Məhkəmə qərarları › İş №2(103)-6346/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6346/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6346/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, Cavabdeh Əliağa oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əliağa oğluna qarşı “alimentin dəyişdirilməsi və əlavə xərclərin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2610/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/11 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş Abbaszadə Səkinə Oruc qızının və xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin miqdarında aliment tutularaq iddiaçı X5 verilməsi, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızı və xx.xx.2005-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 200 manat sabit pul məbləğində X3 xeyrinə pul tutulması qət edilmişdir. Bakı Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-368/2015 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Abbasova (Niftəliyeva) Cahan Zahid qızı ilə Cavabdeh Əliağa oğlu arasında 02 may 2002-ci il tarixdə 134 nömrə ilə Fizuli Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, tərəflərin ümumi uşaqları xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının anası Abbasova (Niftəliyeva) Cahan Zahid qızının yanında qalması qət edilmişdir. Hazırda iddiaçı alimentin və əlavə xərcin məbləğinin dəyişdirilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh Əliağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/11 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş Abbaszadə Səkinə Oruc qızının saxlanılması üçün yaşayış minimumuna uyğun olaraq 220 manat məbləğində alimentin və Abbaszadə Səkinə Oruc qızının saxlanılması üçün əlavə xərclərə görə Cavabdeh Əliağa oğlundan hər ay 400 manat məbləğində əlavə xərclərin iddiaçının xeyrinə tutulması və mediasiya prosesi üçün iddiaçı tərəfdən ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Əliağa oğlundan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin miqdarında iddiaçı X3 xeyrinə aliment tutulması, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş Abbaszadə Səkinə Oruc qızının və xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə pul tutulması qət edilmişdir. Borclu 2015-ci ilin noyabr ayından etibarən işdən çıxdığı üçün aliment borcunu ödəməmişdir. Həmçinin, borclu işdən çıxdığı üçün aliment borcunun onun əmək haqqına yönəldilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, qeyd edilən səbəbdən alimentin sabit pul məbləğində tutulmasına zərurət yaranmışdır. İddiaçı Cavabdeh Əliağa oğlu ilə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızı sağlamlıq imkanı məhdud olan şəxs kimi tanınmışdır, uşağın müalicəsi üçün mütəmadi vəsait xərci tələb olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2610/2023 saylı, 18 iyul 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/2011 saylı qətnaməsi ilə Cavabdeh Əliağa oğlundan iddiaçı Niftəliyeva (Abbasova) Cahan Zahid qızının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, 25 iyun 2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Əliağa oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, 25 iyun 2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 150 (yüz əlli) manat sabit məbləğdə pulun Cavabdeh Əliağa oğlundan İddiaçı xeyrinə tutulması, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin Cavabdeh Əliağa oğlundan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və onun xəstəliyi ilə əlaqədar daimi müalicə almasını, tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq, hesab etmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda Abbaszadə Səkinə Oruc qızının xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədi ilə cavabdehdən hər ay sabit pul məbləğində tutulan pulun miqdarı artırılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə almışdır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayanın əlavə xərclərə ehtiyacının nədən ibarət olmasını müəyyən etməmiş, eyni zamanda istinad etdiyi sübutlara baxdıqda sonuncu dəfə 2018-ci ildə müalicə aldığı müəyyən olunmuşdur. Bununla belə məhkəmə əlavə xərclə bağlı məbləği əsassız olaraq artırmışdır. Həmçinin məhkəmə aliment məbləğini artırarkən cavabdehin ikinci vətən müharibəsində iştirakından sonra 2021-ci ilin fevral ayından bugünkü tarixə kimi hər ay Füzuli Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə almasını və əmək qabiliyyətinin məhdud olmasını eyni zamanda cavabdehin kəskin depressiya, kəllə beyin travması, psixoloji və əsəb gərginliyi ilə bağlı xəstəlikdən əziyyət çəkdiyini və bu kimi diqqətəlayiq olan hallar nəzərə alınmamışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda müəyyən edilmiş alimentin məbləği yüksəkdir və həmin məbləği ödəmək iqtidarında deyil, lakin övladına maddi cəhətdən kömək edilməli olmasının fərqindədir və əvvəlki aliment məbləğini vaxtlıvaxtında ödəyirdi. Hazırda alimentin məbləğinin 200 manat olmasına etirazı yoxdur. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilmiş hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə - hər ay 150 (yüz əlli) manat sabit məbləğdə pulun Cavabdeh Əliağa oğlundan İddiaçı verilməsi hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməli, həmçinin cavabdehdən 220 manat alimentin tutulması hissəsində isə qətnamə dəyişdirilməklə alimentin məbləği 200 manat həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq iddia tələbinin - 25 iyun 2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 150 (yüz əlli) manat sabit məbləğdə pulun Cavabdeh Əliağa oğlundan İddiaçı xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissə üzrə nəticəyə gələrkən tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və onun xəstəliyi ilə əlaqədar daimi müalicə almasını,tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər hallarına istinad etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/11 saylı qətnaməsinin məzmununa diqqət yetirməmişdir. Belə ki, həmin qətnamə iddia qismən təmin edilərək, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş Abbaszadə Səkinə Oruc qızının və xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin miqdarında aliment tutularaq iddiaçı X5 verilməsi, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızı və xx.xx.2005-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 200 manat sabit pul məbləğində X3 xeyrinə pul tutulması qət edilmişdir. Göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/11 saylı qətnaməsi ilə cavabdeh artıq əlavə xərclərə cəlb edilməklə ondan hər ay uşaqları üçün cəmi 200 manat sabit pul məbləğinin tutulması qət edilmiş, hazırda uşaqlardan biri, yəni, xx.xx.2005-ci il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi cavabdehə münasibətdə digər diqqətəlayiq olan maraqları da nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Füzuli Rayon Mərkəzi X4 Şəxsinin 19 iyun 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ikinci vətən müharibəsi bitdikdən sonra 2021-ci ilin fevral ayından bugünkü tarixə kimi hər ay müayinə və müalicə alır. Diaqnozu kəskin depressiya, kəllə beyin travması, psixoloji və əsəb gərginliyidir. Cavabdehin hazırda qüvvədə olan əmək müqaviləsinin olmadığı, Vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində müavinət aldığı müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/11 saylı qətnaməsi icra olunmadığı üçün iddiaçı qətnamənin həmin hissəsinin xx.xx.2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızına münasibətdə tələb etməli olduğu halda hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin də iş materiallarından görünür ki, iddiaçı hazırda eyni uşağa münasibətdə əlavə xərcin məbləğini də artırmışdır Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin əlavə xərclərə cəlb edidiyi halda onun məbləğini artırmasını tələb etsə də, bunun üçün cavabhehin buna zəruri vəsaitə malik olması barədə mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissə üzrə işin hallarını araşdırmayaraq düzgün olmayan nəticəyə gəlmişdir. Digər tərəfdən iddiaçı tələbində - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-6378/11 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Əliağa oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş Abbaszadə Səkinə Oruc qızının saxlanılması üçün yaşayış minimumuna uyğun olaraq 220 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir ki, belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını da Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin normaya görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Həmçinin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Belə ki, birinci instansiya məhkəməsi alimentin miqdarının məhkəmə tərəfindən müəyyən edilməsi ilə bağlı hissəsi üzrə gəldiyi qənaətinin əsaslandırmasında tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməli olmasını göstərsə də, bu zaman iddiaçının bununla bağlı tələbinin əsası kimi istinad etdiyi hallara, eləcə də cavabdehin iddiaya etirazının əsası kimi kimi təqdim etdiyi dəlillərə də obyektiv yanaşmayaraq düzgün qiymət verməmiş, cavabdehin hazırda işləməməsi, “Vətən Müharibəsi” iştirakçısı olması, eyni zamanda 2021-ci ilin fevral ayından bugünkü tarixə kimi hər ay Füzuli Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə alması nəzərə alınaraq azyaşlı uşağının saxlanması üçün tələb edilən aliment məbləğinin cüzi olaraq azaldılaraq 200 manat hissədə müəyyən edilməsinə etiraz etməməsinə onun hazırki ailə və maddi dürümu baxımından yanaşmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə - hər ay 150 (yüz əlli) manat sabit məbləğdə pulun Cavabdeh Əliağa oğlundan İddiaçı verilməsi hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməli, həmçinin cavabdeh 220 manat alimentin tutulması hissəsində isə qətnamə dəyişdirilməklə alimentin məbləği 200 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2610/2023 saylı, 18 iyul 2023cü il tarixli qətnaməsi - 25 iyun 2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iştirak məqsədilə hər ay 150 (yüz əlli) manat sabit məbləğdə pul Cavabdeh Əliağa oğlundan İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə - 25 iyun 2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Əliağa oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Əliağa oğlundan İddiaçı ödənilməli olan 25 iyun 2008-ci il təvəllüdlü Abbaszadə Səkinə Oruc qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləği hər ay 200 (iki yüz) manat müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar