Məhkəmə qərarları › İş №2(103)-6386/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6386/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6386/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3925/2024 nömrəli 13 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur.

2. Bakı şəhəri 2(001)-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 ananın yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat sabit aliment məbləğinin Cavabdeh tutulması qət edilmişdir.

3. “Azemis” Eelektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə cavabdehin gəlirləri barədə sorğu verilmiş və məlum olmuşdur ki, X5 "xxxx" MMC-də aylıq əmək haqqı 7619 manat olmaqla baş mühəndis vəzifəsində işləyir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Avrasiya Hospital”ı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh hipofiz vəzin mikroadenoması, prolaktinoma, haşimoto tiroiditi, osteoporoz, L5 certebra korpusunda anevrizmatik sümük kistası, L4-L5 fəqərəarası diskdə diffuz qabarma, hiss dəstəsinin sağ ayaqcığının natamam blokadası, prostat vəzin adenoması, onikibarmaq bağırsağın peptik xoraları, refluks ezofagit, hiatal yırtıq diaqnozları ilə müayinə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin rəsmi gəlirlərinin və qazancının 1/3 hissəsi miqdarında alimentin, mediasiya xidmət haqqı kimi ödənilmiş 50 manat məbləğində xərcin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-927/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(001)-129/2023 nömrəli qətnaməsinə əsasən birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 ananın yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 350 manat olmaqla, ümumilikdə 700 manat sabit aliment məbləğinin Cavabdeh tutulması qət edilmişdir. Günü-gündən uşaqların xərcləri artdığı üçün təyin olunmuş aliment məbləği onların maddi ehtiyaclarını qətiyyən qarşılamır. Odur ki, aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin Cavabdeh rəsmi iş yeri var. O, "xxxx" MMC-də işləyir. Yüksək məbləğdə əmək haqqı alır. Cavabdehə məxsus olan, istər əmək müqaviləsini istərsə də əmək haqqını məhkəmə müəyyən edə bilər.

7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilən əmək haqqının 1/3 hissəsinin tutulması uşaqların saxlanılması üçün dəyərindən artıq məbləğ olduğunu düşünür. Qanunvericiliyə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa alimentin miqdarı dəyişilə bilər. Lakin belə bir vəziyyət mövcud deyildir. Özünün səhhəti ilə əlaqədar yaranan ciddi problemlərə görə müalicə alır və buna görə maddi vəziyyətinin yaxşılaşmasından söhbət gedə bilməz. Əlavə olaraq qardaşı, yataq xəstəsi atası və yaşlı anası himayəsindədir, valideynlərinin yeganə qazanc yeri olduğu üçün onların saxlanması da onun məsuliyyətindədir. Hesab edir ki, tərəfindən iddiaçıya ödənilən aliment məbləği hazırkı dövrdə övladlarının bütün tələbatlarını qarşılaya biləcək miqdardadır. Tərəfindən ödənilən aliment övladlarının saxlanması, maddi və digər zəruri ehtiyac və tələbatlarının qarşılanması üçün yox, başqa məqsədlər üçün istifadə edilir. İddiaçı hazırda Lənkəran Dövlət Universitetinin 30 dekabr 2023-cü il tarixli, 2/534 nömrəli məktubuna əsasən magistr pilləsində ödənişli əsaslarla təhsil alır. Belə olan halda iddiaçının alimentin artırılması ilə bağlı tələbindəki məqsədi şübhə doğurur. Hesab edir ki, iddiaçı aliment miqdarı ilə razılaşmayaraq onu əsassız mübahisələndirir. İddiaçı uşaqları maddi cəhətdən ehtiyaclarını qarşılamaq üçün alimentin miqdarının artırılmasını tələb etdiyini bildirsə də, nəinki maddi həmçinin uşaqların təhsil, sağlamlıq, mənəvi ehtiyaclarının da qayğısına qalmır. O, uşaqları ilə sonuncu dəfə 2022-ci ildə görüşüb vaxt keçirə bilib. Uşaqlar çox əylənmiş, hər şeydən məmnun qalmış, lakin niyəsə sonralar heç bir səbəb olmadan onunla görüşmək istəməmişlər. Hazırda nəinki ataları ilə, hətta nənə-baba ilə belə görüşmək istəmirlər. Dəfələrlə uşaqlarını görmək və onların qayğısına qalmaq istədiyini bildirsə də iddiaçı uşaqlarını görməyinə mane olmuş və uşaqlara psixoloji təsir göstərmişdir. Hətta daha öncə də, iddiaçı uşaqları ilə görüşməyinə mane olduğu üçün iddia ərizəsi ilə məhkəmə müraicət etmişvə bu barə Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2312/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ona uşaqlarla sərbəst və maneəsiz görüş hüququ verilmiş, lakin iddiaçı tərəfində qətnaməyə əməl olunmadığı üçün Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 3(002)-651/2022 nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. Uşaqlarını ara-ara çətinliklə qısa müddətlik görsə də, 2024-cü ilin fevral ayından bu günə qədər görməmişdir. Hətta xəstə olduqlarından xəbər tutub narahat olaraq baş çəkmək istədikdə nə uşaqlarını görməyinə şərait yaradılmış, nə də uşaqları üçün aldığı ərzaqlar onlara çatdırılmışdır. Həmçinin maraqlandıqda məlum olmuşdur ki, sığorta tərəfindən qarşılandığı halda uşaqlar xəstə olduqlarında xəstəxanaya belə aparılmayıb və bu haqda məlumat verilməyib. Nikah dövründə uşaqlarının hər ikisi Avropa liseyində təhsil aldıqları halda, nikah pozulduqdan sonra razılığı və məlumatı olmadan uşaqlar həmin liseydən çıxarılaraq məcburi köçkün məktəbində oxumağa başlamışlar. Halbuki, balaca oğlu daha əvvəl məktəbdə problemlər yaşamış və yeni mühitə uyğunlaşmaqda çətinlik çəkmişdir. Onun üçün həmin liseydə oxumağa davam etmək ən doğrusu idi, lakin iddiaçı tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə İddiaçı dəfələrdə əsassız iddialarla ondan şikayətlər vermiş, lakin qeyd etdiyi kimi əsassız olduqları üçün heç biri təmin edilməmişdir. Hesab edir ki, hazırkı iddia ərizəsi də əsassızdır və uşaqların mənafeyi nəzərə alındığı üçün müraciət olunmamışdır. Lakin uşaqları özü saxlayıb onların hər bir xərcini ödəməyə və onlara ehtiyacları olan qayğını göstərməyə hazırdır. Uşaqlarımı saxlamaqdan, onlarla maraqlanmaqdan və onların ehtiyaclarını qarşılamaqdan çəkinmir. Bunun qarşılığında da heç bir tələbi yoxdur. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3925/2024 nömrəli 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilməli olan 181.43 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. (hakim X2)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, həm etiraz da, həm də məhkəmə iclasında cavabdeh verdiyi izahatında bir daha təsdiq edir ki, iddiaçı və cavabdeh arasında nikah münasibətlərinin mövcud olduğu müddətdə, yəni cavabdehin aylıq gəlirləri nəticəsində uşaqların məsrəfləri və maddi tələbatlarının ödənilməsi nəticəsində uşaqlar daha əlverişli və yüksək təminatda saxlanılmışdır. Cavabdeh etirazının əsası kimi 650 manat alimentin iddiaçının təhsil xərcinin ödənilməsinə sərf edildiyini irəli sürməsinə baxmayaraq izahatında uşaqların əlavə idman məşgələləri ilə məşğul olduğunu etiraf etmiş, nəticədə 1800 manat təhsil xərcinin məhz aliment məbləği hesabına ödənilməsini, həmçinin aliment miqdarının onun aylıq qazancının hissəsindən ödənildiyi halda mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci, 76cı, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li Qərarı, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14-ci, 77-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə aliment müəyyən edilərkən yalnız iddiaçının maraqlarına uyğun aliment miqdarı müəyyən etmişdir. İş materiallarında iddiaçı heç bir sübut təqdim etməmiş, lakin cavabdeh tərəfindən təqdim etdilmiş heç bir sübuta münasibət bildirməmişdir. Qanunvericiliyə əsasən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, alimentin miqdarı dəyişilə bilər. Lakin belə bir vəziyyət mövcud deyildir. Əksinə cavabdehin səhhəti ilə əlaqədar yaranan ciddi problemlərə görə müalicə alır və buna görə maddi vəziyyətimin yaxşılaşmasından söhbət gedə bilməz. Həmçinin cavabdehin himayəsində olmaları və yeganə qazanc yeri olduğu üçün onların saxlanması da onun üzərindədir. Hesab edirki, iddiaçıya ödənilən aliment məbləği hazırkı dövrdə uşaqların bütün tələbatlarını qarşılaya biləcək miqdardadır. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların saxlanması, maddi və digər zəruri ehtiyac və tələbatlarının qarşılanması üçün yox, başqa məqsədlər üçün istifadə edilir. İddiaçı alimentin miqdarının artırılmasını tələb etdiyini bildirsə də, nəinki maddi həmçinin uşaqların təhsil, sağlamlıq, mənəvi ehtiyaclarının da qayğısına qalmır. Göründüyü kimi məhkəmə işə bir tərəfli qaydada baxmışdır. Belə ki, uşaqların saxlanılmısını tək cavabdehin üzərinə qoymuş, iddiaçını öz uşaqlarının saxlanılması öhdəliyindən azad etmişdir. Məhkəmə mübaisənin mahiyyətinə dərindən yiyələnmədiyi üçün, qanunsuz və əsassiz qətnamə qəbul etməklə yalnış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur; 76.1.2-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə-bir hissəsi miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.13-ü bəndində izah edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

e) Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə tam yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

25. Hazırkı işin materiallarından göründüyü kimi, cavabdehin rəsmi işlədiyi yer mövcuddur, qazancı (gəliri) müntəzəmdir, əmək haqqını natura və ya xarici valyutada almır. Belə olan halda cavabdehdən alimentin məhz sabit pul məbləğində tutulması üçün hər hansı qanuni əsas görmür. Eyni zamanda, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırki halda iddiaçı alimentin cavabdehin aylıq qazancından tutulmasını tələb edir.

26. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi (artırılmasını) əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək istehlak qiymətləri və.s dəyişmiş, həmçinin, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

27. Cavabdehin səhhəti ilə əlaqədar yaranan ciddi problemlərə görə müalicə alır və buna görə maddi vəziyyətinin yaxşılaşmaması, eləcə də məhkəmənin uşaqların saxlanılmısını tək cavabdehin üzərinə qoyması, iddiaçını öz uşaqlarının saxlanılması öhdəliyindən azad etməsi və alimentin sabit deyil, qazanc və gəlirlərinin hissəsi kimi tutmasını əsalandırmaması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla məhkəmə əksinə alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.

28. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin səhhətində problem yaranması qanunla alimentin qazanının və gəlirlərinin 1/3 hissəsində aliment tutulmasını istisna edən hal deyil. Nə qədər ki, cavabdehin özü qeyd edir ki, iddiaçıya ödənilən aliment uşaqlarının ehtiyaclarının qarşılanmasına kifayət edir və dəyişməməlidir. Kollegiya da hesab edir ki, onun qazancı da alimentin 1/3 hissədə müəyyən edilməsi zamanı onun müalicəsinə (olduğu halda) təsir etməməklə həyata keçirilməsini mümkün edə bilər. O cümlədən, kollegiya qeyd edir ki, hazırki halda alimentin tutulan miqdarının dəyişdirilərək cavabdehin qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması heç də iddiaçının da valideyn kimi uşaqlarının saxlanılması vəzifəsindən azad etməmişdir. Belə ki, uşaqların iddiaçının himayəsinə verilməklə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olan valideyn kimi onun üzərinə düşməsi nəzərə alındığında iddiaçının heç də uşaqların saxlanılması vəzifəsindən kənarda qalmaması və həmin vəzifənin yalnız cavabdehin üzərinə düşməməsi müəyyən edilir.

29. Bu səbəbdən məhkəmə kollegiyası uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, bu payın miqdarı tərəflərin hazırki maddi vəziyyəti, eləcə də diqqətəlayıq olan başqa hallar nəzərə alınmaqla cavabdehin hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müəyyən edilməlidir.

30. Hər bir halda, alimentin bu miqdarda müəyyən edilməsi ilə uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.

31. Məhkəmə kollegiyası diqqətəlayıq olan başqa hal kimi onu da nəzərə alır ki, iddiaçıdan fərqli olaraq cavabdehin uşaqların saxlanılması ilə bağlı öhdəliyi yalnız ondan tutulan aliment məbləği ilə məhdudlaşdırılır. Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil.

32. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3925/2024 nömrəli 13 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar