Məhkəmə qərarları › İş №2(103)-6383/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6383/2021

10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6383/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh Əliyev Tatyana Vyaçeslavovnanın, onun vəkili X6, X1 iştirakı ilə, İddiaçı cavabdeh X3rşı «aliment tələbinə dair” 2(002)-1255/2022 saylı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3rşı «aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 200 (iki yüz) manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum X4 birgə nikahından Əliyeva (Volskaya) Tatyana Vyaçeslavovna və Aleksandr Vyaçeslavoviç adlı iki övladları dünyaya gəlmişdir. Hazırda o və onun hər iki övladı bir evdə yaşayırlar. Vaxtilə münasibətləri normal olmuşdur. Oğlu Aleksandr illərlə Rusiya Federasiyasında yaşamış, bir-neçə il olar ki, Azərbaycan Respublikasına qayıtmışdır. Hazırkı vəziyyətdə çətinliklə dolanır, fərdi əməklə məşğul olur. Qızı Cavabdeh isə işləyir, aylıq yaxşı gəliri vardır. Buna baxmayaraq, bir ana kimi ona heç bir maddi qayğı göstərmir, əksinə illərdir ki, psixoloji təzyiqlər edərək, onu fiziki və mənəvi cəhətdən sarsıtmışdır. İllər ərzində min cür çətinliklə övlad böyüdüb qarşılığında özünə qarşı hörmətsizlik, saymamazlıq görəndə çəkdiyi iztirablar onu sıxır. Qızının təhqirləri, alçaldıcı sözləri onu sarsıdaraq, sözün əsl mənasında bu yaşda onda olan yaşamaq eşqini söndürməkdədir. Vəziyyət o yerə çatmışdır ki qızı onun nəfəs aldığı, onlara qulluq etməklə mənəvi cəhətdən sanki onu rahatladan üzüm tənəklərini qəsdən məhv etmişdir ki, həyətdə gəzməkdən zövq ala bilməsin. Bir sözlə, doğma qızı onu mənəvi cəhətdən məhv etmək istəyir. Onun aylıq təqaüdü cəmi 256 manat təşkil edir. Həmin məbləğlə dolana bilmir, maddi sıxıntı keçirir. Qızı Tatyana isə bütün bunları görüb, bilərək, qəsdən ona maddi köməklik göstərmir. Dəfələrlə olub ki, təqaüdü ayın sonuna kimi kifayət etmədiyindən, çox məyus olsa da, maddi çətinliyə dözərək, heç kimdən kömək istəməmişdir. Qızının yerinə utanc keçirmiş ki, öz övladının imkanı olaola necə olar ki, kimdənsə pul və ərzaq alsın. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.1946-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün 30.03.2021-ci ildən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Əliyev Tatyana Vyaçeslavovna apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin anasıdır, cavabdeh əvvəllər anasına baxmışdır, lakin hazırda bunu etmir. İddiaçı xəstə deyil, əlillik dərəcəsi yoxdur, 300 manatdan artıq pensiya alır. Cavabdeh avtomobil qəzasına düşdüyündən ağır xəsarətlər almışdır, buna görə ona 2-ci qrup əlillik təyin edilmişdir. Onun müalicə və müayinələrə ehtiyacı var. Digər tərəfdən iddiaçı ilə birlikdə yaşayan oğlu Aleksandr yektinlik yaşına çatmışdır, sağlamdır, lakin heç bir yerdə işləmir, tüfeyli həyat sürür. Anasının ondan aliment tələb etməkdə məqsədi ancaq qardaşı Aleksandrın ondan alacağı təqaüd hesabına tüfeyli həyat sürməsinə şərait yaratmaqdır. Buna görə də cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, hazırda 1800 manat məbləğində əmək haqqı alır, qızı və nəvəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Kirayə haqqı ödəməklə yanaşı 2 kredit öhdəliyi üzrə kredit borcu ödəyir. Apellyasiya baxışında cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, hazırda oğlu Volskiy Aleksandr ilə birlikdə yaşayır, oğlunun daimi iş yeri yoxdur, maddi vəziyyətləri aşağı səviyyədədir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X2 anası- İddiaçıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin V hissəinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Kollegiya işin hallarını, o cümlədən iddiaçının, eləcə də cavabdehin ailə və maddi vəziyyətini, iddiaçının yetkinlik yaşına çatmış əmək qabiliyyətli oğlunun yanında yaşamasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan aliment məbləği 50 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə aliment məbləğinin tutulması hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(002)-1255/2021 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.1946-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay tutulmalı alimentin məbləği 50 (əlli) manat müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar