Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6276/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında alimentlə bağlı əvvəllər də dəfələrlə məhkəmə çəkişmələri olmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay 1000 manat alimentin tutulması qət edilmiş, həmin iş üzrə işə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ailmentin məbləğinə dair hissədə qətnamə dəyişdirilərək alimentin 300 manat olması qət edilmiş, yenə də həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıdan hər ay 500 manat alimetin tutulması müəyyən edilmişdir
2. Sonradan iddiaçı alimentin azaldılması barədə yenidən iddia qaldırmış, onun iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək hər ay iddiaçıdan 300 manat məbləğində alimentin tutulması qət edilmiş, həmin iş üzrə işə ikinci dəfə baxan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıdan hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilməklə, iddia qismən təmin edilmiş, 09 avqust 2008-ci il tarixdə doğulmuş Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır.
3. İddiaçı hazırda 1-ci qrup əlil (İ qrup əlillik dərəcəsi xx.xx.2019-cu il tarixdə verilmişdir) olduğunu və ona sol diz oynağının menskektomiyadan sonrakı deformasiyaedici osteoartrozu, oynağın funksional pozğunluğu və ağrı sindromu ilə” kliniki diaqnozu qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı onun 2016-2021-ci il ərzində xəstəliyi ucbatından yığılmış olan 23 000 manat aliment borcunu ödəməkdən azad edilməsi və aliment öhdəliyinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2006-cı ildə nikah bağlayaraq ailə qurmuşdur. Nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 adlı övladı dünyaya gəlmişdir. Xətai rayon Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixində cavabdehlə birgə nikaha xitam verilmişdir. Daha sonra cavabdeh “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ali məhkəmənin 2(102)-4326 saylı, xx.xx.2015-ci il tarixli qətnaməyə əsasən uşağın saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsinə qərar verilmişdir. Cavabdeh alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərkən hakimə onun Norveç ölkəsində yaşadığını deyərək, oradan aylıq xeyli gəlirinin olduğunu bildirmişdir. Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının və rayon məhkəməsinin hakimi isə cavabdehin əsassız mülahizələrinə etimad etmişdir. O, bir müddətlik Norveç ölkəsində yaşasa belə ordan daimi gəliri olmamışdır. Məhkəmənin işə qərəzli və birtərəfli yanaşması nəticəsində ədalətsiz qətnamə çıxarılmışdır. Nəticə etibarı ilə o, 2015-ci ildən, yəni məhkəmə qətnaməsi qüvvəyə mindiyi tarixdən 2016-cı ilin oktyabr ayına qədər hər ay 500 manat olmaqla aliment ödəmişdir. 2016-cı ilin oktyabr ayında xəstəliyi ucbatından maddi sıxıntılar yaşamış. Belə ki, xəstəliyi ilə əlaqədar daimi olaraq stasionar müalicə almış və əlillik dərəcəsi müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmişdir. Ağır xəstəliyi ucbatından əmək fəaliyyəti məhdudlaşıb və o işləyə bilməmişdir. Bu səbəbdən 2016-cı ilin oktyabr ayından alimenti qismən 100 manat ödəmişdir. Bundan əlavə 2016-cı ildə alimentə görə 11.000 (on bir min) manat borc yığılmış, xx.xx.2016-ci ildə borc müqaviləsi bağlayaraq 11.000 manat alimentin borcunu ödəmişdir. 2016-cı ildən o, dəfələrlə alimentin azaldılmasına dair məhkəməyə müraciət etmiş həmin müraciətlərdə xəstə olmağı, xarici dövlətdə (Norveçdə) yaşamadığı (3 iyul 2016-cı ildən Azərbaycanda yaşayır) heç bir yerdən əlavə gəliri olmadığına dair tələblər qoymuş, lakin cavabsız qalmışdır. 2019-cu ildə alimentin azaldılmasına dair yenidən iddia ərizəsi ilə müraciət etmiş və yenə cavabsız qalmışdır. 2021-ci ildə yenidən məhkəməyə alimentin azaldılması tələbi ilə müraciət edərək 500 manat alimentin azaldılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddianın əsaslı olduğu sübuta yetirilərək lehinə qətnamə çıxarılmış və aliment azaldılaraq 170 manat təyin edilmişdir. 2016-cı ildən, yəni əlillik aldığı və əmək fəaliyyətinin azaldığı dövrdən başlayaq 2021-ci ilin aprel ayına qədər aylıq 500 manat olmaqla, ümumillikdə 23 000 manat aliment borcu yığılmışdır. Hal-hazırda icra məmurları həmin borcu ödəməyi ondan tələb etsələr də, aliment borcunun yığıldığı dövr ərzində alimenti üzrlü səbəbdən ödəyə bilmədiyi, xəstəlik və əlillikdən əziyyət çəkdiyi kimi hallar nəzərə alınmır, halbuki, onun xəstəliyiylə əlaqədar 5 ədəd Epikriz sənədləri var, dəfələrlə stasionar müalicələr almışdır.. Aylıq gəliri 350 manatdır. Himayəsində iki azyaşlı övladı və digər ailə üzvləri var. Əlil və xəstə ailə başçısı olaraq ailəni dolandırmaqda yetərincə çətinlik çəkir. Odur ki, əsassız olaraq yığılmış 23 000 manat aliment borcunu ödəyə bilmir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1) 23000 manat aliment borcunun ödənilməsindən azad edilməsi, 2) əmək qabiliyyətini itirdiyinə görə aliment öhdəliyinə xitam verilməsi.
8. Birinci tələbin hüquqi tənzimlənməsi Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (107.1 və 107.2-ci maddələr).
9. Qeyd edilən müddəadan göründüyü kimi, aliment borcundan azad edilmənin 2 qaydası nəzərdə tutulmuşdur. Birincisi, tərəflərin razılığı, ikincisi məhkəmənin qərarı əsasında. Birinci qaydaya görə tərəflər arasında alimentin ödənilməsi barədə əvvəlcədən sazişin olması zəruridir. İkinci qaydaya görə aliment ödəyən şəxs borcu ödəməkdən azad edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. Qanunun tələbinə görə bu halda şəxsin aliment borcunu ödəməkdən azad edilib-edilməməsi üçün qiymətləndirmə meyarları məhkəmənin səlahiyyətindədir. İddiaçının hazırkı iddiası ikinci tələbə uyğun olduğundan mübahisənin araşdırılması və hüquqi qiymət verilməsi də həmin qayda üzrə aparılmalıdır.
10. İddiaçı aliment borcunu ödəməkdən azad olunmasını xəstəliyi ilə əlaqədar olduğunu bildirir.
11. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı bildirmişdir ki, iddiaçı özü iddia ərizəsində göstərir ki, dəfələrlə alimentin azaldılmasına dair məhkəməyə müraciət etmiş, həmin müraciətlərdə xəstə olması, xarici dövlətdə yaşamadığı, heç bir yerdən gəlirinin olamadığına dair tələblər qoymuş, lakin cavabsız qalmışdır. Göründüyü kimi, iddiaçı xəstə olması əsası ilə alimentin azaldılması barədə əvvəllər də məhkəməyə müraciət etdiyini və işin həmin faktiki halının araşdırılaraq hüquqi qiymət verildiyini özü də iddia ərizəsində qeyd etmişdir.
12. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4326/2015 saylı xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçıdan 500 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qərara alınmışdır. Ali Məhkəmə öz qərarında belə qənaətə gələrkən iş materialları əsasında iddiaçının Norveç Krallığında işlədiyi dövrdə yüksək əmək haqqına malik olmasına və uşağın saxlanılmasının maksimal səviyyədə təmin edilməsinə əsaslanmışdır.
13. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Ali Məhkəmənin sözügedən qərarı qüvvəyə mindikdən sonra 11.481 manat aliment borcunu xx.xx.2016-cı il tarixdə cavabdehin nümayəndəsinə (atasına) ödəmiş və bu barədə eyni tarixdə Akt tərtib edilmişdir. Bundan başqa, iş materiallarında olan qəbzlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən 2017-ci ildə 4 dəfə olmaqla, 569 manat, 2018-ci ildə 9 dəfə olmaqla 900 manat (hər ay 100 manat), 2019-cu ildə 8 dəfə olmaqla 800 manat (hər ay 100 manat), 2020-ci ildə 8 dəfə olmaqla 800 manat (hər ay 100 manat) və 2021-ci ildə 7 dəfə olmaqla 700 manat (hər ay 100 manat) aliment ödənilmişdir.
14. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021- ci il tarixli qərarından görünür ki, iddiaçı alimentin azaldılması barədə məhkəməyə müraciət etmiş, həmin mübahisə üzrə araşdırma aparılarkən iddiaçının xəstəliyi olmuş və bununla əlaqədar olaraq o, xx.xx.2017-ci il tarixdə 3-cü qrup, xx.xx.2019-cu il tarixə 1-ci qrup əlillik dərəcəsi almışdır.
15. Şərh edilənlərdən də görünür ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının nə xx.xx.2015-ci il tarixli qərarı ilə (hər ay 500 manat), nə də xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş alimenti (hər ay 170 manat) vaxtında ödəməmiş, xx.xx.2016-cı il tarixli akt əsasında bir dəfəyə 11.481 manat, 2017- 2021-ci il tarixlərdə isə qismən ödənişlər etmişdir.
16. İddiaçı xəstəliyini əsas gətirərək aliment borcunun ödənilməsindən azad olunmasını tələb etsə də, şərh edilənlərdən də göründüyü kimi, o, hətta 1-ci qrup əlillik dərəcəsi təyin edilən vaxta qədər alimenti heç bir əsas olmadan ödəməmişdir. Halbuki, Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarında iddiaçıdan tutulacaq alimentin məbləği (hər ay 500 manat), məhz onun Norveç Krallığında yüksək əmək haqqı almasına görə təyin edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ödəmək istəmədiyi aliment borcu onun övladının saxlanması, maddi təminatının mümkün qədər normal vəziyyətdə saxlanması məqsədilə müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən həmin aliment təyin edilərkən uşağın əvvəlki təminatının yüksək olması nəzərə alınmışdır. Alimentin tutulmasında da əsas məqsəd uşaqların maddi təminatının mümkün qədər yüksək səviyyədə saxlanılması, bununla onların hüquq və mənafelərinin qorunmasından ibarətdir.
18. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının aliment borcunu ödənilməsindən azad edilməsi əsaslı hesab edilə bilməz.
19. İddiaçının iddiasının 2-ci hissəsi əmək qabiliyyətini itirdiyinə görə onun aliment öhdəliyinə xitam verilməsilə bağlıdır. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır.
20. İddiaçı aliment öhdəliyinə xitam verilməsini Ailə Məcələsinin 113.2.5-ci maddəsinə əsasən, yəni 1-ci qrup əlilliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyinə görə tələb edir. Həmin maddəyə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir.
21. Ailə Məcəlləsində ailə üzvlərinin aliment öhdəliklərinin bir neçə növü nəzərdə tutulmuşdur. Bunlara - valideynlərin yetkinlik yaşına çatmayan övladlarına (maddə 75 - 81) və yetkinlik yaşına çatmış övladların valideynlərinə görə (maddə 82-83) aliment öhdəliyi; ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəliyi (maddə 84-87) və ailənin başqa üzvlərinin aliment öhdəlikləri (maddə 88-93). Sonuncuya daxildir: qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənələri, yetirmlərin öz faktiki tərbiyəçilərini və ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifələri.
22. Ailə Məcəlləsinin 84-cü maddəsində ər-arvadın bir-birinə maddi cəhətdən kömək etmək vəzifələri nəzər tutulmuşdur. Bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvadın tələbi ilə buna zəruri vəsaitə malik olan digər tərəfdən məhkəmə qaydasında aliment tutula bilər (AM-nin 84.2.1-ci maddəsi). Qeyd edilən müddəadan da göründüyü kimi, bu qaydada aliment ər-arvaddan yetkinlik yaşına çatmayan övladlarına görə deyil, özlərinə görə tutulmanı ehtiva edir. Ailə Məcəlləsinin 113.2.5-ci maddəsində də, məhz həmin növ alimentin xitamı nəzərdə tutulmuşdur ki, bunun da yeganə əsası əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan ər arvadın yeni nikaha daxil olması ilə əlaqədardır.
23. Lakin iş materialları ilə Ailə Məcəlləsinin 113.2.5-ci maddəsində göstərilən əsasla iddiaçıdan cavabdehin xeyrinə hər hansı məbləğdə aliment tutulması müəyyən olunmur. İddiaçıdan tutulan aliment yalnız cavabdehlə birgə nikahlarından doğulmuş övladı Nuray Mirzəyevanın saxlanmasına görədir ki, onun da məbləği Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə sabit pul məbləğində hər ay 170 müəyyən edilmişdir. Həmin alimentə xitam verilməsi üçün hazırda heç bir hüququ əsas isə mövcud deyil. Belə ki, iddiaçı hazırda 350 manat (220 manat İ qrup əlilliyə görə, 130 manat isə Prezidentin aylıq təqaüdü) təqaüd alır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
25. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixində Cavabdeh ilə nikah bağlamışdır. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü qızları X7 dünyaya gəlib. Cavabdehlə aralrında olan xarakter müxtəlifliyi səbəbilə nikahlarını davam etdirə bilməyiblər. Nəhayət xx.xx.2015-ci il tarixində nigahlarına xitam verilib qızları ananın himayəsində qaldığı üçün hər ay Qaradağ rayon Məhkəməsi xx.xx.2014-cu il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə 1000 (bir min) manat aliment tutulmasını qət etdi. Qətnamə ilə razılaşmama səbəbilə məhkəmə çəkişmələri olub. Sonunda Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2015-ci il Qərari ilə alimentin miqdarı 500(beş yüz) manat qədərində müəyyənləşdirildi. Sağlamlığında yaranan problemlərlə və aliment ödənişinin aylıq gəlirindən üstün hesablanması səbəbilə tələb olunan aliment borcunu vaxtlı- vaxtında ödəyə bilməyib. Eləcə də günü -gundən kəskinləşən xəstəlik səbəbilə nəhayət xx.xx.2017-ci il tarixində TSEK-nın Qərarı ilə "Qonartoz (diz qapaqlarının artirozu), sol diz qapağının meniskektopiyaasteartirozu. Aşağı ətrafın monoplediyasi. Sol diz oynağının kəskin kontrakturasi. Keçmiş travma cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskopatiyasi. Daimi kəskin ağrı sindromu. Başqa rubrikalar da təsvir olunmayan yeriş çətinləşməsi, sağ ayağı ətrafı funksiyanın pozulması. Digər sinovit və tenosinovitlər. Hər iki diz oynağının sinoviti. Digər artirozlar. Sağ diz oynağının artirozu)" diaqnozu qoyularaq 3-cü qrup əlil təyin edildi. Xəstəliyi səbəbilə yaşadığı sıxıntılar vaxtında ödəyə bilmədiyi aliment borcunun məbləğini 23000 manata qədər toplanmasına gətirib çıxardı. Valideyinləri, ( nənə-baba) 2016-cı ildə üzərində olan aliment borcunun 11000 min manatını ödədilər. Onun sağlamlıq imkanlarının günü-gündən məhdudlaşdığı və ikinci evliliyindən himayədə iki azyaşlı övladının olmasını əsas gətirərək alimentin azaldılması barədə 2019-cu ildə yenidən iddia qaldırdı. Eyni zanda xəstəliyi artıq o qədər irəlilədi ki, 09.01. 2019-cu ildə TSEK-nın qərarı ilə əmək qabiliyyətsiz 1-ci qrup əlillik təyin olundu. Əlavə olaraq kənar şəxsin köməyinə ehtiyacı olması səbəbiylə Azərbaycan Respublikası MPM-in 321.1 maddəsi ilə X8 ona baxıcı olaraq təyin edib. 2021-ci ildə eyni iddia ilə təkrar məhkəməyə iddia ərizəsi ilə müraciət etdi. Ərizədə xəstəliyini təsdiq edən bir neçə epikirizlər, TSEK-nın əlilliyi və əmək qabiliyyətsiz olduğunu sübut edən lazımi sənədlər olmasına baxmayaraq məhkəmə onun iddiasınıı qismən təmin edib, alimentin məbləğini 170 manat sabit aliment təyin etdi. Cavabdeh 2014-cu il 28 aprel tarixindən qızı X1 üçün ondan aliment alır. Lakin bu qədər zaman ərzində bir dəfə də olsun ona övladı ilə görüşməyə icazə verməyib. Ailə Məcəlləsinin 50.3 maddəsinə əsasən o övladı ilə ünsiyyət yaratmaq, onunla görüşmək hüququna sahibdir. Cavabdeh AM-nin 61.2 (Uşaqla yaşayan valideyin uşağın fiziki, psixoloji sağlamlğına,onun əxlaqı inkişafına zərər verməyən digər valideyinlə görüşməsinə mane olmamalıdır.) kobud şəkildə pozur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
26. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
27. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
28. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 113.2 və 113.2.5. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda xitam verilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
31. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
34. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
35. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
36. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
37. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işlə bağlı faktiki hallar tələbin birinci hissəsi üzrə yuxarıda qeyd olunan maddi hüquq normasının(AM.m.107.2) dispozisiya şərtləri ilə uzlaşmadığından, tələbin ikinci hissəsinin isə qanuni əsası tapılmadığından, üstəlik tələbin hər iki hissəsi üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
38. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eyni məzmunlu olduğundan birinci instansiya məhkəməsi tərəfindən də bu dəlillərə Ailə Məcəlləsinin tələbləri baxımından kifayət qədər əsaslandırılmış formada hüquqi dəyərləndirmə aparılmaqla qiymət verilmiş və iddianın rədd edlməsi barədə qənaət qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının göstərdiyi dəlillər onu, uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. İddiaçının göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş və yığılmış aliment borcunu ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Yeni nikah bağlaması və bu nikahdan iki uşağının doğulması da hazırki iddianın əsaslı olduğuna dəlalət etmir və təmin edilməsi üçün əsas sayılmır..
39. Apellyasiya şikayətinin məzmunundan o da bəlli olur ki, əslində iddiaçının hazırki iddianı irəli sürməsinə səbəb cavabdehin ona uşağı ilə görüşməsinə maneə yaratması ilə bağlı olmuşdur. Əlbətdə ki, Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən uşaqla yaşayan valideyin uşağın fiziki, psixoloji sağlamlğına,onun əxlaqı inkişafına zərər verməyən digər valideyinlə görüşməsinə mane olmamalıdır. Həqiqətən də cavabdeh iddiaçının uşaqla ünsiyyətinə maneə yaradırsa bunun üçün hazırki iddianın qaldırılmasına ehtiyac yox idi. Çünki, bu cür iddia iddiaçının uşağı ilə ünsiyyət barədə nail olmaq istədiyi məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Başqa sözlə, iddiaçı uşağı ilə görüşməsinə cavabdehin maneə yaratmaması üçün düzgün vasitə(yol) seçməmişdir.
40. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2966/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.