Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6377/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması və əlavə xərcdən azad olunma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-2694/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması və əlavə xərcdən azad olunma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-949/2018 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş alimentin miqdarının azaldılaraq 100 manat sabit pul məbləğində müəyyən edilməsi və xx xxxx 2012-ci il təvəllüdlü övladı X6 xəstəliyi ilə bağlı əlavə xərc kimi müəyyən edilmiş 50 manat sabit pul məbləğində aliment öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxx 2012-ci il təvəllüdlü X10 və xx xxxxxx 2014cü il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan uşaqları analarının yanında saxlanmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan cavabdehin xeyrinə hər ay hər uşaq üçün 117 manat məbləğində aliment tutulması qət edilmişdir. Sonradan məhkəmə qətnamələri ilə alimentin miqdarı iki dəfə artırılmış, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-949/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa görə hər ay 160 manat olmaqla, ümumilikdə 320 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən xx xxxx 2012-ci il təvəllüdlü övladı X6 xəstəliyi ilə bağlı əlavə xərc kimi 50 manat məbləğində pulun ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Hal-hazırda onun maddi və ailə vəziyyətində dəyişiklik baş vermişdir. Belə ki, o, xx xxxxxx 2016-cı il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx xxxx 2017-ci il təvəllüdlü X9 və xx xxxxxx 2018-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Bundan başqa o, əvvəllər "xxxxxxxxxx" MMC-də işləmiş, hazırda isə həmin MMC fəaliyyətini dayandırdığına görə o heç yerdə işləmir. Lakin iddiaçı Bakı şəhərində yerləşən özəl klinikaların birində stomatologiya sahəsi üzrə işləyir və yüksək əmək haqqı alır. Birinci nikahdan olan uşaqları xx xxxx 2012-ci il təvəlüdlü X10 hemofiliya xəstəsidir və Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinin göstərişi ilə Milli Hemotologiya və Transfiziologiya Mərkəzi tərəfindən pulsuz müalicə olunur. Uşağa verilən bütün dərman preparatları dövlət hesabına ödənilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 2694/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 2694/2020 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlardan görünür ki, tərəflərin birgə nikahlarından xx xxxx 2012-ci il təvəllüdlü X10 və xx xxxxxx 2014-cü il təvəllüdlü X8 doğulmuş, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Daha sonra cavabdeh yeni nikaha daxil olmuş, həmin nikahdan iki uşağı doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 136,6 manat olmaqla, ümumilikdə 273,2 manat, həmçinin xx xxxxxx 2014-cü il təvəllüdlü X4 üç yaşına çatanadək cavabdehin saxlanması üçün hər ay 50 manat, xx xxxx 2012-ci il təvəllüdlü X6 xəstəliyi ilə bağlı hər ay 50 manat məbləğində alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Daha sonra Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat alimentin iddiaçıdan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin tələblərinə əsasən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqda alimentin miqdarı məhkəmə qaydasında dəyişilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-949/2018 saylı qətnaməsi ilə alimentin miqdarı hər uşaq üçün hər ay 154 manat, iki uşaq üçün cəmi 308 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi iddiaçıdan tutulmasına əsas verir. Eyni zamanda, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan iki uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Çünki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, habelə hazırkı alimentin miqdarı 2020-ci ildə Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan (170 manat) aşağı olduğundan, alimentin miqdarının azaldılması uşaqların mənafeyinə zidddir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 2694/2020 saylı qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş 15 manat pul iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6377/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6377/2020
22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver