Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6287/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı “sığorta məbləğinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdeh Şirkətin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı, iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək onun hərbi xidmət dövründə xəsarət almağı ilə bağlı qanunla nəzərdə tutulmuş 6.600 manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cəbrayıl Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 722 saylı Hərbi hissənin şəxsi heyət siyahısına salınmış və həmin vaxtdan da cəbhə bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonunda gedən döyüşdə yaralanmış və bununla bağlı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək hərbi hospitalda müalicə olunmuşdur. Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş rəyə əsasən o, hərbi xidmətə yararsız hesab edilmişdir. Bundan sonra Hərbi hissə komandirinin əmri ilə iddiaçı ordu sıralarından tərxis edilmiş və Hərbi hissənin şəxsi heyət siyahısından çıxarılmışdır. İddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin verilməsinin səbəbi kimi iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət alınması göstərilmişdir. İddiaçı ona sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh Şirkətə ərizə ilə müraciət etmiş, lakin Şirkət tərəfindən heç bir müsbət tədbir görülməmiş və iddiaçıya rədd cavabı verilmişdir. İddiaçı cavabdeh Şirkətin bu kimi cavabını qanunsuz hesab edir, çünki xx.xx.1992-ci il tarixdən etibarən qüvvəyə minmiş “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsində qeyd olunur ki, “Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək) xəsarət almaq (yaralanmaq, kontuziya olmaq) səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir”. İddiaçının hüququnun pozulduğunu bildiyi subyektiv an vacib əhəmiyyətə malikdir. İddia müddətinin keçməsinə əsas verə biləcək subyektiv hüququn pozulduğu obyektiv an-sığorta hadisəsinin baş verməsi mövcud olsa da, digər zəruri şərt-iddiaçının hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv an mövcud olmamışdır. Belə ki, iddiaçı, ona sığorta ödənişini verməli olan Şirkətə müraciət etmiş, lakin müraciəti təmin olunmamış və bununla da, iddiaçı, sığorta almaq hüququnun pozulduğunu bilərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan da görünür ki, cavabdeh Şirkət qanunvericilikdə nəzərdə tutulmuş icbari sığorta məbləğini iddiaçıya ödəməyə borcludur, lakin icbari sığorta ödənilməsindən imtina etməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh Şirkət həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.1997-ci il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbi qulluqçulara şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barədə heç bir şərt yoxdur. Habelə, bu Qanun iddiaçıya münasibətdə şamil edilsə belə, onun xidmətdən tərxis edilən gündən 3 il ərzində deyil, 7 il keçdikdən sonra əlillik dərəcəsi alması sığorta hadisəsi hesab edilə bilməz. Cavabdeh Şirkət işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cəbrayıl Rayon Hərbi Komissarlığı tərəfindən iddiaçının adına xx.xx.1992ci il tarixdə verilmiş NZ seriyalı, ******* nömrəli “Hərbi biletin” surətindən görünür ki, 1992-ci ildə hərbi xidmətə çağırılmış iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 1667 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdə güllə yarası aldıqdan sonra ona sağ bud sümüyünün yuxarı 1/3 hissəsinin sınığı diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi 1 saylı Zona X1 tərəfindən verilmiş TSE-0 seriyalı, 054116 nömrəli arayışdan görünür ki, xx.xx.1999-cu il tarixdə iddiaçıya Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz, ikinci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət X9 tərəfindən xx.xx.2008-ci il tarixində verilmiş 118722 saylı vəsiqədən görünür ki, iddiaçıya İİ qrup əlilliyinə görə 122,86 manat miqdarında ömürlük pensiya təyin edilmişdir. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş 008201 nömrəli, xx.xx.2016-cı il tarixli vəsiqənin surətindən görünür ki, iddiaçı müharibə veteranıdır; İİ qrup əlilidir. Azərbaycan Respublikası Dövlət X3 iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, 07- 07-863 nömrəli cavab məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx.xx.1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Ona görə bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin 3 nömrəli Binəqədi-Qaradağ TSEK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli müayinə aktından çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə xəsarət almışdır. Müddətsiz ikinci qrup əlildir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Göründüyü kimi, Şirkətin imtina üçün istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmamışdır. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) X1nın arayışının surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından görünür ki, iddiaçı tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədlər Rayon Məhkəməsinə təqdim edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə görə, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Qanunun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsinin “ç” bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət X8 bazasında Azərbaycan Respublikası Dövlət X6 yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət X3 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Bu halı müəyyən edən Rayon Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən çərçivələrə salınmasına gətirib çıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi çıxış etmir, həmçinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Odur ki, Rayon Məhkəməsinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, cavabdeh Şirkət tərəfindən iddiaçıya 6.600 manat sığorta ödənişinin ödənilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6287/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6287/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver