Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6298/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3991/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasənişə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxxx 2007-ci il tarixdə nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx xxxxxx 2007-ci il tarixdə Yeganə və Tehranə adlı əkiz qızları doğulmuşdur. Uşaqların doğulmasından sonra cavabdehlə ailə münasibətləri korlanmış, cavabdeh 2 körpə qız uşağını atıb, valideynlərinin evinə getmiş və bir daha geri qayıtmamışdır. Dəfələrlə təkid etməsinə baxmayaraq cavabdeh geri qayıtmamış, uşaqlarla da maraqlanmamışdır. Nikahlarının formal xarakter daşıdığı, ailənin bərpasına ümid olmadığı qənaətinə gələrək məhkəmədə iddia qaldırmış, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx xxxxxxxx 2007-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, xx xxxxxx 2007-ci il təvəllüdlü Yeganə və Tehranə adlı qızları onun himayəsində saxlanılmışlar. Belə ki, məhkəmədə işə baxılarkən cavabdeh nikahlarının pozulmasına razı olduğunu, qızlarını saxlamağa imkanı olmadığını, heç bir yerdə işləmədiyindən və yalnız atasının pensiyası ilə yaşadığından qızlarının onun (atalarının) himayəsində qalmasını istədiyini bildirmişdir. Ayrıldıqdan sonra, nikahları pozulanadək və ondan sonrakı müddətlərdə cavabdeh bir ana olaraq öz qızlarının taleyi ilə maraqlanmamış, onların maddi və mənəvi ehtiyaclarını ödəmək üçün hər hansı real addım atmamışdır. Azərbaycan Respublikasının ailə qanunvericliyində valideynlərin uşaqlarını saxlamaq vəzifəsi və uşaqların saxlanılması üçün alimentin tutulması qaydaları müəyyən edilmişdir. Milli mentalitet baxımından ola bilsin ki, kişinin (atanın) qadından (anadan) aliment tələb etməsi qeyri-adi qarşılana bilər, lakin bu, cəmiyyət arasında belə ola bilər, hüquqi baxımdan hesab edir ki, irəli sürdüyü tələb əsaslıdır. İstinad etdiyi qanunvericilik məhz valideynlərin uşaqlarını saxlamağa borclu olmalarına dair vəzifəni və valideynlər uşaqlarını saxlamadıqda onların saxlanması üçünvəsaitin (alimentin) valideynlərdən tutulması qaydasını müəyyən və təsbit etmişdir. Bundan başqa, hesab edir ki, onun tələbinə qeyri-adi yanaşılarsa, ananın da körpə uşaqlarını atıb getməsi və aradan 10 ildən artıq müddət keçməsinə baxmayaraq bir daha onlarla maraqlanmaması da qeyriadi qarşılanmalıdır. Özü də nəzərə alınsa ki, həmin vaxt uşaqlar çox körpə idilər və məhz qız uşaqları idilər. Lakin indi qızları xeyli böyüyüblər, Bakı şəhərindəki 12 saylı tam orta məktəbin 7-ci sinfində oxuyurlar. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır, tədrisləri ilə bağlı əlavə xərclərə məruz qalır. Bununla yanaşı 2012-ci ildən başlayaraq səhhətində ciddi problemlər yaranmışdır, artıq işləmir, müayinə və müalicələri Bakı şəhərindəki tibbi klinikalarla yanaşı İranda da aparılmışdır, lakin bu müalicələr və keçirdiyi cərrahiyyə əməliyyatı fayda verməmişdir. Tibbi prosedurların həyata keçirilməsi xərcləri valideynlərinin və digər yaxınlarının maddi vəsaiti hesabına həyata keçirilmişdir, habelə qızlarının maddi təminatı da bu vasitə ilə təmin olunur. Bir neçə ildir ki, işləmir, artıq uşaqlarının maddi təminatını həyata keçirə bilmir. Ona görə ananın uşaqların saxlanmasında iştirakı zəruridir, hesab edir ki, cavabdehdən hər iki uşağın saxlanması üçün sabit pul məbləğində aliment tutulmalıdır. O, bu məbləği özü üçün tələb etmir, qanunvericilikdə bu hal nəzərdə tutulmuşdur, uşaqların da maddi vəziyyəti artıq alimentin tutulmasını zəruri edir. Eyni tələblə bağlı iddiası Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Lakin nəzərə alınmalıdır ki, uşaqların saxlanması üçün olan aliment tələbi ilə bağlı olduğundan, bu iddia tələbi davam edən münasibətlərə aiddir, ona görə həmin qətnamənin mövcud olması iddia tələbi üzrə icraata xitam verilməsi üçün əsas deyildir. Həmin qətnamə ilə Cavabdeh işləmədiyi, müstəqil qazanca malik olmadığı, xəstə olduğu və sair hallar nəzərə alınaraq ondan eyni məqsədlə aliment tələbi rədd olunsa da, hazırda onun da yuxarıda göstərdiyi hallar nəzərə alınmalıdır. Eyni hallar artıq onunla bağlı da baş vermişdir. Özü də işləmir, müstəqil qazanca malik deyil, xəstədir, cərrahiyyə əməliyyatına məruz qalmışdır və s. 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli qanununa əsasən yaşayış minimumu məbləği uşaqlar üçün 160 manat müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, artıq 2019-cu il başa çatmaq üzrədir, 2020-ci il üçün həmin məbləğin 170 manat olması nəzərdə tutulmuşdur. Bütün qanunvericilik aktları uşaqların maddi cəhətdən təmin edilməsinin həyata keçirilməsinə yönəlmişdir, hansı ki, o da bu prinsipdən irəli gələrək məhkəməyə müraciət edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, heç bir yerdə işləmir, xəstədir və hazırda əməliyyat olunmalıdır lakin imkanı olmadığı üçün əməliyyat oluna bilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, yeni ailə quraraq bir övladı da dünyaya gəlib, heç bir yerdə işləmir, Tovuz rayonunda cəbhə bölgəsində yaşayır, xəstədir və hazırda əməliyyat olunmalıdır, lakin imkanı olmadığı üçün əməliyyat oluna bilmir. Məhkəmə iclasıda iştirak edən iddiaçı isə apellyasiya şikayətini əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilməlidir. İş materiallarında olan AZ-İ Seriyalı 974155 nömrəli və AZ-İ Seriyalı 974156 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 və X4 xx xxxxxx 2007-ci il tarixdə doğulmuşlar. Ataları İddiaçı, anaları Cavabdehdır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx xxxxxxxx 2007-ci il tarixdə 722 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx xxxxxx 2007-ci il təvəllüdlü X4 və X3 iddaçı İddiaçı himayəsində qalmışlar. İş materiallarında olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 140/5 nömrəli və 140/6 nömrəli arayışlarından görünür ki, X3 və X4 Bakı şəhəri 12 nömrəli tam orta məktəbin 7ç sinfində oxuyurlar. İş materiallarında olan Bakı şəhəri 141 saylı MKİS-nin xx xxxxxxx 2019-cu il tarixli 911 nömrəli arayışından görünür ki, əmək kitabçasına əsasən İddiaçı xx xxx 2015-ci il tarixdən işləmir. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin 18 nömrəli X1 Poliklinika şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli 33 nömrəli arayışından və digər tibbi sənədlərdən görünür ki, İddiaçı “Xr. Hepafiz; Xr. Xolesistit; Xr. Panovafiz; Sol aşağı ətrafın kəskin tromboflebiti” və digər xəstəliklərdən qeydiyyata alınmış, cərrahiyyə əməliyatı keçirmişdir. İş materiallarında olan Ağstafa rayon İHB-nın Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2019-cu il tarixli 579/g nömrəli arayışından görünür ki, Cavabdeh Aşağı Göycəli kəndində qeydiyyatdadır, işləmir. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı ilə Cavabdeh ailə həyatı quraraq birlikdə yaşamışlar, xx xxxxxx 2007-ci il tarixdə onların Yeganə və Tehranə adlı iki qızları doğulmuşdur. Tərəflər xx xxxxxxxx 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar, Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, bu zaman hər iki uşağın iddaçı İddiaçı himayəsində qalması qət edilmişdir. Həmin vaxt uşaqların saxlanılması üçün aliment tələb edilməmiş, məhkəmə qətnaməsi ilə də müəyyən edilməmişdir. Hazırda iddiaçı onun himayəsində yaşayan uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən aliment tutulmasını tələb edir. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci madəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Göstərilənlərə əsasən, cavabdehin heç yerdə işləmədiyini, Tovuz rayonunda cəbhə bölgəsində yaşadığını, xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilməli və uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat məbləğində alimentin alınaraq iddiaçıya verilməli, çünki bu hazırki mübahisənin halları baxımından daha ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3991/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi uşaqların saxlanılmasına görə tutulacaq alimentin məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6298/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6298/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver