Məhkəmə qərarları › İş №2(103)-6355/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6355/2025

14.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6355/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2014/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İş materiallarında olan AZ-T № 303468, AZ-T 303471 və AZ-T № 303472 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2011-ci il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı övladları var. Cavabdeh uşağın saxlanması üçün aliment ödəmir. İddiaçı uşağı saxlamaqda maddi çətinliklərlə üzləşir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2014/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,85 misli həddində sabit pul məbləğində alimentin tutulması, 108,56 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 75.5, 78.1, 100.2-ci maddələrinə, «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Qanuna, Əhalinin sosial rifahının yaxılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 216-220, 227, 233, 360-cı maddələrinə, “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyşdirilərək, iddianın qismən, minimum həddə, real imkanlarına uyğun müəyyən edilməklə, alimentin yalnız faktiki gəlir imkanlarına uyğun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səhhəti ilə bağlı rəsmi olaraq İİ dərəcə əlillik təyin olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İİ dərəcəli əlil kimi tanınır. Əlilliyin xarakteri müddətsiz olaraq müəyyən edilmişdir. Rəsmi tibbi sənədlərə əsasən xəstəlik üzrə diaqnozu: eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, dağınıq skleroz (hipoprogredient gedişli), dərin spastik tetraparez. Göstərilən diaqnozlar səbəbindən əmək qabiliyyətini tamamilə itirmiş və müstəqil şəkildə nəinki işləyə, hətta gündəlik ehtiyaclarını belə qarşılayacaq vəziyyətdə deyil. Əmək fəaliyyəti ilə məşğul olmaq imkanı və daimi gəlir mənbəyi yoxdur. Əlillik pensiyası 466 manat təşkil edir. Xəstəlik diaqnozundan da görünür ki, güclü zəiflik və sərtlik, yerimənin çətinləşməsi və ya mümkünsüzlük bu səbəbdən tez-tez əlil arabasına və ya köməkçi vasitələrə ehtiyacı olur. Səhhəti ildən-ilə ağırlaşır. Xəstəliyi ağırdır, müalicəsi yoxdur. Bu səbəbdən də 1-dərəcəli əlillik almaq üçün müraciət edəcəyini qeyd edir. Adına stabil olmayan aktiv VÖEN var. Sənəti memarlıqdır. Ailənin və uşaqlarının maddi ehtiyaclarını qarşılamaq üçün çalışdığı halda cavabdeh nəinki işləməyə cəhd etmir, xəstə və köməyə ehtiyacı olduğum halda, ona qulluq etməmək üçün köməksiz vəziyyətdə qoyaraq evdən çıxıb gedir və bir müddət sonra qayıdıb gəlirdi. Yaşadıqları mənzil binanın 5-ci mərtəbəsində yerləşir. İddiaçının ona qulluq etmədiyinə və kənar şəxslərin köməyinə ehtiyacı olduğu üçün valideynlərinin yaşadığı kirayə mənzildə onların yanında yaşamaq məcburiyyətində qalmışdır. Bu müddətdə 9 yaşlı oğlu İbrahim onu tək qoymamaq və köməklik etmək üçün birlikdə valideynlərinin yanında yaşayır. İddiaçı isə digər iki övladı ilə birlikdə cavabdehin anasının mülkiyyətində olan ona məxsus olan evdə yaşayır. İddiaçı evə gəlin gələn vaxtdan ailə daxilində münaqişələr yaratmışdır. Bu səbəbdən də valideynlərini evdən didərgin salmışdır. Nəticədə valideynləri öz evindən çıxmaq məcburiyyətində qalaraq kirayə evdə yaşayırlar. Ailə qanunvericiliyinə əsasən valideynlər övladlarını saxlamağa borcludur, lakin alimentin miqdarı məhkəmə tərəfindən hər iki tərəfin maliyyə və ailə vəziyyəti nəzərə alınmaqla təyin edilir. Aliment sabit pul məbləğində də müəyyən edilə bilər, amma bu halda yenə də real maliyyə imkanı əsas götürülməlidir. Əmək qabiliyyəti məhdud olduğuna görə, aliment öhdəliyinin həddi yalnız pensiya gəliri ilə mütənasib müəyyən oluna bilər. Alimentin məbləği təyin edilərkən valideynlərin gəlir imkanları və sağlamlıq vəziyyəti mütləq nəzərə alınmalıdır. Beləliklə iddiaçının tələb etdiyi yüksək sabit pul məbləği real maliyyə imkanlarından kənardır və icrası qeyri-mümkündür. Ümumi zəiflik səbəbindən əlavə gəlir əldə edə bilmir. Məhkəməyə təqdim etdiyi rəsmi tibb vərəqi və əlillik sənədləri də bu halı təsdiqləyir. Hazırkı şəraitdə məhkəmənin müəyyən etdiyi 740 manat məbləğində alimentin ödənilməsi nə fiziki, nə də maddi imkanlarına uyğundur. Lakin məhkəmə qətnaməsi ilə iddia təmin olunarkən faktiki maddi və fiziki imkanlarını nəzərə alınmadan çıxarılmışdır. Sahibkarlıq subyekti kimi 2023-cü ildə 490 AZN, 2024-cü ildə 640 AZN və 2025-ci ildə 2500 manat gəlir əldə etmişdir ki, bu da stabil olmayan gəlir olması anlamına gəlir. Əlavə gəlir mənbəyi yoxdur. Əmək qabiliyyətinin faktiki olmaması və əlilliyi səbəbindən daimi iş tapmaq imkanı yoxdur. Uşaqlardan oğlu İbrahimin yanında qalaraq kömək etməsi iddia ərizəsində göstərilən hallara subyektiv münasibət və ya uşaqlara qarşı laqeydliklə bağlı faktlara əsas vermir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməli olsa da, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin qeyd olunan tələbləri yerinə yetirilməmişdir. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasımülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən mülki prosessual qanunvericiliyin bu tələblərini pozmuşdur. Göründüyü kimi əlillik və səhhəti ilə bağlı məhkəmə təqdim etdim sənədə məhkəmə qətnaməsində heç bir hüquqi münasibət bildirilməmiş və həmin hallar mövcud olsa da məhkəmə həmin hallara aydınlaşdırmamış və hüquqi qiymət verməmişdir. Göründüyü kimi iddia ərizəsinə etirazın əsası kimi tərəfindən sübut olaraq əlilliklə bağlı kart məhkəmədə iş materiallarına əlavə edilmişdir. Tərəfindən təqdim olunan sübut mənim məhkəmənin müəyyən etdiyi aliment məbləğini ödəmək iqtidarında olmamasını və imkanı xaricində olmasının təsdiqidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

11. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. 75.5-ci maddəsinə əsasən aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

13. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

17. Əhalinin sosial rifahının yaxılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

21. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

22. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

23. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

24. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda, iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməlidir.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq və onların maddi tələbatlarını ödəmək hər iki valideynin vəzifəsidir.

30. Bununla belə, məhkəmə kollegiyası tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cavabdehdən tutulmalı olan alimentin miqdarını işin hallarına uyğun hesab etmir.

31. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh İİ dərəcə əlildir. Əlilliyin xarakteri müddətsiz olaraq müəyyən edilmişdir. Rəsmi tibbi sənədlərə əsasən xəstəlik üzrə diaqnozu: eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, dağınıq skleroz (hipoprogredient gedişli), dərin spastik tetraparezdir. Göstərilən diaqnozlar səbəbindən əmək qabiliyyətini tamamilə itirmişdir. Əlillik pensiyası 466 manat təşkil edir. Xəstəlik diaqnozundan da görünür ki, yaxın insanların köməyinə ehtiyacı var. Həmçinin, məhkəmə iclasında əlil arabasında iştirak etməsi də göstərilənləri təsdiq edir.

32. Belə olan halda kollegiya cavabdehin sağlamlıq vəziyyətini və uşaqların mənafeyini, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, respublikada 2025-ci il üçün müəyyən olunmuş yaşayış minimumunu və minimum aylıq əmək haqqını, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını, aliment məbləğinin hər uşaq üçün müəyyən edilməsi zəruriliyini, gələcəkdə uşaqlar yetkinlik yaşına çatdıqda məsələnin icra qaydasında həllinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli və xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,50 mislində aliment tutulmalıdır. Alimentin tutulması ərizə verildiyi tarixdən, yəni xx.xx.2025ci il tarixindən hesablanmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunurlar iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar.

35. Kollegiya hesab edir ki, hazırkı halda iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2014/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilsin. xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar