Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6269/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu, mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. 01.03.2020-ci il tarixdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən X6 məxsus fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində X7 üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ, İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, X11 üzünün sağ yarısının, boynunun, hər iki əlinin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasma səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər, X13 başın, üzün, sol əlin, qarının, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almışlar.
2. Baş vermiş hadisə ilə əlaqədar İsmayıllı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmış və Cavabdeh İB-nin Ağsu RQİİ-nin rəisi X8 Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilərək cinayət işi baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir.
3. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.
4. Həmin hökmədən X7, X11, X13, Namiq Məmmədov apellyasiya şikayətləri, Dövlət ittihamçısı apellyasiya protesti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv olunmuş, X8 CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Namiq Məmmədov 27 sentyabr 2017-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixə kimi Cavabdeh Ağsu X12 İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə vəzifəli şəxs kimi Ağsu X12 İdarəsinə və tabeliyində olan qurumlara rəhbərlik edərkən “Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinin qaz paylayıcı tərəfindən "qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, həmin qaydaların 3.1.6-cı bəndinin "bu qaydaların 3.2.7-ci bəndində nəzərdə tutulan “qaz qurğusunda nasazlıq və qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və ya nəfəslikləri açmalı, od yandırmamalı, tütün çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına dərhal məlumat verməlidir, 3.2.9-cu bəndində nəzərdə tutulan "zirzəmidə, binanın girişində, həyətdə, küçədə qaz iyinin hiss edilməsi zamanı ətrafdakıları ehtiyat tədbirləri barədə xəbərdar etməli, elektrik işıqlarını yandırmamalı və ya söndürməməli, qaz dolmuş ərazidən insanların çıxarılması, açıq od və qığılcım yaranmasının qarşısının alınması üzrə tədbirlər görməli və qaz paylayıcısına təcili məlumat verməlidir” kimi məlumatlar daxil olduqda dərhal zəruri tədbirlər görməlidir” tələbini, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.12-ci bəndində nəzərdə tutulmuş "şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin qaz təsərrüfatlarının istismarı zamanı təhlükəsizliyin təmin edilməsi qaz təsərrüfatlarının ilk rəhbərlərinə, yaxud onların funksiyalarını yerinə yetirən təşkilatların birinci rəhbərlərinə həvalə edilir” tələbini, həmin qaydaların 1.19-cu bəndində göstərilmiş "qaz təsərrüfatının müəssisə və təşkilatlarının vəzifəli şəxsləri qaydaların pozulması nəticəsində qəza və ya bədbəxt hadisə baş veribverməməsindən asılı olmayaraq şəxsi məsuliyyət daşıyırlar, onlar eyni zamanda tabeliyində olan şəxslərin buraxdıqları səhvlərə görə də məsuliyyət daşıyırlar” tələbini, Cavabdeh Ağsu RQİİ-nin əsasnaməsinin 2.2-ci bəndində göstərilmiş "X18 İstismar İdarəsi qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq istismarda olan qaz kəmrlərində və avadanlıqlarında aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün dərhal təxirəsalınmaz tədbirlər görür” tələbini və "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-Sorğu Kitabçası”nın "müəssisə rəhbəri müəssisəyə rəhbərlik edir, onun siyasət və planını müəyyənləşdirir və formalaşdırır; müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir; istehsalat vahidləri, sex və başqa struktur bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir, onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətini istiqamətləndirir” tələblərini pozaraq, İsmayıllı rayonu Quşencə kəndində yerləşən yerüstü qaz kəmərlərinə texniki baxış zamanı həmin kənddə yerləşən Əli Osmanlıya məxsus fərdi yaşayış evinin çöl divar hissəsindən 20 sm avtomobil yoluna doğru istiqamətdə yerüstü qaz xəttinin yeraltı keçid hissəsində aşkar olunmuş 1000 PPM həddində qaz sızması barədə "Təmiz qaz” QSC-nin X10 xətt baxıcısı tərəfindən 13 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş raportun "PDF” formatına salınmış "excel cədvəl” şəklində "Hafis.Ağayev@təmizqaz.az” elektron poçt ünvanından onun xidməti istifadəsində olan "NamiqN.MElektron ünvan ” elektron poçt ünvanına göndərilməsinə baxmayaraq, həmin raportu qaz sızmalarının aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə dərhal təmirprofilaktika işlərini yerinə yetirmək üçün Ağsu X12 İdarəsinin İsmayıllı xidmət sahəsinin Təmirbərpa xidmətinə göndərməyərək və zəruri təxirəsalınmaz tədbirlərin görülməsinə nəzarət etməyərək, o cümlədən qazdan istifadə sahəsində qaydalar, əsasnamə və digər sənədlərin tələblərini pozaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində həmin raportu xidməti istifadəsində olan kompüterdə elektron poçt ünvanından silib öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq Əli Osmanlıya məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermiş, nəticədə o, ehtiyatsızlıqdan partlayış baş vermiş evdə yaşayan Rəhimə Osmanlının üzün, boynun, sağ qolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, Əli Osmanlının üzün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, Tahir Osmanlının başın, üzün, sol əlin, qarnın, sol budun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almaları, habelə Əli Osmanlıya məxsus fərdi yaşayış evinin qaz partlayışı səbəbindən məhv olması nəticəsində 15364 manat məbləğində, evin içərisində olan 5 ədəd 2018-ci ildə “Embapanel” materialından hazırlanmış stolun yararsız vəziyyətə düşməsi nəticəsində 800 manat, “Gəncə” zavod istehalsallı xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 3 ədəd çarpayının yararsız vəziyyətə düşməsi nəticəsində 150 manat, “Philips” markalı DVD aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat, 2016-cı ildə alınmış “Krosna” aparatının yararsız vəziyyətə düşməsi nəticəsində 80 manat, “Kazan” markalı qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat məbləğində, 2008ci ildə alınmış 1 ədəd “Orvica” markalı televizorun yararsız vəziyyətə düşməsi nəticəsində 30 manat 2012-ci ildə alınmış 1 ədəd “TOSHİBA gR-RB 51 UTC” markalı soyuducunun yararsız vəziyyətə düşməsi nəticəsində 400 manat, 1993-cü ildə alınmış fıstıq ağacı materialından 8 ədəd stulun yararsız vəziyyətə düşməsi nəticəsində 60 manat, 1 ədəd “Krosnadar” deyilən stulun yararsız vəziyyətə düşməsi nəticəsində 10 manat, 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi mebel dəstinin yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, məişətdə istifadə olunan qab-qacağın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, 2 ədəd 1993-cü ildə arvadının cehiz kimi gətirdiyi, xarici zavod istehsallı 4x3,5 metr ölçüdə xalçaların yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma əl ilə toxunma, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 100 manat, 1 ədəd dünyasını dəyişmiş xalasından qalma zavod üsulu ilə hazırlanmış, ölçüsü 3x2 metr ölçüdə xalçanın yararsız vəziyyətə düşməsi nəticəsində 50 manat, 2 ədəd 1993-cü ildə yoldaşının cehiz kimi gətirdiyi 2 ədəd kreslonun yararsız vəziyyətə düşməsi nəticəsində 70 manat, dəmir materialdan olan, kustar üsulla hazırlanmış 25x30x80sm ölçüdə qaz sobasının yararsız vəziyyətə düşməsi nəticəsində 20 manat, 2013-cü ildə alınmış “LG” və 2015-ci ildə alınmış “Texnaluks” markalı tozsoranların yararsız vəziyyətə düşməsi nəticəsində 200 manat, 2008-ci ildə xüsusi hazırlanmış 1 ədəd qarmonun yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, evdə olan pal-paltarın yararsız vəziyyətə düşməsi nəticəsində 2000 manat, ümumilikdə evin və əşyaların yararsız hala düşməsi nəticəsində Əli Osmanlıya cəmi 23814 (iyirmi üç min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan vurulması kimi ağır nəticələrə səbəb olmuşdur.
6. Cavabdeh İB tərəfindən partlayış nəticəsində evə dəymiş maddi zərərin əvəzi qismində X6 23 814 manat, həmçinin əlavə olaraq 6000 manat ödənilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən maddi ziyanın əvəzi qismində 1524 manat, mənəvi ziyanın əvəzi qismində 15 000 manat olmaqla, cəmi 16 524 manatın və dövlət rüsumunun əvəzi qismində 135 manatın alınaraq X4 ödənilməsi qət olunmuşdur.
8. X1 Osmanlının atası, X7 anası, X13 isə qardaşıdır.
a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi ziyana görə 50 000 manatın, dövlət rüsumuna görə 240 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, baş vermiş partlayış nəticəsində qardaşının və valideynlərinin ağır xəsarət alması ilə əlaqədar onları itirmək qorxusu ilə yanaşı müxtəlif xəstəxanalarda müalicə olunmaları səbəbindən uzun müddət onların müalicələri ilə bağlı xəstəxanalarda olmuş, güclü iztirab, sarsıntı keçirmişdir. Atası, anası, qardaşı sağlamlıqlarını cavabdehin işçilərinin səhlənkarlığı səbəbindən itirmişlər və hazırki vaxtadək həkim nəzarəti altında müalicə alırlar. Hadisə zamanı evdə olmamış, cavadeh tərəfindən ailəsinə maddi ziyanın əvəzi kimi 23 814 manat, habelə əlavə olaraq hissə-hissə 6000 manat pul ödənilmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən mənəvi ziyanın əvəzi qismində 300 (üç yüz) manatın, dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır və hazırki iş üzrə də "Azəriqaz” İB-nin işçisinin hüquqa zidd - təqsirli əməli ilə baş vermiş partlayış hadisəsi nəticəsində iddiaçının ailə üzvlərinin sağlamlığına ziyan vurulmasının (onun zərərçəkmiş şəxslərlə olan yaxınlıq dərəcəsi - anası, atası və qardaşı olması nəzərə alınmaqla) onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mümkündür. Bu həm də onunla bağlıdır ki, iddiaçı ilə zərərçəkən şəxslər arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması və mənəvi tarazlığın bərpa edilməsi məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur.
13. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə hesab etmişdir ki, bu zaman zərərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranması, iddiaçının partlayış zamanı evdə olmaması (hadisəyə şahid olmaması) və orada yaşamaması, onların hazırda həyatda olmaları, sağlamlığı vurulmuş zərərin əlilliklə nəticələnməməsi (zərərçəkənlərdə digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının yaranmaması), habelə cavabdeh tərəfindən iddiaçının ailə üzvlərinə kompensasiya ödənilməsi və digər diqqətəlayiq halları nəzərə alınmalı, kompensasiya məbləği 300 manat həddində müəyyən edilməlidir.
14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 23.1-ci, 1096.1-ci, 1096.2-ci, 1099.1-ci və 1115-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir.
15. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı, onun qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə - ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, işin halına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
16. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, iddiaçının hər hansı mənəvi ziyana məruz qalmadığının sübuta yetirilmədiyinə və hadisə nəticəsində zərərçəkənlərə kompensasiya ödənildiyini nəzərə almadığı, işin hallarına uyğun olmayan nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.
b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
17. Məhkəmə iclaslarında iştirak edən iddiaçınln nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
24. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırkı halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
37. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi (§ 19) ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
40. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 21-24) mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq X3 qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh İB-nin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir (§ 23, 29).
42. Kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, onun valideynləri və qardaşı həmin hadisə nəticəsində ağır xəsarətlər almışlar və hadisənin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu, narahatlıq, məyusluq hissləri, stress yaratdığı şübhəsizdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
44. Kollegiya həmçinin qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi mənəvi ziyan məbləği həmin meyara cavab verir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
45. Nəzərə alınmalıdır ki, Cavabdeh İB tərəfindən partlayış nəticəsində evə dəymiş maddi zərərin əvəzi qismində X6 23 814 manat, həmçinin əlavə olaraq 6000 manat ödənilmiş, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 xeyrinə Cavabdehndən maddi ziyanın əvəzi qismində 1524 manat, mənəvi ziyanın əvəzi qismində 15 000 manat tutulmuşdur.
46. Kollegiya qeyd edir ki, göstərilən hal Cavabdeh İB-ni iddiaçıya dəymiş mənəvi ziyanı qarşılamaq məsuliyyətindən azad etməsə də, onun bu məsuliyyətinin ölçüsü müəyyənləşdirərkən nəzərə alınmalıdır.
47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.
48. Avropa Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında da göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.
49. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3227/2022 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov