Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6323/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Çexiyanın "Sintex EU S.R.O şirkəti"nin Azərbaycan Respublikasındakı filialına qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1037/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialından ******* (üç milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmünə əsasən X1 Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, onu 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalından həbs edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni 04 iyun 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 may 2015-ci il tarixli, 1(103)- 86/15 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin X14 barəsində olan 13 noyabr 2014-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2016-cı il tarixli, 1(102)-200/2016 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının məhkum X14 barəsində olan 06 mart 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin əsas halları ondan ibarətdir ki, məhkum olunmuş X14 etibarnamə əsasında idarə etdiyi "Volvo” markalı, 11027283 dövlət nömrə nişanlı Yük avtamobillə 04 iyun 2014-cü il tarixdə saat 10:52 radələrində Bakı şəhəri, Binəqədi şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Favorit marketin qarşısında "Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələbələrinin kobud şəkildə pozmuş, hərəkətə başlamazdan əvvəl müvafıq isitiqamətə təhlükəsiz manevr etməklə hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu, nizamlanan piyada keçidlərində işıqforun icazə siqnalı yandırıldıqda, həmin istiqamətin hərəkət hissəsindəki piyadaların yolu keçməsini başa çatdırmalarına imkan verməli, piyada keçidində nəqliyyat vasitələrin hərəkəti nizamlayıcı tərəfindən və ya işıqfor vasitəsilə nizamlanmadığı halda, sürücü yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq üçün keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı olduğu, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda qaydaya riayət etməyib, avtomobilin qabaq tərəfi ilə yolu keçən piyadalar Telman Nəcəfov və Ziba Nəcəfovanı vuraraq yol hərəkəti qaydalanın pozmaqla ehtiyatsızlıqdan törətdiyi əməl nəticəsində Telman Nəcəfov müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq hadisə yerində, Ziba Nəcəfova isə müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq xəstəxanada ölmüşlər. Vəfat edən şəxslər valideynləri idi. Təqsirləndirilən şəxs X8 təqsiri, yəni cinayət əməlini törətməsi iş materailları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X14 hadisəni törədərkən Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialında sürücü işləmiş, cinayət hadisəsini də birbaşa olaraq sürücüsü olduğu şirkətə məxsus Volvo markalı 11027283 dövlət nömrə nişanlı avtomobillə törətmişdir. Göründüyü kimi ana və atasının vəfatı Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1037/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialından mənəvi ziyanın əvəzi olaraq 40000 (qırx min) manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi hüquqi şəxsin filialından tələb edilə bilməz. X14 əmək müqaviləsi ilə Çexiyanın Sintex EU S.R.O şirkətində sürücü vəzifəsində çalışıb. A.Yusifov 2014-cü ildə ehtiyatsızlıqdan qəza törədərək Nəcəfov Telman və Nəcəfova Zibanı yol hərəkəti qaydalanın pozmaqla ehtiyatsızlıqdan törətdiyi əməl nəticəsində Telman Nəcəfov müxtəli dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq hadisə yerində, Ziba Nəcəfova isə müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq xəstəxanada ölmüşlər. İddiaçı mənəvi ziyan tələbi üzrə məhkəməyə müraciət edərkən cavabdeh qismində yalnız Çexiyanın Sintex EU S.R.O şirkətini cəlb etmişdir, lakin zərər birbaşa A.Yusifov tərəfindən törədildiyi üçün cavabdeh olaraq iddia tələbi üzrə cəlb edilməli idi. Qeyd edək ki, A.Yusifov təqsiri törətdiyi üçün bu kimi əməlin hansı dərədəcədə mənəvi ziyan törədəcəyini dərk edərək həmin mənəvi ziyan məbləğini hadisəni törədən şəxs kimi birbaşa öz məsuliyyətinə götürmək istəməyini nəzərə alaraq iddiaçı cavabdeh qismində A.Yusifovu da cəlb etməli idi. Belə A.Yusifov hadisəni öz ehtiyatsızlığından törətdiyi üçün təqsiri birbaşa ödəmə məsuliyyətinə malikdir və tələb birbaşa A.Yusifova yönəlməlidir. Cinayət Məcəlləsinə görə A.Yusifovun törətdiyi cinayət ehtiyatsızlıqdan törədilən cinayətdir. Ehtiyatsızlıqdan törədilən cinayət mənəvi zərər tutma üçün əsas ola bilməz. Belə ki, həmin növ cinayət qəsdən, bilərəkdən törədilmədiyi üçün A.Yusifov tərəfindən iddiaçıya mənənvi zərər vurulması nəzərdə tutula bilməz. Bundan əlavə olaraq qeyd edir ki, İşəgötürən işçinin hərəkətlərinə nəzarəti yalnız həmin inzibati idarə daxilində nəzarət edə bildiyi üçün işçinin inzibati ərazinin kənarında törətmiş qəza həmin işə götürəni məsuliyyətə cəlb edə bilməz. İşçilər hər gün səhər sürücü kimi yola çıxmazdan əvvəl inzibati ərazidə onların əqli fəaliyyəti, sərxoşluq halları və ya digər müəyyən hallar üzrə yoxlanıldıqdan sonra avtomobilləri yükdaşınmasını yerinə yetirir. Həmçini işçinin istifadəsinə verilmiş avtomobillər hər gün səhər sazlığı tam olaraq yoxlanılır və ümumi sadaladığı amillərdən hamısı qaydasında olduqdan sonra yol vərəqəsi verilərək yola salınır. İşçilər artıq yola düşdükdə isə onlar inzibati binanın daxilindən çıxıdığı üçün onlar nəzarət altında fəaliyyət götərən işçi qrupuna aid edilə bilməz. Belə ki, işəgötürən işçiyə hər hansı yalnış hərəkət anında ona müdaxilə edə bilməsi halında həmin işçi nəzarət altında fəaliyyət göstərən işçi hesab edilə bilər. Belə olan halda iddia tələbi exiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialına yönələ bilməz. Bundan başqa “xxxx” ASC hadisə nəticəsində iddiaçıya itirdiyi hər valideynə görə 5000 manat, ümumilikdə 10.000 (on min) manat məbləğində “Sağlamlığa dəyən zərəri” ödəmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X7, ana qrafasında isə X12 qeyd edilmişdir. X7 04.06.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. X12 04.06.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. “Volvo” yük markalı, H027283 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialıdır. Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin 31.03.2021-ci il tarixli məktubundan görünür ki, X2 Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialında 01.10.2013-cü il tarixdə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 13.11.2014-cü il tarixdə ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsininin 13.11.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmündən görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzanın əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni 04 iyun 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 06.05.2015-ci il tarixli, 1(103)-86/2015 saylı qərarından görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsininin 13.11.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2016-cı il tarixli, 1(102)-299/2016 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 06.05.2015-ci il tarixli, 1(103)- 86/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Kollegiya hesab edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin işçisi olmuş X9 “Çexiyanın Sintex EU S.R.O şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus “Volvo” yük markalı, H027283 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən, cinayət əməli törətmişdir. Qeyd olunan hal Bakı Ağır Cinayətlər Məhkəməsininin 13.11.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş «zərər» anlayışının şərh olunması ilə əlaqədar 31 may 2002-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əsas hüquq və azadıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizələrindən asılıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarın 10-cu bəndində də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Kollegiya işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 40.000 manat məbləğində pul vəsaiti tutmuşdur. Kollegiya apellyasiya şikayıtinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 443.0.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda işlərə baxmağa haqlıdır. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbini iddiaya cavab verməli olan şəxsə qarşı qaldırmışdır. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır, cavabdehin subyektiv mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Çexiyanın "Sintex EU S.R.O şirkəti”nin Azərbaycan Respublikasındakı filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1037/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6323/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6323/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver