Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6381/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: apelyasiya şikayətinin geri qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-796/2022 saylı 29 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən X5, X4 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 200 manat, X2 müalicə xərcləri üçün hər ay sabit pul məbləğində 150 manat, cəmi 750 manat sabit pul məbləğində alimentin 22 noyabr 2021-ci il tarixdən hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(010)-796/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, alimentin tutulması müddəti 25 noyabr 2021-ci il tarixdən müəyyən edilməsi, cavabdehdən 63,20 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir.
4. Birinci instansiya məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır.
5. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, qətnamə xx.xx.2022-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş, lakin, bu qətnamədən verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş 1 ay şikayət vermə müddəti keçdikdən sonra məhkəməyə daxil olmuş, bu zaman apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə məhkəməyə ərizə təqdim edilməmişdir.
6. Qərardaddan iddiaçı şikayət verərək, ləğv olunmasını xahiş etmişdir.
7. Məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
8. Şikayətdə göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay şikayət vermə müddəti onlar tərəfindən ötürülməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə verdikləri apellyasiya şikayəti vaxtında verilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli idi.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 360. Apellaysiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər.
11. Maddə 130.1.Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdirsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
13. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
14. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apelyasiya baxışının hədləri
15. Qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütovlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, məhkəmənin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. İddiaçı birinci dəfə apelyasiya şikayətini qanunvericiliklə nəzərdə tutulmuş müddət daxilində vermiş olsa da, həmin apelyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş forma və məzmuna dair tələblərə uyğun olmadığından birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmış, həmin qərardaddan verilmiş şikayət isə Bakı Apelyasiya Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.
18. Göründüyü kimi, iddiaçı tərəfindən qətnamədən ikinci dəfə apellyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır.
19. Belə olan halda məhkəmə haqlı olaraq verilmiş apelyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir.
20. Kolllegiya vurğulayır ki, məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosesual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir. Başqa sözlə, 1 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur.
21. Məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-796/2022 saylı 29 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.