Məhkəmə qərarları › İş №2(103)-6337/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6337/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6337/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1976/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2014-cü ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından 2015-ci il təvəllüdlü X1 anadan olmuşdur. İddiaçı gəlin kimi cavabdehin atasına məxsus olan Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 35 saylı evin 64 saylı mənzilinə köçərək cehiz əşyalarını da bu mənzilə gətirmişdir. Tərəflər bir neçə il bir yerdə yaşayandan sonra aralarında olan münasibətlər pozulmuş və birgə yaşamaları mümkün olmamışdır. Ona görə də iddiaçı cavabdehə qarşı nikahın pozulmasına, uşağın onun yanında saxlanmasına və aliment tələbinə dair iddia ərizəsi ilə 2020-ci ilin avqust ayında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlər iddiaçını yaşadığı mənzildən çıxarmış, cehiz əşyalarını və paltarlarını ona qaytarmamışlar. Həmin əşyalar 468 manat dəyərində güzgülü kamoddan (Embawood Fiori qonaq dəsti), 259 manat dəyərində televizor altından (Embawood Fiori qonaq dəsti), 730 manat dəyərində üçqapılı vitrindən (Embawood Fiori qonaq dəsti), 340 manat dəyərində yemək masasından (Embawood Fiori qonaq dəsti), 360 manat dəyərində 6 ədəd dəri örtüklü stuldan (Embawood Fiori qonaq dəsti), 1200 manat dəyərində künc divanından (Embawood Pluton), 500 manat dəyərində 8 lampalı xrustal çilçıraqdan, 500 manat dəyərində ikinəfərlik çarpayıdan (Embawood Venesiya yataq dəsti), 800 manat dəyərində paltar dolabından (4 qapılı Embawood Venesiya yataq dəsti), 450 manat dəyərində güzgülü kamoddan (Embawood Venesiya yataq dəsti), 350 manat dəyərində uşaq beşiyindən, 100 manat dəyərində dəhliz dolabından (Embawood Aura dəhliz), 454 manat dəyərində Samsung Ue40eh5007kxeu Led markalı TV-dən, 509 manat dəyərində Samsung WF 1600wrw markalı paltaryuyandan, 549 manat dəyərində Vestel markalı qabyuyandan, 800 manat dəyərində İndesit markalı soyuducudan, 150 manat dəyərində Tefal markalı ətçəkən maşından, 100 manat dəyərində Sonashi markalı şirəçəkəndən, 60 manat dəyərində Sonashi markalı ütüdən, 40 manat dəyərində blenderdən, 15 manat dəyərində fındıqçəkəndən, 40 manat dəyərində qəhvə üyüdəndən, 200 manat dəyərində tozsorandan, 20 manat dəyərində elektrikli çaydandan, 120 manat dəyərində İtimat markalı elektrikli sobadan, 50 manat dəyərində mikserdən, 500 manat dəyərində Schafer markalı 60 parça yemək dəstindən, 600 manat dəyərində qaşıq, çəngəl, bıçaq dəstindən (sandıqda və adi), padnos dəstindən, 2000 manat dəyərində Bohema dəsti xrustal qablardan, 15 ədəd meyvə və qənd qabından, 12 ədəd xrustal stəkandan, 3 ədəd güldandan, suvenir saatdan, tort qabından, 3 ədəd fincan dəstindən, 3 ədəd bakal dəstindən, 250 manat dəyərində 15 ədəd qazan və tavalardan, 200 manat dəyərində 7 ədəd qəhvədan və çaynikdən, 150 manat dəyərində 50 ədəd mətbəx yemək qabından, 1000 manat dəyərində döşək və matrasdan (iki nəfərlik və uşaq), 300 manat dəyərində yorğan və ədyaldan, 150 manat dəyərində örtükdən, 150 manat dəyərində 15 ədəd yorğan və döşək üzündən, 1000 manat dəyərində pərdələrdən (qonaq və yataq otağı üçün, mətbəx jalyuzu), 300 manat dəyərində 2 ədəd xalçandan, 200 manat dəyərində 30 ədəd dəsmaldan, 2500 manat dəyərində geyimlərdən (şuba, 3 ədəd palto, çantalar, ayaqqabılar və digər geyim əşyaları) ibarətdir. İddianın təmini tədbiri barədə qərardad icra olunarkən iddia ərizəsində qeyd olunan əşyalardan 2 ədəd meyvə qabı və iddiaçıya məxsus şuba istisna olmaqla bütün əşyalar saxlanılması üçün iddiaçıya təhvil verilmişdir. Ona görə də cəmi 18464 manat dəyərində əmlakların, bu əmlaklar olmadıqda isə həmin əmlakların dəyərinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1976/2021 saylı, 21 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 güzgülü kamod (Embawood Fiori qonaq dəsti), televizor altı (Embawood Fiori qonaq dəsti), üçqapılı vitrin (Embawood Fiori qonaq dəsti), yemək masası (Embawood Fiori qonaq dəsti), 6 ədəd dəri örtüklü stul (Embawood Fiori qonaq dəsti), künc divan (Embawood Pluton), 8 lampalı xrustal çilçıraq, ikinəfərlik çarpayı (Embawood Venesiya yataq dəsti), paltar dolabı (4 qapılı Embawood Venesiya yataq dəsti), güzgülü kamod (Embawood Venesiya yataq dəsti), uşaq beşiyi, dəhliz dolabı (Embawood Aura dəhliz), Samsung Ue40eh5007kxeu led markalı TV, Samsung WF 1600wrw markalı paltaryuyan, Vestel markalı qabyuyan, İndesit no frost markalı soyuducu, Tefal markalı ətçəkən maşın, Sonashi markalı şirəçəkən, Sonashi markalı ütü, blender, fındıqçəkən, qəhvəüyüdən, tozsoran, elektrikli çaydan, İtimat markalı elektrikli soban, mikser, Schafer markalı 60 parça yemək dəstin, qaşıq, çəngəl, bıçaq dəsti (sandıqda və adi), padnos dəsti, xrustal qablar (Bohema dəstinin), 13 ədəd meyvə və qənd qabı, 12 ədəd xrustal stəkanlar, 3 ədəd güldan, suvenir saat, tort qabı, 3 ədəd fincan dəsti, 3 ədəd bakal dəsti, 15 ədəd qazan və tavalar, 7 ədəd qəhvədan və çaynik, 50 ədəd mətbəx yemək qabı, döşək və matras (iki nəfərlik və uşaq), yorğan və ədyal, pokrıval, 15 ədəd yorğan və döşək üzü, pərdələr (qonaq və yataq otağı üçün, mətbəx jalyuzu), 2 ədəd xalça, 30 ədəd dəsmal, 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şuba, 3 ədəd palto, çantalar, ayaqqabılar və digər geyim əşyalarının alınaraq İddiaçı verilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubaya aid hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şuba olduğunu və onun Cavabdeh2 məxsus mənzildə olduğunu bildirsə də, buna dair məhkəmə gedişatında heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı qeyd edilən şubanın ona məxsusluğuna dair qəbz, şuba üzərində olarkən çəkilmiş hər hansı foto şəkil və ya iddiasını sübuta yetirə biləcək hər hansı gözlə görülə biləcək sübut təqdim edə bilməmiş və hakim məhkəmə prosesində iddiaçının atası və qardaşının vermiş olduğu şahid ifadələrinə əsaslanaraq hesab etmişdir ki, 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şuba iddiaçıya məxsusdur, Cavabdeh2 məxsus mənzildədir və iddiaçıya geri qaytarılmalıdır. Lakin iş materiallarına əlavə olunmuş və məhkəmə gedişatında tədqiq olunmuş Binəqədi rayon İcra və Probasiya şöbəsinin 03 fevral 2021-ci il tarixli aktından göründüyü kimi icra məmuru ünvan 1 ünvanında iddiaçının cehiz əmlakını siyahıya alarkən həmin mənzildə iddiaçıya məxsus icra sənədində qeyd olunan bütün əşya və əmlakların üzərinə həbs qoyulmuş, lakin iddiaçının tələb etdiyi Fantastic Furs firmasının istehsalı olan şuba aşkar edilməmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı evdən çıxdıqdan sonra ilk dəfə qayıdıb qızıl zinyət əşyalarını aparıb. Tələb etdiyi şuba isə mövcud olmamışdır. İddiaçıya elə bir şuba alınmayıb, iddiaçı başqa evdə çəkilən foto şəkili guya onlara məxsus evdə çəkilməsini qeyd edir. İddiaçı belə bir şuba alındığını iddia etsə də, şubaya dair başqa bir görüntü və ya ödəniş qəbzi təqdim edə bilmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, birgə nikahdan uşaqları dünyaya gələn zaman cavabdeh tərəf ona şuba hədiyyə etmişdi. Həmin şuba Elite ticarət mərkəzindən alınmışdır. İş materiallarında olan şəkil şuba yeni olarkən çəkilmişdir. Həmin foto şəkil Cavabdeh2 evində çəkilmişdir. Anasına və qardaşına göndərib həmin foto şəkli, özündə qalmamışdır. Cavabdehə məxsus evə təkrar gedərkən qızıllar və şuba yox idi, şubanın çantası da var idi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətinə qətnamənin - 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubaya aid hissəsində ləğv edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilən – 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubaya aid hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə rədd ediməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi əşyalarla yanaşı 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubanın da cavabdehdən alınaraq ona verilməsini xahiş etmiş, həmin tələbinə münasibətdə bir ədəd foto şəkil təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubanın mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsində belə nəticəyə gəlmişdir ki, cavabdehlər iddiaçıya şuba almadıqlarını bildirsələr də, etirazlarında istinad etdikləri halları sübuta yetirə bilməmiş, məhkəmə iclasında dindirilən şahid ifadələri, şubanın foto görüntüsü ilə iddiaçının şubasının olması və geri qaytarılmaması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi şahid ifadələri iddiaçının atası və qardaşına məxsusdur ki, həmin ifadələrə də məhkəmə kollegiyası tənqidi yanaşır, belə ki, həmin şahidlər iddiaçının yaxın qohumu olmaqla ifadələri obyektiv olmamış və ifadələrində göstərdikləri halların iş materiallarında digər sübutlarla təsdiq edilməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi şubanın foto görüntüsü istinad etsə də həmin görüntüdəki şubanın məhz cavabdeh tərəfindən iddiaçıya alınması, fotoşəklin kim tərəfindən harada çəkilməsi aydın deyil və həmin görüntünün mübahisədən qabaq çəkilməsi ağlabatan deyil. Bunun əksi olaraq isə Binəqədi rayon İcra və probasiya şöbəsinin 03.02.2021-ci il tarixli aktının surətindən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1976/2021 saylı 21.01.2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 saylı mənzilində olan İddiaçı məxsus icra sənədində qeyd olunan bütün əşya və əmlakların üzərinə həbs qoyulmuş, lakin şuba adlı geyim qeyd olunan əşyalar içərisində tapılmamışdır. Bu səbəbdən şuba geyimi istisna olmaqla məhkəmə qərardadında göstərilən bütün əşyaların üzərinə həbs qoyulmaqla saxlanılması üçüm İddiaçı təhvil verilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi normaların tələbləri baxımından iddiaçı - 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubanın mülkiyyətçisi olması, həmin şubanın tələb edilən anda cavabdehin sahibliyində olmasını, ümumiyyətlə belə bir şubanın mövcud olub-olmamasını sübuta yetirə bilməmişdir. İşin faktiki halları ilə də iddia tələbinin qeyd olunan hissəsi öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə - 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubanın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi cavabdehdən 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubanın alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1976/2021 saylı, 21 aprel 2021ci il tarixli qətnaməsi mübahisələndirilən - 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubanın Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı - 1 ədəd Fantastic Furs firmasının istehsalı olan şubanın Cavabdeh1 alınaraq İddiaçı verilməsi barədə iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar