Məhkəmə qərarları › İş №2(103)-6255/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6255/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6255/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6255/2023 (Açar sözlər: alimentin miqadarının dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Nümayəndə1 Mikbəşir oğlunun, Cavabdeh və onun nümayəndə-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3631/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 15 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7560/2019 nömrəli qətnaməsi ilə Cavabdeh və X5 arasında bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılmışlar.

2. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019cu il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Bağırzadə (Nəcəfova) Səbinə Əsgər qızına ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş Cavabdeh tutulan hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin miqdarının dəyişdirilməsi, birgə nikahdan doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 900 manat olmaqla, cəmi 1.800 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, Cavabdeh mediasiya xərci kimi ödədiyi 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(011)-7484/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh 2007-ci ildən etibarən "xxxx" MMC-də proseslər üzrə baş layihəçi işləmiş və onun aylıq əmək haqqı 4507 manat olmuşdur. Lakin iddiaçı qətnamə ilə tutulan aylıq qazancının 1/3 hissəsini təşkil edən 1200 manat alimenti 5-6 aydır ki, ödəmir. İddiaçı maraqlanda ona məlum olmuşdur ki, cavabdeh işdən çıxmışdır, bu səbəbdən əmək haqqından tutulmalar dayanmışdır. Tərəflərin övladı xx.xx.2014-cü il təvəllüdlü X6 “Landau School” təhsil kompeksində təhsil alır və 2023-2024 tədris ili üçün təhsil haqqı 8.400 manat edir. xx.xx.2017-ci il təvəllüdlü X7 da növbəti tədris ilindən “Landau School” təhsil kompeksində təhsil almağa başlayacaqdır və onun 2023-2024 tədris ili üçün təhsil haqqı 7.560 manat təşkil edəcəkdir. Qeyd olunan məbləğlərə yemək və nəqliyyat haqqı daxil deyildir. 6 aydan artıq müddətdir ki, cavabdeh təyin olunmuş hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində pul məbləğində alimenti ödəmir. Uşaqlar böyüdüyünə görə onların xərcləri də artmışdır. Lakin iddiaçı bu xərcləri təkbaşına qarşılaya bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir.

5. Cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, o, "xxxx" MMC şirkətində proseslər üzrə baş layihəçi vəzifəsində işləmişdir və aylıq əmək haqqı 4507 manat olmuşdur. İşlədiyi müddət ərzində 1200 manat alimenti hər ay vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə layihə başa çatdığına görə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra alimenti ödəməkdə çətinlik çəkir və hal-hazırda da işsizdir. O, uşaqların özəl məktəbdə təhsil almasına razı deyildir. Bunu iddiaçı özü istəmişdir və xərcini də özü ödəməlidir. Çünki, dövlət təhsil məktəbləri var və təhsil pulsuzdur. Onun ödənişli əsaslarla uşaqlarını oxutmağa maddi imkanı yoxdur. 1200 manat aliment borcundan 500 manatını xx.xx.2023cü il tarixdə ödəmişdir. Tenderin qalibi olan şirkətlər onu işləməyə dəvət etdikdə, yeni layihə üzrə işləyəcək və uşaqlarının saxlanması üçün maddi köməklik edəcəkdir. Hazırda minimum məbləğdə aliment ödəməyə maddi imkanı çatır. Onun hər ay hər uşağa 900 manat aliment ödəməyə maddi imkanı yoxdur. İşsiz kimi əmək müfəttişliyində qeydiyyata alınıb, ona ilk iki ay 840 manat, 670 manat ödənilib, növbəti üç ay isə 365 manat olmaqla işsiz pulu ödəniləcəkdir. Hazırda onun başqa gəlir yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3631/2023 saylı, 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddianın qismən təmin edilməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş Cavabdeh tutulan hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin miqdarının dəyişdirilməsi, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəllənin 112.1.2-ci maddəsinə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qatnamənin ləğv edilməsini,iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qatnamənin ləğv edilməsini,iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü arqumentlər alimentin məbləğinin 350 manat həcmində müəyyənləşdirilməsi üçün əsas ola bilməz. Hazırki iş materiallarında həmçinin cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti alimentin 350 manat məbləğində təyin olunması əsas verəcək dəyişikik olmağıdı aydın olur. Bundan başqa, məhkəmə qətnamə qəbul edilərkən mühüm əhəmiyyətli olan bütün faktiki halları düzgün aydınlaşdırılmadan səhv nəticəyə gəlinmişdir. Həmin qətnamə birtərəfli qaydada, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edərkən iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hal-hazırda minimum məbləğdə belə aliment ödəməyə maddi imkanı çatmır. Məhz imkanı olmadığı üçün ipoteka ilə əldə olunmuş pulunu da ödəyə bilməmişdir. Bu səbəbdəndə iddiaçı "xxxx" ASC onaa qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək kredit borcunu tələb etmiş və Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(004)-2140/2023 saylı qətnaməsi ilə 100 077,96 manat borc məbləğinin ondan tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz verərək, onun təmin edilməməsini xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili öz apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 76.2. Valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

22. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki apelyasiya baxışının predmetini qətnamənin bütünlüklə qanuniliyi və əsaslılığı yoxlanılır. Belə ki, iddiaçı iddianın təmin olunmayan hissəsini, cavabdeh isə iddianın təmin olunan hisssəsini mübahisələndirir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə alimentin məbləğinə aid hissəsində dəyişdirilməlidir.

28. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrini tətbiq edərək, habelə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehdən hər uşaq üçün tutulmalı olan aylıq alimentin məbləği 350 manat müəyyən edilməlidir.

29. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur.

30. İşin halları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC şirkətində proseslər üzrə baş layihəçi vəzifəsində işləmişdir və aylıq əmək haqqı 4507 manat olmuşdur. Layihəyə əsasən icra edilən iş sona çatdığına görə xx.xx.2023-cü il tarixdən işdən çıxmışdır. Hazırda işsiz kimi məşğulluq mərkəzində qeydiyyata alınmışdır

31. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e- 2(004)-2140/2023 saylı qətnaməsi ilə 100077,96 manat borc məbləğinin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

32. Eyni zamanda “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçı özü "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifələrində işləyir və cəmi 650 manat əmək haqqı alır.

32. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları nəzərə almamışdır.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında məktəbəqədər təhsil və icbari ümumi təhsil ödənişsizdir, təhsil sisteminə nəzarət dövlət tərəfindən həyata keçirilir. Uşaqların alternativ (ödənişli) təhsil müəssisələrində təhsil alması ilə bağlı seçim etməsi - valideynlərin vəzifələri yox, hüquqlarıdır.

34. Bununla belə kollegiya nəzərə alır ki, artıq Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunu qəbul olunmuş və 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir.

35. Qeyd olunanları və işin bütün hallarını nəzərə alaraq məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin miqdarının dəyişdirilərək, alimentin hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından qanuni, ədalətli və ağlabatan hesab edir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

37. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

39. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3631/2023 saylı iş üzrə 11 avqust 2023-cü il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilsin. Cavabdeh 04 aprel 2014-cü il təvəllüdlü X2 və 05 sentyabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar