Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6311/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “A.Y.F.Beynəlxalq” Kompaniyasının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan (İş № 2(001)-3859/2020) Cavabdeh verdiyi şikayətə, iddiaçı Şirkətin nümayəndəsi X5, iddiaçı Şirkətin vəkili X2, cavabdehin vəkili (nümayəndəsi) X3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirkət cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının (keçmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi orqanında dövlət aktı qeydiyyatı kitabında xx.xx.2004-cü il tarixli, 7747 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və Şirkətə verilmiş JN1280 kodlu, 30800001 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ilə üzərində Şirkətin əmlak hüquqlarının (qanuni sahiblik və qanuni istifadə) olduğu torpaq sahəsində - Azərbaycan Respublikasının (keçmiş) Dövlət Əmlak Komitəsinin Dövlət X1 tərəfindən verilmiş Şirkətin qanuni istifadəsindəki həmin torpaq sahəsindəki qeyri-yaşayış obyektləri ilə bağlı Şirkətə verilmiş xx.xx.1999-cu il qeydiyyat tarixli, 6873 qeydiyyat nömrəli “Texniki pasporta” əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, 4 saylı binanın qarşısı/yaxınlığı ünvanında yerləşən faktiki 0,20 ha. (20 sot) ölçüdəki torpaq sahəsinin hüdudları daxilində 0,06 ha.-da Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsinə, həmin 0,06 ha torpaq sahəsinin Cavabdeh alınaraq Şirkətin sahiblik və istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Şirkət eyni zamanda “İddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanı ilə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə dövlət reyestrində dövlət qeydiyyatı aparılmış 0,06 ha ölçüdə torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti-söküntü işlərinin aparılmasının cavabdehə və onun tikinti sifarişçisi olaraq ərazidəki söküntü-tikinti işlərinə podratçı, usta və fəhlə qismində cəlb edə biləcəyi digər şəxslərə qadağan edilməsi və həmin şəxslərin əraziyə girib-çıxmalarına qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Şirkətin qanuni sahibliyində və faktiki istifadəsində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, 4 saylı binanın qarşısı/yaxınlığı ünvanında yerləşən faktiki 0,20 ha torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi orqanında dövlət aktı qeydiyyatı kitabında xx.xx.2004-cü il tarixli, 7747 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və JN1280 kodlu, 30800001 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ilə Şirkətə verilmişdir. Cavabdeh həmin torpaq sahəsinin hüdudlarında 0,06 ha ərazidə qanunsuz olaraq tikinti-söküntü işləri aparır. Bu səbəbdən də, ərizədə qeyd edilən iddianın təmini tədbiri həyata keçirilməlidir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi orqanında dövlət aktı qeydiyyatı kitabında xx.xx.2004-cü il tarixli, 7747 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və JN1280 kodlu, 30800001 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ilə üzərində iddiaçı Şirkətin qanuni sahibliyində və faktiki istifadəsində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, 4 saylı binanın qarşısı/yaxınlığı ünvanında yerləşən faktiki 0,20 ha (20 sot) ərazidəki torpaq sahəsində - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanı ilə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə dövlət reyestrində dövlət qeydiyyatı aparılmış 0,06 ha ölçüdə torpaq sahəsində hər hansı tikinti-söküntü işlərinin aparılmasının, habelə həmin əraziyə giriş-çıxışın cavabdehə və başqa şəxslərə qadağan edilməsini qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya aid torpaqla, cavabdehin mülkiyyətində olan torpaq sahələrinin həm hüquqverici sənədləri, həm də koordinatları müxtəlifdir. İddia ərizəsinin “tələb etdi” hissəsindəki torpaq sahəsi ilə iddianı təmin etmə tədbirinə dair ərizədəki torpaq sahəsinin bir-biri ilə əlaqəsi yoxdur. Bundan əlavə, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı torpaqla bağlı iki sənədə istinad edir. Bununla da faktiki olaraq iddia ərizəsində inzibati orqanlar tərəfindən verilmiş sənədlərin qanuniliyini mübahisələndirilir. Bu cür tələblərə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılır. Bundan əlavə, iddianın təmini tədbiri cavabdehi hüquqlarından məhrumetməyə yönəlməməlidir. Belə ki, torpaq sahəsindən istifadə və sahiblik etmək cavabdehin qanunla qorunan hüququdur. İddianın təmini tədbiri barədə qərardadla cavabdehə məxsus torpaq sahəsinə giriş-çıxışa qadağanın qoyulması ilə, faktiki olaraq həmin torpaq sahəsindən istifadə və sahiblik hüquqlarından məhrum edilmişdir. Rayon Məhkəməsi, qərardaddan verilmiş şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddiaçı Şirkətin “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2). MPM-nin 158-ci maddəsinin mənasına görə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və s. iddianı təmin etmək üçün tədbirlərə aiddir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2020-ci il tarixli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı Şirkət özünə məxsus mübahisəli torpaq sahəsindən cavabdehin qanunsuz istifadə etməsi və özbaşına tikinti-söküntü işləri aparmasına əsaslanaraq iddianın təmini tədbirinin görülməsini xahiş edir. Lakin daşınmaz əmlakı qeydə alan orqanın yuxarıda qeyd olunan çıxarışı ilə təsdiq olunur ki, həmin sahə cavabdehin mülkiyyətindədir. İddiaçı Şirkət başqa məhkəmədə cavabdehin mülkiyyət hüququnu mübahisələndirsə də, hazırda cavabdehin adına aparılmış qeydiyyatın dövlət reyestrindən silinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Bu qayda “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”ya 1 saylı əlavə protokolun 1ci maddəsində də öz əksini tapmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bunları nəzərə alan, Məhkəmə belə qənaətə gəlir ki, hərçənd ki, mübahisəli torpaq sahəsi hazırda cavabdehin mülkiyyətini təşkil edir və bu hüququn etibarsız hesab edilməsi və ya ləğv edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil, iddianın təmini tədbiri olaraq cavabdehə məxsus olan əmlaka məhdudiyyət qoyulması onun mülkiyyət hüququnu pozmuş olar və mülkiyyətə qanunsuz müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “A.Y.F.Beynəlxalq” Kompaniyasının “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6311/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6311/2020
05.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver