Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6295/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(005)-2517/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahından 22 yanvar 2022-ci ildə X2 doğulmuşdur.
2. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh 22 yanvar 2022ci ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 yanvar 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində alimentin, habelə uşaq 3 yaşa çatanadək iddiaçının özünə 100 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh uşağın saxlanması vəzifəsindən boyun qaçırır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2517/2022 saylı mülki iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 22 yanvar 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay 193 manat məbləğində alimentin, habelə uşaq 3 yaşa çatanadək iddiaçının özünə 50 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X3)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh uşağın saxlanması vəzifəsindən boyun qaçırdığından, cavabdehdən iddiaçının xeyrinə tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 2022-ci ildə respublikamızda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində aliment, habelə uşaq 3 yaşa çatanadək Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində nəzərdə tutulmuş aliment tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 112.1 və 84.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib daha aşağı həddə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən onun ailə və maddi vəziyyətini, o cümlədən əmək haqqının 470 manat olmasını nəzərə almamış, qətnamə Ailə Məcəlləsinin 76.1.1, 78, 84.2.2-ci maddələrində nəzərdə tutulmuş maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində arvadın aliment almaq hüququ nəzərdə tutulmuşdur. Halbuki, tərəflər arasında rəsmi nikah olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, İddiaçı isə şikayətin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
15. Məhkəmə hesab edir ki, apelyatorun azmaaşlı işdə işləməsi və 470 manat məbləğində əmək haqqı alması onu faktiki nikahlarından doğulmuş azyaşlı uşağı normal səviyyədə saxlamaq vəzifəsindən azad etmir. Alimentin onun əmək haqqının ¼ hissəsi miqdarında (470x1/4=117,5 manat) tutulması uşağın marağının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola biləcəyindən, 2022-ci ildə ölkəmizdə uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində olması nəzərə alınaraq alimentin həmin miqdarda müəyyən edilməsi düzgün olmuşdur. Ailə Məcəlləsinin 84-cü maddəsində qanunverici “ər” və “arvad” terminindən istifadə etmişdir. Qanunverici hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın ərindən aliment almaq hüququnu təsbit edərkən qadının hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində uşağa daha yaxşı qulluq etmək üçün maddi vəziyyətini təminat altına almaq məqsədi güdmüşdür. Konkret halda tərəflər arasında rəsmi nikah olmasa da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlə faktiki nikahlarından doğulmuş uşağa 3 yaşa çatanadək qulluq etdiyi dövrdə aliment ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
16. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir.
17. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
18. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (193- 117,5)x12=906 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2517/2022 saylı mülki iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.