Məhkəmə qərarları › İş №2(103)-6337/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6337/2025

28.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6337/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kredit borcuna görə pulun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcuna görə pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), X12 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 və Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2974/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kredit borcuna görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış 70.000 manat borcun ½ hissəsini İddiaçı, ½ hissəsini Cavabdeh aid edilməsi, 35.000 manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X17, xx.xx.2015-ci il təvəllüdlü X18 və xx.xx.2023-cü il təvəllüdlü X19 adlı övladları doğulmuşdur. Cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət etmiş və hal-hazırda iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Həmçinin, Cavabdeh “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi” üçün məhkəməyə müraciət etmiş, iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmişdir. İş üzrə İddiaçı 20 günlük prosessual müddəti ötürdüyü üçün onun qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməmişdir. Buna əsasən İddiaçı birgə nikah dövründə yaranmış borcun bölünməsi ilə məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzil və “Hyundai İX35” markalı (rəng ağ, mühərrik: G4KEBU651086, Ban: KMHJU81CDCU454004), **-NN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə edilmişdir. Həmçinin, birgə nikah dövründə əldə edilmiş mənzil alınması üçün ipoteka krediti, ailənin ehtiyacları üçün istehlak krediti götürülmüş, bir müddət sonra isə qalıq kreditlərin tam şəkildə ödənilməsi üçün iddiaçı valideynindən borc pul alaraq kreditləri tam şəkildə ödəmişdir. Buna əsasən bildirmişdir ki, birgə nikah dövründə aktivlər və passivlər yaranmışdır. Hesab edir ki, Cavabdeh mənzil və nəqliyyat vasitəsi üzərində pay hüququnun tanınmasını tələb edirsə nikah dövründə yaranmış borclarının ödənilməsində də iştirak etməlidir. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/2689/15 nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" QSC bu müqavilənin şərtlərinə uyğun olaraq borcalan İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və təminatlılıq əsasında 300 ay müddətinə, illik 8% ödəmək şərtilə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün 50.000 manat məbləğində kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01İM/20 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan İddiaçı ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 12 iyun 2020-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********57-05301- 093150 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus yaşayış sahəsini ipoteka qoyan və ipoteka saxlayan arasında Bakı şəhərində bağlanmış 29 sentyabr 2015-ci il tarixli 1xx/xx/2689/15 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" ASC-yə ipotekaya verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2023cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı iddiaçının anası X9 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 91.93 kv.m olan 5 otaqlı mənzilin mülkiyyət hüququ üzrə tam hissəsini alıcı X8 116.000 manat qiymətinə sataraq onun mülkiyyətinə vermişdir. xx.xx.2023-cü il tarixində İddiaçı "xxxx" ASC hesabına 110.000 manat pul daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə borc müqaviləsinə əsasən Xoşqədəm Cəbrayılova evinin satışından əldə olunan puldan 70.000 manat pulu oğlu İddiaçı kreditlərini bağlamaq üçün borc vermiş, İddiaçı isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evinin ipoteka kreditini və banka olan kredit borcunu bağlamaq məqsədi ilə 70.000 manat pulu borc olaraq almış və 1 ildən gec olmayaraq evini satdıqdan sonra borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 25.282,39 manat "xxxx" ASC tərəfindən krediti ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzə əsasən İddiaçı "xxxx" ASC-yə 43.690,20 manat məbləğində ipoteka ödənişi edilmişdir. Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixdə verilmiş AZ-İİ 591267 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 414 nömrə ilə qeyd edilmişdir. X1, anası X5r. Tərəfindən təqdim edilmiş sənədlərin xronoloji ardıcıllığından görünür ki, birgə nihak dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzil kredit ilə alınmış, daha sonra isə ipoteka krediti, həmçinin birgə nikah dövründə ailənin ehtiyacları üçün alınmış digər kredit iddiaçının valideyni tərəfindən verilmiş 70.000 manat borc vasitəsi ilə ödənilmişdir. Yəni birgə nikah dövründə aktivlərlə birgə 70.000 (yetmiş min) manat passiv yaranmışdır. İddiaçı işlədiyi vəzifədə maaşı artaraq təxminən 7000 manat olmuş, buna əsasən cavabdeh ailəsinin məişət şəraitini yaxşılaşdırmaq üçün mülkiyyətində olan evin borcunu valideyndən borc alaraq ipoteka ödənişini tam ödəmiş, evi yüklülükdən azad etmişdir. Daha sonra tərəflər arasında münasibətlər pozulduğu üçün evin satışı baş tutmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2974/2025 nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış 70.000 manat borcun ½ hissəsinin İddiaçı, ½ hissəsinin Cavabdeh aid edilməsi, 35.000 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının anası ilə bağlamış olduğunu qeyd etdiyi xx.xx.2023-cü il tarixli borc müqaviləsi uydurma əqd hesab edilməli, ananın iddiaçıya müəyyən məbləğdə pul verilməsi halında belə həmin məbləğ iddiaçı ilə cavabdehin illərlə birgə və mehriban ailə kimi yaşamış oğlu və gəlininə mənzil şəraitinin daha da yaxşılaşdırılması (hazırki halda tərəflərin izahatına əsasən daha geniş ev almaq) məqsədilə bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul olunmalı və buna görə iddia rədd olunmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsaslandırma etmədən borc müqaviləsini mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki, borc verən şəxsin vəsaiti necə əldə etməsi, pulun iddiaçının bank hesabına daxil olması işin mübahisəsiz halıdır. İddiaçı ilə öz anası arasında qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı müqavilə bağlanmışdır. Lakin buna baxmayaraq, məhkəmə sübutlara səthi yanaşmış, sübutlara cəm şəkildə, xronoloji ardıcılıqla qiymət verməmişdir. 70.000 AZN pul vəsaitinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi, eləcə də onların nikah dövründə qazandığı hər hansı vəsait hesabına əldə edilməsi məhkəmə araşdırması zamanı sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, valideynlərinə məxsus mənzilin satışından əldə olunan vəsait hesabına ipoteka borcunu ödəmişdir. Həmin vəsait ipoteka borcunun ödənilməsi üçün valideynləri tərəfindən ona borc verilmişdir. Hazırda bu səbəbdən, valideynlərinin də yaşayış yeri yoxdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, əmlak bölgüsü ilə bağlı tələb ayrıca icraata ayrıldıqdan sonra, tərəflərindən borc razılaşması təqdim edilmişdir.

10. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 öz izahatında bildirmişdir ki, cavabdeh ümumiyyətlə borc razılaşmasından məlumatlı olmamışdır. İddiaçı cavabdehə valideynlərinin yaşaması üçün bacısı qızının adına rəsmiləşdirilməklə, mənzil alındıqdan sonra ona pul vəsaiti verəcəklərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə istehlak krediti əldə edildikdən 1-2 gün sonra X10 adına rəsmiləşdirilməklə, mənzil əldə edilmiş və 25.682 manat məbləğində olan kredit vəsaiti ailə ehtiyacları üçün deyil, həmin mənzilin əldə olunması üçün sərf edilmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, iddiaçı uzun müddət işsiz qaldığından, borc razılaşması əsasında anası ona 70.000 manat pul vəsaiti vermişdir. İddiaçı həmin pul vəsaitini borclarının ödənilməsinə sərf etmiş və sonradan həmin vəsaiti ya mənzil, ya pul şəklində qaytarmağı öhdəsinə götürmüşdür.

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir.

14. Həmin Məcəllənin 324 və 325-ci maddələrinə əsasən əqdin etibarsızlığına səbəb olan hallar mövcud olduqda, həmin müqavilə hüquqi nəticə doğurmur və məhkəmə tərəfindən rədd edilməlidir.

15. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. -32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. -36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 dekabr 1980-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə X5r.

21. İş materiallarında olan "xxxx" KB “İpoteka” filialı ilə İddiaçı arasında bağlanmış 1xx/xx/2689/15 saylı, 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor borcalana 50.000 manat məbləğində 300 ay müddətinə kredit vermişdir.

22. İş materiallarında olan "xxxx" KB “İpoteka” filialı ilə İddiaçı arasında bağlanmış 1xx/xx/2689/15 saylı, 29 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və irəlidə daşınmaz əmlak adlandırılan ünvan 6 ünvanında yerləşən mənzili 1xx/xx/2689/15 saylı, 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya vermişdir.

23. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 01İM/20 saylı, 25 noyabr 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsini ipoteka qoyan və ipoteka saxlayan arasında Bakı şəhərində bağlanmış 1xx/xx/2689/15 saylı, 29 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayana ipotekaya vermişdir.

24. İş materiallarında olan X9 (satıcı) ilə X11 (alıcı) arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 91,93 kv.m., yaşayış sahəsi 59,84 kv.m. olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsini (hissəlləri) alıcının mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 116.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

25. İş materiallarında olan X9 ilə İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli borc razılaşmasına əsasən X9 evinin satışından əldə olunan puldan 70.000 manat pulu oğlu İddiaçı kreditlərini bağlamaq üçün borc vermiş, İddiaçı isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evinin ipoteka kreditini və banka olan kredit borcunu bağlamaq məqsədilə 70.000 manat pulu borc olaraq almış, 1 ildən gec olmayaraq evini satdıqdan sonra borcunu qaytaracağını qeyd etmişdir.

26. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 500/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzil və “Hyundai İX35” markalı (rəng ağ, mühərrik: G4KEBU651086, Ban: KMHJU81CDCU454004), **-NN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçı Cavabdeh və cavabdeh İddiaçı hər birinin bərabər olmaqla ½ (ikidə bir) hissədə payların müəyyən edilməsi qət edilmişdir.

27. Beləliklə, iddiaçı öz tələbini onunla əsaslandırır ki, xx.xx.2023-cü il tarixdə borc müqaviləsi ilə anası Xoşqədəm Cəbrayılova evinin satışından əldə olunan puldan 70.000 manat pulu oğlu İddiaçı kreditlərini bağlamaq üçün borc vermiş, iddiaçı isə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evinin ipoteka kreditini və banka olan kredit borcunu bağlamaq məqsədi ilə 70.000 manat pulu borc olaraq almış və 1 ildən gec olmayaraq evini satdıqdan sonra borcu qaytarmağı öhdəsinə götürmüşdür.

28. Birinci instansiya məhkəməsi iddiaçının qeyd etdiyi əqdi uydurma əqd hesab edərək iddianı təmin etməmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər arasında olan məhkəmə çəkişməsi zamanı əmlak bölgüsü ilə bağlı tələb ayrıca icraata ayrıldıqdan sonra, tərəflərindən həmin bu borc razılaşması məhkəməyə təqdim edilmişdir.

30. Beləliklə, iddiaçının anası Xoşqədəm Cəbrayılovanın oğluna verdiyi ehtimal olunan borc məbləğinin daha əvvəl deyil, məhz iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair mübahisə yarandıqdan sonra tələb etməsi, İddiaçı ilə Xoşqədəm Cəbrayılova arasında olan xx.xx.2023-cü il tarixli borc razılaşmasının gürünüş üçün bağlandığına məhkəmə kollegiyasında əsaslı şübhələr yaradır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

32. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.17-ci bəndinə əsasən məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Həmin Qərarın 3.19-cu bəndinə əsasən nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır. Həmin Qərarın 5.3-cü bəndinə əsasən məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezumpsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. Həmin Qərarın 5.17-ci bəndinə əsasən ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.

33. Yuxarıda qeyd olunan qərarların məzmunundan aydın olur ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması şərtin eyni zamanda mövcud olmalıdır. Və illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Xoşqədəm Cəbrayılova arasında olan xx.xx.2023-cü il tarixli borc razılaşması olsa da, işin hallarından məlum olur ki, 70.000 manat pul borc kimi deyil, həmin məbləğ iddiaçı ilə cavabdehin illərlə birgə və mehriban ailə kimi yaşamış oğlu və gəlininə mənzil şəraitinin daha da yaxşılaşdırılması (hazırki halda tərəflərin izahatına əsasən daha geniş ev almaq) məqsədilə bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli borc razılaşmasının uydurma əqd olması mövqeyi ilə razılaşır və iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2974/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Sabit Bəhramzadə Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar