Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6349/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızılzinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özlərinə məxsus, ümumi dəyəri 1800 manat olan 583 əyarlı 1 ədəd qızıl üzüyün, 2 ədəd qızıl sırğanın, 1 ədəd qızıl qolbağın, 1 ədəd qızıl kulonlu qızıl sepin naturada və ya onların dəyəri kimi 1800 manat pulun cavabdehlərdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-3145/21) iddia rədd edilmişdir. İddiaçılar sözügedən qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, 2018-ci ildə İddiaçı2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 1 azyaşlı uşaqları vardır. Hazırda Bakı şəhəri, Binəqədi rayonu, Şimal küçəsi 1, 25 saylı fərdi evdə yaşayırlar və həmin torpaq sahəsində 2 ev mövcuddur. Birinci evdə o, ailəsi ilə birlikdə, digər evdə isə cavabdehlər, yəni anası və qardaşı yaşayır. Atası Qurbanəli vəfat etdikdən sonra anası və qardaşı onun yaşadığı evə basqın edir, onu, arvadını və uşaqlaırnı təhqir edir, şərəf və ləyaqətlərini alçaldır, evdə yaşamaqlarına maneə yaradırlar. Mərhum atası tərəfindən İddiaçı2 hədiyyə kimi verilmiş, iddia tələbində göstərilən qızıl-zinət əşyalarını da cavabdehlər onun evinə gizlin daxil olmaqla götürmüş, lombarda girov qoyaraq əldə etdikləri pulu xərcləmişlər. O, arvadı ilə birlikdə bu barədə Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etsələr də, onlara məsələnin mülki xarakterli olduğunu bildirib məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Buna görə də, onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, lombardda olan qızıllar ona mərhum qaynanasından qalan qədimi qızıllardır. Həmin qızılların iddiaçılar ilə heç bir aidiyyəti yoxdur. Nə o, nə də oğlu Röyal iddiaçıların qızıllarını götürməmişlər. Həmin qızılları Leyla özü atasına vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək anası Cavabdeh1 izhatına uyğun izahat vermiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərə sübutların təqdim olunması ilə bağlı şərait və zaman yaratmadan dərhal qətnamə qəbul etmişdir. Dəfələrlə polis orqanlarına müraciətləri və onların münaqişəli ailə kimi qeydə alınmasını məhkəmə nəzərə almamışdır. Məhkəmə təqdim etdiyi foto şəkilləri az hesab etmişdir, bundan artıq o nə sübut təqdim etməlidir? Əgər video görüntüləri olsaydı, onu mütləq məhkəməyə təqdim edərdi. Məhkəmə cavabdehin izahatını onun izahatından üstün tutur və guya həmin qızıllar ona mərhum qaynatasından qalmışdır, lakin həmin sözləri heç bir mötəbər sübutla təsdiq etmir. El adəti ilə cavabdeh tərəfindən ona hədiyyə edilən həmin qızıllar qanunsuz götürülmüşdür. İddiaçılar məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçıların izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, cavabdehlərdən Cavabdeh1 İddiaçı1 və Cavabdeh2 anasıdır. İddiaçı2 isə onun gəlini, yəni digər İddiaçı1 arvadıdır. Tərəflər eyni ünvanda, lakin ayrı evlərdə yaşayırlar. İddiaçıların tələbi 1800 manat dəyərində qızıl-zinət əşyalarının naturada, yaxud dəyərinin cavabdehlərdən alınıb onlara verilməsi barədədir. İddia tələbinə görə cavabdehlər İddiaçı2 hədiyyə kimi verilmiş, iddia tələbində göstərilən qızıl-zinət əşyalarını onun evinə gizlin daxil olmaqla götürmüş və lombarda girov qoyaraq əldə etdikləri pulu xərcləmişlər. Cavabdehlər iddianı qəbul etməmişlər. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qeyd etmişdir ki, fotoşəkil əsasında qızıl – zinət əşyalarının xüsusiyyətlərini, yəni, qızıl məmulatının tərkibini, çəkisini, üzərində olan daşların mənşəyini, qiymətli olub-olmamasını, rəngini, təmizliyini müəyyən etmək mümkün deyildir və buna görə də fotoşəkilə mötəbər sübut kimi istinad oluna bilməz. İddiaçılar tərəfindən qızıl – zinət əşyalarının xüsusiyyətləri ilə bağlı sübut təqdim olunmadığından iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçılar iddia ərizəsində və apellyasiya istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6349/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6349/2021
14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver