Məhkəmə qərarları › İş №2(103)-6247/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6247/2022

12.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6247/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmlakın qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi Cavabdeh qanuni nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair 2(001)-1599/2022 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında 14 iyul 2005-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahdan 22 may 2006-cı il tarixdə X7 doğulmuşdur.

2. Tərəflər arasında münasibətlər 2008-ci ildən pozulmuş və həmin vaxtdan onlar ayrı yaşamışlar. Tərəflər arasında bağlanmış nikahın pozulması Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 20 oktyabr 2018-ci il tarixində qeydə alınmışdır.

3. İddiaçı 22 may 2016-cı il tarixində Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair iddia qaldıraraq, ona məxsus olan əmlakların qaytarılmasını xahiş etmişdir. Həmin vaxt X5 ərizəçi qismində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Həmin məhkəmənin 03 oktyabr 2016-cı il tarixli 2(006)-5730/2016 saylı qətnaməsi ilə Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, İddiaçı əmlakın qaytarılması tələbinə dair iddiası isə baxılmamış saxlanılmışdır.

4. Bundan sonra İddiaçı X4 qarşı eyni tələbi irəli sürərək, X2 ona məxsus 700 manat dəyərində 1 ədəd yataq mebelinin, 500 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan maşının, 50 manat dəyərində 1 ədəd çilçırağın, 100 manat dəyərində 1 ədəd xalçanın, 1500 manat dəyərində 3 ədəd döşək, 3 ədəd yorğan, 3 ədəd yastıqdan ibarət olan yataq dəstinin, 70 manat dəyərində 1 ədəd uşaq çarpayısının, 100 manat dəyərində 1 ədəd qış üçün örtüyün, 60 manat dəyərində 1 ədəd yay üçün örtüyün, 50 manat dəyərində 1 ədəd pərdənin, 100 manat dəyərində 12 ədəd can dəsmalından, 12 ədəd çay dəsmalından, 12 ədəd əl-üz dəsmalından ibarət olan dəsmal dəstinin, 50 manat dəyərində 1 ədəd gecə lampasının, 120 manat dəyərində 6 ədəd yorğan çexolundan, 6 ədəd döşək ağından, 6 ədəd yastıq üzündən ibarət olan yorğan-döşək üzlərinin, həmçinin 500 manat dəyərində olan 10 qram çəkidə 1 ədəd brilyant qaşlı nişan üzüyünün, 300 manat dəyərində olan 10 qram çəkidə 1 dəst sırğa-üzük dəstinin, 1500 manat dəyərində 32 qram çəkidə 1 dəst boyunbağı-qolbağ dəstinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli 2(001)- 2811/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 08 may 2021-ci il tarixli 89 saylı sərəncamına əsasən X1 Şahson Qədəmşah oğlu üzərində qəyyum təyin edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh (qanuni nümayəndə X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (qanuni nümayəndəsi X2) ona məxsus olan 700 manat dəyərində 1 ədəd yataq mebelinin, 500 manat dəyərində 1 ədəd “LG” markalı paltaryuyan maşının, 50 manat dəyərində 1 ədəd çilçırağın, 100 manat dəyərində 1 ədəd xalçanın, 1500 manat dəyərində 3 ədəd döşək, 3 ədəd yorğan, 3 ədəd yastıqdan ibarət olan yataq dəstinin, 70 manat dəyərində 1 ədəd uşaq çarpayısının, 100 manat dəyərində 1 ədəd qış üçün örtüyün, 60 manat dəyərində 1 ədəd yay üçün örtüyünün, 50 manat dəyərində 1 ədəd pərdənin, 100 manat dəyərində 12 ədəd can dəsmalı, 12 ədəd çay dəsmalı, 12 ədəd əl-üz dəsmalından ibarət olan dəsmal dəstinin, 50 manat dəyərində 1 ədəd gecə lampasının, 120 manat dəyərində 6 ədəd yorğan çexolu, 6 ədəd döşək ağı, 6 ədəd yastıq üzündən ibarət olan yorğan-döşək üzlərinin, həmçinin 500 manat dəyərində 10 qram çəkidə 1 ədəd brilyant qaşlı nişan üzüyünün, 300 manat dəyərində 10 qram çəkidə 1 dəst sırğa-üzük dəstinin, 1500 manat dəyərində 32 qram çəkidə 1 dəst boyunbağı-qolbağ dəstinin alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(001)- 1599/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Fuad Abdıyev)

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-2811/2020 saylı mülki iş üzrə İddiaçı hazırkı tələbi X4 qarşı irəli sürmüşdür. Cavabdeh onun tərəfindən ilk olaraq cavabdeh qismində müəyyən edilsə də, sonra iddia tələbi ona aid hissədə azaldılmış, yəni o, cavabdehlər sırasından çıxarılmışdır. Bu səbəbdən həmin iş üzrə qəbul edilmiş 25 avqust 2020-ci il tarixli 2(001)-2811/2020 saylı qətnamə Cavabdeh münasibətdə hər hansı preyudisial əhəmiyyətə malik deyil. İddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu (özü ilə birlikdə cavabdehin evinə gətirdiyini və ya öz vəsaiti hesabına aldığını), sonra isə bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməlidir. Göründüyü kimi, nəticə etibarı ilə əsas şərt ondan ibarətdir ki, tələb edilən və iddiaçıya məxsus olan hər hansı bir əşyanın hazırda cavabdehdə olması birmənalı şəkildə öz təsdiqini tapmalıdır. Belə ki, ilk iki hal öz təsdiqini tapsa belə, onların cavabdehdə olmasının sübuta yetirilməməsi iddianın təmin edilməsini istisna edir. İddiaçı da iddia üzrə tələb edilən əşyaları xarakterizə edən hər hansı sübut, o cümlədən əşyalara uyğun olaraq onların markası (istehsalçı ölkə), materialı, görünüşü, əyarı və sair barədə hər hansı məlumat təqdim edə bilməməsi ilə yanaşı, bu əşyaların hər hansı birinin hazırda cavabdehdə olmasını sübuta yetirə bilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 152.1-ci, 157.2-ci, 225.2ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə daha öncə iddiaçının Cavabdeh və Tirana Sadıxovaya qarşı iddia tələbi olub, həmin iddia tələbi üzrə hazırkı mübahisənin predmeti olan əmlakın cavabdeh tərəfdə qalması tam sübuta yetirilmişdir. Bununla bağlı Binəqədi Rayon Məhkəməsinin qətnaməsi mövcuddur, həmin qətnamə ilə müəyyən olunan hallar, yəni tələb olunun əmlakın cavabdeh tərəfdə olması halı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Sadəcə olaraq həmin işdə iddiaçının hazırkı tələbi üzrə bütün hallar sübuta yetirildikdən sonra tələb Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu üçün ona münasibətdə azaldılmış, yalnız Tirana Sadıxovaya münasibətdə saxlanılmış, bu baxımdan tələb təmin edilməmişdir, lakin hər bir halda əmlakın hazırkı cavabdehdə və onun qanuni nümayəndəsində olması təsdiq olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi X5 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçının nümayəndəsi, Vəkil2 iclasın təxirə salınması barədə ərizəsi nəzərə alınaraq əvvəlki məhkəmə iclası təxirə salınsa da, o növbəti məhkəmə iclasında iştirak etməmişdir.

15. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, hazırkı mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

26. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

27. İddiaçı isə sözügedən əşyaların cavabdeh tərəfindən götürülməsinə və ya əşyaların cavabdehdə olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia üzrə tələb edilən əşyaları xarakterizə edən hər hansı sübut, o cümlədən əşyalara uyğun olaraq onların markası (istehsalçı ölkə), materialı, görünüşü, əyarı və sair barədə hər hansı məlumat təqdim edə bilməməsi ilə yanaşı, bu əşyaların hər hansı birinin hazırda cavabdehdə olmasını sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

29. İddiaçının apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya məhkəməsi baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)- 2811/2020 saylı mülki iş üzrə İddiaçı hazırkı tələbi X4 qarşı irəli sürmüşdür. Cavabdeh onun tərəfindən ilk olaraq cavabdeh qismində müəyyən edilsə də, sonra iddia tələbi ona aid hissədə azaldılmış, yəni o, cavabdehlər sırasından çıxarılmışdır. Bu səbəbdən həmin iş üzrə qəbul edilmiş 25 avqust 2020-ci il tarixli 2(001)-2811/2020 saylı qətnamə Cavabdeh münasibətdə hər hansı preyudisial əhəmiyyətə malik deyil.

30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən mülki iş üzrə iddiaçının tələb etdiyi əşyaların X3 qanunsuz sahibliyində olması müəyyən edilməmişdir.

31. Hazırki iş üzrə də işin müəyyən edilmiş halları ilə iddiaçının tələb etdiyi əşyaların Cavabdeh qanunsuz sahibliyində olması öz təsdiqini tapmamışdır.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1599/2022 saylı mülki iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar