Məhkəmə qərarları › İş №2(103)-6336/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6336/2021

02.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6336/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(001)-493/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 73500 manat məbləğində ödənilməli olan, ödənilməmiş əmək haqqı, 5986,76 manat məbləğində istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, 220500 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə ödənc olmaqla, ümumilikdə 299986,76 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25.06.2018-ci il tarixdə cavabdeh “Avrora" MMC-də layihə rəhbəri vəzifəsində işləyən Əli Həşimli tərəfindən işə dəvət olunmuşdur. 28.06.2018-ci il tarixindən həmin şirkətdə əmək müqaviləsi olmadan işləməyə başlamışdır. Meyvəli bazarında "Qrand-mart” MMC-nin adına anbar icarəyə götürərək, bir sıra şəxslərlə də əmək müqaviləsi olmadan 28.02.2019-cu il tarixinə kimi, əvvəl 5 mağaza və daha sonra artaraq 16 mağaza ilə işləmişdirlər, tərəfindən əmək funksiyalarının tam şəkildə icra edilməsinə baxmayaraq, ona əmək haqqının verilməsi təmin edilməmişdir. Əmək haqqının ödənilməsi məqsədi ilə tərəfindən cavabdeh "xxxx" MMC-yə, X6 Xidmətinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəfələrlə yazılı və şifahi müraciətlər edilmiş, lakin edilən müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Əmək münasibətlərinə başlamazdan öncə tərəflər arasında olan şifahi razılığa əsasən cavabdeh tərəfindən 3500 manat məbləğində əmək haqqı vəd edilmişdir. Tərəflərin rəsmi əmək münasibətlərinin 25.06.2018-ci il tarixindən başlanmasına baxmayaraq, cavabdeh ilə arasında əmək müqaviləsi 08.01.2019-cu il tarixində imzalanmış və müqavilə üzrə rəsmi əmək haqqı 250 manat, vəzifəsi isə meyvə şöbəsinin şöbə müdiri olaraq göstərilmişdir. Həmçinin, işlədiyi vəzifə rəhbər işçi heyətinə (məşğulluq təsnifatı üzrə: bölmə rəhbəri, heyətin idarə olunması) aid edildiyi üçün ona hər iş ilinə görə əsas məzuniyvət 50 gün müəyyən edilmişdir. Lakin, işlədiyi dövr ərzində məzuniyyət haqqından da istifadə etməmişdir. 08.01.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə 13.04.2020-ci il tarixdə ərizəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsi ləğv edildiyi zaman son haqqhesab kimi heç bir vəsait ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(001)- 493/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 3672,64 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 37 qəpik hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun 29,63 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Həm iddia ərizəsində, həm məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi izahatlarında iddiaçının öz əmək funksiyalarını Cavabdeh MMC-də deyil, əvvəlcə "xxxx" MMC-də, daha sonra isə "xxxx" MMC-də həyata keçirdiyini bildirmiş və öz mövqelərini belə əsaslandırmağa çalışmışlar ki, guya həmin müəssisələr Cavabdeh MMC-nin alt törəmə müəssisələridir. İddiaçının faktiki olaraq öz əmək funksiyalarını icra etdiyi "xxxx" MMC və ya "xxxx" MMC isə heç vaxt Cavabdeh MMC-nin törəmə müəssisəsi olmamışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh MMC iddiaçını işə çıxmadığı üçün kobud əmək pozuntusu ilə işdən azad etmək hüququ olduğu halda bunu etməmişdir, bu hal isə əsassızdır, çünki bu səbəblə işçini işdən azad etmək işəgötürənin vəzifəsi deyil, hüququdur. Heç bir əmək funksiyasını yerinə yetirmədiyi halda işçiyə məhkəmə tərəfindən əməkhaqqı hesablanması və ödənilməsi əsassızdır. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında əmək müqaviləsi 08.01.2019-cu il tarixdə bağlanmış, həmin tarixədək tərəflər arasında hər hansı əmək münasibətlərin, müvafiq razılaşmaların olmasına dair iş materiallarında hər hansı sübut mövcud deyil, iddiaçı 13.04.2020-ci il tarixdə öz xahişi ilə işdən çıxmış və ona işlədiyi 08.01.2019-13.04.2020-ci il müddətində əmək haqqı ödənilməmişdir. Birinci instasiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun da həmin vaxt işlədiyi Cavabdeh MMC-də rəhbər vəzifədə işləyirdi. Məlumatı var ki, işlədiyi dövrdə İddiaçı və onun işçisinə əmək haqqı ödənilmirdi. İddiaçı bunu onunla izah edirdi ki, rəhbərliklə aralarında müvafiq razılaşma var. İşlədikləri yer “Razində” yerləşirdi. İddiaçı hər gün orada görürdü. İş materiallarında olan Cavabdeh MMC-nin məhkəmə sorğusuna 30.03.2021-ci il tarixli cavabında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı 08.01.2019-cu il tarixində Cavabdeh MMC-yə müraciət edərək, onun şöbə müdiri vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. İddiaçıla aramızda razılıq əldə edilmiş və onunla bağlanmış 08.01.2019-cu il tarixli 19/4899 saylı əmək müqaviləsinə əsasən, o, aylıq əmək haqqı 250 manat olmaqla, Cavabdeh MMC-yə şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Buna baxmayaraq, İddiaçı işə qəbul edildiyi gündən sonra heç vaxt işə çıxmamış və aramızda bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün ona əmək haqqı hesablanmamış və ödənilməmişdir. İddiaçı Sizin sədrliyinizlə keçirilmiş 16.02.2021-ci il tarixli və 09.03.2021-ci il tarixli məhkəmə iclasları zamanı verdiyi izahatında etiraf etmişdir ki, həqiqətən də o, öz əmək funksiyalarını Cavabdeh MMC-də deyil, "xxxx" MMC-də icra etmişdir. İddiaçı Cavabdeh MMC-yə 01 aprel 2020-ci il tarixli ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 13.04.2020-ci il tarixli 180 nömrəli əmri ilə İddiaçıla bağlanmış 08.01.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X5 onunla aramızda bağlanmış əmək müqaviləsinin şərtlərinə əməl edərək öz vəzifə öhdəliklərini icra etsəydi, ona müqavilə üzrə hər ay 250 manat əmək haqqı hesablanmalı, vergi və digər məcburi ödənişlər çıxıldıqdan sora 2019cu il yanvar ayı - 2020-ci il fevral ayları üçün hər ay 237,75 manat, 36 günlük məzuniyyət haqqı nəzərə alınmaqla 2020-ci ilin mart ayı üçün 278,97 manat, 2020-ci ilin aprel ayı üçün isə 65,17 manat olmaqla, İddiaçı ümumilikdə 3672,64 manat ödəniş həyata keçirilməli idi. ” Cavabdeh iddiaçıya işlədiyi müddətdə əmək haqqının ödənilməməsini işçinin əmək funksiyalarını icra etməməsi ilə əlaqələndirir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, cavabdeh iddiaçıya əmək haqqının ödənilməməsinin əsası kimi iddiaçı tərəfindən əmək funksiyalarının icra edilməməsini göstərsə də, əmək münasibətlərinin bu formada rəsmi olaraq bir ildən artıq müddətdə davam etməsi və nəticədə işçinin təşəbbüsü ilə xitam edilməsi nəzərə alınsa, qeyd olunanlar inandırıcı səslənmir. İşçi əmək funksiyalarını yerinə yetirmədiyi halda əmək qanunvericiliyi işəgötürənə müəyyən tədbirlər görülməsi üçün geniş imkanlar vermiş, lakin cavabdeh qanunvericiliyin ona verdiyi imkanlardan yararlanmamışdır. Kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassız olmaqla, inandırıcı və ağlabatan deyildir, məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-493/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar