Məhkəmə qərarları › İş №2(103)-6332/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6332/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6332/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin dəyişdirilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlunun və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3639/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə X10 arasında nikah xx.xx.2024-cü il tarixdə bağlanmış, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü Qurbanzadə Yusif Rəfail oğlu, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X8 doğulmuşdur.

2. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-da müayinə aktından çıxarışdan görünür ki, X8 xx.xx.2012-ci il tarixdə müayinə olunmuş və ona uşaq serebral iflici diaqnozu təyin edilmişdir. TSEK-da sonuncu müayinəyə dair məlumatdan görünür ki, Qurbanzadə Yusif Rəfail oğlu sağlamlıq imkanları məhdud uşaqdır, ona eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, anadangəlmə ikitərəfli neyrosensor ağır eşitmə İV dərəcəli diaqnozu təyin edilmişdir.

3. X17 Təhsil İdarəsi tərəfindən verilmiş 80 nömrəli xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən Kürdəmir şəhər Uşaq X19 məktəbində məşqçi müəllim işləyir və orta aylıq əmək haqqı (vergi tutulmadan) 414.17 manatdır və aylıq 200 manat aliment ödəyir.

4. TSEK-da sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir, yüngül işlərdə işləyə bilər. DSMF PHŞ-in 1 saylı X17 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı DSMF-dan ümumi səbəbdən İİ dərəcə əlilliyə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hazırda aylıq məbləği 220 manat olan sosial müavinət təyin edilmişdir.

5. X17 Təhsil İdarəsi Kürdəmir rayonu üzrə təhsil sektoru tərəfindən verilmiş 22 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qurbanov X3 rayon Uşaq və X19 Mərkəzində idman müəllimi işləyir. Onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi sosial tutulmalar tutulandan sonra hesablanan əmək haqqı aşağıdakı kimidir: yanvar hesablanan əmək haqqı 1019.90 manat, kartdan keçən 531.63 manat; fevral hesablanmış əmək haqqı 506.40 manat, kartdan keçən 128.53 manat; mart hesablanan əmək haqqı 596.40 manat, kartdan keçən 199.17 manat; aprel hesablanan əmək haqqı 596.40 manat, kartdan keçən 199.17 manat; may hesablanan əmək haqqı 596.40 manat, kartdan keçən 199.17 manat.

6. X17 Təhsil İdarəsi Kürdəmir rayonu üzrə təhsil sektoru tərəfindən verilmiş 27 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kürdəmir şəhər Uşaq X19 məktəbinin məşqçi müəllimi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanan əmək haqqından tutulan aliment aşağıdakı kimidir: 2022-ci ilin dekabr ayında 200 manat; 2023-cü ilin yanvar-sentyabr aylarında hər ay 200 manat, oktyabr ayında 495 manat, noyabr-dekabr aylarında hər ay 325 manat; 2024-cü ilin yanvar-iyun aylarında hər ay 325 manat, iyul ayında 890 manat.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7586/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1993/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirməsi və İddiaçı xx.xx.2007-ci il təvəllüdlü Qurbanzadə Yusif Rəfail oğlunun, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləğinin hər ay, hər uşaq üçün 140 manat, cəmi 420 manat müəyyən edilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü Qurbanzadə Yusif Rəfail oğlunun yetkinlik yaşına çatanadək saxlanılmalarından ötəri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 7586/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş 420 (dörd yüz iyirmi) manat aliment məbləğinin dəyişdirilərək alimentin sabit pul məbləğində deyil, aylıq qazancının yarısı həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qurbanova (Əlimərdanova) Şahsənəm Bayram qızı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Ağsu rayon VVADQ şöbəsində 93 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan 3 övladları: xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü Qurbanzadə Yusif Rəfail oğlu doğulmuşlar. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün nikahları Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)-421/2019 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar anasının himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan sabit pul məbləğində hər ay bir uşağa 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra X5 alimentin artırılması barədə iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7586/2021 saylı qətnaməsi ilə aliment məbləği artırılaraq sabit pul məbləğində hər ay hər uşağa 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iş üzrə cavabdeh X5 uşaq bağçasında müəllimə işləyir və 550 (beş yüz əlli) manat əmək haqqı alır. Bundan əlavə, iki əlil uşağa baxdığı üçün 200 (iki yüz) manat əlavə müavinət alır və iki uşağa görə təyin edilmiş 500 (beş yüz) manat pensiya alır. Cavabdeh, ümumilikdə aliment, əmək haqqı, əlil uşaqlara verilən pensiya və müavinətlərlə birlikdə ayda 1670 (min altı yüz yetmiş) manat pul alır. O, 2-ci dərəcə əlildir və buna görə dövlətdən 220 (iki yüz iyirmi) manat pensiya alır. Həmin pulun 70 %-i alimentə tutulur. Uzun müddətdir “X9 X11 mərhələ” xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar həkim ona daimi olaraq qiyməti 120 manat olan Elafra dərmanı yazıb ki, həmin dərmanı o, hər ay alıb qəbul edir. Xəstəliyi ilə əlaqədar əmək qabiliyyəti yoxdur və başqa işlərdə, işindən əlavə işlərdə çalışması mümkün deyildir. Həmçinin qeyd edir ki, Kürdəmir şəhər Uşaq X19 Məktəbində 1 illik müqavilə üzrə məşqçi müəllim vəzifəsində işləyir və həmin işdə orta aylıq əmək haqqı 414.17 (dörd yüz on dörd manat on yeddi qəpik) manat təşkil edir ki, həmin puldan da 200 (iki yüz) manatı alimentə tutulur. Bu günədək bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirmişdir. O, 2-ci dəfə ailə həyatı qurmuşdur və həyat yoldaşı 6 aylıqdan çox müddətdir ki, hamilədir. Əlil olduğuna görə başqa işlərdə işləyə bilmir və əlilliyə, eləcə də, şahmat məktəbində məşqçi müəllim kimi aldığı əmək haqqından savayı qazancı yoxdur. Aylıq qazancı (məşqçi müəllim vəzifəsindən aldığı əmək haqqıdan vergi tutulduqdan sonra) təxmini 600 manat təşkil edir. Həmin pulun 420 manatı alimentə tutulandan sonra ona ailəsini dolandırmaqdan ötəri 180 manat pul qalır ki, bu pulla ailə dolandırmaq mümkün deyil. Həyat yoldaşı hamilədir və işləmir. Ailənin bütün yükü onun üzərindədir. Cavabdeh X5 ondan 3 qat çox qazanc əldə edir. Bu səbəbdən uşaqların saxlanılmasında o da iştirak etməlidir. Uşaqların saxlanılması işində bütün yükün onun üzərinə salınması ədalətsizlikdir. Bu səbəbdən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı alimenti vaxtında ödəmədiyi üçün yaranmış aliment borcuna görə onun əmək haqqından və pensiyasından 75 faiz miqdarında aliment tutulur. Bundan başqa, İddiaçı orta məktəbdə həm şahmat müəllimi işləyir, həm pensiya alır, həm toylarda video foto çəkilişi ilə məşğul olur, həm də Kürdəmir rayonunda baytarlıq aptekləri var, oranı atası ilə birlikdə işlədirlər, kifayət qədər də maddi imkanları vardır. Kürdəmir rayonu Qaraqocalı kəndində yaşadığı fərdi yaşayış evini telefonla idarə edən video kamerasına qədər çəkilmişdir. Onun belə bir iddia ilə məhkəməyə müraciət etməsi əsassız hesab edilməlidir. Uşaqlarının ikisinin xəstəliyi vardır və onların xəstəlikləri ilə əlaqədar olaraq o, heç bir yerdə işləyə bilmir. Uşaqlarından qızı Aylin (serebral iflic) və balaca oğlu Yusif (anadangəlmə ağır dərəcəli eşitmə əngəlli olduğu üçün beyin əməliyyatı olunaraq implant daşıyıcısıdır) hər ikisi xüsusi qulluğa və qayğıya ehtiyacları vardır. O, iddiaçı ilə birlikdə Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayarkən İddiaçı Kürdəmir rayonunda “Ataş” studiyası adlı video və foto çəkilişləri ilə məşğul olub və indi də toylarda video çəkən işləyir. Gecələr toy qurtarandan sonra spirtli içki qəbul edərək gəlib evdə dava-dalaş salaraq onu uşaqlarının gözü qarşısında söyüb, döyüb, təhqir edərək şəxsiyyətini alçaldırdı. İndi də müxtəlif bəhanələr gətirərək, alimentin azaldılmasına çalışır. Onun belə bir tələbinin hüquqi əsası yoxdur. Çünki hal-hazırda minimum ehtiyac meyarı bir uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Uşaqlar məktəblidirlər. Onların müalicələri, yeməkləri, məktəbli ləvazimatları, geyimləri, istirahət və əyləncə hüquqları ilə bərabər təhsil almaq hüquqları da var. Hal-hazırda böyük övladı Səbahəddin 11-ci sinifdə oxuyur və onun əlavə hazırlıqları var. 420 manat pul heç uşaqların birinin aylıq xərini ödəmir. Ona görə də özü də məcbur qalaraq işləyib uşaqlarının yaxşı təhsil ala bilmələri üçün çalışır. Belə bir məqamda İddiaçı belə bir iddia irəli sürməsi qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3639/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X12)

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə uyğun əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında cavabdeh Elçin Paşayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

16. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

e) Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Cavabdeh tərəfindən qətnamənin dəyişdirilərək alimentin aylıq qazancının yarısı həddində müəyyən edilməsini tələb edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

25. Kollegiya qeyd edir ki, cavabdehin hazırki iş üzrə qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Əvvəla, ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməməsinə yönəlmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının əmək haqqının vergi tutulduqdan sonra 600 manat təşkil etməsini, həmin puldan 420 manat aliment ödədikdən sonra ailəsini dolandırmaq üçün ona 180 manat pul qaldığını, ikinci dəfə ailə qurduğunu və bu nikahdan bir uşağının olduğunu əsas gətirərək, birinci nikahdan olan uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək azaldılması və aylıq qazancının yarısı həddində olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2019-cu il) qəbul edilməsindən 5 ildən çox müddət ötmüş, o cümlədən uşaqların valideynlərdən birinin himayəsində olması, onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, övladlarından ikisinin sağlamlıq imkanlarının məhdud olması, onların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və iddiaçının aylıq qazancının yarısı həddində aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir.

27. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin ikinci nikahından da bir uşağının olması hazırki iş üzrə alimentin tutulması müəyyən edilən uşaqlarının təminat xərclərinin azaldılması, yəni daha az məbləğdə müəyyən edilməsi üçün əsas ola bilməz. Hazırda müəyyən edilən alimentə də münasibətdə qeyd edilməlidir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqlar üçün (3 uşaq) müəyyən olunmuş yaşayış minimumundan az miqdarda həm hazırki, o cümlədən tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki, sadalanan halların iddiaçının övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan uşaqların saxlanılması üçün hər ay 420 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və uşaqların mənafeyinə uyğundur.

28. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

29. Hazırkı iş üzrə cavabdeh qətnamə ilə müəyyən edilmiş alimentin dəyişdirilərək 300 manat məbləğində, yəni əmək haqqının yarısı həddində müəyyən edilməsini tələb edir. Bu baxımdan da kollegiya hesab edir ki, alimentin mübahisələndirilən hissəsi 420- 300=120 manat, illik məcmusu isə (120x12=1440 manat) 1440 manat təşkil etdiyindən və məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3639/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar