Məhkəmə qərarları › İş №2(103)-6293/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6293/2025

04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6293/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X1 Bakı” QSC-yə və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi,deliktdən əmələ gələn öhdəlik” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh“X1 Bakı” QSC-nin vəkili və nümayndəsi Vəkil3 iştirakı İlə, İddiaçı cavabdehlər “X1 Bakı” QSC-yə və Cavabdeh2 qarşı “mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli e-2(011)-2876/2025 nömrəli qətnaməsindən cavabdeh “X1-Bakı” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “X10” tərəfindən verilmiş xəstə məlumatlarından - A01879698 nömrəli qəbzdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində xəstəxanada uzman həkimin qəbulu, mil-bilək 2 proyeksiya (göndərən həkim Cavabdeh2), dirsək altı sirkular gips, təcili yardım tibb bacısı xidməti, 1278 – Gips Sintetik N3, 004754 – xəstə altı bez 90X180 N 30, 442müayinə masa örtüyü laminasiyalı rulonda 50 sm, 1867 - əlcək q/steril lat.pudrasız N100M xidməti göstərilmiş, xidmət haqqı 154,61 manat təşkil etmiş və iddiaçı tərəfindən xidmət haqqı ödənilmişdir.

2. “X10” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Rentgen şöbəsi tərəfindən verilmiş məlumatdan görünür ki, İddiaçı mil-bilək 2 proyeksiya sağ mil bilək oynağının ön və yan proyeksiyada R-qammasında sair sümüklərinin distal sınıqları aşkar olunmuşdur.

3. “X10” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2024cü ildə İddiaçı Mil-Bilək 2 proyeksiya xidməti göstərilmiş, rengenoloq (radioloq) Günay Həşimova, göndərən həkim Şahmar Yahyayev olmuş, 35 manat xidmət haqqı ödənilmişdir.

4. Xüsusi Müalicə Sağlamlıq Kompleksi tərəfindən xx.xx.2024-cü il tarixində edilmiş X3dən - Sağ mil-bilək oynağının MR müayinəsindən (nativ) görünür ki, mil sümüyünün distal hissəsində bitişməkdə olan az yerdəyişən sınıq və iliy ödemi qeyd olunur. Dirsək sümüyünün distal hissəsində ilik ödemi qeyd olunur (nəzərəçarpan sınıq və ya deformasiya izlənilmir). Distal radioulnar oynaq yarığında minimal maye təyin edilir, “TFCC” strukturaları və radioulnar bağların tamlığı seçilmir (zədələnməsi düşünülür). Qonşu yumşaq toxumalar ödemlidir. Qayığabənzər sümükdə gec subakut dövrlü bitişməmiş sınıq(lar) (yalançı oynaq) kimi dəyərləndirilən, kənarları sklerotik olan fraqmentasiya və sümük iliyi ödemi fonunda kistik dəyişikliklər qeyd olunur (osteonekroz düşünülür) - KT korrelyasiya məqsədəuyğundur. Başlı sümükdə iliy ödemi qeyd olunur (nəzərəçarpan sınıq/deformasiya izlənilmir). Fleksor və ekstensor əzələ vətərləri yerindədir, qalınlığı və siqnal intensivliyi norma daxilindədir. Karpal və Guyon kanalları normal görünüşlüdür.

5. Xüsusi Müalicə Sağlamlıq Kompleksi tərəfindən xx.xx.2024-cü il tarixində edilmiş rentgenoloji müayinədən – Sağ mil bilək oynağının 3 proyeksiyada R-qrafiyasından görünür ki, skafoid sümüyü orta 1/3-də sklerotik və düzənsiz sərhədləri olan iki ayrı deformasiya olunan fraqmenti izlənilir. Qayığabənzər sümüyün avaskulyar nekozu yönündən kliniki korrelyasiya və gərəkli halda əlavə müayinələr tövsiyə olunur. Sağ mil sümüyünün distal metafizində minimal yerdəyişmiş, nəzərəçarpan bucaqlanması olmayan birləşməkdə olan sınığı.

6. Xüsusi Müalicə Sağlamlıq Kompleksi tərəfindən xx.xx.2024-cü il tarixində edilmiş kompyuter tomoqrafiyasından - Sağ mil-bilək oynağının KT müayinəsindən görünür ki, Mil sümüyünün distal hissəsində oynaq səthinə uzanmayan, az yerdəyişən, mürəkkəb/qəlpəli sınıq qeyd olunur, sümük fraqmentlərinin kənarlarında yer-yer zəif sklerotik dəyişikliklər müşahidə olunur, konsolidasiya/sümük döyənəyi izlənilmir. Dirsək sümüyünün stiloid çıxıntısında kiçikölçülü sümük defekti, qonşuluğunda isə ona uyğun sümük fraqmenti təyin edilir (avulsion sınıq). Distal radioulnar oynaq yarığı genişlənmişdir. Qayığabənzər sümük mürəkkəb sınığa bağlı deformasiyalı və fraqmentasiyalıdır, kobud kistik dəyişiklikləri diqqəti çəkir, osteoporoz müşahidə olunur; sümük fraqmentlərinin kənarlarında MR görüntülərində düşünüldüyü qədər skleroz izlənilməsə də aralarında boşluq görünür (konsolidasiya prosesi izlənilmir). Başlı sümüyün distal hissəsində oynaq səthinə uzanan, yerdəyişməyən, incə natamam sınıq xətti təyin edilir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ tərəfindən 437/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, İddiaçı Həşim oğluna xx.xx.2024-cü il tarixdə sağ mil bilək oynağının ön və yan proyeksiyasıda rentgenoloji müayinəsi aparılmış və onda said sümüklərinin distal sınıqlarının aşkar olunduğu qeyd edilmişdir. Diaqnoz rentgenoloji olaraq təyin edilmiş və həkim Cavabdeh2 tərəfindən dirsəkaltı sirkulyar gips sarğısı qoyulmuşdur. İlkin rentgenoloji müayinədə skafioid (qayığabənzər) sümüyün sınığı təyin edilməli olduğu halda, təyin edilmədiyi üçün zaman keçdikcə həmin nahiyyədə avaskulyar nekroz inkişaf etmişdir. Xüsusi Müalicə Sağlamlıq Kompleksi tərəfindən xx.xx.2024-cü il tarixində edilmiş X3dən İddiaçı Həşim oğluna said sümüklərinin sınığına görə göstərilmiş ilkin tibbi yardım düzgün olmuşdur, Skafoid sınığı təyin edilsə idi, o zaman cərrahi müdaxilə məsləhət oluna bilərdi. İddiaçı Həşim oğluna cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyata tibbi göstəriş skafoif sümüyün anatomik bərpası olmuşdur. İddiaçı Həşim oğlunun üzərində cərrahiyyə əməliyyatı icra edilmişdir. Hazırki vəziyyətdə mil bilək oynağında hərəkət məhdudluğu qeyd olunur. Bunun üçün fizioterapiya müalicələrin aparılması məqsədə müvafiqdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehlər “X1 Bakı” QSC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh "X1-Bakı" QSC (VÖEN: **********) tərəfindən tibb xidmətinin göstərilməsi zamanı iddiaçının sağlamlığa vurulmuş ziyanla bağlı mənəvi zərərə görə kompensasiya qismində 28.000 AZN (iyirmi səkkiz min manat) tutularaq İddiaçı Haşim oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının nümayəndəsi və vəkili sonradan birgə cavabdehin işə cəlb edilməsi və iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin "X1-Bakı" QSC ilə bərabər şəkildə həm də həkim Cavabdeh2 aid edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Haşim oğlu (bundan sonra “İddiaçı”) xx.xx.2024-cü il tarixində futbol oynayarkən yıxılmış və sağ mil nahiyəsindən aldığı xəsarətlə bağlı diaqnoz qoyularaq müvafiq qaydada müalicə alması məqsədilə “X9” (Ödəniş qəbzindən göründüyü kimi xəstəxananın rəsmi adı "X1-Bakı" QSC-dir) (bundan sonra “Cavabdeh”) müraciət etmişdir. Qeyd edilən xəstəxanada o, Ortopediya və Travmatologiya şöbəsinin həkimi Cavabdeh2 qəbulunda olmuşdur. Cavabdeh2 göndərişi ilə İddiaçının sağ mil biləyinin ikiölçülü proyeksiyada Cavabdeh xəstəxananın Rentgen şöbəsinin həkimi radioloq Günay Həşimova tərəfindən rentgeni çəkilmişdir. Həmin rentgenoqrafiya prosedurunun diski və prosedurunun nəticələrini əks etdirən sənəd sübut qismində bu iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, həmin sənəddə radioloq Günay Həşimova tərəfindən qeyd edilmişdir ki, xəstəninsağ mil bilək oynağının ön və yan proyeksiyada Rqrammasinda said sümüklərinin distal sınıqları aşkar olundu. Həmin sənəddə İddiaçının biləyindəki tibbə skafoid olaraq adlanan sümüyünün sınığı ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Daha sonra, Rentgenoqrafiya prosedurun nəticələrinə əsasən həkim Cavabdeh2 İddiaçıya said sümüyündəki sınığa görə “dirsək altı sirkular gips” qoyulmuşdur. İddiaçının biləyindəki digər sümükdə olan sınığa hər hansı tibbi müdaxiləmüalicə edilməmişdir. (Qeyd edilən məlumatlar Qoşma şəklində bu iddia ərizəsinə əlavə edilmiş “Xəstə məlumatları” adlı sənəddə öz əksini tapmışdır). Sonrakı mərhələdə, 2 ay ərzində İddiaçının qolu gipsdə qalmış, bu müddət ərzində biləyində aşkar edilməmiş və təcili tibbi müdaxilənin edilməsinə ehtiyac olan digər sınığın mövcudluğundan xəbərsiz olmuşdur. Lakin bu müddət ərzində sağ bilək hissəsindəki ağrılar keçməmiş, əksinə şiddətlənmiş, bilək nahiyəsində şiş yaranmışdır. Bununla əlaqədar, İddiaçı yenidən başqa həkimə müraciət etmək qərarında gəlmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixində “Xüsusi Müalicə və Sağlamlıq Kompleksi”nin həkimi Orucov Y-nin göndərişi ilə həmin xəstəxanın radioloqu Şahin Hüseynov tərəfindən 3-ölçülü rentgenoloji müayinədən və həkim X7 tərəfindən X3 (MRT) keçmişdir. Eyni qaydada, həkim Fuad Cəfərov tərəfindən xx.xx.2024cü il tarixində İddiaçının biləyi/qolu üzərində Kompyuter Tomaqrafiyası (KT) aparılmış və İddiaçının bilək nahiyəsindəki skafoid sümüyündə vaxtında müdaxilə olunmadığı üçün patologiyaya səbəb olmuş sınıq aşkar edilmişdir. Hər 3 müayinənin nəticəsində verilən diaqnozları əks etdirən sənədlər qoşma şəklində hazırki İddia ərizəsinə əlavə edilir. Həmin sənədlərdə iddiaçının sağ mil bilək oynağının müayinəsi aparıldıqda qoyulmuş diaqnozlar ümumiləşdirilmiş şəkildə aşağıdakıları ifadə edir: 3 ölçülü proyeksiyada çəkilən rentgenoloji müayinənin nəticələrinə əsasən (Qoşmaya əlavə edilir) Skafoid (qayığabənzər) sümüyünün formasında deformasiya müşahidə olunduğu (mövcud sınığa vaxtında tibbi müdaxilə olunmamasının nəticəsində) və qan təchizatının itirilməsi səbəbilə sümük toxumasının ölümünün (avaskulyar nekroz) ehtimal olunduğu qeyd olunmuşdur. Biləkdə yerləşən Skafoid sümüyünün orta 1/3 hissəsində müəyyən edilən, hər hansı tibbi müdaxilə edilməmiş sınıqda “sklerotik” müşahidə olunduğu bildirilmişdir ki, bu da özlüyündə qeyd edilən skafoid sümüyün qığırdaqlı nahiyəsində patoloji prosesin ortaya çıxmasına yol açdığını göstərən faktdır Qeyd edilənlər terminləri məhkəmənin diqqətinə anlaşılan formada çatdırmaq üçün qeyd edək ki, 1 ) Skafoid sümüyü - biləyin hərəkətini və dayanıqlığını təmin edən ən vacib bilək sümüklərindən biridir və forma etibarilə qayığa bənzədiyi üçün tibbdə başqa ad ilə “qayığabənzər” sümük olaraq da tanınır. 2) Sklerotik termini tibbdə sümük və ya toxumaların sərtləşməsi mənasını verir və adətən travma, iltihab, qan dövranının pozulması və ya degenerativ xəstəliklər nəticəsində yaranır. 3) Patologiya - hüceyrələrin və toxumaların normal vəziyyətindən və ya inkişaf prosesindən ağrılı bir sapma hadisəsi, anormallıq deməkdir. Daha sonra, “Xüsusi Müalicə və Sağlamlıq Kompleksi”-də İddiaçı (xəstə)MRT və KT edilmiş və qoşmaya əlavə edilmiş həkim rəylərindən göründüyü kimi, İddiaçının sağ mil bilək oynağının hər 3 müayinəsinin (üçölçülü rentgen; KT; MRT) nəticələrinə görə müəyyən edilmişdir ki, xəstənin sağ biləyindəki skafoid (qayığabənzər) sümüklərdən birində olan sınığa vaxtında tibbi müdaxilə olunmaması nəticəsində sümük qanla qidalanmamış, nəticədə kənarları deformasiyaya uğramışdır. Qeyd edilən diaqnozun nəticələri ortaya çıxarıldıqdan sonra xəstə (İddiaçı) dərhal təxirəsalınmaz şəkildə xx.xx.2024-cü il tarixində əməliyyat olunmuşdur. Lakin xəstənin (İddiaçının) biləyinin hazırki vəziyyəti ona təxirəsalınmadan edilməli olan tibbi müdaxilənin 2 aydan çox gecikməsi səbəbilə tam bərpa olunmamışdır və olunması da tamamilə mümkünsüzdür. Xəstənin sağ mil bilək oynağı hazırki vəziyyətin qorunub saxlanılması üçün daimi fizioterapiyaların həyata keçirilməsini labüd edir, lakin bununla belə sümüyün əvvəlki sağlam vəziyyətini bərpa etməsi vaxtında tibbi müdaxilənin olmaması səbəbilə mümkünsüzdür. Bu isə o deməkdir ki, Cavabdehin tabeliyində çalışan həkimlərin qənaətbəxş olmayan tibbi yardımı nəticəsində İddiaçının sağlamlıq imkanları ömürlük məhdudlaşmaya məruz qalmışdır. Təcili yardım şöbəsində sınıq şübhəsi olan rentgen müayinələrinin yekun yazılı, hərtərəfli raportu radioloq tərəfindən xəstə təcili yardım şöbəsindən buraxılmadan əvvəl təqdim edilməlidir. Lakin radioloq Günay Həşimovanın təqdim etdiyi sənəddən göründüyü kimi müayinə nəticələri yarımçıq əks etdirilmişdir, İddiaçının biləyindəki qalxanabənzər sümüyün sınığı göstərilməmişdir. Müalicə həkimi Cavabdeh2 isə rentgenoqrafiyanın nəticələrini əks etdirən disklərlə tanış olmamış və ya yanlış formada tanış olmuşdur ki, İddiaçının biləyindəki skafoid sümüyünün sınığı müəyyən olunmamışdır. Skafoid sümüyündəki sınığın müəyyən edilməsi üçün təcili yardım şöbəsində tibb sahəsində qəbul edilmiş beynəlxalq standartlara və diaqnostik protokollara əsasən üçölçülü proyeksiyada rentgenoqrafiya edilir, ona görə ki, 2 proyeksiyalı rentgen çəkilişi diaqnostik dəqiqliyi, həssaslığı və spesifikliyi baxımdan 3 ölçülü rentgen çəkilişi qədər qənaətbəxş hesab edilmir. Lakin xəstəyə tibbi xidmət göstərən həkimlər tərəfindən onun biləyinin 3 ölçülü rentgeninin çəkilməsi və ya KT edilməsi üzrə yönləndirmə aparılmamışdır. Nəticədə xəstəyə diaqnoz qoyulmasına ciddi səhvə yol verilmişdir ki, bu səhvin nəticəsində hazırda xəstənin sağlamlığına ömürlük ziyan dəymişdir. (Qeyd edək ki, ilkin olaraq xəstənin qolundakı sınığın Cavabdeh xəstəxanada çəkilmiş rentgen görüntülərini əks etdirən disklər və sonradan Cavabdehin digər xəstəxanada çəkilmiş KT, MRT və üçölçülü rentgen müayinəsinin görüntüsünü əks elətdirən disklər hazırlıq iclasında məhkəməyə sübut təqdim ediləcəkdir). Müalicə həkimi, Cavabdeh2 xəstənin (İddiaçı) qol və biləyindəki xəsarətlərlə/sınıqlarla bağlı daha dəqiq, detallı məlumat əldə etmək üçün Kompyuter Tomoqrafiyası və MRT və ya 3 ölçülü rentgenoqrafiya müayinəsinin keçirilməsi üçün onu müvafiq qaydada yönləndirməmişdir, müvafiq müalicənin tətbiq edilməsi üçün sadəcə 2 ölçülü rentgenoqrafiya müayinəsinin nəticələri ilə kifayətlənilmişdir. Halbuki, tibb sahəsində qəbul olunmuş ümumi praktikaya əsasən, sınıq xəsarəti ilə müraciət edən xəstələrə dəqiq diaqnoz qoyulması məqsədilə 3 ölçülü rentgen və ya MRT müayinəsinin edilməsi mütləqdir (Qeyd edək ki, bu hallar məhkəməyə müvafiq sahə üzrə xüsusi biliyə malik mütəxəssis dəvət olunaraq onun ifadələri ilə də təsdiq oluna bilər). İddiaçının qoluna müvafiq diaqnoz əsasında gips qoyulduqdan sonra bir neçə dəfə təkrarən eyni xəstəxanada 2 ölçülü rentgen çəkilmiş, lakin bu müayinələrin heç birində xəstənin biləyindəki qayığabənzər (skafoid) sümükdəki sınıq aşkar edilməmişdir. Nəticə etibarilə, Cavabdeh xəstəxananın işçiləri həkim Cavabdeh2 və radioloq Günay Həşimovanın öz vəzifələrindən irəli gələn öhdəliklərini lazımınca yerinə yetirməmələri nəticəsində iddiaçının sağlamlığına bərpaolunmaz zərər dəymişdir, bu hal mülki hüquq pozuntusu hesab edilərək, ona dəymiş mənəvi zərərin əvəzi ödənilməlidir.

11. Cavabdeh “X1-Bakı” QSC tərəfindən iddia ərizəsinə yazılı etiraz verilərək onunla əsaslandırılmışdır ki, xəstənin ilkin müraciətində aparılan rentgen müayinəsində skafoid sınığı görünməmiş, radioloq tərəfindən belə bir qeyd verilməmişdir. Kliniki və radioloji sübut olmadığı üçün skafoidə yönəlik əlavə müdaxilə tibbi baxımdan zəruri hesab edilməmişdir.

2. İddiaçı 10 oktyabr 2024-cü il tarixində əməliyyat olunduğunu iddia etsə də, məhkəməyə əməliyyat protokolu, əməliyyatdan sonrakı sənədlər və reabilitasiya qeydləri təqdim etməmişdir. Bu faktın necə aydın olduğu məlum deyildir. Cərrahi müdaxilə iddiası aşağıdakı əsas sənədlərlə təsdiq olunmalıdır, lakin təqdim edilməmişdir: “əməliyyat protokolu, stasionar tarixçə və epikriz, əməliyyatöncəsi və əməliyyatsonrası görüntülər (rentgen/KT/MRT) və onların rəy formaları, reabilitasiya/fizioterapiya göndərişi və faktiki seans jurnalları, əməliyyatdan sonrakı ambulator müayinələr və nəticələr”. Bu sənədlər olmadan: (a) əməliyyatın ümumiyyətlə icra olunması, (b) dəqiq diaqnoz və göstəriş, (c) üsul və vaxt, (d) ağırlaşmaların olub-olmaması, (e) iddia edilən hərəkət məhdudluğu hüquqi standartlara uyğun şəkildə təsdiqlənmir. 3. Mövcud tibbi sənədlər göstərir ki, xəstəyə ilkin qəbul zamanı beynəlxalq standartlara uyğun olaraq düzgün diaqnostik və müalicəvi tədbirlər görülmüşdür. Sonrakı diaqnoz və müalicələr başqa tibb müəssisələrində aparıldığı üçün, həmin nəticələrin dəqiqliyinə dair tibbi şərh vermək cavabdehlərin səlahiyyətinə daxil deyildir. Hazırkı məlumat yalnız ilk müraciət dövründə aparılmış tibbi tədbirlər və sənədləşdirilmiş müşahidələr əsasında hazırlanmışdır. Xəstə iddia edir ki, 02 oktyabr 2024-cü il tarixində başqa bir tibb müəssisəsinə müraciəti nəticəsində 05 oktabr 2025-ci il tarixində aparılan 3 proyeksiyalı (ehtimal ki, ön-arxa, yan, ulnar deviasiya) bilək rentgeni nəticəsində skafoid sümük sınığı aşkarlanmışdır. Bu tip görüntüləmə adətən gipsin çıxarılmasını tələb edir, belə ki bu müayinə üçün bilək ulnar deviasiya (dirsək sümüyü tərəfə döndərmə) etdirilməlidir, bu da gips sarğısı içərisində mümkün deyildir. Xəstə ətrafının “iki ay ərzində” gipsdə qaldığını iddia etsə də, qeyd olunan səbəbdən faktiki immobilizasiya müddətinin 48 gündən daha az olduğu ehtimal olunur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, avqust–oktyabr ayları arasında xəstənin gipsi çıxarıbçıxarmaması, əlavə travma alıb-almaması və ya sağalmaya təsir edə biləcək digər hallara dair obyektiv məlumat yoxdur. Avaskular nekroz (AVN) barədə iddialara əsasən deyə bilərik ki, (AVN dedikdə, sümüyünüzə qan tədarükü çox az olduqda və ya olmadıqda baş verən tibbi vəziyyət başa düşülür) 2024-cü ilin oktyabrın əvvəlində aparılan MRT-də yalnız “ehtimal olunan” AVN qeyd olunmuş, əsas dəyişikliklər isə skafoid orta 1/3 hissəsində təsvir edilmişdir. Halbuki AVN adətən proksimal qütbdən başlayır (hər hansı orqanı qidalandıran damar zədələnirsə, nekroz prosesi damarın sonundan, terminal ucundan başlayır) Həmçinin KT hesabatında “psevdoyonaq” termini istifadə olunmuşdur, lakin bu diaqnozu qoymaq üçün elmi ədəbiyyata görə ən azı 3–6 ay, bəzən 9 aya qədər vaxt tələb olunur. 7. Bundan başqa qeyd etməyi zəruri hesab edirik ki, skafoid sınıqlarının 20–40%-i ilkin rentgendə görünmür. MRT yalnız növbəti həftələrdə normal filmə baxmayaraq klinik və radioloji şübhə davam edərsə planlaşdırılır. Belə ki, 6–8 həftədə “bitişməmə/psevdoartroz” diaqnozu erkəndir; gecikmiş bitişmə 3–6 ay, qeyribirləşmə adətən ≥6 ayda qiymətləndirilir. KT müayinəsində bu qədər qısa müddətdə psevdoartroz diaqnozu qoyulması anlaşılmazdır. AVN riski əsasən skafoidin proksimal qütbdədir; damarlaşmanı MRT qiymətləndirir, KT AVN diaqnozu qoymur və təkcə skleroz qeyri-spesifikdir. Skafoidin boyun hissəsində MRT nəticəsində AVN olması standart tibbi praktikada rast gəlinmir. Qeyd edilənlərə əsasən istinad edilən beynəlxalq protokollardan çıxarışlardan göründüyü ilkin qiymətləndirmə, görüntüləmə seçimi, immobilizasiya və təqib sübuta əsaslanan müalicə standartlarına tam uyğundur. Buna görə də iddia tələbi tam əsassızdır və rədd edilməsini xahiş etmişlər.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli e-2(011)- 2876/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “X1- Bakı” QSC-dən tibbi xidmətlərin göstərilməsi zamanı iddiaçının sağlamlığına vurulmuş ziyanla bağlı mənəvi zərərə görə kompensasiya qismində 3.000 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X5)

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçının sağlamlığına zərərin mövcud olması iş materialları ilə təsdiq edilmişdir. Belə ki, İddiaçı Həşim oğlunun sağ biləyində həm said sümüklərinin sınığı, həm də skafioid sınığı olsa da, rentgenoloji müayinənin nəticəsi olaraq yalnız said sümüyünün sınığı qeyd edilmiş və Cavabdeh2 tərəfindən məhz said sümüyünü sınığına görə ilkin tibbi yardım göstərilmişdir. Hər nə qədər said sümüyünün sınığına görə tibbi yardım Cavabdeh2 tərəfindən düzgün edilsə də, rentgenoloji müayinənin natamam həyata keçirilməsi iddiaçıya vaxtında dəqiq diaqnozun qoyulmamasına, nəticə etibarı ilə avaskulyar nekrozun inkişaf etməsinə gətirib çıxarmışdır. Hətta iddiaçı 2024-cü ildə cərrahi əməliyyat etdirməsinə baxmayaraq, cari tarixə onun sağ biləyində hərəkət məhdudluğu vardır. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazında qeyd etdiyi “skafoid sınıqlarının 20– 40%-i ilkin rentgendə görünməməsi” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı sonradan da, yəni xx.xx.2024-cü il tarixində X9 müraciət etmiş və ona yenidən mil-bilək sümüyünün 2 ölçülü proyeksiya xidməti göstərilmişdir. Məhkəmə həmçinin cavabdehin etirazında qeyd etdiyi “10 oktyabr 2024-cü il tarixində əməliyyat olunduğunu iddia etsə də, məhkəməyə əməliyyat protokolu, əməliyyatdan sonrakı sənədlər və reabilitasiya qeydləri təqdim etməmişdir” dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə tibbi-ekspert rəyi ilə də təsdiq edilmişdir ki, cərrahi əməliyyat icra edilmişdir. Cərrahi əməliyyata dair sənədlərin araşdırılması hazırda iş üzrə xüsusi əhəmiyyət daşımır. Belə ki, məhkəmə mübahisəsi 2024-cü ilin avqust ayında edilən tibbi müdaxilə ilə bağlıdır. Nəzərə alınmalıdır ki, qanunvericiliyin mənasına görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Bu hissədə məhkəmə qeyd edir ki, tərəflər məhkəmə iclası barədə məlumatlandırılmış, hətta xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası məhz cavabdehin nüməyəndəsi və vəkilinin vəsatətinə əsasən sübutları təqdim edilməsinə şərait yaradılması üçün təxir edilmiş, lakin hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehlərin məsuliyyəti məsələsinə aydınlıq gətirərək, bir daha qeyd etmişdir ki, iddiaçının sağlamlığına dəymiş ziyanın məhz “X10”nın Babək filialında ilkin rentgenolji müayinənin düzgün olmaması ilə bağlı olmuşdur. Buna görə də iddia “X1-Bakı” QSC-yə münasibətdə təmin edilməlidir. Məhkəmə, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab etmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 3.000 (üç min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097.1-ci, 1099-cu, 1112-ci, 1115-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 5-ci . 24-cü, 34-cü, 57-ci, 59-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim-travmatoloqortopedin nümunəvi vəzifə təlimatının 5.3-cü, 6-cı, 7-ci, 8-ci, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkimradioloqun nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci, 9-cu bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh “X1 Bakı” QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

19. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlı olmalarına baxmayaraq iştirak etmirlər səbəbləri barədə məlumat daxil olmamışdır. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

22. “Əhalinin sağlamlığının qorunması” haqqında Qanunun: 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir; 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırda cavabdeh “X1Bakı” QSC apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

29. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən mülki qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

30. Məhkəmə kollegiyası işin hallarına istinadən vurğulayır ki, İddiaçı Həşim oğlu xx.xx.2024-cü il tarixində “X10”nın Babək filialına yaxınlaşmış və həkim travmatoloqortoped Cavabdeh2 qəbulunda olmuşdur. Həmin tarixdə milbilək sümüyünün 2 ölçülü proyeksiyada R-qrammasında said sümüklərinin distal sınıqları aşkar edilmiş və Cavabdeh2 tərəfindən tibbi xidmət göstərilmiş, (dirsək altı sirkular gips qoyulmuş, resept yazılmış), daha sonra iddiaçı tibbi müəssisəni tərk etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı yenidən “X10”nın Babək filialına yaxınlaşmış və ona yenidən mil-bilək sümüyünün 2 ölçülü proyeksiya xidməti göstərilmişdir. Bu müddət ərzində iddiaçının ağrıları azalmamışdır və nəticə olaraq 2024-cü ilin oktyabr ayında o, digər tibb müəssisəsinə yaxınlaşmış və sağ mil bilək oynağının 3 proyeksiyada R-qrafiyası, sağ mil-bilək oynağının KT müayinəsi və sağ mil-bilək oynağının MRT müayinəsi edilmiş və müayinənin nəticəsindən asılı olaraq həmin müəssisədə cərrahi əməliyyat keçirmişdir. Hazırda iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq, 28.000 manat məbləğində pulun ödənilməsini məhkəmə qaydasında tələb etmişdir.

31. Bununla belə, tərəflər arasında tibbi xidmətin göstərilməsi sahəsində hüquqi münasibətlər yaranmış və buna uyğun olaraq cavabdeh tərəf iddiaçını müəyyən məbləğdə pulun ödənilməsi müqabilində və onun razılığı əsasında müayinə və müalicə etmiş, o cümlədən mil-bilək sümüyünün 2 ölçülü proyeksiya xidməti göstərilmişdir.

32. Göründüyü kimi, İddiaçı Həşim oğlunun sağ biləyində həm said sümüklərinin sınığı, həm də skafioid sınığı olsa da, rentgenoloji müayinənin nəticəsi olaraq yalnız said sümüyünün sınığı qeyd edilmiş və Cavabdeh2 tərəfindən məhz said sümüyünü sınığına görə ilkin tibbi yardım göstərilmişdir. Hər nə qədər said sümüyünün sınığına görə tibbi yardım Cavabdeh2 tərəfindən düzgün edilsə də, rentgenoloji müayinənin natamam həyata keçirilməsi iddiaçıya vaxtında dəqiq diaqnozun qoyulmamasına, nəticə etibarı ilə avaskulyar nekrozun inkişaf etməsinə gətirib çıxarmışdır. Hətta iddiaçı 2024-cü ildə cərrahi əməliyyat etdirməsinə baxmayaraq, cari tarixə onun sağ biləyində hərəkət məhdudluğu vardır.

33. İddiaçının səhhətinə zərər vurulduğu iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının nəticələri ilə tam olaraq öz təsdiqini tapır. Belə ki, həm birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə aparılmış ekspert tədqiqatlarının nəticələrinə dair tərtib edilmiş rəyə əsasən “İddiaçı Həşim oğluna xx.xx.2024-cü il tarixdə sağ mil bilək oynağının ön və yan proyeksiyasıda rentgenoloji müayinəsi aparılmış və onda said sümüklərinin distal sınıqlarının aşkar olunduğu qeyd edilmişdir. Diaqnoz rentgenoloji olaraq təyin edilmiş və həkim Cavabdeh2 tərəfindən dirsəkaltı sirkulyar gips sarğısı qoyulmuşdur. İlkin rentgenoloji müayinədə skafioid (qayığabənzər) sümüyün sınığı təyin edilməli olduğu halda, təyin edilmədiyi üçün zaman keçdikcə həmin nahiyyədə avaskulyar nekroz inkişaf etmişdir. Xüsusi Müalicə Sağlamlıq Kompleksi tərəfindən xx.xx.2024-cü il tarixində edilmiş X3dən İddiaçı Həşim oğluna said sümüklərinin sınığına görə göstərilmiş ilkin tibbi yardım düzgün olmuşdur, Skafoid sınığı təyin edilsə idi, o zaman cərrahi müdaxilə məsləhət oluna bilərdi. İddiaçı Həşim oğluna cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyata tibbi göstəriş skafoif sümüyün anatomik bərpası olmuşdur. İddiaçı Həşim oğlunun üzərində cərrahiyyə əməliyyatı icra edilmişdir. Hazırki vəziyyətdə mil bilək oynağında hərəkət məhdudluğu qeyd olunur. Bunun üçün fizioterapiya müalicələrin aparılması məqsədə müvafiqdir.

34. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, bu qəbildən olan işlərdə qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin olubolmamasının sübuta yetirmə vəzifəsinin hansı şəxsin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının sağlamlığına zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməlidir və bunu sübut edə bilsə məsuliyyətdən azad edilir. Beləliklə, müəssisənin (cavabdeh) şəxsin sağlamlığına vurulmuş zərərə görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə bu maddədə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır və bu halda zərərin əvəzi ümumi əsaslarla ödənilir. Lakin cavabdeh “X1Bakı” QSC iddiaçının sübutlarını təkzib edən və hüquqi nəticə etibarı ilə onun təqsiri üzündən iddiaçının sağlamlığına zərərin vurulmadığını sübuta yetirə bilməmişdir. Başqa sözlə, iddiaçının sağlamlığına dəymiş ziyanın məhz “X10”nın Babək filialında ilkin rentgenolji müayinənin düzgün olmaması ilə bağlı olduğundan iddia tələbinin də məhz cavabdeh “X1Bakı” QSC-yə münasibətdə təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

35. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibb sahəsi üzrə xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Belə ki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər. Mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyləri ilə müəyyən edilmiş məlumatlar sübut hesab olunmasına və digər sübutlarla birlikdə qiymətləndirilməsinə baxmayaraq, bu qəbildən olan işlər üzrə həmin məlumatların həlledici əhəmiyyəti var. Bu baxımdan məhkəmənin qeyd edilən rəylərdən fərqli mövqedən çıxış etməsi üçün həmin rəyləri təkzib edən mötəbər sübutlar olmalıdır. Lakin hazırki iş üzrə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün hər hansı əsas, habelə digər sübut mövcud deyildir. Qeyd edilənlər iddiaçının sağlamlığına zərər vurulmasının işin müəyyən olunmayan halı olması barədə də cavabdehin dəlillərinin əsassız olmasını təsdiq edir.

36. Bu səbəbdən məhkəmə kollegiysı birinci instansiya məhkəməsinin mənəvi zərər ilə bağlı mövqeyini əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh “X1 Bakı” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli e-2(011)- 2876/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar