Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6318/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında cavabdehdən tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(004)-8568/2017) əsasında bir uşağın - xx.xx.2006-cı il təvəllüdlü Minayənin yetkinlik yaşana çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə tutulan 136,60 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikahdan 1 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdeh ayrılmış, onların nikahları məhkəmə qaydasında pozulmuş, uşaq iddiaçının yanında saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, uşağın yetkinlik yaşana çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaq böyüdükcə uşağın xərcləri artır, iddiaçı isə həmin xərcləri qarşılaya bilmir. Buna görə də, iddiaçı hesab edir ki, alimentin məbləği 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş minimuma uyğunlaşdırılaraq 170 manat məbləğində müəyyən edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Covid 19” pandemiya virusu səbəbindən ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar cavabdeh iş yerini itirmişdir. Yasamal Rayon Məşğulluq Mərkəzi cavabdehin 250 manat məbləğində əmək haqqı olan işlə təmin etmiş və xx.xx.2020-ci il tarixdə cavabdeh ilə 2 aylıq əmək müqaviləsi bağlanmışdır. Hazırda cavabdehin daimi iş yeri yoxdur, o, iş axtarır. Göstərilən səbəblərdən cavabdeh iddiaçıya hər ay 170 manat məbləğində aliment ödəyə bilmir. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən iddiaçı isə apellyasiya şikayətin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, nikahdan 1 övladlarının olmasına baxmayaraq iddiaçı ilə cavabdeh ayrılmış, onların nikahları məhkəmə qaydasında pozulmuş, uşaq iddiaçının yanında saxlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən (İş №2(004)-8568/2017) görünür ki, iddiaçının (ananın) yanında qalmış uşağın yetkinlik yaşana çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən görünür ki, daha əvvəl tutulan aliment 80 manat sabit pul məbləğində olmuşdur. İddiaçı bildirir ki, uşaq böyüdükcə uşağın xərcləri artır, iddiaçı isə həmin xərcləri qarşılaya bilmir. Buna görə də, iddiaçı hesab edir ki, alimentin məbləği 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş minimuma uyğunlaşdırılaraq 170 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh iddiaya və iddianın təmin edilməsi barədə qətnaməyə etiraz edərək bildirir ki, onun daimi iş yeri yoxdur və buna görə iddiaçıya hər ay 170 manat məbləğində aliment ödəyə bilmir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, cavabdeh, bir valideyn kimi, iddiaçının yanında qalan uşağını saxlamağa borcludur. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixdə qətnamə qəbul etdikdən sonra ölkədə uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Hazırda, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, 14 yaşına çatmış uşağın xərcləri artmışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 170 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Çünki cavabdehin maliyyə vəziyyətinin ağır olması cavabdehi uşağı saxlamaqdan azad etmir, bu onun, bir valideyn kimi borcudur. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6318/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6318/2020
19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver