Məhkəmə qərarları › İş №2(103)-6281/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6281/2020

13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6281/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Cəfərova (Hüseynli) Nərgiz Əziz qızının iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2554/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cəfərova (Hüseynli) Nərgiz Əziz qızı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxx 2016-cı ildə cavabdehlə ailə həyatı qurmuşdur. Tərəflərin nikahları Sabirabad rayon VVAQ şöbəsində qeydə alınmışdır və 556 saylı akt qeydi tərtib edilmişdir. Tərəflərin nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X4 dünyaya gəlmişdir.Hal-hazırda tərəflərin ailə münasibətlərində problemlər yaranmışdır. Belə ki, cavabdeh ailəsinə baxmır, maddi cəhətdən təmin etmir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdən tərəflər ayrı yaşayırlar. İddiaçı iki övladı ilə birlikdə anasının, qardaşının yanına sığınmışdır. Göstərilənlərə əsasən tərəflərin birgə nikahlarından doğulan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər biri üçün sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat olmaqla, hər ay cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı Cəfərova (Hüseynli) Nərgiz Əziz qızı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, birgə nikahdan doğulan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə 170 manat olmaqla, hər ay cəmi 340 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2554/2020 nömrəli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçı Cəfərova (Hüseynli) Nərgiz Əziz qızına verilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2554/2020 nömrəli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,qətnamə ilə Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçı Cəfərova (Hüseynli) Nərgiz Əziz qızına verilməsi qət olunmuşdur.Onun əməkhaqqısı cəmi 300 manat təşkil edir, odur ki, hər uşağa 100 manat ödəyə bilər. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı Cəfərova (Hüseynli) Nərgiz Əziz qızı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T № 019006 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 556 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T № 098448 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-T № 098449 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxx 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Uşaqlar anaları Cəfərova (Hüseynli) Nərgiz Əziz qızının himayəsində qalırlar. Hal-hazırda iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 1-ci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli və Cavabdeh övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017- ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya 1-ci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Ona görə də aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2554/2020 nömrəli qətnaməsi Cavabdehmünasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar