Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6324/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Ağaməmməd oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 3941/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayan Aytən Dadaşova (iddiaçının arvadı) evin mətbəxində olan qaz sobasını kibritlə yandırmaq istəyərkən qaz sızmasından partlayış baş vermiş, partlayış nəticəsində X4 aldığı xəsarətlərdən 5 nömrəli xəstəxansında bir neçə müalicə aldıqdan sonra ölmüşdür. Tərəflərin birgə nikahından üç övladları - 2010-cu ildə X12, 2011-ci ildə X7 və 2013-cü ildə X9 doğulmuşdur.
2. Baş vermiş hadisədə Cavabdeh İB-nin Ağsu rayon Qİİ Şamaxı Xidmət sahəsi üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləyən X10 və Ağsu X19 idarəsinin Şamaxı xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin çilingəri vəzifəsində işləyən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(074)-48/2016 saylı hökmü ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququnan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, X13 isə 1 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 40.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X5 ilə xx.xx.2008-ci il tarixində ailə həyatı qurmuşdur. Bu nikahdan 3 övladları dünyaya gəlmişdir. Bədbəxt hadisə baş verənə qədər xoşbəxt ailə hayatları olub. Atası, anası Aytənə gəlin kimi yox öz doğma qızları kimi münasibət bəsləmişdir. Bədbəxt hadisə baş verənə qədər onlar ünvan 2 ünvanında yaşamışlar. 18 dekabr 2015-ci il saat 02 radələrində yoldaşı Aytən kiçik övladına yemək qızdırmaq üçün mətbəxdə qazı yandırmaq istəyəndə güclü partlayış baş vermişdir. Bu hadisə baş verən vaxt yoldaşını təcili yardım maşını ilə Şamaxı şəhər xəstaxanasına çatdırmışlar. Bir gecə orada qaldıqdan sonra vəziyyəti ağır olduğu üçün həkimlərin rəyi ilə təcili tibbi yardım maşını ilə 19 dekabr 2015-ci il səhər saatlarında Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxananın yanıq şöbəsinə aparılmış, 16 yanvar 2016-cı ilə qədər ağır xəstə olaraq reanimasiya şöbəsində həyat mücadiləsi aparmışdır. Həmin qısa vaxt həm onun, həm də övladları üçün tərif edilməz izdirablarla keçdi. Ancaq izdirabları son olmadı, 16 yanvara qədər Aytənin bədənində davam edən gizli qaz zəhərlənməsi onun həyatına son qoydu. Həm onun üçün həm 3 az yaşlı övladları üçün izdirablı və əziyyətli günlər başlamış oldu. Hal-hazırda nə qədər ağır günlər yaşadığını kəlimlərələ ifadə edə bilməz. Ata olaraq anasız üç övlada baxır. Ana kəliməsi eşitdikcə onların hansı hislər keçirdiyini düşünmək ona bu həyata qatlaşa bilməyəcək əzablar verir. Həmin tarixlərdə Şamaxı şəhərində müvafiq qurumun əməkdaşlarının açıq-aşkar məsuliyiyyətsizliyi ucbatından bir neçə bu kimi hal baş vermişdir. Həyat yoldaşının faciəvi şəkildə vəfatı onu, övladlarını, onun yaxın qohumlarını dərindən sarsıtmışdır. O, hələ də evlənməmiş, bu gündən sonra da ailə qursa üç övladına heç bir halda həqiqi ana duyğusunu yaşada bilməz. Onun və övladlarının bu hadisəyə görə həmin an mənəvi sarsıntı, bundan sonra da iztirablar keçirmələri işin mübahisəsiz hallarındandır. Çünki belə bir işlə bağlı sübut etmə halını yalnız onun keçirdiklərini başına gələn şəxslər anlaya bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Onların bu xoşbəxt ailə münasibəti tək o və övladları üçün deyil həm də atası, anası və yaxın qohumları üçün sevinc qaynağı idi.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3941/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, mənəvi zərərə görə 40000 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, 210 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X6)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Yusif Əsədovun və Nəcdət Qaniyevin əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının arvadının ölməsi iş materialları öz təsdiqini tapır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin işçisinin təqsirli hərəkətəri ilə iddiaçının arvadının ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin işçisinin təqsirli hərəkətəri ilə iddiaçının arvadının ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. İddiaçı cavabdehin işçilərinin təqsiri üzündən həyat yoldaşını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın “ömür gün yoldaşı”nın itirilməsi həddindədir. Həmçinin, cavabddehin işçilərinin təqsiri üzündən iddiaçı arvadını itirməklə bərabər üç azyaşlı övladına təkbaşına baxmağa məcbur olmuş, həm uşaqların maddi cəhətdən təmin olunması, həm də onların digər formada qayğsına qalmaq tək iddiaçının üzrəinə düşmüşdür. Odur ki, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən cavabdehdən 40 000 manat pulun tutulmasını mütənasib hesab etmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci, 21.2ci, 1096-cı, 1097-ci, 1099-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 119.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsi tərəfindən zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallarını da nəzərə almamışdır. Nəticədə Xətai Rayon Məhkəməsi müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret hallarını da nəzərə almadan hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən Cavabdehistehsalat Birliyinin üzərinə 40000 manat yüksək məbləğdə mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyin qoyulması düzgün və ədalətli deyildir. Əgər müqayisəli olaraq yanaşılsa Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar ölmüş və itkin düşmüş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarına və ailə üzvlərinə birdəfəlik ödəmə 11000 manat məbləğində müəyyənləşdirlmişdir. Bu baxımdan hazırkı iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği ağlabatan deyildir. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ddiaçı hadisə baş verən zaman özü heç Azərbaycanda olmamış, Rusiya Federasiyasında olmuşdur. Hadisə 2015-ci ildə baş vermiş, mənəvi zərərlə bağlı tələb isə 8 il sonra irəli sürülmüşdür. İddia tələbinin hadisədən sonrakı yaxın illərdə deyil, daha sonradan, aradan uzun müddət keçdikdən sonra qaldırılması mənəvi zərərin əvvəlki illərə nisbətdə təsir gücünü zəiflədir ki, məhkəmə də bu halı nəzərə almamışdır. Hadisədən 8 il sonra iddiaçının cavabdeh təşkilata qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməsi, keçən 8 il ərzində iddiaçının keçirdiyi mənəvi zərərin təsir qabiliyyətinin azalması anlamına gəlir ki, bu hal da məhkəmə tərəfindən ona təyin edilmiş mənəvi zərər məbləğinə mütənasib deyildir. Eyni zamanda hadisə baş verdikdən sonra onlar tərəfindən müəyyən köməkliklər göstərilmişdir. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçının bu qədər müddət sonra iddia qaldırmasının səbəbi onun təzminatla bağlı iddia qaldıra biləcəyini bilməməsi olmuşdur.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
15. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.
18. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırki apellyator qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, tutulan mənəvi zərərin məbləği ilə bağlı nəticə düzgün olmamışdır. Bu baxımdan kollegiya məhkəmənin mövqeyi ilə razlaşmaması ilə bağlı aşağıdakıları qeyd edir.
23. Hazırkı işin faktiki hallarına əsasən Şamaxı Rayon Məhkəməsinin 1(074)- 48/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli hökmü ilə Yusif Əsədov və Nəcdət Qaniyev Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ona görə təqsirləndirilmişlər ki, X25 xidmət sahəsinin təbii qazın satışı və qəbulu xidmətinin rəisi vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerin yetirməmiş, yəni «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nın 1.13-cü bəndinin 1-ci abzası, 1.12, 1.19-cu bəndləri, “Qazdan istifadə qaydaları”nın 3.1-ci bəndlərinə riayət etməmiş, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, nəticədə 18 dekabr 2015-cı il tarixdə ünvan 3 ünvanında daimi yaşayan X2 evin mətbəxində dəm qazının sızması nəticəsində sonuncunun baş vermiş partlayışda ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Bundan başqa, X26 X19 İdarəsinin Şamaxı Xidmət Sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin çilingəri vəzifəsində işləyərkən işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, yəni «Qazdan istifadə qaydaları»nın 3.1.3, 3.1.7-ci bəndlərinin tələblərinə riayət etməmiş, həmçinin texniki təhlükəsizlik qaydalarının pozulması hallarının aradan qaldırılmasını təmin etməli olduğu halda bunu etməyərək, onun səhlənkarlığı nəticəsində 18 dekabr 2016-cı il tarixdə X1 daimi yaşadığı ünvan 4 ünvanında evinin məxtbəxində dəm qazından baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur.
24. Göründüyü kimi, cavabdehin işçisinin təqsirindən iddiaçının arvadı ölmüşdür. İddiaçı mərhum arvadı X4 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq uzun müddət ər-arvad münasibətlərində yaşamış və birgə təsərrüfat aparmışlar. Şübhəsiz ki, iddiaçının uzun illər birlikdə yaşadığı yaxın qohumunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.
25. Məhkəmə iddiaçının arvadının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulayır ki, X1 ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması qənaətinə gəlmək üçün kifayətdir. İddiaçı arvadını itirməklə bərabər üç azyaşlı övladı ilə təkbaşına qalmışdır. Bu da öz növbəsində cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını şərtləndirir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
27. Kollegiya qeyd edir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərə çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldğı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir.
28. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hadisə baş verən zamanı Rusiya Federassiyasında olması və həmin hadisənin baş verməsinin birbaşa şahidi olmaması da onunla arvadı mərhum X1 arasında olan şəfqət və mənəvi bağlılığın möhkəmliyinə bilavasitə təsir edən hallardır. O cümlədən həmin anda hadisənin şahidi olması ilə olmaması arasında da mənəvi sarsıntı və iztirab çəkmək baxımından fəqli təsir mövcuddur. İnsanın doğma birinin gözü önündə belə bir hadisənin baş verməsi onun şüüurunda mənəviyyatında daha dərin sarsıdıcı izlər yaratması qaçılmazdır. Göründüyü kimi, hətta hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən X1 hüquqi varisi kimi əri yox, məzh atası tanınmış, atası isə X8 təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Yəni həmin vaxt iddiaçı burda olmamışdır.
29. Avropa Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında da göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.
30. Həm bu hallar, həmmçinin də baş vermiş hadisədən artıq 8 ilə yaxın müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Əlavə olaraq da qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud və məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır. Kollegiya qeyd edilərə əsasən hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir.
31. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının mənəvi zərərin əvəzi qismində pul məbləğində kompensasiya tutmaqda haqlı olmuş, lakin nəticədə müəyyən edilmiş mənəvi zərərin miqdarı ağlabatan və ədalətli olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən mənəvi zərərin məbləği dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 20.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3941/2023 nömrəli qətnaməsi tutulmuş mənəvi zərərin məbləği dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.