Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6336/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3rşı “aliment və digər xərclərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2025-ci il tarixli qətnamədən cavabdeh X4 verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun vəkili (nümayəndəsi) Vəkil2 və iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə nikahından doğulmuş, artıq yetkinlik yaşına çatmış, birinci qrup əlil olan – xx.xx.2006-ci il təvəllüdlü X2 saxlanılması üçün cavabdehdən hər ay 400 manat məbləğində aliment və eləcə də Valeriyanın səhhəti ilə bağlı əlavə xərclərin (müalicə, dayə, tibb avadanlıqların alınması və s.) nəzərə alaraq 800 manat məbləğində əlavə vəsaitin tutularaq ona ödənilməsi, xx.xx.2024-cü il tarixindən bu günədək qızının tibbi avadanlığına xərclənmiş 6.600,61 manatın 1/2 hissəsinin, yəni 3.300,30 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat, mediasiya prosesinin həyata keçirilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 61 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin nikahından doğulmuş xx.xx.2006-ci il təvəllüdlü Valeriya Bodrixdə anadangəlmə imbesillik, idiotiya dərəcəsinə uyğun olan oliqofreniya diaqnozu ilə sağlamlıq imkanları məhdud olan şəxsdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-4116/2024 saylı qətnaməsi ilə Valeriya, psixi cəhətdən öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və bununla bağlı iddiaçı, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sərəncamı ilə Valeriyanın üzərində qəyyum təyin edilmişdir. Bundan başqa Valeriya anadangəlmə serebral iflic xəstəliyindən də əziyyət çəkir. Hazırda onun (iddia ərizəsi məhkəməyə verilən məqama) 19 yaşı olsa da, o, danışa, yeriyə, oturub-dura, aşağı və yuxarı ətraflarını, ümumiyyətlə özünü idarə edə, qida, maye qəbul edə bilmir. Onun daxili orqanlarında, həmdə onurğa sütununda da ciddi problemlər var. O, 19 il ərzində dəfələrlə ağır və bahalı cərrahiyə əməliyyatlarına məruz qalmış, qidalanması ilə bağlı onun mədəsinə xüsusi qapaq (qastrostomiya) yerləşdirlmişdir. Onun xüsusi qulluğa, tibbi yardıma, masaja, xüsusi tibbi və gigiyenik ləvazimatlara, hətta xüsusi oturacağa ehtiyacı var. Uşaq doğulan vaxtdan cavabdeh iddiaçıdan ayrılmış, uşaqla maraqlanmamış, uşağı saxlamaq üçün iddiaçıya maddi yardım göstərməmişdir. Onların nikahı məhkəmə qaydasında xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 2013cü ildən iddia ərizəsi məhkəməyə verilənə qədər olan müddət üçün Valeriyanın müalicəsinə çəkilmiş xərclərin 1/2 hissəsinin əvəzi olaraq 36.960,65 manat, Valeriyanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq 200 manat, əlavə xərclərə görə 300 manat məbləğində pulun hazırkı iş üzrə cavabdehdən tutularaq hazırkı iş üzrə cavabdehə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra iddiaçı, Valeriyanın səhhəti ilə bağlı (müalicə, qulluq və s.) 6.600,61 manat məbləğində xərc çəkmişdir. Buna görə də həmin xərcin 1/2 hissəsi, yəni 3.300,30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa artıq yetkinlik yaşına çatmış Valeriyanın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ya 400 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Valeriyanın saxlanılması üçün hər ay çəkilməli olan əlavə xərclərə (müalicə xərci, dayə xərci, tibbi avadanlıqların və onların ehtiyat hissələrinin alınması xərcləri və s.) cavabdehdən iddiaçının xeyrinə hər ya 800 manat tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra nəzərə alınmalıdır ki, cavabdeh iddiaçıya maddi yardım göstərmədiyi üçün, iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə əlaqədar hüquqi yardım almaq üçün vəkilə 300 manat pul, mediasiya prosesində iştirak etmək üçün isə 61 manat ödəmək məcburiyyətində qalmışdır ki, həmin xərclər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. b) iddia tələbinə qarşı etiraz barədə məlumat
3. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə qarşı yazılı etirazla Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddiaçı qeyd edir ki, o, xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi məktubla müraciət edərək, Valeriya üçün yeni xüsusi oturacağın alınmasına ehtiyac olduğunu və həmin avadanlığın alınması üçün tələb olunan xərclərin 1/2 hissəsinin cavabdeh tərəfindən ödənilməsini xahiş etmiş, amma iddiaçının cavabdehə göndərdiyi məktubla bağlı cavabdeh tərəfindən hər hansı bir cavab təqdim edilməmişdir. Lakin qeyd olunmalıdır ki, bu məktub cavabdehə təqdim edilməmişdir və təqdim olunması da mümkün deyildi. Çünki cavabdeh hal-hazırda daimi olaraq Rusiya Federasiyasında, Moskva şəhərində yaşayır və iddiaçı özü də bu faktı iddia ərizəsində qeyd edib. Bu halda məktubun cavabdehə çatması mümkün deyildi. İddiaçı iddia ərizəsində qeyd edir ki, Valeriyaya quluq etməklə bağlı o, hazırda işləmir. Bununla yanaşı isə həmçinin bildirir ki, xx.xx.2024-cü il tarixindən bu günə qədər Valeriyanın tibbi müayinələri, xüsusi oturacaq və gigiyenik vasitələrin alınmasına xeyli məbləğdə xərc çəkmişdir. Göründüyü kimi, iddiaçı ziddiyyətli məlumat verir. Belə ki, əgər iddiaçı işləmirsə, onda həmin xərci ödəmək üçün pulu haradan tapıb? Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş kartdan çıxarışdan görünür ki, iddiaçıya mütəmadi olaraq iri məbləğlər karta mədaxil olunur. Belə ki, 05 aprel və 20 aprel aralarında iddiaçının kartına 5.043 manat vəsait daxil olmuşdur. Beləliklə, iddiaçının maddi vəziyyəti ilə bağlı təqdim etdiyi məlumatlar arasında ciddi ziddiyyət mövcuddur və bu, iddia ərizəsindəki məlumatların dəqiqliyinə və obyektivliyinə şübhə yaradır. Ərizədə qeyd olunur ki, xx.xx.2024-cü ildən uşaq üçün ümumilikdə 5.200 manat məbləğində xərclər edilmişdir. Bu məbləğə “Tumble Forms 2 X7 Option: X-Large, Teal” adlı, yalnız bir dəfə alınan və uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş oturacaq da daxildir. Valeriya üçün alınan xüsusi oturacağın Azərbaycanda da analoqu var və iddiaçı bu kimi oturacağı Azərbaycanda da əldə edə bilərdi. İddiaçı, Valeriyanın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində, hər ay 400 manat aliment, eləcə Valeriyanın əlavə xərcləri (müalicə, dayə, tibbi avadanlıq və s.) nəzərə alınaraq, 800 manat məbləğində əlavə vəsaitin tutularaq ona ödənilməsi barədə tələb irəli sürür. Göründüyü kimi, iddiaçının tələb etdiyi aylıq aliment məbləğini illik hesabladıqda xx.xx.2024-cü ildən xərclənmiş ümumi məbləğdən xeyli artıq olur. Bu isə onu göstərir ki, tələb olunan aliment məbləği real xərclərlə uyğun deyil və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən iddia əsassız hesab edilərək, rədd edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, yaşlı anası ilə müqavilə bağlayaraq üzərinə öhdəlik götürmüşdür ki, anasının saxlanılması üçün anasına hər ay 350 manat ödəyəcək. Bu hal və cavabdehin aylıq qazancının cəmi 30.000 RF rublu, yəni rəsmi məzənnəyə uyğun olaraq təxminən 600 manat olması nəzərə alındıqda müəyyən edilir ki, cavabdehin, iddiaçının ondan tutulmasını xahiş etdiyi məbləği ödəmək imkanı yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş 36.960 manatı ödəmək üçün, onla digər şəxslərin paylı mülkiyyətlərində olan mənzilin özünə məxsus 1/3 hissəsini satmaq məcburiyyətində qalmışdır və hazırda onun hər hansı dəyəli əmlakı yoxdur. Bu səbəbdən də iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş, artıq yetkinlik yaşına çatmış, birinci qrup əlil olan Valeriyanın saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən minimum əmək haqqının 0,75 misli həddində alimentin tutularaq iddiaçıya ödənilməsini, xx.xx.2025-ci il tarixdən başlayaraq Valeriyanın saxlanılması üçün tələb edilən əlavə xərclərdə iştiraka görə hər ay 300 manat tutularaq iddiaçının xeyrinə ödənilməsini, xx.xx.2024-cü il tarixindən 2025-ci ilin iyulun ayınadək Valəriyaya lazım olan tibbi ləvazimatlarının alınması üçün iddiaçının çəkdiyi 5.124,12 manat məbləğində xərcin 1/2 hissəsinin, yəni 2.562,06 manatın, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat, mediasiya prosesinin həyata keçirilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 61 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, alimentin tutulması hissəsində qətnamənin dərhal icra olunmasını, dövlət rüsumu olaraq 117,62 manat məbləğində pulun cavabdehdən dövlət nəfinə tutulmasını qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş xx.xx.2006-ci il təvəllüdlü Valeriyanın birinci qrup əlil olması və onun səhhətində iddia ərizəsində qeyd edilən problemlərin olması, onun öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxs olaraq fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi işin mübahisəsiz halını təşkil edir. Həmçinin işdə olan və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3724/2022 saylı qətnaməsindən görünür ki, 2013-cü ildən (həmin işin icraatının başlanmasına əsas olmuş) iddia ərizəsi məhkəməyə verilənə qədər olan müddət üçün Valeriyanın müalicəsinə çəkilmiş xərclərin 1/2 hissəsinin əvəzi olaraq 36.960,65 manat, Valeriyanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq 200 manat, əlavə xərclərə görə 300 manat məbləğində pulun hazırkı iş üzrə cavabdehdən tutularaq hazırkı iş üzrə cavabdehə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən təxminən 1 il yarım sonra, yəni xx.xx.2024-cü il tarixdə Valeriya artıq yetkinlik yaşına çatmışdır. Bununla da, müəyyən edilir ki, həmin qətnamənin cavabdehdən iddiaçının xeyrinə alimentin və əlavə xərcin əvəzinin tutulması hissəsinin icrasına xitam verilmişdir. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı, artıq yetkinlik yaşına çatmış, lakin sağlamlıq imkanları məhdud olan övladının saxlanılmasına və əlavə xərclərin ödənilməsinə cavabdehin cəlb edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 80.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Buna görə də, Valeriyanın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış Valeriyanın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin məbləğinə gəldikdə Rayon Məhkəməsi nəzərə almışdır ki, 2022-ci ildə, yəni yetkinlik yaşına çatmayan zaman Valeriyanın saxlanılması üçün onun atasından onun anasının xeyrinə hər ay tutulmalı aliment 200 manat məbləğində müəyyən edilmişdir. Hazırda isə o, artıq yetkinlik yaşına çatmışdır. Buna görə də hər ay tutulmalı olan alimentin məbləği iddia ərizəsində qeyd edildiyi kimi 400 manat deyil, 300 manat müəyyən edilməlidir. Cari il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 400 manat məbləğində olması nəzərə alınmalı və aliment məbləği, minimum əmək haqqında gələcəkdə ola biləcək sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,75 misli həddində müəyyən etməlidir (300 : 400= 0,75 manat). Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış, 1-ci qrup əlil olan Valeriyanın səhhətində həm fiziki, həm psixi cəhətdən ağır problemlərin mövcudluğu, onun xüsusi qulluğa, tibbi yardıma, masaja, xüsusi tibbi və gigiyenik ləvazimatlara ehtiyaca olması işin mübahisəsiz halıdır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məcəllənin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin Məcəllənin 81.3-ci maddəsinin mənasının tələbinə görə, məhkəmə valideynləri gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd edilən maddi hüquq normasının işin bu hallına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh, Valeriya ilə bağlı əlavə xərclərə cəlb edilməlidir. Bu kimi əlavə xərclərin məbləğinə gəldikdə isə Rayon Məhkəməsi hesab etmişdir ki, 2022-ci ildə, yəni yetkinlik yaşına çatmayan zaman Valeriya ilə bağlı əlavə xərclərinin ödənilməsi ilə bağlı onun atasından onun anasının xeyrinə hər ay tutulmalı olan məbləğ 300 manat müəyyən edilmişdir. Hazırda isə o, artıq yetkinlik yaşına çatmış və onun səhhətində yüngülləşməyə və ya ağırlaşmaya doğru vəziyyət dəyişməmişdir. Buna görə əlavə xərcə görə cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan məbləğ iddia ərizəsində qeyd edildiyi kimi, 800 manat deyil, əvvəlki qətnamə ilə müəyyən edildiyi kimi 300 manat müəyyən edilməlidir. Bundan başqa müəyyən edilir ki, xx.xx.2024-cü il tarixindən hazıradək Valəriyaya lazım olan tibbi ləvazimatlarının alınması üçün iddiaçı tərəfindən xərc çəkilmişdir. İddiaçı bildirir ki, o, 6.600,61 manat məbləğində əlavə xərc çəkmişdir. Lakin “iddia tələbinin dəqiqləşdirilməsi haqında” ərizədə sonradan qeyd edilmiş 1.476,49 manat məbləğindəki vəsaitin cavabdehdən tutulması hissəsində iddianı əsaslı hesab edilə bilməz. Belə ki, hazırda məhkəmə əlavə xərclərə görə cavabdehdən iddiaçının xeyrinə 300 manat əlavə xərcin tutulması qənaətinə gələrək, alimentin və əlavə xərclərin xx.xx.2025-ci il tarixindən hesablanmasını qət etmişdir. Bu səbəbdən də “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizədə iddiaçı tərəfin qeyd etdiyi iyul ayından sonra 1.476,49 manat xərcin əvəzinin də cavabdehdən tutulmalı olması barədə mövqeyi qanuni hesab oluna bilməz. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixindən 2025-ci ilin iyulun ayınadək çəkilmiş əlavə xərc olaraq (6.600,61-1.476,49=) 5.124,12 manatın 1/2 hissəsi, yəni 2.562,06 manat tutulmalıdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və uşağın saxlanılması üçün aliment məbləğinə həmçinin əlavə xərclərin də daxil edilməklə, cavabdehdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəmə cavabdehin maddi vəziyyətini, onun uşaqla yanaşı, öz anasının saxlanılması öhdəliyini nəzərə almamışdır. Həmçinin məhkəmə 15 ay müddətində xərclənmiş vəsaitin aylıq 171 manat olduğuna ümumiyyətlə hüquqi qiymət verməmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat
10. İddia tələbi qismən təmin olunsa da iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan və dəlillərindən görünür ki, o, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iddiaçı ilə cavabdehin nikahı məhkəmə qaydasında xx.xx.2014-cü il tarixdə pozulmuşdur. xx.xx.2006-ci il təvəllüdlü Valeriya Bodrix həmin vaxt yetkinlik yaşına çatmayan olduğundan anasının – iddiaçının yanında saxlanılmışdır. O hazırda artıq yetkinlik yaşına çatmışdır. O, anadangəlmə imbesillik, idiotiya dərəcəsinə uyğun olan oliqofreniya diaqnozu ilə sağlamlıq imkanları məhdud olan şəxsdir, 1-ci qrup əlildir. Psixi cəhətdən öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi səbəbindən o, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4116/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və bununla bağlı iddiaçı, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli sərəncamı ilə onun üzərində qəyyum təyin edilmişdir.
16. İşdə olan sənədlərdən həmçinin görünür ki, Valeriya anadangəlmə serebral iflic xəstəliyindən də əziyyət çəkir. O, danışa, yeriyə, oturub-dura, aşağı, yuxarı ətraflarını və ümumiyyətlə özünü idarə edə, qida, maye qəbul edə bilmir. Onun daxili orqanlarında, həmdə onurğa sütununda da ciddi problemlər var. Onun üzərində dəfələrlə cərrahiyə əməliyyatlar həyata keçirilmiş, qidalanması ilə bağlı onun mədəsinə xüsusi qapaq (qastrostomiya) yerləşdirlmişdir. Onun xüsusi qulluğa, tibbi yardıma, masaja, xüsusi tibbi və gigiyenik ləvazimatlara, hətta xüsusi oturacağa ehtiyacı var. Valeriya doğulandan bir qədər sonra cavabdeh iddiaçıdan ayrılmış, Valeriya ilə maraqlanmamış, Valeriyanı saxlamaq üçün iddiaçıya maddi yardım göstərməmişdir.
17. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3724/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə İddiaçı hazırkı iş üzrə cavabdeh Denis Bodrıxa qarşı irəli sürdüyü iddianın qismən təmin edilməsi, 2013-cü ildən iddia ərizəsi məhkəməyə verilənə qədər olan müddət üçün Valeriyanın müalicəsinə çəkilmiş xərclərin 1/2 hissəsinin əvəzi olaraq 36.960,65 manat, Valeriyanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq 200 manat, əlavə xərclərə görə 300 manat məbləğində pulun Denis Bodrıxdan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Valeriya xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmışdır.
19. Məhkəmə qeyd edir ki, Valeriya yetkinlik yaşına çatdığı üçün Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə alimentin və əlavə xərcin əvəzinin tutulması hissəsinin icrasına xitam verilmişdir.
20. Hazırda iddiaçı, artıq yetkinlik yaşına çatmış, lakin sağlamlıq imkanları məhdud olan övladının saxlanılmasına və əlavə xərclərin ödənilməsinə cavabdehin cəlb edilməsini xahiş edir və Rayon Məhkəməsi bu tələbi əsaslı hesab etmişdir.
21. İddiaçının bu tələbinin əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar (maddə 80.1.). Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir (maddə 80.2.)
22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur.
23. Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış Valeriyanın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin məbləğinə gəldikdə Rayon Məhkəməsi hesab etmişdir ki, hər ay tutulmalı olan alimentin məbləği 300 manat, başqa sözlə 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində müəyyən etməlidir (300 manat : 400 manat = 0,75 manat).
24. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Çünki Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 2022-ci ildə, yəni yetkinlik yaşına çatmayan zaman Valeriyanın saxlanılması üçün onun atasından onun anasının xeyrinə hər ay tutulmalı aliment 200 manat məbləğində müəyyən edilmiş, hazırda isə Valeriya artıq yetkinlik yaşına çatmışdır. Buna görə də hər ay tutulmalı olan alimentin məbləği iddia ərizəsində qeyd edildiyi kimi 400 manat deyil, 300 manat müəyyən edilməlidir. Cari il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 400 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən də, cavabdehdən iddiaçının xeyrinə hər ay tutulmalı olan alimentin məbləği, minimum əmək haqqında sonrakı ola biləcək artırmalar nəzərə alınmaqla minimum əmək haqqının 0,75 misli həddində müəyyən etməlidir.
25. İşə baxmış Rayon Məhkəməsi əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış Valeriyanın səhhəti ilə bağlı işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab etmişdir ki, Valeriyanın saxlanılması üçün tələb edilən əlavə xərclərdə iştiraka görə cavabdehdən hər ay tutularaq iddiaçıya ödənilməli olan pul vəsaiti 300 manat məbləğində müəyyən edilməlidir.
26. Rayon Məhkəməsinin bu nəticəsinin əsaslılığının yoxlanılması ilə bağı Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin tələblərinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (maddə 81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.2.). Məhkəmə valideynləri gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.3.).
27. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı və qanunidir. Çünki 2022ci ildə, yəni yetkinlik yaşına çatmayan zaman Valeriyanın səhhəti ilə bağlı cavabdehin əlavə xərclərə cəlb edilməsi ilə bağlı əvvəlki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pulun tutulması qət edilmiş, həmin vaxtdan etibarən Valeriyanın səhhətində yaxşılaşmaya doğru dəyişiklik olmamışdır. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş ödəniş qəbzlərdən və çeklərdən isə görünür ki, iddiaçı, Valeriyanın müalicəsi və ona qulluqla bağlı xərcləri hər ay ödəmişdir. Valeriyanın səhhətində yaxşılaşmaya doğru dəyişikliyin olmaması nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı, həmin xərcləri bundan sonra da ödəməlidir.
28. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bundan başqa qət etmişdir ki, xx.xx.2024-cü il tarixindən 2025-ci ilin iyulun ayınadək Valəriyaya lazım olan tibbi ləvazimatlarının alınması üçün iddiaçının çəkdiyi 5.124,12 manat məbləğində xərcin 1/2 hissəsinin, yəni 2.562,06 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
29. Rayon Məhkəməsinin bu nəticəsinin əsaslılığının yoxlanılması ilə bağı Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin 81.3-ci maddəsinin mənasına görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə cəlb edə bilər.
30. Qeyd edilən maddi hüquq normasının tələbini, 5.124,12 manat məbləğində iddiaçının əlavə xərc çəkdiyini təsdiq edən sənədlərin iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edildiyini, Valeriya üçün alınmış və qiyməti 5.200 manat olan xüsusi oturacağın ölkə daxilində və daha aşağı qiymətə alınmasının mümkün olması barədə cavabdehin dəlilinin isə əsaslı olmasını təsdiq edə biləcək sübutun məhkəmələrə təqdim edilməməsini nəzərə alan Məhkəmə, Rayon Məhkəməsinin bu nəticəsini əsaslı və qanuni hesab edir.
31. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin aylıq qazancının cəmi 30.000 RF rubl (təxminən 600 manat) olması, cavabdehin öz anası ilə bağladığı müqaviləyə əsasən anasının saxlanılması üçün anasına hər ay 350 manat ödəməsi hazırkı apellyasiya baxışının predmeti olan iddianın tam və ya qismən rədd edilməsi üçün əsaslı ola bilməz. Çünki cavabdeh əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladının səhhəti ilə bağlı yaranmış və yara biləcək əlavə xərclərin 1/2 hissəsini ödəmək öhdəliyini daşıyır. h) apellyasiya baxışının nəticəsi
32. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən apellyatorun özünə aid edilməlidir.
35. Məhkəmə həmçinin qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından iş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz, apellyator olan cavabdeh isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
36. Odur ki, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 sentyabr 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Bodrıx Denis Valeriyeviç hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.