Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6384/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərə əsasən sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı RKC-nin idarə heyətinin sədri ilə arasında bağlanmış 24 avqust 2007-ci il tarixli əmlakın alqı-satqısına dair müqaviləyə əsasən Saatlı RKC-ə məxsus Saatlı rayonu H.Əliyev ünvanında yerləşən ümumi sahəsi 79,1 kv.m olan 15 saylı mağazanın iki otaqdan ibarət sahəsini almışdır. Həmin mağazada elektrik mallarının satışı ilə məşğul olur. 25 oktyabr 2018-ci il tarixdən bir il müddətinə cavabdeh təşkilatda mağazasını icbari sığorta, həmin tarixdən də bir il müddətinə isə mağazamdakı əmlakı yanğından və digər əlavə risklərdən sığortalamışdır. X3 29 aprel 2019-cu il tarixdə idarə etdiyi “VAZ-2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri Heydər Əliyev prospektində idarə edərkən idarəetməni itirib mağazasına girərək nəticədə mağazaya və mağazada olan əmlaklarına ümumilikdə 13902 manat 40 qəpik ziyan vurmuşdur. Hadisədən dərhal sonra cavabdeh ’’Azsığorta” ASC-nin nümayəndəsi hadisə yerinə gələrək mağaza binasına və mağazada olan əmlaklara baxış keçirib siyahısını hazırlamışdır. Bu hadisəyə görə “VAZ 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunduğu ’’Xalq Sığorta” ASC 30 iyul 2019-cu ildə ona 5000 manat ödəmişdir. Qalan məbləği isə 8902 manat 40 qəpik pulu cavabdeh "xxxx" ASC ona ödəməmişdir. Bununla bağlı etmiş olduğu müraciətlərə cavab olaraq cavabdeh təşkilat ona "xxxx" ASC tərəfindən 5000 manat ödənilməsinə görə sığorta ödənişindən tamamilə imtina etmişdir. Qeyd edilənlərə əsasən, "xxxx" ASC-dən 8902 manat 40 qəpik sığorta ödənişin, ziyanın qiymətləndirilməsi üçün ödədiyi 300 manatın və 30 manat 40 qəpik dövlət rüsumunun, cəmi, 9232 manat 80 qəpik pulun və qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanaraq alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişinin əvəzi olaraq 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik, gecikdirilmiş sığorta ödənişi üçün 500 (beş yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 7952 (yeddi min doqquz yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz iyirmi) manat ekspertiza xərcinin 50 %-inin, yəni 50 (əlli) manatının iddiaçıdan, digər 50 %-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1 hesabına köçürülməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində xidmət haqqının 50 %, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 50 %, yəni 15 (on beş) manat 20 (iyirmi) qəpiyinin isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkardır və ********** saylı VÖEN hesabı var. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddiaçının fərdi sahibkar olduğu, Sığorta predmeti qeyri-yaşayış sahəsi olduğu və iddiaçı həmin sahəni mağaza kimi istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qeyd edilən mübahisəyə Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin tələblərini nəzərə alaraq Bakı Kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. 18 Sentyabr 2020-ci il tarixli “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli qərarının 8-ci bəndində qeyd edilmişdir ki, “Nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Ümumi məhkəmə 01 yanvar 2020-ci il tarixinədək məhkəmə aidiyyəti qaydaların pozmaqla işi öz icraatına qəbul etmişdirsə, öz təşəbbüsü ilə və ya tərəflərin vəsatətinə əsasən işi aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərməlidir. Bu qayda 01 yanvar 2020-ci il tarixindən sonra aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlərə münasibətdə də qüvvədədir. Yuxarıda qeyd edilənlərə əsasən məlum olur ki, birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq MPM-in 9.1-ci maddəsində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (MPM-in 9.3-cü maddəsi). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 88-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən,məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hüquq və azadlıqların məhkəmə təminatı üçün mühüm əhəmiyyətə malik olan bir sıra məsələləri qeyd etmişdir: „Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər.“ MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. AR Konstitusiya Məhkəməsi Plenumunun B.İ.Abbasovun şikayəti üzrə 19 aprel 2010-cu il tarixli qərarına görə Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin, S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı). Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs onun işinin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə araşdırılması hüququna malikdir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (MPM-in 14.1). Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının vəkili R.Musayev cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “Azersurvey” LLC Azerbaijanın AZSB-071/19 saylı, 21.06.2019-cu il tarixli dəymiş ziyanın qiymətləndirilməsi hesabatından görünür ki, Saatlı rayonu, H.Əliyev ünvanında yerləşən 2 otaqdan ibarət 15 saylı mağaza və oradakı əmlaklara dəymiş ziyanın məbləği 12986.40 manat məbləğində müəyyən edilmişdir. Əmlak üzrə ekspertin 633 və 632 saylı 03.05.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus daşınmaz əmlaka dəymiş ziyanın məbləği 2078.80 manat, daşınar əmlaka dəymiş ziyanın məbləği isə 2675 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4687 nömrəli, 16.03.2021-ci il və 10/2991 saylı, 10.03.2021-ci il tarixli rəylərinə əsasən, Saatlı rayonu, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində baş vermiş hadisə nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2900 manat, həmin qeyri-yaşayış sahəsində yerləşən əşyaların orta bazar qiyməti isə 9852.40 manat məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh "xxxx" ASC ilə daşınmaz əmlakın icbari sığortasına dair müqavilə bağlayaraq özünə məxsus Saatlı rayonu, H.Əliyev ünvanında yerləşən 2 otaqdan ibarət 15 saylı mağazanı və həmin mağazada yerləşən daşınar əmlakları yağından və digər əlavə risklərdən sığortalatmışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən daşınar əmlakın şərtsiz azad olma məbləği 200 manat, daşınmaz əmlakın isə 100 manat məbləğində müəyyən edilmişdir. 29.04.2019-cu il tarixində X3 idarə etdiyi VAZ 2106 markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək, iddiaçıya məxsus Saatlı rayonu, H.Əliyev ünvanında yerləşən mağazaya ziyan vurmuş, hadisə nəticəsində X3 təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 40 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərin qarşılığı olaraq qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi kimi 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4687 nömrəli, 16.03.2021-ci il və 10/2991 saylı, 10.03.2021-ci il tarixli rəylərinə əsasən, Saatlı rayonu, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində baş vermiş hadisə nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2900 manat, həmin qeyri-yaşayış sahəsində yerləşən əşyaların orta bazar qiyməti isə 9852.40 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus daşınar və daşınmaz əmlaka dəymiş zərərin miqdarı ümumilikdə 12752.40 manat məbləğində müəyyən edilmiş, həmin ziyanın 5000 manat məbləği qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, hazırda iddiaçıya məxsus əmlaka dəymiş və ödənilməmiş zərərin miqdarı 7752.40 manat məbləğindədir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" ASC-dən maddi zərərin əvəzi kimi 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək, iddiaçıya məxsus əmlaka dəymiş və ödənilməmiş zərərin miqdarı 7752.40 manat məbləğində müəyyən edilməlidir. Kollegiya eyni zamanda iddia tələbinin qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanaraq alınıb iddiaçıya verilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə əsaslı olmuşdur. Belə ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı 30.08.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdeh iddiaçıya məxsus daşınar və daşınmaz əmlaka dəymiş zərərin qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən tam ödənildiyindən, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinsə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi cavabdeh iddiaçıya dəymiş sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəməmiş və sığorta olunana sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə bildiriş təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 4419.03 manat dəbbə pulu (cərimə) əsas borcu münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 500 manat məbləğinədək azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş sığorta ödənişi üçün 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır. Kollegiya həmçinin iddia tələbinin ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissədə əsassız olduğundan təmin edilməməsinə dair birinci instasnsiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı sözü gedən qiymətləndirilmə üçün müvafiq ekspertiza mərkəzinə 300 manat məbləğində ödəniş etməsi barədə məhkəməyə hər hansi bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Kollegiya həmçinin iddianı bu hissədə təmin etməyərkən sözü gedən ekspert rəyinin iddiaçının öz təşəbbüsü ilə məhkəməyə sübut qismində təqdim edilməsi üçün keçirilməsini də, nəzərə alır. Məhkəmə yuxarıda sadalananlardan əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak üzrə ekspertin 633 və 632 saylı 03.05.2019-cu il tarixli ekspert rəyi kifayət qədər araşdırma aparılmadan əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və VÖEN-i olduğundan, hazırki işə Kommersiya Məhkəməsində baxılmalıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırki iş üzrə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bu hazırda məhkəmə baxışının predmeti olan mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid edilməsi demək deyildir. Belə ki, hazırki iddia tələbi dəymiş zərərə görə sığorta ödənişinin həyata keçirilməsi ilə əlaqədardır. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Beləliklə, kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi kimi 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək, 7752 (yeddi min yeddi yüz əlli iki) manat, 40 (qırx) qəpik məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişinin əvəzi olaraq 7752 (yeddi min yeddi yüz əlli iki) manat 40 (qırx) qəpik, məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2021 saylı, 14.04.2021-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi kimi 7452 (yeddi min dörd yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişinin əvəzi olaraq 7752 (yeddi min yeddi yüz əlli iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6384/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6384/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver