Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6263/2025 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsi; əmək münasibətlərinin yaranması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi, tərcüməçi X2, cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-nin xxxxu Gursu Hamıtin iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarına əsasən, “Tekiz İnşaat Taahüt” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20.000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehdən iddiaçıya aid olan sənədlərin təqdim edilməsi tələb olunmuş, məktub müəssisəyə ##.##.2024-cü il tarixində çatdırılmış, lakin işəgötürən tərəfindən müvafiq sənədlər təqdim olunmamışdır. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı cavabdehin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli **-*-*-*/***-****-* saylı qərar üzrə inzibati xəta haqqında işə baxılması üçün materiallar Xidmətə təqdim olunmuşdur. Təqdim edilmiş materiallardan iddiaçının əmək müqaviləsi bağlanılmadan cavabdeh tərəfindən əmək fəaliyyətinə cəlb edildiyi məlum olmuşdur. Qeyd edilən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar cavabdehin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli **-*-*-*/***-****-* nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara uyğun olaraq ##.##.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-yə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 3.400 manat əmək haqqı məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 1.500 manat məbləğində kompensasiya məbləğinin, əmək haqqı gec ödənildiyi üçün hesablanmış 10.290 manat faiz məbləğinin, 60 manat məbləğində mediasiya xidmət haqqının, ümumilikdə cəmi 15.250 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-də 2024-cü ilin aprel ayından MMC-nin ünvan 2 ünvanında “Aztex Plaza”nın 2-ci mərtəbəsində yerləşən ofisində “tender üzrə mütəxəssis”, daha sonra “xxxx” kimi işlərin görülməsinə cəlb edilmişdir. Razılaşmaya əsasən MMC-nin faktiki rəhbəri ona hər ay 1.700 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüş və bir müddət ödəniş edilmişdir. 2024-cü ilin avqust və 2024-cü ilin sentyabr ayının əmək haqlarını ala bilmədiyindən, o, 2024-cü ilin oktyabr ayının 1-i rəhbərliyə işdən çıxmaq istədiyini bildirəndə və əmək müqaviləsinə xitam verilməsini istəyəndə ona məlum olmuşdur ki, onunla əmək müqaviləsi bağlanılmamış və ƏMAS-a işlənilməmişdir. 3.400 manat əmək haqqını və istifadə olunmamış on beş gün üçün məzuniyyət haqqı 1.500 manat, ümumilikdə 4.900 manat son haqq hesabı istəyəndə rəhbəri ona ödəniş etməyəcəyini, özünün xarici vətəndaş olaraq üstün hüquqa malik olduğunu bildirərək “hara istəyirsən, get, şikayət elə” demişdir. Bununla bağlı, o, X4 Xidmətinə və Baş Prokurorluğa müraciət etmiş, araşdırmalar nəticəsində onun həqiqətən orada çalışdığı və əmək haqqını almadığı və cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Tərəfindən məsələnin mediasiya prosesi çərçivəsində həll olunması üçün cavabdehə müraciət edilsə də, cavabdehin mediasiya prosesində iştirak etməkdən imtina etməsi səbəbindən mediasiya prosesi baş tutmamışdır. Onun tərəfindən mediasiya prosesinin keçirilməsi üçün 60 manat məbləğində haqq ödənilmişdir. O, cavabdeh “Tekiz İnşaat Taahüt” MMC tərəfindən son haqq-hesab olaraq ona ödənilməli olan 3.400 manat əmək haqqı və istifadə olunmamış on beş gün üçün məzuniyyət haqqı 1.500 manat məbləğində kompensasiya ödənişinin ona verilməsini məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Həmçinin, əmək haqqının gec verilməsinə görə hesablanmış 10.290 manat faiz məbləği ona ödənilməlidir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında fərdi qaydada yazılı əmək müqaviləsi bağlanmamışdır. Nə iddiaçı işçi statusunda, nə də cavabdeh işəgötürən statusunda olmamışdır. Tərəflər arasında əmək müqaviləsinin olmaması işin mübahisəsiz halıdır. Əmək haqqı, onun gecikdirilməsinə görə ödənc, istifadə edilməmiş məzuniyyət haqqına görə kompensasiya haqqı işçinin işəgötürənlə əmək müqaviləsi bağlaması nəticəsində yaranan hüquqlardır. Yəni həmin hüquqların əsasında tərəflər arasında qanunla müəyyən edilmiş normalara əməl edilməklə bağlanan və hüquqi qüvvəyə minən əmək müqaviləsi dayanır.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək müqaviləsi əsasında yaranan tələb hüquqları ilə əmək müqaviləsi olmadan faktiki hüquq münasibətləri əsasında yaranan vurulmuş maddi ziyanın ödənilməsi tələbinin yaranma əsasları fərqlidir. Belə ki, əmək haqqının ödənilməsi, istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsi və s. haqlar (hüquqlar) müqavilə əsasında yaransa da, əmək müqaviləsi olmadan faktiki hüquq münasibətləri əsasında yaranan vurulmuş maddi ziyanın ödənilməsi tələbinin əsasında qanun dayanır. İddiaçının tələbi vurulmuş maddi ziyanın ödənilməsi deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində tərəflər arasında əmək müqaviləsi olmadan yarana bilən əmək münasibətlərinin dairəsi müəyyən edilmişdir. Həmin norma imkan verir ki, əmək müqaviləsi əsasında yaranan əmək münasibətləri ilə əmək müqaviləsi olmadan yaranan əmək münasibətləri fərqləndirilsin.
8. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmadığına görə iddiaçının əmək haqqı, onun gecikdirilməsinə görə ödənc, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya tələb etmək hüquqları da yaranmamışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına istinad edərək həmin qərar ilə iddiaçının həqiqətən orada çalışdığı, əmək haqqı almadığı və cavabdehin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətdiyinin sübuta yetirildiyini qeyd etsə də, qeyd edilən bütün məsələlər həmin qərarda sübuta yetirilməmişdir. Qeyd olunan qərar ilə cavabdehin iddiaçını əmək müqaviləsi olmadan işə cəlb etdiyi müəyyən edilmiş və buna görə cavabdeh barəsində cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Elə məsələ də budur ki, cavabdeh ilə iddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır. Həmin qərar ilə tərəflər arasında əmək müqaviləsinin olmadığı bir daha sübut olunur. Lakin tərəflərin 1.700 manat əmək haqqı, onun ödənilməsi, müvafiq iş vaxtı, istirahət vaxtı, məzuniyyət günü barəsində razılaşması barədə iddiaçı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ##.##.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə qeyd olunanları, o cümlədən, tərəflər arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 3, 83, 89, 110, 154, 172 və 195-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-də 2024-cü ilin aprel ayından MMC-nin ünvan 1 ünvanında “Aztex Plaza”nın 2-ci mərtəbəsində yerləşən ofisində “tender üzrə mütəxəssis”, daha sonra “xxxx” kimi işlərin görülməsinə cəlb edilmişdir. Razılaşmaya əsasən MMC-nin faktiki rəhbəri ona hər ay 1.700 manat əmək haqqı ödəməyi öhdəsinə götürmüş və bir müddət ödəniş edilmişdir. 2024-cü ilin avqust və 2024-cü ilin sentyabr ayının əmək haqlarını ala bilmədiyindən, o, 2024-cü ilin oktyabr ayının 1-i rəhbərliyə işdən çıxmaq istədiyini bildirəndə və əmək müqaviləsinə xitam verilməsini istəyəndə ona məlum olmuşdur ki, onunla əmək müqaviləsi bağlanılmamış və ƏMAS-a işlənilməmişdir. 3.400 manat əmək haqqını və istifadə olunmamış on beş gün üçün məzuniyyət haqqı 1.500 manat, ümumilikdə 4.900 manat son-haqq hesabı istəyəndə cavabdeh şirkətin rəhbəri ona ödəniş etməyəcəyini, özünün xarici vətəndaş olaraq üstün hüquqa malik olduğunu bildirərək “hara istəyirsən, get, şikayət elə” demişdir. Bununla bağlı tərəfindən X4 Xidmətinə və Baş Prokurorluğa müraciət edilmiş, araşdırmalar nəticəsində onun həqiqətən orada çalışdığı, əmək haqqını almadığı və cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Tərəfindən məsələnin mediasiya prosesi çərçivəsində həll olunması üçün cavabdehə müraciət edilsə də, cavabdehin mediasiya prosesində iştirak etməkdən imtina etməsi səbəbindən mediasiya prosesi baş tutmamışdır. Tərəfindən mediasiya prosesinin keçirilməsi üçün 60 manat məbləğində haqq ödənilmişdir. Cavabdeh “Tekiz İnşaat Taahüt” MMC tərəfindən son haqq-hesab olaraq ona ödənilməli olan 3.400 manat əmək haqqı və istifadə olunmamış on beş gün üçün məzuniyyət haqqı 1.500 manat məbləğində kompensasiya ödənişinin ona verilməsini məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Həmçinin, əmək haqqının gec verilməsinə görə hesablanmış 10.290 manat faiz məbləği ona ödənilməlidir. Lakin məhkəmə təəssüf ki, işə laqeyd yanaşmış, işin obyektiv həllinə səy göstərməmiş, düzgün araşdırma aparmadan səhv nəticəyə gəlmiş və qəbul etdiyi qanunsuz və əsassız qərar onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Tekiz İnşaat Taahüt” MMCnin xxxxu Gursu Hamıt apellyasiya şikayətinin təmin olunmasına etiraz etdiyini bildirmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
20.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 21.3-cü maddəsinin 4-1-ci və 5-ci bəndlərinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 22.10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. 23.12-ci maddəsinin 1-ci hissəsinin k) bəndinə görə elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. 24.49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 25.49-cu maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. 26.49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 27.68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 28.83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 29.120-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 30.154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 31.172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 32.172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 33.172-ci maddəsinin “Qeyd” hissəsinə görə bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 34.178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
35.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 36.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 37.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
39. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-də əvvəlcə tender üzrə mütəxəssis, sonradan isə xxxx vəzifəsində çalışdığını, aylıq 1.700 manat əmək haqqı almasının razılaşdırıldığını, lakin 2024-cü ilin avqust və sentyabr ayları üzrə əmək haqqının ödənilmədiyini bildirmişdir. O, əmək münasibətlərinə xitam vermək istədiyi zaman onunla əmək müqaviləsinin bağlanmadığını və əmək münasibətlərinin ƏMAS altsistemində rəsmiləşdirilmədiyini aşkar etdiyini, bununla əlaqədar X4 Xidmətinə və Baş Prokurorluğa müraciət etdiyini qeyd etmişdir. İddiaçı, aparılmış araşdırma nəticəsində onun cavabdeh MMC-də faktiki əmək fəaliyyəti göstərməsinin və cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin müəyyən edildiyini, bunun nəticəsində rəhbərinin həmin maddə ilə məsuliyyətə cəlb olunduğunu göstərmişdir.
40. Birinci instansiya məhkəməsi iddianın əsassız olması qənaətinə gələrək qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmadığına görə iddiaçının əmək haqqı, onun gecikdirilməsinə görə ödənc, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya tələb etmək hüquqları da yaranmamışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarına istinad edərək həmin qərar ilə iddiaçının həqiqətən orada çalışdığı, əmək haqqı almadığı və cavabdehin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətdiyinin sübuta yetirildiyini qeyd etsə də, qeyd edilən bütün məsələlər həmin qərarda sübuta yetirilməmişdir. Qeyd olunan qərar ilə cavabdehin iddiaçını əmək müqaviləsi olmadan işə cəlb etdiyi müəyyən edilmiş və buna görə cavabdeh barəsində cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Elə məsələ də budur ki, cavabdeh ilə iddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır. Həmin qərar ilə tərəflər arasında əmək müqaviləsinin olmadığı bir daha sübut olunur. Lakin tərəflərin 1.700 manat əmək haqqı, onun ödənilməsi, müvafiq iş vaxtı, istirahət vaxtı, məzuniyyət günü barəsində razılaşması barədə iddiaçı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ##.##.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə sərgilədiyi hüquqi mövqeyi əsaslı hesab etməyərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının istinad etdiyi, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi barədə məhkəmə qərarının hazırkı mülki mübahisə üzrə preyudisial əhəmiyyətə malik olmaması barədə mövqeyi ilə razılaşsa da, hesab edir ki, həmin qərarı iş üzrə sübut kimi qiymətləndirməməklə və qərarla müəyyən edilmiş iddiaçının cavabdeh MMC-də əmək müqaviləsi rəsmiləşdirilmədən əmək fəaliyyətinə cəlb olunması faktını nəzərə almamaqla məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
43. Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarının tələblərinə görə, heç bir sübut məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmasa da, məhkəmə işdə olan hər bir sübutu digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirməli və hansı sübutu hansı səbəbdən qəbul etməsini və ya rədd etməsini əsaslandırmalıdır.
44. Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi barədə məhkəmə aktının preyudisial qüvvəsinin olmaması həmin qərarın sübut əhəmiyyətini aradan qaldırmır. Həmin qərar iddiaçının faktiki olaraq cavabdehin mənafeyi naminə əmək fəaliyyəti həyata keçirməsi barədə ilkin sübut olaraq nəzərə alınması da, cavabdeh üçün bu halın əksini, yəni tərəflər arasında əmək münasibətlərinin deyil, mülki-hüquq münasibətlərinin mövcud olduğunu və ya ümumiyyətlə hər hansı hüquq münasibətinin yaranmadığını sübut etmək vəzifəsini yaradır.
45. Lakin iş materiallarından görünür ki, cavabdeh inzibati qərarda müəyyən edilmiş halları təkzib edən, iddiaçının fəaliyyətinin əmək münasibətləri çərçivəsində həyata keçirilmədiyini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə həmin qərarı yalnız preyudisial xarakter daşımadığı əsasına görə nəzərə almamış və onun sübut əhəmiyyətini qiymətləndirməmişdir.
46. Bundan başqa, birinci instansiya məhkəməsinin inzibati qərarın məzmununa verdiyi qiymət də ardıcıl və məntiqi olmamışdır.
47. Belə ki, məhkəmə həmin qərara istinad edərək tərəflər arasında əmək müqaviləsinin mövcud olmamasını cavabdehin mövqeyini təsdiq edən hal kimi qiymətləndirmişdir. Halbuki inzibati qərarın məzmunundan görünür ki, həmin qərarla müəyyən edilmiş hal yalnız əmək müqaviləsinin bağlanmamasından deyil, məhz əmək müqaviləsi rəsmiləşdirilmədən iddiaçının işəgötürən tərəfindən əmək fəaliyyətinə cəlb edilməsindən ibarət olmuşdur. Başqa sözlə, qərarda əmək münasibətlərinin mövcudluğunu inkar edən deyil, əksinə, onların qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyini təsdiq edən faktların öz təsdiqini tapdığı əks olunmuşdur.
48. Buna görə də məhkəmənin həmin qərardan yalnız əmək müqaviləsinin olmaması nəticəsini çıxarması, lakin qərarla müəyyən edilmiş əmək fəaliyyətinə cəlb olunma faktını nəzərə almaması anlaşılan deyildir. Çünki bir tərəfdən məhkəmə inzibati qərarı hazırkı iş üçün preyudisial əhəmiyyətə malik hesab etməmiş, digər tərəfdən isə həmin qərardakı əmək müqaviləsinin olmaması barədə nəticədən cavabdehin xeyrinə sübut kimi istifadə etmişdir. Əgər qərarın preyudisial qüvvəsi olmadığı qəbul edilirdisə, onun məzmunu bütövlükdə digər sübutlarla birlikdə qiymətləndirilməli idi; əgər qərardakı faktlardan hər hansı birinə istinad edilirdisə, həmin sübutun bütöv məzmunu, o cümlədən iddiaçının əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı da nəzərə alınmalı idi.
49. Bununla belə, məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən iddia tələblərinin əsasını təşkil edən aylıq əmək haqqının konkret məbləği, habelə həmin məbləğ əsasında istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və əmək haqqının gecikdirilməsinə görə ödənçin hesablanmasına əsas verən halları təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.
50. Belə ki, iş materiallarında olan inzibati xəta üzrə sənədlər iddiaçının əmək müqaviləsi rəsmiləşdirilmədən cavabdeh tərəfindən işə cəlb edilməsi faktını təsdiq etsə də, həmin sənədlər tərəflər arasında razılaşdırılmış əmək haqqının konkret məbləğini müəyyən etmir və bu səbəbdən iddia olunan pul tələblərinin həcmini təsdiq edən birbaşa sübut kimi qiymətləndirilə bilməz.
51. Sübutetmə yükünün bölüşdürülməsinə dair müddəalara əsasən, istinad edilən halları sübut etmək vəzifəsi həmin hallara istinad edən tərəfin, yəni iddiaçının üzərinə düşür. Bu baxımdan, tərəflər arasında əmək münasibətlərinin mövcudluğunun müəyyən edilməsi iddiaçını əmək haqqının konkret məbləğini və bununla bağlı digər pul tələblərinin hesablanması üçün əhəmiyyət kəsb edən halları sübut etmək vəzifəsindən azad etmir. İş materialları ilə tərəflər arasında əmək münasibətlərinin yarandığı halı təsdiq olunsa da, əmək haqqının iddiaçının göstərdiyi məbləğdə razılaşdırılması sübuta yetirilməmişdir. Buna görə də, pul tələbləri üzrə hesablamalar mübahisəli dövrdə qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləği əsas götürülməklə aparılmalıdır.
52. Azərbaycan Respublikasında 2024-cü il üzrə minimum aylıq əmək haqqı 345 manat təşkil etmişdir. Bu məbləğ # ###### 2024-cü il tarixindən qüvvədə olmuş və ilin sonuna kimi dəyişməz qalmışdır. Bu baxımdan, iddiaçının 2024-cü ildə işlədiyi dövrdə qüvvədə olmuş minimum aylıq əmək haqqının 345 manat təşkil etməsi nəzərə alınaraq, 2024-cü ilin avqust və sentyabr ayları üzrə ödənilməmiş əmək haqqı 690 manat həcmində hesablanmalı, 6 aylıq (aprelin 1-dən oktyabrın 1-dək) iş stajına görə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya isə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məbləğ əsasında müəyyən edilməlidir.
53. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan minimum aylıq əmək haqqının 345 manat təşkil etdiyi nəzərə alınaraq, 2024-cü ilin avqust və sentyabr ayları üzrə ödənilməmiş əmək haqqı 690 manat məbləğində müəyyən edilməli, 6 aylıq iş stajına görə istifadə edilməmiş 10,5 təqvim günü məzuniyyət üçün 119 manat kompensasiya hesablanmalı və nəticə etibarilə cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 809 manat məbləğində pul vəsaiti tutulmalıdır.
54. Əmək haqqı (son haqq-hesabın) borcunun ödənilməsinin gecikdirilməsinə görə Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun olaraq da hüquqi qiymət verilməlidir.
55. Belə ki, mübahisəli dövrdə qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləği (345 manat) əsas götürülməklə hesablamalar aşağıdakı kimi aparılmalıdır: 2024-cü ilin sentyabr ayı üzrə əmək haqqının ödənilməsinin 303 gün gecikdirilməsi nəticəsində kompensasiyanın məbləği 1.045,35 manat (303 × 1% × 345), 2024-cü ilin oktyabr ayı üzrə əmək haqqının ödənilməsinin 273 gün gecikdirilməsi nəticəsində isə 941,85 manat (273 × 1% × 345) təşkil edir. Bundan əlavə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsinin 273 gün gecikdirilməsi nəzərə alınmaqla, bu tələb üzrə kompensasiya 324,87 manat (119 × 1% × 273) məbləğində hesablanır. Beləliklə, gecikdirilməyə görə hesablanmış kompensasiyanın ümumi məbləği 2.312,07 manat təşkil edir.
56. Beləliklə, iddiaçının xeyrinə tutulmalı olan əsas məbləğ 809 manat, son haqq-hesabın gecikdirilməsinə görə hesablanmış ödənc isə 2.312,07 manat təşkil edir. Nəticə etibarilə, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 3.121,07 manat məbləğində pul vəsaiti tutulmalıdır.
57. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki halları və tərəflər arasındakı hüquq münasibətlərini qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallar əsasında düzgün hüquqi nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, habelə sübutetmə yükünün bölüşdürülməsi qaydalarını lazımi qaydada nəzərə almamışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutların bir hissəsini qəbul etdiyi halda, digər hissəsinə əsaslandırılmış hüquqi qiymət verməmişdir ki, bu da sübutların obyektiv, hərtərəfli və tam qiymətləndirilməsi prinsipinin tələblərinə uyğun deyildir.
58. Belə olan halda apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, cavabdeh “Tekiz İnşaat Taahüt” MMCdən iddiaçı İddiaçı xeyrinə 3.121,07 manat məbləğində pul vəsaiti tutulmalıdır.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-dən iddiaçı İddiaçı xeyrinə 3.121,07 manat məbləğində pul vəsaiti tutulsun. Mediasiya xərci olaraq çəkilmiş 60 manatın 13 manatı məbləğində pul vəsaiti cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-dən iddiaçı İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumu olaraq 54 (16+38) manatı məbləğində pul vəsaiti cavabdeh “Tekiz İnşaat Taahüt” MMC-dən dövlət nəfinə tutulsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev