Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6382/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli e-2(010)-1506/2022 saylı qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2(010)- 1506/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə həmin gün hər iki tərəfin, o cümlədən iddiaçının nümayəndəsi, Vəkil elektron kabinetində yerləşdirilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Vəkil həmin qərardaddan şikayət vermiş, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Vəkil yenidən 16 may 2022-ci il tarixli qərardaddan şikayət vermiş, məhkəmənin 26 may 2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Vəkil 26 may 2022-ci il tarixli qərardaddan şikayət vermiş, məhkəmənin 06 iyun 2022ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Vəkil 06 iyun 2022-ci il tarixli qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(103)-5098/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək Suraxanı Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Vəkil yenidən apellyasiya şikayəti vermiş, lakin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə verilmədiyinə görə Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli e-2(010)-1506/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli e-2(010)- 1506/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində prosessual müddətlər, onların buraxılmasının nəticələri ilə bağlı aşağıdakı prosessual normalar nəzərdə tutulmuşdur. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli e-2(010)-1506/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən ilk dəfə apellyasiya şikayəti verilərkən qanunla nəzərdə tutulmuş 1 aylıq müddət buraxılmasa da, apellyasiya şikayətinin geri qaytarılması və sonradan qərardadlardan verilmiş şikayətlərin geri qaytarılması nəticəsində qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət buraxılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddətin üzrlü və ya üzrsüz səbəbdən buraxılmasından asılı olmayaraq, həmin müddətin bərpa olunması barədə ərizə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi ilə yanaşı, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilmədiyinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli e-2(010)-1506/2022 saylı qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli e-2(010)- 1506/2022 saylı qərardadı iddiaçı tərəfin şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6382/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6382/2022
13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver