Məhkəmə qərarları › İş №2(103)-6290/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6290/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6290/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment və mənəvi zərər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(009)-563/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 350 manat alimentin, uşaqların son 36 ay saxlanılması üçün xərclədiyi 25200 manat pulun və 5000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından X5 və X4 adlı uşaqları olmuşdur. Onlar rəsmi nikahda olsalar da artıq 3 ildən arıtq müddətdir ki, ailə münasibətləri kəsilmişdir. 2016-cı ilin avqust ayından uşaqlar iddiaçının himayəsindədirlər və cavabdeh onlara heç bir maddi yardım göstərmir. Uşaqların bütün xərclərini iddiaçı qarşılayır. Cavabdehin maddi durumu kifayət qədər yüksəkdir. Bundan başqa cavabdeh ata kimi öz vəzifələrini icra etmir, bu səbəbdən də onun da vəzifələrini iddiaçı icra edir. Bu hal da iddiaçıya əsəb və gərginlik yaşadır. Ona görə də iddiaçıya mənəvi zərər dəyir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(009)-563/2020 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia qismən təmin olunmuş, 23.01.2006-cı il təvəllüdlü X3 və 14.01.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16.01.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qətnamənin dərhal icra olunması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən edilən aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etməməsi, cavabdehin real gəlirlərini məhkəmədən gizlətməsi və s. əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 28 fevral 2003-cü il tarixdə ailə qurmaları, birgə nikahdan 2 yetkinlik yaşına çatmayan uşaqlarının (23.01.2006-cı il təvəllüdlü X5 və 14.01.2004-cü il təvəllüdlü X4) olması, faktiki olaraq ayrı yaşamaları, uşaqların iddiaçının yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, ailə qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2020-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, cavabdehin aylıq əmək haqqısının məbləğini, eyni zamanda tərəflərin maddi və sosial vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşaqları 23.01.2006-cı il təvəllüdlü X3 və 14.01.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 90 manat sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin tutulmasına dair hissədə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqe, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə (maddi imkanının az olması və s.) onu bir valideyn kimi uşaqların saxlamaq vəzifəsindən azad edə bilməz. Həmçinin işdən və cavabdehin izahatından görünür ki, cavabdeh əmək qabiliyyətlidir, əlilliyi yoxdur, işləyir. Alimentin miqdarının qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən xeyli aşağı müəyyən olunması isə uşaqların mənafeyinə uyğun olmamaqla, onların saxlanılması üçün yetərli deyildir. Məhkəmə kollegiyası ölkədə yaşayış minimumunu və uşağın saxlanılma xərclərinin nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi hər uşağa sabit pul miqdarında 90 manat aliment müəyyən etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin hər uşağa görə hər ay 150 manat sabit pul məbləğində müəyyən olunması qanuni və ədalətlidir. Bu səbəbdən də, qətnamə qeyd edilən hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalıdır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə digər (uşaqların son 36 ay saxlanılması üçün xərclədiyi 25200 manat pulun və 5000 manat mənəvi zərərin tutulması hissədə) hissədə razılaşmayaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə əsaslıdır. Çünki, iddiaçı qeyd edilən hissələrdə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, cavabdehdən əvvəllər aliment tələb etməsinə və çəkilmiş xərclərə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən hər ay sabit pul miqdarında tutulmalı olan alimentin ümumi məbləği 300 manat (hər uşağa hər ay 150 manat olmaqla) müəyyən olunmalı, qətnamə həmin hissədə dərhal icra olunmalı, qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment və mənəvi zərər» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(009)-563/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(009)- 563/2020 saylı qətnaməsi qismən, yəni alimentin tutulması hissədə ləğv edilsin, 23.01.2006-cı il təvəllüdlü X3 və 14.01.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilsin, qətnamə qeyd edilən hissədə dərhal icra olunsun. Qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar