Məhkəmə qərarları › İş №2(103)-6249/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6249/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6249/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh ASC “xxxx” Sığorta Şirkətinə qarşı sağlamlığa dəymiş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-1294/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 cavabdeh ASC “xxxx” Sığorta Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC Sığorta Şirkətindən nəvəsi İddiaçı sağlamlığına dəymiş yüngül zərərə görə 750 manat kompensasiyanın və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 780 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X8 xx xxxxxxxx 2018-ci il tarixdə Göygöl şəhəri A.Hacıyev küçəsində yerləşən Mərkəzi xəstəxananın yanında idarə etdiyi “VAZ-2106” markalı, Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan (inək) çıxmış, nəticədə o həmin inəyi vurmaqla qəza törətmişdir. Hadisə zamanı o və maşında olan nəvələri İddiaçı və X9 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə tibbi ekspertin rəyinə əsasən onun sağlamlığına yüngül, X1 az ağır, İddiaçı sağlamlığına yüngül zərər dəymişdir. İdarə etdiyi “VAZ 2106” markalı, Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh “xxxx” ASC Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. Sağlamlıqlarına dəymiş zərərə görə kompensasiyanın verilməsi üçün cavabdeh təşkilata müraciət etsələr də, sığorta təşkilatı yalnız X1 dəymiş zərərə görə kompensasiya ödəmiş, İddiaçı sağlamlığına dəymiş yüngül zərərə görə isə kompensasiyanın verilməsindən imtina edilmişdir. İmtinanın səbəbini belə izah etmişlər ki, zərərçəkən şəxs İddiaçı onun ailə üzvü olduğuna görə sığorta hadisəsinə münasibətdə üçüncü şəxs hesab edilmir. Əslində isə İddiaçı onun nəvəsi olsa da o, qanunvericiliyə görə onun ailə üzvü deyil. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı X2 əsl İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)- 1294/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı cavabdeh sığorta şirkəti ilə icbari sığorta müqaviləsi bağlamış və sığortalı qismində çıxış edən Quliyev Bəxtiyar Binnət oğlunun övladı olduğundan “İcbari sığortalar haqqında" Qanunun 7-ci maddəsi və həmin Qanunun 6.9-cu maddəsinə əsasən onun sağlamlığına dəymiş zərərə görə sığorğa ödənişinin həyata keçirilməsindən imtina edilmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Bu Qanunun məqsədləri üçün ailə üzvləri dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Qanunun bu müddəaları şirkət tərəfindən İddiaçı sağlamlığına dəymiş zərərə görə sığorta ödənişinin həyata keçirilməsindən imtinanın qanuni əsaslarını təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Açıq Səhmdar Cəmiyyəti “xxxx” Sığorta Şirkətinin müflis elan olunmasını və məhkəmə qətnaməsinin xx xxxxxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minməsini nəzərə alaraq, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.8-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-1294/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X8 xx xxxxxxxx 2018-ci il tarixdə qanuni əsasla idarə etdiyi “VAZ-2106” markalı, Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə özü, habelə maşında olan nəvələri İddiaçı və X9 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə tibbi ekspertin rəyinə əsasən İddiaçı sağlamlığına yüngül zərər dəymişdir. Sığorta təşkilatı “İcbari sığortalar haqqında" Qanunun 7-ci və 6.9-cu maddəsinə istinad edərək İddiaçı sağlamlığına dəymiş zərərə görə söğorta ödənişini ödəməkdən ona görə imtina etmişdir ki, zərərçəkmiş İddiaçı “VAZ- 2106” markalı, Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari qaydada sığortalanmasına görə ASC “xxxx” Sığorta Şirkəti ilə müqavilə bağlamış Quliyev Bəxtiyar Binnət oğlunun övladıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq qeyd edir ki, qəbul edilmiş qətnamə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Adı çəkilən Məcəllənin 926.1-ci maddəsinə görə isə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 6.6-cı maddəsinə görə fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Adı çəkilən Qanunun 7-ci maddəsinə əsasən Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni Qanunun 13.4-cü maddələrinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Yenə həmin Qanunun 14.2.5-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına yüngül zərər vurulduqda zərərin əvəzi sığorta məbləğinin 15 faizi nisbətində ödənilir. Yuxarıda qeyd olunanları ümumiləşdirirərək məhkəmə kollegiyası hesab edir ki, baş vermiş sığorta hadisəsi üzrə sığorta olunan X8 hesab edildiyindən, iddiaçının ona münasibətdə isə bu Qanunda nəzərdə tutulan “ailə üzvləri” anlayışının tətbiq dairəsinə aid olmadığından, İddiaçı sığorta olunanın hərəkəti nəticəsində zərər çəkdiyi üçün hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. ASC “xxxx” Sığorta Şirkəti müflis elan olunduğuna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.8-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməsi barədə cavabdehin vəsatəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin maddədə işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa iş üzrə icraata xitam verilməli olması təsbit olunmuşdur. Lakin hüquqi şəxsin müflis elan olunması hüquqi şəxsin ləğv olunmasını ehtiva etmədiyindən, bu əsasla işin icraatına xitam verilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, qanunvericilikdə müflis elan olunmuş sığorta təşkilatının əmlakına dair çıxarılmış məhkəmə qərarının icrasının dayandırılması nəzərdə tutulmuşdur ki, gələcəkdə bu imkandan istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən şikayət verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ASC “xxxx” Sığorta Şirkətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)- 1294/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar