Məhkəmə qərarları › İş №2(103)-6269/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6269/2021

14.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6269/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3388/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “icra qeydinin ləğvi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən verilmiş 12.07.2019-cu il tarixli, 8İ-2303 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3388/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, cavabdeh ona verilməsi üçün 1500 manat həcmində pulu 12.2.2018-ci il tarixdə "xxxx"ın Ağstafa filialında notariusun depozit hesabına köçürmüşdür. Həmin gün Cavabdeh2 onun bacanağı X1 iştirakı ilə özünə pul lazım olmadığını bildirmiş və (təkrarən) qarşılıqlı razılaşma əsasında Cavabdeh2 notariusun depozit hesabıma qoyulmuş 1500 manatı geri götürməsi üçün Ağstafa rayon Notariat Kontorununda 12.12.2018-ci il tarixində ƏN-İ ******* nömrəli etibarnamə vermişdir. Beləliklə, cavabdeh 13.12.2018-ci il tarixdə ona borc vermək adı ilə "xxxx"ın Ağstafa filialında notariusun depozit hesabına qoyduğu 1500 manatı həmin etibarnamə əsasında geri götürmüşdür. Onun 1500 manatı götürməsini kod 200521, KB6№ 923803 çek kötüyü təsdiq edir. Hal-hazırda faktiki olaraq onun Cavabdeh2 heç bir pul borcu yoxdur. Buna baxmayaraq Cavabdeh2 əsassız olaraq, Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsindən Bakı şəhəri, 36 saylı Notariat Kontorunun 12.07.2019cu il tarixli, 8İ-2303 saylı icra sənədinə (qeydinə) əsasən 1500 manat pulun ondan tutumasını tələb etmişdir. Bu səbəbdən, o, hazırkı iddia ərizəsi lə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Borc verən Cavabdeh2 ilə borc alan İddiaçı arasında bağlanmış 12.12.2018-ci il tarixli kredit müqaviləsi kredit müqaviləsinin surətindən görünür ki, borc verən faizsiz 02.03.2019-cu il tarixədək qaytarmaq şərti ilə borc alana 1500 manat məbləğində borc vermişdir. Müqavilə Ağstafa rayon Notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq olunmuş və reyestrdə 8İ-2303 nömrəsi ilə qeyd edilmişdir. İddiaçı "xxxx"da onu təmsil etməyi, ona çatası pulu almağı və s. hərəkətləri icra etməyi 12.12.2018-ci il tarixli ƏN-İ ******* nömrəli etibarnamənin surətinə əsasən Cavabdeh2 etibar etmişdir. Ağstafa rayon Notariat kontorunun xüsusi notariusu X4 tərəfindən "xxxx" ASC-nin Ağstafa filialına ünvanladığı məktubdan, əlavə olunmuş mədaxil və nəxaric qəbzlərindən görünür ki, 12.12.2018-ci il tarixdə 1500 manat bankda xüsusi notarius X2 hesabına depozitə qoyulmuş, 13.12.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən həmin depozit hesabından çıxarılmışdır. Bakı şəhəri, 36 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 12.07.2019-cu il tarixli İcra qeydinin surətindən görünür ki, notarius tərəfindən Cavabdeh2 xeyrinə İddiaçı 1500 manat borc, 20 manat dövlət rüsumu olmaqla, cəmi 1520 manat məbləğində pulun tutulması barədə icra qeydi aparılmışdır. İcraata başlamaq haqqında 17.07.2019-cu il tarixli qərarın və əlavə olunmuş sənədlərin surətinə əsasən 12.07.2019-cu il tarixli icra qeydi üzrə Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış və icra qeydi, icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş 09.10.2019-cu il tarixdə borclu İddiaçı təqdim edilmişdir. Bakı şəhəri, 36 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən İddiaçı ünvanlanmış 01.02.2021-ci il tarixli məktubun surətinə əsasən iddiaçının 12.07.2019-cu il tarixində Bakı şəhəri 36 saylı notariat ofisində aparılmış 8İ-2303 reyestr nömrəli icra qeydinin xitamına dair notariat ofisinə ünvanladığı ərizəsinə baxılmış, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 41- ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxsin bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun yerləşdiyi yerin məhkəməsinə şikayət vermək hüququ izah olunmuşdur. Rayon məhkəməsinin iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, 36 saylı notariat ofisinin 12.07.2019-cu il tarixli, 8İ-2303 reyestr nömrəli İcra qeydi üzrə 17.07.2019-cu il tarixdə icraata başlanılmış, icra qeydi, icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası barədə bildiriş 09.10.2019-cu il tarixdə borclu İddiaçı təqdim edilmişdir. Hal-hazıradək borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu (müvafiq məsələ ilə bağlı işin məhkəmə icraatında olmadığı barədə kreditorun yazılı məlumatına əsasən) və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişdirsə, idarə, müəssisə və təşkilatlarda isə bir ildən çox keçməmişdirsə. Hazırkı iddia tələbini təmin etməyən rayon məhkəməsi qey etmişdir ki, İddiaçı verdiyi etibarnamə əsasında 1500 manatın notariusun depozit hesabından Cavabdeh2 tərəfindən götürüldüyünü, bununla da, borc verən qarşısında hər hansı pul öhdəliyinin qalmadığını qeyd etmişdir. Halbuki, qanunun tələbinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz və həmin əqdləri təmsil edilənin mənafeyinə uyğun olaraq bağlamalıdır. Hazırkı halda, işin faktiki hallarından görünür ki, Cavabdeh2 borcalan İddiaçı verdiyi etibarnamə əsasında 1500 manat vəsaitin notariusun depozit hesabından, onu təmsil etməklə, onun mənafeyinə uyğun olaraq götürdüyü müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə Kollegiyası rayon məhkəməsinin həmin möqeyi ilə razılaşmır və bununla bağlı bildirir ki, cavabdeh tərəfindən etibarnamə əsasında götürülmüş 1500 manat məbləğində pulun həqiqətən iddiaçının mənafeyi üçün götürülməsi iş materiallarında olan hər hansı sübutla təsdiq olunmur, eləcə də, həmin pulun iddiaçıya verilməsini təsdiq edən hər hansı bir dəlil də yoxdur. Demək ki, borcla bağlı tərəflər arasında mübahisə mövcuddur. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla da kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 12.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, verilmiş borc pulun qaytarılması barədə mübahisə olduğundan həmin müqaviləyə əsasən verilmiş icra qeydi ləğv olunmalı və həmin müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ Cavabdeh2 izah olunmalıdır. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq nomaları pozulduğundan apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3388/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən verilmiş 12.07.2019-cu il tarixli, 8İ-2303 reyestr nömrəli icra qeydi ləğv edilsin. Cavabdeh2 tərəflər arasında bağlanmış 12.12.2018-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar