Məhkəmə qərarları › İş №2(103)-6346/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6346/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6346/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)-2345/2021 nömrəli qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və X2 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X3 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153 A saylı, 0.12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153 A saylı, 0.12 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)- 2345/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1153 A saylı, 0.12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Cavabdeh X3 məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(005)-2345/2021 nömrəli qərardadının ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(005)-2345/2021 nömrəli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizə rədd edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kolegiyasının iclasında cavabdeh X3 şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh1 iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(005)-2345/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olduğundan, eləcə də qeyd edilən əmlakın özgəninkiləşdirilməsi ehtimalı olduğundan, həmin əmlakın özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2(005)-2345/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(005)-2345/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar