, onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin hər ay tutularaq cavabdehə ödənilməsi davam etdirilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
7. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni ilk iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv olunması və ilk iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. d) apellyasiyanın hədləri barədə məlumat
9. Mülki işə apellyasiya qaydasında baxan Məhkəmə hazırki iş üzrə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Buna baxmayaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni yalnız ilk iddianın bir qisminin təmin edilməməsi barədə hissəsini mübahisələndirmişdir.
10. Bunu və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslılığını yalnız ilk iddianın təmin edilməməsi hissəsində yoxlamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
11. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
12. İş üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ərizə ilə Məhkəməyə müraciət edərək hazırda Belçikada olduğunu bildirmiş və apellyasiya baxışı iclasının o, Azərbaycan Respublikasına qayıdacağı vaxtadək təxirə salınmasını xahiş etmişdir.
13. Vəsatətin qeyri-müəyyən olmasını və işin baxılmasının təxirə salınması üçün əsasların olmamasını nəzərə almış Məhkəmə vəsatəti təmin etməmiş və işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, hazırki apellyasiya baxışının predmetini ilk iddianın “iddiaçının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-4128/2020 saylı məhkəmə əmri əsasında xx.xx.2020-ci il tarixdən hesablanan xx.xx.2011-ci il təvəllüdlü İsmayılın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəmək öhdəliyindən azad edilməsi təşkil edir.
16. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, həmin əmrə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü Günayın, xx.xx.2004-cü il təvəllüdlü Kamranın, xx.xx.2008-ci il təvəllüdlü Orxanın və xx.xx.2011-ci il təvəllüdlü İsmayılın yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki iş üzrə iddiaçıdan onun qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin hər ay tutularaq hazırki iş üzrə cavabdehə ödənilməsi qərara alınmışdır.
17. İşin hallarından müəyyən edilir ki, iş üzrə tərəflərin xx.xx.2003-cü il təvəllüdlü və xx.xx.2004-cü il təvəllüdlü övladları artıq yetkinlik yaşına çatmışlar.
18. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)-587\2023 saylı qərardadından görünür ki, hazırki iş üzrə iddiaçının ərizəsi təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli əmrinin icra üsulu dəyişdirilərək yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü Orxanın və xx.xx.2011-ci il təvəllüdlü İsmayılın yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki iş üzrə iddiaçıdan, onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin hər ay tutularaq cavabdehə verilməsi qərara alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1577/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4085/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin Azərbaycan Beynəlxalq Bankı ASC-nin Mərkəz filialında cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı adına açılmış AZ11İBAZ******************** saylı bank hesabında mövcud qalıq məbləğ 3.733 manat və xx.xx.2021-ci il tarixdə həmin hesabdan çıxarılmış 18.120 manat, cəmi 21.853 manat vəsait üzərində tərəflərin hər birinin 1/2 hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın həmin hissədə təmin edilməsi, cəmi 21.853 manat pul vəsaiti üzərində iş üzrə tərəflərin 1/2 hissədə paylarının müəyyən edilməsi, 10.926,5 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qətnamənin iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, yəni birgə nikah dövründə əldə edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 2k nömrəli 9 mərtəbəli binanın 3 otaqlı, 8 nömrəli mənzil üzərində tərəflərin paylarının müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin mənzili üzərində iş üzrə tərəflərin hər birinin payının 1/2 hissədə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1999-cu il tarixdən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışan hazırki iş üzrə iddiaçı hal-hazırda Hərbi-siyasi məsələlər İdarəsində rəis vəzifəsini icra edir və 2023-cü ilin iyul ayında əmək haqqı üzrə ödəniş 1.573,51 manat təşkil edir.
21. Hazırki iş üzrə iddiaçı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi T.İsmayılov adına 6 №-li məktəb-lisey arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B22/177 saylı tədris müqaviləsindən görünür ki, məktəb xx.xx.2008-ci il təvəllüdlü X1 Diplom Proqramı üzrə DP1 sinif ingilis bölməsinə qəbul edərək müvafiq təhsil verməyi, valideyn isə bu müqavilə ilə müəyyən edilmiş təhsillə bağlı nəzərdə tutulan təhsil haqqını məktəbə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndindən qeyd olunur ki, illik təhsil haqqı 6.000 manat təşkil edir.
22. Həmin məktəb-lisey tərəfindən verilmiş “Ödəniş qəbzlərindən” görünür ki, iddiaçı tərəfindən məktəbə xx.xx.2022-ci il tarixli 007010 saylı, xx.xx.2023-cü il tarixli 007372 saylı və xx.xx.2023-cü il tarixli 007608 saylı ödəniş qəbzləri ilə, hər dəfə 2.000 manat olmaqla, cəmi 6.000 manat məbləğində pul ödənilmişdir.
23. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü İsmayıl hazırda anasının – hazırki iş üzrə cavabdehin yanında Belçika Krallığında yaşayır və dövlət məktəbində ödənişsiz təhsil alır. xx.xx.2008-ci il təvəllüdlü Orxan isə hazırda atasının – hazırki iş üzrə iddiaçının yanında Azərbaycan Respublikasında yaşayır və Bakı şəhərində ödənişli orta məktəbdə təhsil alır.
24. İddiaçı bildirir ki, yetkinlik yaşına çatmamış Orxan Azərbaycanda onun yanında, yetkinlik yaşına çatmamış İsmayıl isə Belçikada cavabdehin yanında yaşadığından, Orxan ödənişli təhsil aldığından, İsmayıl isə ödənişsiz təhsil aldığından o, İsmayıla görə aliment ödəməkdən azad edilməlidir.
25. Cavabdeh isə bildirir ki, İsmayıl dövlət məktəbində təhsil alsa da, hər ay 450- 500 avro (950-1.000) manat məktəb üçün minimum xərclər ödənilməlidir. İddiaçının ödədiyi aliment isə bu xərclərin cüzi hissəsini təmin edir.
26. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan Orxan və İsmayıl analarının – cavabdehin yanında saxlanılsalar da, Orxan faktiki olaraq 2022-ci ildən etibarən atasının – iddiaçının yanında yaşayır və sonuncunun saxalanılması, təhsili ilə bağlı bütün xərclər atası tərəfindən qarşılanır.
27. Rayon Məhkəməsi bu halı müəyyən etdiyindən hesab etmişdir ki, iddiaçı, Orxana görə alimentin ödənilmsindən azad olunmalıdır (hazırki apellyasiya baxışının predmeti olmayan hissə). Lakin yetkinlik yaşına çatmamış İsmayıla görə alimentin ödənilməsindən iddiaçı azad oluna bilməz (hazırki apellyasiya baxışının predmeti olan hissə).
28. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi əsaslıdır.
29. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
30. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (maddə 107.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
32. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Göründüyü kimi, alimentin tutulması barədə məhkəmə əmri qəbul edildikdən sonra alimenti ödəməli olan iddiaçının maddi və ailə vəziyyətində mənfiyə doğru dəyişiklik olmamış, əksinə 4 uşaqdan ikisi yetkinlik yaşına çatmış, yetkinlik yaşına çatmamış Orxana və İsmayıla görə isə iddiaçı onsuzda alimenti cavabdehə ödəməli idi. Orxanın hazırda iddiaçının yanında yaşaması İsmayıla görə cavabdehə alimentin ödənilməsindən iddiaçını azad etmir. İddiaçı, İsmayılın yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimenti cavabdehə ödəməkdə davam etməlidir. h) apellyasiya baxışının nəticəsi
34. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə həmçinin qeyd edir ki, ilk iddia üzrə iddiaçı (apellyator) hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. MPM-in 112.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
39. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 4128/2020 saylı məhkəmə əmri əsasında xx.xx.2020-ci il tarixdən hesablanan xx.xx.2008ci il təvəllüdlü Orxan və xx.xx.2011-ci il təvəllüdlü İsmayılın yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin miqdarı iddiaçının aylıq qazancının 1/3 hissəsi müəyyən edilmişdir ki, həmin məbləğ ayrılıqda İsmayıl üçün aylıq qazancın 1/4 hissəsi təşkil edir.
40. İddiaçının aylıq əmək haqqısı 1.573,5 manat təşkil etdiyindən apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti (1.573,5 / 4 x 12=) 4.720,5 manat təşkil edir.
41. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddiadır.
42. İlk iddia üzrə cavabdeh də, qətnamədən kassasiya şikayəti verə bilməz.
43. Belə ki, MPM-in 403.1-ci maddəsinə görə, MPM-nin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamələrdən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
44. İşdən isə görünür ki, cavabdeh apellyasiya şikayəti verməmişdir.
45. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2023-cü il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.