Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6299/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-7333/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay Cavabdeh bütün qazancından (gəlirindən) 1/3 hissədə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə minimum əmək haqqının 0.62 misli həcmində alimentin təyin edilməsi və Cavabdeh qazancının 1/3 hissəsindən bu alimentin miqdarı çıxılaraq yerdə qalan vəsaitin hər ay uşaqların adına açılacaq bank hesabına köçürülməsi və uşaqlar 18 yaşına çatanadək həmin bank hesablarından İddiaçı və digər şəxslərin istifadəsi, onlar barədə sərəncam verməsinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-7333/2025 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarını, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına və AR MPM-in 261.0.1-ci maddələrinə uyğun olaraq əsaslandırmışdır. Həmin qərardaddan Cavabdeh (vəkili-nümayəndəsi Vəkil) şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7333/2025 saylı, 14 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda İddiaçı və Cavabdeh arasında nikahın pozulması faktı mövcud olmamasına və tərəflərin bununla bağlı hələ də heç bir qəti qərara gəlməmələrinə baxmayaraq, İddiaçı aliment təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və hətta əsas iddia üzrə işə baxılıb yekunlaşana qədər müvvəqqəti təminat tədbiri qismində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Ümumiyyətlə, Cavabdeh isə bu günədək övladlarının saxlanmasına, tərbiyəsinə və təhsilinə lazım olan bütün xərcləri çəkmiş və hələ də çəkməyə davam etməkdədir. Sadəcə olaraq, cavabdeh övladlarının azyaşlı olduğunu və onların psixologiyasını nəzərə alaraq, yaranmış bu çətin vəziyyətdə hər hansı bir mübahisə yaratmaq və hazırki şəraitdə uşaqların iki tərəf arasında qalaraq sarsılmasını istəmədiyindən, uşaqların ananın yanında qalmasına etiraz etməmişdir. Lakin bu halı cavabdehin öz uşaqlarının qayğısına qalmaması və ya onları istəməsi kimi dəyərləndirmək olmaz. Vurğulamaq lazımdır ki, alimentin müəyən edilməsində əsas məqsəd, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması, onların maddi ehtiyaclarının qarşılanmasıdır ki, aliment sırf bu məqsədlərlə bağlı istifadə olunmalıdır. Məhz bütün bu qeyd edilənləri nəzərə aldıqda, cavabdehin qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi heç də təsadüfi deyildir. Onsuzda cavabdeh indiyə qədər övladlarına biganə qalmamış, onların bütün ehtiyaclarını qarşılamaq üçün əlindən gələnin daha çoxunu etməyə çalışmışdır və etmişdir də. Məhz yuxarıda da qeyd etdiyimiz kimi, alimentin də əsas məqsədinin uşaqların lazimi həyat şəraitin təmin edilməsi və onların maddi ehtiyaclarının qarşılanması olduğu nəzərə alsaq, cavabdehin övladlarına çatacaq hər hansı bir etirazının olması mümkün deyildir. Sadəcə olaraq cavabdeh sözügedən aliment məbləğinin hamısının yalnızca övladlarına çatdığını və onların saxlanılmasına xərcləndiyindən əmin olmaq, həmçinin uşaqların gələcəyinin təminat altına almaq məqsədilə qarşılıqlı iddia ərizəsi vermiş və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə minimum əmək haqqının 0.62 misli həcmində alimentin təyin edilməsi və Cavabdeh qazancının 1/3 hissəsindən bu alimentin miqdarı çıxılaraq yerdə qalan vəsaitin hər ay uşaqların adına açılacaq bank hesabına köçürülməsi və uşaqlar 18 yaşına çatanadək həmin bank hesablarından İddiaçı və digər şəxslərin istifadəsi, onlar barədə sərəncam verməsi qadağan edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə heç bir əsaslı səbəb göstərmədən və qanunvericiliyin tələblərinin nəzərə almadan qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməsinə dair qərardad qəbul etmişdir. Qarşılıqlı iddia ərizəsindən imtina əsası kimi isə, Plenum qərarına əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını qeyd etmişdir. Halbuki xx.xx.2026-ci il tarixli Plenum qərarını nəzərə aldıqda, məhkəmənin qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verməsi tamamilə əsassız olduğunu aydın şəkildə görünür. Məhkəmə Plenum qərarını düzgün şəkildə təfsir etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7333/2025 saylı, 03 noyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə 20 dekabr 2024-cü il tarixli Qərarı ilə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir. 1.2.2. 8.9-cu bəndə aşağıdakı məzmunda 8.9-1 və 8.9-2-ci yarımbəndlər əlavə edilsin: “8.9-1. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.”; Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən Plenum qərarında alimentin təyin edilməsi ilə bağlı yekun məhkəmə aktı qəbul edildikdən sonra, AM-nin 55.3-cü maddəsində nəzərdə tutulan tələb ilə iddia icraatı qaydasında müraciət edilməsini qadağan etmişdir. Hal-hazırki iş üzrə isə cavabdeh tərəfindən bu tələbə dair qarşılıqlı iddia ərizəsi alimentin təyin edilməsinə dair iddia tələbi ilə eyni vaxtda, yəni məhkəmədə baxılan müddət ərzində verilmişdir və yekun məhkəmə aktı qəbul edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olmaqla, hər bir kəsin məhkəməyə çatımlıq, hüquq və azadlıqların məhkəmə qaydasında təminatına imkan hüququdur. Bu imkanın hər hansı formal əsaslarla məhdudlaşdırılması həmin hüququn əsassız pozuntusuna gətirib çıxarar, həm də məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaradar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 7333/2025 saylı qərardadı ləğv olunmalı, MPM-in 220.6-cı maddəsinin müddəaları və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla, cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi məsələ (müraciət) yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-7333/2025 saylı qərardadı ləğv edilsin. İş üzrə prosessual hərəkətlərin davam etdirilməsi üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-6299/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6299/2025
21.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver