Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6378/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, azyaşlı uşaqları – xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat alimentin, həmçinin uşaq 3 yaşına çatanadək özünün saxlanılması üçün hər ay 80 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında xx xxxxxxx 2015-ci il tarixdə 2386 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, onların birgə nikahlarından xx xxxxxx 2018-ci il tarixdə doğulmuş X2 anasının yanında qalması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı, 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğvini və iddiasının tam təmin edilməsini xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, ailə qanunvericiliyinin tələblərini pozduğu, uşağın 3 yaşına çatana kimi pul ödənilməsi tələbini təmin etməməklə maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbləri üç hissədən – nikahın pozulması, uşağın ananın yanında qalması və alimentin tutulması hissələrindən ibarət olmuş, müvafiq olaraq qətnamə də hər üç tələb üzrə çıxarılmışdır. Cavabdeh qətnaməni ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə qətnaməni yalnız iddiasının təmin olunmadığı hissədə mübahisələndirmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız alimentlə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir; başqa sözlə, qətnamənin “nikahın pozulması və uşağın anasının yanında saxlanılması”na dair hissələri hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə “uşağın üç yaşına çatana kimi aliment tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunaraq həmin hissədə iddia tələbi qismən təmin edilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh ilə X1 xx xxxxxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada (iddiaçıya) “Əliyeva” soyadı verilmiş, birgə nikahlarından xx xxxxxx 2018-ci il tarixdə Elvin adını verdikləri uşaqları anadan olmuşdur. Birinci instansiya məhkəməsi, tərəflərin boşanmaya razılıqlarını nəzərə alaraq onların aralarında bağlanmış nikahın pozulmalı və uşağın anasının himayəsində saxlanılmalı olduğu qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunduğu kimi, qətnamə həmin hissədə mübahisələndirilmir. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İşin hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşağın saxlanılması üçün müəyyənləşdirdiyi müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir və uşağın marağının pozulması hallarını yaratmır. Qətnamənin “uşaq 3 yaşına çatanadək hər ay 80 (səksən) manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinin təmin olunmaması hissəsi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı həmin tələbini irəli sürərkən Ailə Məcəlləsinin müvafiq müddəaları ilə ona verilmiş imtiyazdan faydalanmaq istəmiş, işləmədiyi üçün uşaq 3 yaşına çatanadək keçmiş ərindən öz xeyrinə aliment tutulmalı olması barədə iradə ifadəsini bəyan etmişdir. Ailə Məcəlləsinin 85.1-ci və 85.1.1-ci maddələrinə görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, keçmiş ər-arvad arasında saziş olmadıqda, keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın keçmiş ərdən aliment tələb etməsi bir-neçə şərtin – xüsusilə nikahın pozulmuş və keçmiş ərin zəruri vəsaitə malik, eləcə də keçmiş arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan keçmiş ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin keçmiş arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı işləmir və xx.xx.2018-ci il təvəllüdlü uşaq onun himayəsində saxlanılmışdır; cavabdeh isə qazancının uşağın 3 yaşına çatmasınadək keçmiş arvadına maddi köməklik göstərə bilməyəcək qədər az təminatlı olduğuna dair sübut təqdim etməməklə yanaşı, ümumiyyətlə bunu irəli də sürməmişdir. Nəzərə alınmalıdır ki uşağın mənafeyi ilə bağlı məsələ olduğundan, həmin halı sübut etmək vəzifəsi bilavasitə cavabdehin üzərinə düşür. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi “uşaq 3 yaşına çatanadək hər ay 80 (səksən) manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbini təmin etməməkdə haqlı olmamış, müəyyən etdiyi hallardan düzgün nəticə çıxarmamışdır. Bununla belə kollegiyanın qənaətinə görə həmin iddia tələbi qismən əsaslı hesab oluna bilər və uşaq 3 yaşına çatanadək iddiaçının xeyrinə hər ay 25 (iyirmi beş) manat aliment tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır, 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3003/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “uşaq 3 yaşına çatanadək hər ay 80 (səksən) manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinin təmin olunmaması hissəsində ləğv olunsun. Həmin iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx xxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il tarixdə doğulmuş X4 3 (üç) yaşına çatanadək hər ay 25 (iyirmi beş) manat sabit pul məbləğində aliment tutulsun. Həmin iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayətini verərkən ödəmədiyi (ödəməkdən azad olunduğu üçün) dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6378/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6378/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver